Sirli Örənqala
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
O, torpaq altındakı şəhərdir
(əvvəli ötən
sayımızda)
Tarixin dərinliklərinə, yəni bizdən uzaq əsrlərə üz tutduqca təkcə zamanın özünün fonunda xalqımızın keçdiyi yolun möhtəşəmliyi Azərbaycan adlı məkanın, onun insanının nələrə qadir olduğunu, nələri sübut etdiyini açıq-aşkar göstərir. Bax, bu mənada Örənqala özünün mövcud olduğu tarix ərzində böyük dünyanın ticarət yolu üzərində özünün tərəqqisini təmin edə bilmişdi.
Arxeoloqların ilk dəfə 1933-cü ildə qazıntılara başladığı Mil düzü ərazisində, yəni Örənqala şəhərinin yerində tapılan maddi-mədəniyyət nümunələri, qala divarının qalıqları buraya böyük bir maraq yaratdı və bunun ardınca 1966-cı ildə Azərbaycan ailmi, tarixçi-arxeoloq Ə.Ələkbərov Örənqalada ikinci dəfə qazıntılar aparmağa başladı. Artıq tapılan mis pullar, dulusçuluq nümunələri, saxsılar, şüşə qalıqları, bişmiş kərpic və sairə artıq sübut edirdi ki, bu şəhərdə ticarət xüsusi bir maraq mərkəzində imiş. Eləcə də 1951-ci ildə yenidən arxeoloqların ixtiyarına verilən Örənqala qala kompleksi AMEA-nın Tarix İnstitutunun əməkdaşları tərəfindən daha geniş şəkildə öyrənilməyə başlandı.
Vurğulamaq yerinə düşər ki, 3 hissəli Örənqala şəhərində tapılan maddi-mədəniyyət nümunələri belə bir fikrin formalaşmasına səbəb olmuşdu. Həmin fikir də bundan ibarətdir ki, XII-XIV əsrlərdə, yəni səlcuqların və monqolların Azərbaycana yürüşlərindən öncə Örənqala özünün çiçəklənmə dövrünü yaşamışdı.
Alimlərimizin gəldiyi qənaətə görə, Örənqala bir şəhər olaraq həm də Azərbaycanın ticarət mərkəzlərindən biri olubdu. Yəni burada tapılan mis pullar şəhərə müxtəlif ölkələrdən tacirlərin, müsafirlərin gəldiyini göstərən faktlardan biridir. O da maraqlıdır ki, şəhərin varlılar məhələsində evlər daha möhtəşəm olubdu. Bunu həmin evlərin qalıqları da sübut edir.
Bu gün təkcə Azərbaycan tarixçiləri, arxeoloqları deyil, eləcə də Örənqala ilə bağlı faktları öyrənən, araşdırmalar aparan digər ölkələrin alimləri də bu qənaətdədilər ki, Örənqalada sənətkarlıq, eləcə də dulusçuluq daha çox inkişaf etdirilmişdir. Və bir də maraqlı məqam ondan ibarətdir ki, örənqala şəhərinin Kiçik Şəhər hissəsində Əmir Teymur dövründə qala divarı inşa edilmişdir.
Ümumiyyətlə, Örənqala ərazisindəki müəyyən yüksəkliklər, yəni təpə kimi yerlər arxeoloqlar tərəfindən öyrənilərkən burda 7 ədəd dulus kürəsi, üstü ortülmüş su kəməri və XII-XIII əsrin əvvəllərinə aid təsərrüfat əhəmiyyətli çox böyük bir kompleksin qalıqları üzə çıxmışdı. Bu tikinti qalıqlarının da yaxınlığında müəyyən qəbir yerləri də aşkarlanmışdı. Müsəlman qəbirləri olan həmin ərazidə 4 künc türbə və onun yaxınlığında isə aşkarlanmış 4 qəbirdən müxtəlif bəzək əşyaları, eləcə də buradakı türbənin içərisində mozaikalı, boyalı rəsmlərlə bəzədilmiş 8 guşəli türbənin də qalıqları üzə çıxmışdı. Həmin ikinci türbənin mehrab yerində müəyyən yazı qalıqları da aşkarlanıb ki, bu da alimlərin böyük marağına səbəb olmuşdu. Bu maraqlı türbənin ətrafında da iki müsəlman qəbrinin olduğu müəyyənləşmişdi.
Bu gün Azərbaycan arxeoloqlarının diqqət mərkəzində saxladıqları həmin Örənqala şəhərinin ərazisi sirlərlə doludur. Təbii ki, zaman-zaman bu sirlər çözüləcək və Azərbaycanın tarixinə, keçmişinə, xalqımızın özünə böyük sevgisi olan araşdırmaçı övladları bu sirli dünyanın hər layını öyrənib onu həm xalqa, həm də elmi ictimaiyyətə çatdıracaqdı. Bunun üçün kifayət qədər savadlı tarixçi arxeoloqlarımız var və onların sırası hər gün daha da artır, kamilləşir. Bu da bizə imkan verir ki, öz tariximizə daha dərindən sahib çıxaq.
O ki, qaldı Örənqalada aparılan və nə qədər elmə məlum olan faktlara, şəhər ərazisində tapılan ocaq yerləri, kürələr, işlənmiş alətlər, ümumiyyətlə, tikintiyə, sənətkarlığa dair nümunələr onu deməyə əsas verir ki, bu şəhərin yerləşdiyi ərazinin mədəni təbəqəsinin qalınlığı burada tarix boyu baş verən dəyişiklikləri izləməyə şərait yaradır, imkan verir. Ona görə də arxeoloqlar şəhər ərazisini bir neçə qazıntı sahəsinə ayırıblar və hər sahə üzərdə əldə olunan, tapılan nümunələr həm ayrılıqda öyrənilir, həm də müqayisəli şəkildə. Həmin nümunələrin əsasında çıxarılan qərar, daha doğrusu, qənaət də bundan ibarətdir ki, istər Azərbaycanın, istərsə də Cənubi Qafqazın tarixində özünəməxsus rol oynamış Örənqala şəhəri həm iqtisadi, həm də mədəni həyatı ilə həmişə diqqət mərkəzində olubdu. Tarixçi alim Q.Əhmədovun fikirlərilə söylədiklərimizi ifadə etsək, onda deyə bilərik ki, "xüsusilə XII-XIII əsrin əvvəllərində burada çox böyük canlanma olmuşdu. Bu şəhər təxminən özünün on əsrlik mövcud olduğu dövrdə Azərbaycanın və bütün Cənubi Qafqazın iqtisadi və mədəni həyatında mühüm rol oynamışdı".
Bəli, bu gün
Beyləqan rayonunun Kəbirli kəndi ərazisində
yerləşən Örənqala şəhərinin həm
adı, həm burada tapılan maddi-mədəniyyət
nümunələri böyük maraq doğurur. Və bu maraq da
alimləri həmin o ünvana
tələsdirir. Bunun da
bir səbəbi ərazinin Azərbaycan tarixi üçün bir əsaslı mənbə, fakt
üçün böyük
önəm kəsb etməsidi. Ona görə
də AMEA-nın Tarix İnstitutunun
arxeoloqları digər ərazilərimiz kimi
son dərəcə sirli
və maraqlı olan Örənqalanın alt qatlarına işıq salmağa
çalışırlar. Düşünürük
ki, aparılan axtarışlar öz faydasını verəcək və bu da tariximizin
zənginləşməsində, özümüzün
özümüzü
tanımağımızda, düşəmənə
tutarlı cavab verməyimizdə əsas faktlardan, silahlardan biri olacaqdı.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2018.- 29 noyabr.- S.7.