Mahir Naziroğlu

Çinli Əli

Çinli Liyonq

şeytana lənətlər yağdırdı

sındırdı içindəki inad adlı bütü.

Dəyişdi dinini

adını dəyişdi

 

məni "Əli" çağırın

mən Allahın bəndəsiyəm,-dedi.

Ruzisini,

Ata-anasının sağlığını

Allahdan istəyir.

Allahdan diləyir

məmləkətinə dönəcəyi günü.

Qızı Gunanın

Dadlı gülüşünün yumar gözlərini

gecələr...

Həsrətlisi Vanqjia ilə

Şilonmata parkında gəzişdiyi

gecələrin

xəyalıyla yaşayar

çinli Əli.

Zindanda,

axirət gününü gözləyənlərin

həsrəti böyüklükdə olur

qəriblərin həsrəti zindanda.

Çinli Liyonq

Şeytana lənətlər yağdırdı

Sındırdı içindəki inad adlı bütü.

Budur, Allah qəbul etdi

bəndəsinin duasını.

Bu gün öz ölkəsinə dönür

Çinli balası.

Sağ-salamat, qardaşım,

Sağ-salamat.

 

Şaxta baba

 

Dərələrdən, təpələrdən

aşıb gələn Şaxta baba

getmə yetimlər evinə

yetimlərin arzusunu

yerinə yetirmək çətin.

alma, konfet

narıngi sevindirə bilməz

ağlı kəsən yetimlərin

cocuq ürəklərini.

Dağlardan, dərələrdən

Aşıb gələn şaxta baba

getmə yetimlər evinə

yetimlərin arzusunu

yerinə yetirmək müşkül.

Yetimlərin arzusunda ata-ana

yetimlərin yuxusunda ata-ana.

Gəlişinə ağlayıb

səni ağladarlar

Şaxta baba.

İsti göz yaşların əridər şaxtanı

əriyərsən,

bəs onda atalı, analı uşaqların

Şaxta babası kim olar?

 

***

Kimin dərdini çəkəsən?

Kimə qəlbən ağlayasan?

Dost ola, bağrına basıb

Dərdini qucaqlayasan.

 

Qapımı döyməyən adam

bilsin kiməm, nəçiyəm?

Yediyim dərd, içdiyim qəm,

Mən elə dərdin özüyəm.

 

Min illərin ovçusuyam,

Hürkdü tələmdən kəkliyim.

Ən ağır yükdü qəlbimdə

Çəkilməz yükdü təkliyim.

 

Göndər

 

Əzizim, məktubun

cavabını yaz, göndər.

Şimala doğru əsən

küləklərdən tez göndər.

 

Şəkilini görəli-

ürəkdən sevdim səni.

Bir az da naz-qəmzəni

Misralara düz, göndər.

 

Könlü sevən utanmaz,

ötginən avaz-avaz.

Sevgimizə aid yaz,

Üç-beş sətir söz göndər.

 

Hər görüş cibimdə

uyuyan əlim

 

Sənə gül uzatsa geri çevirmə,

Tozlu naqillərdən mis soyan əlim.

Bir az gözlərinə kobud görünər

Bir az kəlbətinə oxşayan əlim.

 

Bir günü qaradır, bir günü ağdır,

Tanrı yazan ömrü yaşayacaqdır.

İsti qayğılardan tamam uzaqdır,

Dizimin üstündə soyuyan əlim.

 

Bəxtin döyməsidir əlimdəki kir,

Tale vuran döymə əsla silinmir.

Qabar əlcəyindən xəcalət çəkir

Hər görüş cibimdə uyuyan əlim.

Ədalət  2018.- 28 noyabr.- S.7.