Qurani-Kərim Puşkin
poeziyasında
Vaqif Cəliloğlu,
Tex. elmləri
üzrə fəlsəfə doktoru
Bir tərəfdən müasir dünyada gedən inteqrasiya və qloballaşma prosesi, digər tərəfdən bütün xalqların milli maraq və özünəməxsusluğunu saxlamaq cəhdi artıq İslam dinini ictimai-siyasi olayların mərkəzinə çıxarıb. Səbəb isə iudaizm və xristianlıqdan fərqli olaraq bu dinin ayrı-ayrı xalq və ümmətlərə deyil, bütün bəşərə nazil edilməsindədir. Bu baxımdan bəşəriyyətə azadlıq, bərabərlik, ədalət gətirən, digər inanc sahiblərinə və xüsusən əhli-kitaba hörmət və sayğı ilə yanaşan İslama digər dinlərin zəka, elm, mədəniyyət xadimlərinin münasibətini, ehtiramını bilmək, xatırlatmaq və dəyərləndirmək, həmişə olduğu kimi, bu gün də aktualdır. Bu, həm də ümumbəşəri sülhün bərqərarında mühüm amillərdən biri kimi qəbul edilməlidir.
İslam dini tarixən əhli-kitabın müxtəlif səpgili və niyyətli fəlsəfi, elmi, siyasi, ideoloji şərh və təfsirlərinə məruz qalmaqla yanaşı, onların ədəbi mühitindən də yan keçməyib. Bu sahədə İslama qərəzli yanaşmalarla yanaşı, onu kifayət qədər obyektiv və məhəbbətlə vəsf edən qələm sahibləri də olub. İman, elm və iradə vəhdətində olan belə salehlər haqqında Rəbbimiz buyurub: "İman gətirənlərdən, musəvi (yəhudi), isəvi (xristian) və sabiilərdən (xaça sitayiş edən məzhəblər) Allaha, axirət gününə inananların və yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamətdə) onların heç bir qorxusu yoxdur və onlar qəmgin olmazlar" (Bəqara 62).
Böyük Pyotrun ərəbinin
nəvəsi: Puşkin
Klassik rus ədəbiyyatında İslamdan bəhrələnən və onu vəsf edən dahilərdən biri sözsüz ki, həm də "sən qorxaqsan, köləsən, ermənisən" ifadəsinin müəllifi A.S.Puşkindir (1799-1837). Puşkinə qədərki dövrün xronologiyası göstərir ki, Avropanın Qurani-Kərimlə tanışlığı orta əsrlərdən başlanıb. Belə ki, Rəbbimizin sonuncu vəhflər toplusu olan bu kitab 1441-ci ildə latın, 1513-cü ildə italyan, 1616-cı ildə alman, 1647-ci ildə fransız, 1648-ci ildə ingilis dilinə tərcümə edilib. Rusiyada müqəddəs kitabın tərcüməsi XVIII əsrdə Pyotrun təşəbbüsü ilə olub. Zəmanəsinin görkəmli xadimi P.Posnikov 1647-ci ildə Dyu Riyenin fransız dilinə tərcüməsindən istifadə edərək Quranı ruscaya çevirib, 1716-cı ildə onu Peterburqda nəşr etdirib. 1790-cı ildə isə bu kitabı rus ədibi M.Veryovkin fransızcadan rus dilinə tərcümə edib. Fransız dilini mükəmməl bilən A.S.Puşkin əsərlərində əsasən bu tərcümədən istifadə edib. Qeyd edək ki, Puşkinin Qurani-Kərim və müsəlmanlara həsr edilən əsərləri M.Lermontov, L.Tolstoy, F.Dostoyevski, Y.Polonski, İ.Bunin, V.Veliçko, N.Qumilyov, Y.Bunin və başqa mütəfəkkirlərin yaradıcılığında da dərin iz buraxıb.
Poeziyasında Quran və Məhəmməd(ə) şəxsiyyətinə, İslam dünyasına müraciət edən A.S.Puşkin üçün İslam ilk növbədə ilham mənbəyi, məna-fikir məxəzi, poetik kamillik nümunəsindən ibarət idi. Tədqiqatçıların fikrinə görə, Puşkinin İslam dininə marağının səbəbləri sırasında onun əcdadlarının, şairin "Böyük Pyotrun ərəbi" povestində İbrahim adı ilə verdiyi babası İbrahim Hannibalın (1697-1781) müsəlman olmasının da rolu olub. Şairin bu marağının qaynaqları həm də onun Avropa oriyental ədəbiyyatına gənclik həvəsi, lisey müəllimi professor Y.Kaydanovun Şərq tarixi və İslama dair mühazirələri, Moskva Universitetinin professoru A.Boldirevin şərqşünaslığa dair məqalələri, görkəmli şərqşünas N.Biçurinlə şəxsi münasibətləri və müsəlmanların həyatı ilə tanışlığı olub.
