Arpaçayın
zümzüməsinə bənzəyən səs
Bu, Əməkdar
mədəniyyət işçisi Laləzar
Hüseynovanın səsidir
Oxuyacağı xəbərlərə dəfələrlə baxmışdı. Onların bəziləri yaddaşına həkk olunmuşdu. Bununla belə həyəcanını boğa bilmirdi. Bir qədər özünə təskinlik verir, sonradan yenə həyəcanlanmağa başlayırdı. Nədənsə ona elə gəlirdi ki, gələcək taleyi bu verilişdən asılıdır - bu "imtahandan" yaxşı çıxa bilməsə, telejurnalistika ilə vidalaşmalı olacaq.
Onda
1971-ci il idi. 20 yaşı
vardı. Birinci dəfə idi ki, efirə
çıxırdı. Çıxdı
və veriliş başa çatdıqdan sonra televiziyanın
yaşlı əməkdaşlarından biri onu ilk verilişin
uğurlu alınması münasibətilə təbrik etdi.
Gələcək fəaliyyətində
uğurlar dilədi, çoxlu mütaliə etməyi
tövsiyə etdi. Bir qədər sonra bu təbriklərin
sayı xeyli artdı. Şəhərdə
ona təbəssümlə baxanlar da tapılmışdı.
Sonradan bilmişdi ki, onu televiziyada görüblər.
Yeri gəlmişkən elə mən
özüm də Laləzar Hüseynovanı ilk dəfə
televiziya ekranından tanımışam - orta məktəbin
yuxarı siniflərində təhsil aldığım illərdən.
Yaddaşında da elə qalıb. Və tale elə gətirdi ki, sonra onunla eyni
jurnalistika sahəsində birgə işləməli
olmuşuq - mən qəzetdə, o isə onun
üçün doğma olan televiziyada.
Sənətə
gəlişini belə xatırlayır: "Ali məktəbin
filologiya fakültəsinin üçüncü kursunda təhsil
alırdım. Bir gün eşitdim ki,
Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri
Komitəsi aparıcı seçmək üçün
müsabiqə elan edib. Mən elə bu
müsabiqədə iştirak etmək qərarına gəldim.
Bu istəyim iş tapmaq həvəsindən irəli gəlməmişdi,
taleyin bir çağırışı idi; çünki bu
həvəs məndə çoxdan yaranmışdı - hələ
orta məktəbdə oxuduğum illərdə.
...Müsabiqədə
iştirak etdim. Bu yarışda xeyli gənc
oğlan və qız var idi. Bizə
müxtəlif tapşırıqlar verildi. Mənsə bir hekayə oxudum. O vaxt komitənin
rejissoru işləyən mərhum Əsgər Əsgərov
məni dinləyib dedi: "Qızım, Tanrı sənə
camal da verib, səs də. Axtardığımız
elə sən idin, səni də tapdıq".
...Dönüb
keçdiyi 48 illik yola baxanda ilk yadına düşən həmin
"Xəbərlər" verilişi olur. Deyir
ki, indi haqq dünyasında olan Əsgər müəllimin
xeyir-duasının ayağı sayalı imiş.
... Adətim üzrə bu yazını da qəhrəmanımın
tərcümeyi-halını olduğu kimi yazmaq istəmirəm.
Buna ehtiyac duymuram. Sadəcə onun həyatında
və deməli həm də fəaliyyətində
özünə əbədi yer tutan məqamlardan
danışacaq, bu məqamları qələmə alan ziyalılarımıza istinad edəcəm.
Öz
etirafı: Mənim həyatım fəaliyyətimdir.
Haqqında qızı Günay Məmmədovanın tərtibçiliyi
ilə işıq üzü görmüş "Bahardan bir
çiçək" kitabı isə onun bu fəaliyyətinin
Laləzarı tanımayan insanlara tanıdılması
üçün böyük mənbədir. Həmin kitabın redaktoru,
gözəl şair və publisist, tarixçi alim, mərhum
Vaqif Məmmədovun xatirələrində oxuyuruq:
"Naxçıvanda fəaliyyətə başlayan ilk
dövrlərdə sovet ideologiyasına, həm də texniki
imkanların məhdudluğuna görə televiziyada bədii
proqramlar təsadüfi hallarda verilir, televiziyanın çox məhdud
proqram müddətinin xeyli hissəsi "Xəbərlər"ə
ayrılırdı. Bu məsuliyyətli
işi-xəbərləri canlı olaraq efir vasitəsilə
tamaşaçıya çatdırmağı isə hər
diktora həvalə etmirdilər. Bunun
üçün çox ciddi şərtlər-ilk növbədə
rəvan və səlist nitq qabiliyyəti, siyasi
hazırlıq, yeni fəaliyyətə başlamış
televiziyada canlı verilişlər apararkən baş verə
biləcək texniki nasazlıqlar zamanı vəziyyətdən
çıxış yolu tapmaq qabiliyyəti və sair tələb
olunurdu. Həmin dövrdə bu şərtləri
ödəyə bilib diktor kimi efirə çıxan
iki-üç gənc diktordan biri də Laləzar Hüseynova
idi. O vaxtlar Naxçıvan televiziyası ilə əlaqəsi
olan, Naxçıvan televiziyasının verilişlərini
izləyənlər arasında Laləzar Hüseynovanı
tanımayan, ona səmimi hörmət, ehtiram bəsləməyən
insan yox idi. Çünki onda nəinki müasir
dövrdə olduğu kimi dünya ölkələrinin
televiziya verilişlərinə, heç Azərbaycan
televiziyasına da baxmaq mümkün deyildi. Buna görə də Naxçıvan əhalisi
yalnız Naxçıvan televiziyasını izləyir və
təbii ki, bu televiziyanın efirində olanları, o cümlədən
də ən məsuliyyətli "Xəbərlər"
informasiya proqramının verilişinin diktoru Laləzar
Hüseynovanı yaxşı tanıyırdılar".
