Çarli Çaplinin qızına
yazdığı duyğu dolu
məktubu
Yer üzündə yalnız valideynlərin öz
övladlarına qarşı olan sevgi təmənnasızdır. 12 uşaq
atası Çarli Çaplin 1965-ci ildə
76 yaşındaykən öz
iyirmi bir yaşlı qızına Ceraldinaya məktub yazır. Ceraldina Paris səhnələrində rəqs etmək istəyirdi. Məktub emosional,
yetərincə şəxsi,
lakin bizim hər birimizə aid edilə biləcək bir məktubdur.
Bu məktub ata sevgisinin və qayğısının, kədərin
və sevincin, fəxr hissinin və narahatlığın,
illər ərzində
əldə edilmiş
müdrikliyin nümunəsidir. «Mən heç bir zaman mələk
olmamışam, – deyə
kinematoqrafiyanın dahisi
yazırdı, – lakin daim insan olmağa
çalışmışam. Sən də buna çalış».
Bu məktubu oxuyun
və valideynlərinizin
sizə nə öyrətdiyini və sizin öz uşaqlarınıza
nələr öyrətmək
istədiyiniz barəsində
düşünün.
«Qızım mənim!
Bu gün Milad gecəsidir. Mənim kiçik qəsrimin
bütün silahlı
əsgərləri artıq
yatıblar. Sənin qardaşın,
bacın yatıblar.
Hətta
sənin anan da yatıb. Sən məndən nə qədər uzaqdasan! Lakin sənin təsvirin
daim gözümün
qabağındadır. Sənin portretin burada, masanın üzərindədir
və burada, mənim qəlbimdədir.
Bəs sən haradasan? Orada, nağıllar diyarı Parisdə, möhtəşəm
teatral səhnədə
rəqs edirsən.
Mən buna əminəm, lakin sanki gecənin
qaranlığında sənin
addımlarının səsini
eşidirəm, göy
üzündə ulduzlar
kimi işıldayan gözlərini görürəm.
Sənin
bayram səhnəciyində
tatar xanına aşıq olmuş fars gözəli
rolunu ifa etdiyini eşidirəm. Gözəl ol və rəqs et! Ulduz ol
və parılda! Lakin əgər tamaşaçıların
coşğusu və səni təqdir etmələri səni sərxoş edəcəksə,
əgər hədiyyə
aldığın güllərin
ətrindən huşunu
itirəcəksənsə, bir küncə otur və mənim
məktubumu oxu, ürəyinin səsinə
qulaq as. Mən sənin atanam, Ceraldina! Mən Çarliyəm, Çarli
Çapin! Sən körpə olanda
yatağının başında
neçə yuxusuz gecə keçirtdiyimi, sənə yatmış gözəl, əjdaha haqqında nağıllar danışdığımı bilirsənmi? Gözümdən
yuxu töküldüyü
zaman isə mən yuxunu qovaraq deyirdim: «Get! Yuxum mənim qızımın arzularıdır!»
Mən sənin
arzularını görürdüm,
Ceraldina, sənin gələcəyini, bugünkü
gününü görürdüm. Mən sanki
göylərdə süzən
pərilər kimi səhnədə rəqs edən qızı görürdüm.
Tamaşaçılara necə: «Bu qızı görürsünüz?
Bu qoca təlxəyin
qızıdır. Yadınızdadır,
onun adı Çarlidir?» – dediklərini eşidirdim.
Bəli,
mən Çarliyəm!
Mən qoca təlxəyəm! Bu gün sənin növbəndir. Rəqs
et! Mən köhnə cırıq
şalvarda rəqs edirdim, sən isə şahzadələrə
yaraşan ipək libaslarda rəqs edirsən. Bu rəqslər və alqışlar səni bəzən göyə qalxızacaq. Uç!
Göylərə uç!
Lakin yerə də en! Sən insanların həyatını
görməlisən. Soyuqdan və
aclıqdan tir-tir əsən küçə
rəqqaslarının həyatını
görməlisən. Mən də
onlar kimi olmuşam, Ceraldina. Sənin yatdığın gecələrdə,
sehrli gecələrdə
mən oyaq idim.
Mən sənin mələk simana baxırdım, kiçik ürəyinin döyüntülərini eşidirdim
və özümdən
soruşurdum: «Çarli,
həqiqətənmi bu
balaca pişik nə vaxtsa səni tanıyacaq?» Sən məni tanımırsan,
Ceraldina. Mən sənə
gecələr çox
nağıl danışmışam,
lakin öz nağılımı heç
bir zaman danışmamışam. Mənim nağılım da maraqlıdır. Bu Londonun kasıb məhəllələrində oxuyub
və rəqs edən, sonra isə sədəqə yığan ac təlxək
haqqında bir nağıldır. Mənim
nağılım bax budur! Mən aclığın, başının üstündə
damının olmamasının
nə olduğunu yaxşı bilirəm.
Bundan savayı alçalmanın
nə olduğunu da bilərəm.
Lakin bunlara baxmayaraq, mən yenə də sağam. Ona görə unudaq
bunları.
Səndən danışaq. Sənin Ceraldina adından
sonra mənim soyadım, Çaplin soyadı gəlir. Bu soyad ilə
mən qırx ildən artıq səhnələrdə insanları
güldürürəm. Lakin mən onların güldüyündən dəfələrlə
çox ağlamışam.
Ceraldina,
sənin yaşadığın
aləmdə yalnız
musiqi və rəqslər mövcud deyil. Gecəyarısı böyük zaldan
çıxaraq sən
pərəstişkarlarını unuda bilərsən, lakin sənə evə aparan taksinin sürücüsündən
onun xanımı haqqında maraqlanmağı
unutma. Əgər onun xanımı
hamilədirsə və
yaxud əgər onların uşaq bezləri almağa pulları yoxdursa, sürücünün cibinə
əlavə pul qoy. Mənim göstərişimə əsasən, bankda sənin bütün xərclərin ödənəcək.