"Qurana təqlidlər" Puşkin poeziyasının tacında
parlaq almazdır
1820-1824-ci illərdə cənuba sürgün edilən Puşkin Quranı ətraflı öyrənib, Şərq şeirinin onun üçün nümunə olduğunu bildirib və Şərq mövzusunda 50-dən artıq şeir yazıb. Qurani-Kərim şairi elə cəlb etmişdi ki, o, Quran motivləri əsasında 9 şeirdən ibarət xüsusi silsilə-nəzirə yazdı. Tədqiqatçılara görə, şair bu şeirlərdə Quranın 33 surəsinin 81 ayəsindən bilavasitə istifadə edib. Tənqidçi V.Belinskinin "Puşkinin poeziya tacında parlaq almaz" adlandırdığı "Qurana təqlidlər" əsəri ilk növbədə mənbənin məzmun, forma və üslubunu dəqiq saxlamağa cəhdlə seçilir. Puşkin istifadə etdiyi tərcümənin həm fransız, həm rus variantının adında ("Ərəb Məhəmmədin Quran kitabı...") və abbat Ladvokatın tərcüməyə əlavəsindəki səhv mövqeyə - Quranın bəndə əsəri olması eyhamına və Məhəmməd(ə)-nin peyğəmbərliyinin şübhəyə alınmasına qətiyyən uymayıb. Əksinə, o, Quranda Allahın öz adından danışdığını, Peyğəmbər(ə)-nin 2-ci və ya 3-cü şəxs kimi iştirak etdiyini birmənalı vurğulayıb.
Quran ayə və surələrindən məharətlə istifadə edən şair müqəddəs kitab haqqında düşüncələrini bölüşüb, Quran mənalarını, mahiyyətini bədii keyfiyyətlərlə oxucuya çatdırıb. Bununla o, həm də qeyri-müsəlman kontingentə Quranın səməviliyini və Peyğəmbər(ə)-nin Allahın elçisi olduğunu bildirib, onları maarifləndirib.
Silsilənin elə ilk bəndi bu baxımdan səciyyəvi xarakter daşıyır:
"And
olsun cütə və təkə,
And olsun
qılınca və haqq döyüşə,
And olsun
dan ulduzuna,
And olsun axşam namazına.
Yox, Mən səni tərk etmədim.
Bəs
kimi Mən rahatlıq dairəsinə,
Saldım
ki, onun hikmətini sevə-sevə
Və iti təqibdən gizlətdim?
Mən
deyildinmi səni susuzluq günündə
Səhra suları ilə içirtdim?
Mən
deyildinmi sənin dilinə
Ağıllar
üzərində əzəmətli ixtiyar verdim?...
Quran hikmətinə valeh və vaqif olan şair bu sətirləri
müqəddəs kitabın Zuha, İnşiqaq, Buruc, Fəcr
surələrinin təsiri altında yazıb. Və nəticədə,
Puşkin həm məna, həm də bədiilik cəhətdən
yüksək poetik nümunəyə, rus ədəbiyyatının
yeni səhifəsini açan metafizik, estetik-bədii nailiyyətə
imza atıb.
Puşkinin Qurana təqlidlərlə həmahəng olan
digər əsəri "Peyğəmbər" şeiridir. Xristian ədəbiyyatçıları
tərəfindən Tövratdakı İsaya, İeremiy və
ya İezekil peyğəmbərlər haqqında olduğu
güman edilən bu şeirdə, bir çox tədqiqatçıların
göstərdiyi kimi, Quranın Fətir, Muddəsir, Ələq
və digər surələrindən məharətlə istifadə
edilib.
Puşkin
yazır:
"Və
o köksümü qılıncla yardı,
Və
titrək ürəyimi çıxartdı,
Və
alovlu közü
Yarılmış köksümə qoydu".
Əslində bu şeir ilə şair səməvi kitablar
arasında müştərəkliyi, onların bir mənbədən
qaynaqlandığını göstərib. Quranın: "Məgər
Biz sənin köksünü açıb genişlətmədikmi?!
Ağır yükünü səndən
götürmədikmi?!..." (İnşirah surəsi)
ayəsi ilə Tövratdakı: "O, kömürlə
dodaqlarıma toxunaraq dedi: "Budur, bu kömür
dodaqlarına dəydi, pisliyin silindi, günahın
bağışlandı" (bax: Bibliya, İsayanın
kitabı, 6:7) kəlamın müqayisəsi də fikrimizi təsdiq
edir.