...Onun sənət
yolu beləcə başladı. Sağ olsunlar təcrübəli
jurnalistlər, ona öz köməklərini göstərir, dəstək
olur, jurnalistikanın sirlərini öyrədirdilər (Laləzar
Hüseynova ixtisasca Azərbaycan dili və ədəbiyyat
müəllimidir).
1975-ci ildə
eşitidiyi bir xəbərə inanmağı gəlmədi:
Onu Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri
Komitəsinə işə dəvət etdilər. Doğma
kollektivdən ayrılmaq istəməsə də, mərkəzdə
çalışanların təcrübəsini öyrənmək
həvəsilə bu dəvətə razılıq verdi.
Elə
iş yoldaşları da bir müddətə orada işlməyi
təklif edirdilər. Bakıda keçirilən
Naxçıvan günlərində muxtar respublika ilə
bağlı hazırlanan bütün verilişlərin
aparıcısı o olub və respublika televiziyasının
Ofelya Sənani, Roza Tağıyeva, Sabir Ələsgərov
kimi tanınmış diktorlar tərəfindən həmin
verilişlər yüksək qiymətləndirilib.
2 il Bakıda işlədi. Ancaq
Naxçıvan ahənrüba kimi onu özünə çəkirdi.
Doğma kollektiv üçün
darıxmışdı. Komitə sədrinin, burada
çalışdığı kollektivin üzvləri nə
qədər təkid etsələr də, "Televiziya və
radio dövlətin səsidir - Bakıda da, Naxçıvanda
da", - deyərək Laləzar Naxçıvana
qayıtdı.
1976-cı ildə SSRİ Dövlət Televiziya və
Radio Verilişləri Komitəsinin sədri Sergey Lapinin
imzası ilə göndərilən təşəkkür məktubu
onun ilk mükafatı oldu.
Məlumat
üçün onu da deyim ki, belə təşəkkür məktubuna
Azərbaycan üzrə 2 nəfər layiq görülüb:
bir o, bir də respublikanın Xalq artisti mərhum Rafiq
Hüseynov. Bu mükafatın arxasınca
"Ali kateqoriyalı aparıcı" dərəcəsinə
layiq görüldü. Aldığı fəxri
fərmanların və diplomların sayı artmağa
başladı.
...Bu sətirləri
yazarkən telejurnalistikada aparıcılıqla bağlı
oxuduğum bir məqalə yadıma düşdü. Arxivimdən
həmin yazını tapıb yenidən oxudum: "Televiziya
seyrcisinin bildiyi budur ki, diktor müəyyən xəbərləri,
məlumatları ona çatdırır. Əslində isə
diktor televiziyada redaktor, rejissor, operator, jurnalist və başqa
televiziya əməkdaşlarının işinə "son
nöqtə"ni qoyan şəxsdir. Tamaşaçı onların heç birini ekranda
görməsə də, informasiyaya, məlumata, reportaja baxarkən
yalnız diktoru gördüyü üçün onunla
mühakimə yürüdür, verilişə ona əsaslanıb
qiymət verir. Bu sənətin, eyni zamanda,
çətinliyi ondadır ki, gərək Azərbaycan dilinin
incəliklərinə bələd olasan, orfoqrafiya qaydalarını
dəqiq mənimsəyəsən. Düzgün
intonasiya, nitq mədəniyyəti diktor sənəti
üçün mühüm amillər hesab olunur. Bu peşə sahibi üçün dəqiq və səlis
diksiya da vacib olmaqla yanaşı diktor kollektivlə (redaktor,
operator və başqaları) işləməyi də
bacarmalıdır. Ən çətini isə
odur ki, televiziya tamaşaçısı hər gün səni
görür, başqa sözlə, sən hər gün
tamaşaçının diqqət mərkəzindəsən.