Hərdən metrodan və
ya avtobusdan istifadə etməyə çalış. Piyada
gəzintiyə çıx,
şəhəri seyr et.
İnsanlara diqqət yetir! Dul qadınlara və yetim uşaqlara
bax! Və heç olmasa gündə bir dəfə özünə
de: «Mən də onlar kimiyəm». Bəli, qızım, sən onlardan birisən! Bundan savayı, incəsənət
insanın göylərə
uçması üçün
ona qanadlar bəxş etməmişdən
əvvəl adətən
onun ayaqlarını qırır. Əgər bir
gün sən özünü camaatdan üstün tutduğunu anlasan, dərhal səhnədən uzaqlaş.
İlk taksi ilə Parisin kəndlərindən birinə
get. Mən o kəndləri
çox yaxşı tanıyıram! Sən orada sənin
kimi çox rəqqas görəcəksən,
hətta səndən
daha gözəl və zərif olanları da görəcəksən. Sənin teatrının
projektorlarının göz
qamaşdırıcı işıqları
orada olmayacaqlar. Onlar üçün projektor Aydır.
Diqqətlə bax, diqqətlə!
Onlar səndən yaxşı rəqs etmirlərmi?
Etiraf et, qızım mənim! Hər zaman səndən daha yaxşı rəqs edən, daha yaxşı oynayan biri tapılacaq! Və yadında saxla ki, Çarli ailəsində hələ
heç vaxt fəhləni ələ salan, yoxsula lağ edən kəs olmayıb. Mən öləcəyəm, sən
isə yaşayacaqsan.
Sənin
heç bir zaman kasıblığın
nə olduğunu bilməyini istəmirəm.
Bu məktubla birgə sənə qəbz göndərirəm.
Bu məbləği istədiyin kimi xərcləyə bilərsən.
Lakin iki frank xərclədiyin zaman üçüncü frankın
sənin olmadığını
unutma. O, ona ehtiyacı olan kəsindir. Ehtiyacı olan insanı
tapmaq asandır.
Ətrafındakı tanımadığın kasıblara nəzər yetirməyin kifayətdir.
Mən sənə pullardan danışıram, çünki
onların necə bir iblis gücünə
sahib olduqlarına bələdəm.
Mən sirkdə çox vaxt keçirtmişəm.
Və hər zaman kəndirin üstündə
gəzənlərə görə
narahat olurdum.
Lakin sənə
deyim ki, insanlar düz yerdə daha çox yıxılırlar,
nəinki kəndirdə
gəzənlər kəndirdən. Ola bilsin ki, dəvət
aldığın tədbirlərin
birində hər hansısa bir brilyantın parıltısı
sənin gözlərin
qamaşdırsın. Həmin gündən etibarən sən təhlükəli
kəndir üzərində
gəzirmiş kimi olacaqsan. Və yıxılacaqsan. Ola bilsin ki, günlərin bir günü hər hansısa bir şahzadənin gözəl
siması səni heyrətləndirsin. Həmin gündən
etibarən sən təcrübəsiz kəndirdə
gəzən kimi olacaqsan. Təcrübəsizlər isə hər
zaman yıxılırlar.
Öz ürəyini
qızıllara və
qiymətli əşyalara
satma. Ən böyük brilyantın
günəş olduğunu
bil. O isə hər kəsə işıq saçır.
Nə vaxtsa kimisə sevsən, onu bütün qəlbinlə
sev. Mən sənin anandan
bu haqda sənə yazmasını
xahiş etdim. O,
sevgidən məndən
yaxşı anlayır.
Sənin işin çətindir, mən bunu bilirəm.
Sənin bədənini yalnız ipək örtür. İncəsənət naminə səhnəyə
çılpaq da çıxmaq olar, lakin oradan nəinki
geyinilmiş halda həm də pak qayıtmalısan.
Mən qoca kişiyəm, ola
bilsin ki, mənim sözlərim sənə gülməli gəlir. Lakin sənin çılpaq
bədənin sənin
çılpaq ruhunu sevən kəsə məxsus olmalıdır.
Köhnə fikirli olmaqdan
və elə görsənməkdən qorxma.
Lakin mən sənin səhnədə çılpaq
olmağını istəmirəm.
Atalar ilə övladlar daim bir biriləri
ilə mübarizə
aparır. Mənimlə,
mənim fikirlərimlə
mübarizə apar, qızım mənim!
Mən öz fikri olmayan insanları
sevmirəm. Məktubun üzərinə gözlərimdən yaş
axmayana qədər bugünkü milad gecəsinin möcüzəvi
gecə olduğuna inanmaq istəyirəm.
Bir möcüzə
olmasını və sənin mənim sənə demək istədiyim
hər bir şeyi başa düşməyini istəyirəm. Çarli artıq qocalıb, Ceraldina.
Gec ya tez
sən səhnəyə geyinəcəyin ağ
libas əvəzinə mənim qəbrimə
gəlmək üçün yas libası geyinəcəksən. İndi mən səni üzmək istəmirəm.
Lakin hərdən güzgüdəki əksinə
diqqətlə bax. Orada
mənim cizgilərimi görəcəksən. Sənin
damarlarında mənim qanım axır. Mən artıq həyatda
olmayanda belə sənin öz
Çarli atanı unutmamanı istəyirəm.
Mən heç bir zaman mələk olmamışam, lakin daim insan
olmağa çalışmışam. Sən
də buna çalış.
Öpürəm səni, Ceraldina.
Sənin Çarlin. Dekabr
1965-ci il.
Ədalət.-2018.-27 noyabr.-S.5.