Mənəvi
dirçəliş
"Gizli
mağara..."dan başlayıb
XIX əsr
tədqiqatçısı N.Çernyayevin qeyd etdiyi kimi, monoteist
ruh və həqiqi dini hisslə yazılmış "Qurana təqlidlər"
göstərir ki, Quran Puşkinin dini təbəddülatına
ilk təkan vermiş və bununla da onun daxili həyatında
böyük əhəmiyyətə malik olmuşdur".
Şairin Qurana bağlılığını şərh edən
ədəbiyyatşünas professor Asif Hacıyev yazır:
"Bütövlükdə bu silsilə Puşkinin İslam dəyərlərinə
dərin mənəvi münasibətini, onları ruhən mənimsəməsini,
Quranın şairə güclü psixoloji, ideoloji təsirini
aşkarlayır. Puşkinin bu əsərdə maraqlı bir cəhəti
də müəllif subyektivliyinin dərindən təzahür
etməməsi, müqəddəs Kitabın mahiyyətini
obyektiv çatdırmağa çalışmasıdır...
Böyük şairin
yaradıcılığında Qurani-Kərimin əhəmiyyətini
belə bir fakt da təsdiqləyir ki, Puşkin dilinin
lüğətində Quran 17, İncil 13, Tövrat 8 dəfə
xatırlanır. ...Məhz Quranla tanışlıqdan
sonra Puşkin xristianlıqla da maraqlanmağa başlayır və
1824-cü ilin sonunda qardaşından təkidlə ona
"İncil"i göndərməyi xahiş edir... Onu da qeyd edək ki, yeniyetməliyində
dövrünün və mühitinin dəbinə uyğun
olaraq, XVIII əsr fransız maarifçiliyinin, Volterin,
epikürçü kübar dairələrin təsirilə
dinə etinasız yanaşan Puşkin 1823-1824-ci illərdə
mənəvi böhran keçirib, əsərlərində həyatın
boşluğu, mənasızlığı, tənhalıq
fikirlərini ifadə edib. Və şairin 1825-ci ildə
"Gizli mağarada..." poetik parçasında göstərdiyi
kimi, Qurani-Kərimlə tanışlıq onun mənəvi
dirçəlişinə, ruhən yenilənməsinə zəmin
yaradıb:
"Gizli
mağarada, didərginlikdə,
Mən
şirin Quranı oxuyurdum,
Qəfil
təsəlli mələyi
Uçub
mənə tilsim gətirdi..."
Quranın
tərcüməsini dəfələrlə oxuyan və onun
ecazından ilham alan Puşkin, Rəbbimizin:
"Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz
(başqa) qadınların heç biri kimi deyilsiniz. Buna görə də (yad kişilərlə)
yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa
qəlbində mərəz olan tamaha (özgə təmənnaya)
düşər". (Danışdığınız
zaman) gözəl danışın! Evlərinizdə qərar
tutun, açıq-saçıq olmayın... "(Əzhab
32-33) kəlamını poetik dil ilə belə ifadə edib:
Ey
Peyğəmbərin saf zövcələri,
Bütün
zövcələrdən siz fərqlisiz:
Günahın kölgəsi də sizə qorxuncdur.
Sakitliyin
şirin kölgəsində
Təvazö
yaşayın: sizə layiqdir
Bakirə qızın örtüyü.
Vəfalı
qəlbinizi saxlayın
Qanuni və
utancaq nəvazişə,
Qoy ləyaqətsiz
bic baxışlar
Üzünüzü seyr etməsin".
Göründüyü
kimi, ilahi vəhy olan Quran üslubunu saxlayan Puşkin Tövrat
və İncildən fərqli olaraq, bu şeirində də bədii
nitqi Peyğəmbər(ə)-nin yox, birinci şəxsin -
Allahu-Təalənin dilindən verib.
"Məgər
bu, müsəlman deyilmi"
Puşkin Quranın hikmət və kəlamlarına,
ümumən İslam və müsəlmanların həyatına
yaradıcılığının sonrakı dövründə
də müraciət edib. Daxili ehtiyacdan
qaynaqlanan bu müraciət hələ 17 yaşında
"İmansızlıq" şeirində "Əqlim
Tanrını axtarır, Qəlbim tapmır" deyən
şairin sonradan ruhən kamilləşməsində - qəlbinin
Tanrını tapmasında, təhqiqi-imana sahib
çıxmasında və nəticədə dahiyanə əsərlər
yazmasında həlledici amillərdən olub.