Bu cür sənəti yalnız praktik olaraq inkişaf etdirə-etdirə
nəyəsə nail olmaq mümkündür. Praktik
təcrübə bu işdə nəzəri bilikdən də
mühüm əhəmiyyət kəsb edir. Yəqinliklə demək olar ki, mütləq nitq mədəniyyəti,
səmimilik, səbr, dözümlülük və başqa
mühüm əxlaqi keyfiyyətlər səndə anadangəlmə
olmalıdır".
Bu da bir tale yazısıdır ki, həmin keyfiyyətlər
Laləzar xanıma da verilib. 2013-cü ildə aparıcısı
olduğu "Bulaq başı" verilişində bunu
bütün çalarları ilə görürük.
Xüsusilə də onun səlis, rəvan nitqi ilk anda
tamaşaçını və dinləyicini cəlb edir. Ədəbiyyatımızı,
incəsənətimizi, milli dəyərlərimizi dərindən
bilməsi köməyinə gəlir.
Səsinin
əlvanlığına isə söz ola
bilməz. Bununla bağlı Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin deputatı, Şərur
rayonundakı Aşağı Yaycı kənd tam orta məktəbinin
direktoru, Əməkdar müəllim, tarix üzrə fəlsəfə
doktoru Yeganə Məmmədovanın qənaəti
maraqlıdır: "Nə müddətdir ki, sizinlə
söhbət edirəm. Səsinizdəki
şirinlik və həzinlik məni valeh edibdir. Həmişə fikirləşirdim ki, bu səs mənə
nəyi xatırladır. Axır ki,
tapmışam. Evimizin
qarşısından Arpaçay axır. Axşamlar
Arpaçayın oxuduğu nəğmə mənə bax belə
şirin və həzin gəlir...".
Onun
aparıcısı olduğu "Bulaq başı", "Kənd
həyatı", "Hüquq və həyat",
"Sağlamlıq", "Yeddi gün" bu gün də
televiziyanın fondunda saxlanılır. Həmin
verilişlərdə müəllifin geniş erudisiyasına,
müsahibləri ilə hədəfə vuran dialoqlarına,
intellektual səviyyəsinə heyran qalmaya bilmirsən.
Öz
sözü: "Azərbaycan dilinin zəngin
çalarlarını bilmək, gözəl nitq mədəniyyətinə
malik olmaq və gözəl danışmaq hər bir
aparıcıya tamaşaçı və dinləyici sevgisi gətirir.
Bilirsiniz, teleradio üçün gözəl səs
başlıca amillərdən biridir. Radionu
dinləyənlər aparıcını görmür, amma onun
səsindən o mədəniyyəti, gözəl tələffüzün
təmizliyini hiss etməlidir. Diktorluq məktəbi
yoxdur. Diktorluq fərdi istedaddır, - desəm,
yanılmaram. O, hər bir efir materialını ən
yüksək səviyyədə oxumalı, Mən gənclik
illərindən Azərbaycan radiosunu çox dinləyirəm.
Dilimizin zənginliyinə heyran kəsilirdim.
Gözəl səsli diktorları dinlədikcə
radionu sevmişəm, ixtisasca müəllim olsam da, mən bu sənətin
vurğunuyam və bu gün də sevirəm".
Laləzar Hüseynova gözəl qələm sahibi kimi də tanınıb. Onun bir-birindən maraqlı düşüncə yazıları, esseləri mərkəzi və muxtar respublika mətbuatında işıq üzü görüb. O illərdən əziz xatirə kimi yadigar qalan həmin yazılar Laləzar xanımın arxivinin ən qiymətli "eksponatlarıdır". İkihissəli "Sənətə bağlı ömür" adlı video çarxda isə onun aparıcılıq dövründə oxuculara efir vasitəsilə təqdim etdiyi şeir və hekayələr toplanılıb.
Öz sözünü deyən illər Laləzar Hüseynovanın tərcümeyi-halını getdikcə müxtəlif mükafatlarla zənginləşdirir. Naxçıvan Mətbuat Şurasının, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Probləmləri üzrə Dövlət Komitəsinin diplomları, 65 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəxri fərmanı ilə təltif olunan Laləzar xanımın sənət yoluna 2006-cı il isə qızıl hərflərlə yazılıb, qapısını daha böyük bir xəbər döyüb: O, teleradionun inkişafındakı səmərəli xidmətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb.
... Bir ildir ki, təqaüddədir. Ancaq özünü teleradiosuz təsəvvür edə bilmir. "Bulaq başı" verilişini aparır, gənclərə məsləhətlərini verir, bu işdən böyük zövq alır, sevinir kiməsə öz təcrübəsini öyrədəndə. Sevincin bol olsun, Laləzar xanım...
Muxtar
MƏMMƏDOĞLU,
"Şərq
qapısı" qəzetinin
məsul katibi,
Naxçıvan
Ədalət 2018.- 28 noyabr.- S.6.