Dünya ədəbiyyatının digər korifeyi
F.Dostoyevskinin (1821-1881) "Məgər bu, müsəlman
deyilmi?"- deyə səciyyələndirdiyi Puşkində
islam anlayışı maarifçilik-romantizm-realizm xətti
ilə təkamül etmiş və özündən
sonrakı bir çox ədiblərə təsir edərək
dünya və rus ədəbiyyatında İslam dininə,
Şərqə marağın artmasında və bu mövzuda
silsilə yazıların təşəkkülündə
mühüm rol oynayıb. Rəbbini tapan və
Onu qəlbində sakin edən, Onun peyğəmbərini (həz.Məhəmmədi)
sevən Puşkində dini mövzuların bəsit şəkildə
şəxsiləşdirilməsi, adiləşdirilməsi
olmadığı üçün o, "Üç
Üçnum"a xas olan "Allahı peyğəmbər,
peyğəmbəri Allah" səviyyəsində təqdim
etməyib.
Şair bir fərd və bədii obraz kimi əsərlərində
tərənnüm etdiyi ilahi anlayışlar və ilahi məqamla
özü arasında məsafəni həmişə gözləyib. Dini
mövzuların həqiqi inanc, ədəbi etika və istedad tələb
edən həssas və məsuliyyətli məsələ
olduğunu dərk edən Puşkini dahi edən, ona ümumbəşəri
sevgisi qazandıran da məhz bu məsafə, yerini bilmək məharəti
olub. Başqa cür ola da bilməzdi.
Çünki Xaliq və Onun Rəsulu
qarşısında kiçiləni Xaliq həmişə
ucaldaraq xalqa sevdirib.
Puşkinin şəriksiz Yaradana, Onun peyğəmbəri
həz.Məhəmmədə sevgisi və müsəlmanlara
xoş münasibəti sonraki dahilər üçün bir
nümunə olub. Fikrimizi: L.Tolstoyun (1828-1910): "Lütfən, mənə
xeyirxah müsəlman kimi baxın, onda hər şey gözəl
olacaq"; A.Fetinin (1820-1892): "... Mən sevirəm və
heç kim - Fatimə (Həzrəti
Peyğəmbərin qızı - V.C.) özü də -
Peyğəmbəri bundan güclü sevməyib";
Y.Polonskinin (1819-1898) yüksək romantik pafosla
yazdığı və "Ey bərəkətli müqəddəs
su!" misrası ilə başlayan "Məhəmməd dəstəmazqabağı"
şeiri sübut edir. Nəinki Quranla, hətta təfsirlərlə
tanış olan Nobel mükafatı laureatı İ.Bunin
(1870-1953) isə bəzi Quran surələrinin ilk ayəsi olan
"Əlif, Ləm, Mim"i Allahın sirri olduğunu və
heç kimin onu bilmədiyini belə qələmə
alıb: "Sus, sus!...Allahdan başqa Allah
yoxdur.! Sirdən güclü güc yoxdur!"
Rəbbimizin Quranda həz.Peyğəmbərə
ünvanladığı: "Həqiqətən, Biz sənə
Kövsər bəxş etdik! Ona görə də Rəbbin
üçün namaz qıl və qurban kəs! Sənin
düşməninin özü sonsuzdur! (Kövsər 1-3) kəlamı
işığında Bunin "Kövsər" şerini
yazıb:
"...Bütün
çayların çayı, lacivərd Kövsər,
Və
bütün dünyaya, bütün soylara və ölkələrə
Rahatlıq vəd edir. Döz, dua et və
inan."
Beləliklə, Puşkinin yaradıcılığının qısa təhlili sübut edir ki, o, bəzi ədiblərdən fərqli olaraq Allaha, Onun sonuncu Peyğəmbərinə inanmaqla yanaşı, İslam dünyasına xoş münasibət bəsləyən saleh şair olub. Həm imansız şairlər və həm də 200 il bundan qabaq erməni xislətini açan Puşkin və onun kimi imanlı şairlər barəsində Rəbbimiz buyurub: "(Müşrik və kafir) şairlərə gəlincə, onlara yalnız azğınlar uyar!... Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını (haqqını) alan şairlərdən başqa..." (Şuara 224,227)
Vaxtilə "Sən qorxaqsan, köləsən,
ermənisən" deyən A.S.Puşkin indi sağ
olsaydı, yeni şeirləri ilə mənfur ermənidən
növbəti qisasını almazdımı? Mütləq
alardı! Ruhu şad olsun!
Ədalət 2018.- 29 noyabr.- S.6.