Bizdən
dilənçi çıxmaz
(hekayə)
Azad Müzəffərli
İnsanı adamlar təkləsə, yenə də
şükürlüdür. Vay o gündən ki, insanı Allah
da təkləyə... Qismətin də taleyi belə gətirmişdi...
Ucsuz-bucaqsız, yaraşıqlı hipermarketlə
üzbəüzdə, yolun o tayındakı oturacaqların
ikisi dilənçilərin ixtiyarındaydı. Həmin
oturacaqlar yanaşıydı. Elə bil,
hamı sözləşmişdi, kimsə bu oturacaqlara
yanını basmağı özünə rəva bilməzdi.
Yəqinki, dilənçi kimi qələmə
verilməkdən çəkinirdilər. Qəribəydi,
on-on beş metrlikdəki digər
oturacağa isə dilənçilər yaxın belə
düşməzdilər. Sanki, bu
yazılmamış qanundu. Dilənçilərdən
"öz oturacaqları"nda yer tapa bilməyənləri
bu həndəvərdə ayaqüstü pay
yığardılar.
Təsadüfi adamları çıxmaq şərtilə
çox vaxt tənha oturacaqda "yalquzağa" bənzər
birisi əyləşərdi. Paltarları
nimdaşdı. Dünyanın
yükünü özünə şələləmişdi.
Saatlarla qəm-qüssəyə bələnmiş
daş heykələ dönərdi, cınqırı da
çıxmazdı, qımıldanmazdı belə. Gözləri eyni nöqtəyə zillənmiş
olardı. Ələlxüsus da,
hipermarketin giriş-çıxışına. Qismət oradakı mənzərəni seyr etməkdən
doymazdı. Nələri
düşündüyü yalnız bir özünə, bir də
Tanrıya bəlliydi. Bütün
vücudunda canlı təkcənə bir cüt gözləriydi,
bəbəklərindən tükənməz nur
saçılardı. Bu, diriliyinin yeganə
əlaməti idi. Elə bir sinni olmasa da, həyatı
alınmamışdı. Diplomu da işə
yaramamışdı. Tanrı da ona yar
olmamışdı. Görünür, qisməti
tərsinə gəlibmiş.
Ətraf gül-çiçəyə bələnmişdi. Hipermarketin
dördbir tərəfində olduğu kimi oturacaqların yerləşdiyi
ərazi də göz oxşayırdı. Buranın
könülaçan mənzərəsinə dilənçilər
də həssaslıqla yanaşardılar. Bəlkə
də, elə buna görə onlara dəyib-toxunan yoxdu. Qiyafələri bir o qədər də ürəkaçan
olmasa da, nədənsə, adama elə gəlirdi ki, bu dilənçilər
digərlərinə bənzəmirlər. Ətrafla uyuşmağa
çalışdıqları kor-kor, gör-gördü.
Kimsəyə əl də açmır,
ağızları ilə də zəhlə
tökmürdülər. Sanardın ki,
meydan musiqiçiləridir. Bircə,
gitaraları, qarmonları və digər musiqi alətləri
çatışmırdı. Onların
lal-dinməz nəzərləri isə daim yoldan ötənlərin,
bir addımlıqdakı hipermarketə bazarlığa gələnlərin
cibindəydi.
Yenə tənhalar qoşalaşmışdı. "Yalquzağa"
bənzər kəslə tənha oturacaq bir-birinə həyandılar.
Energetikaları yamanca tuturdu. Özlərinə də elə gəlirdi ki,
bir-birindən savayı kimsəyə gərək deyildilər.
Bununla nisbi təskinlik tapırdılar. Qismətin mədə-bağırsağı
acından doğranırdı. Dünən
günorta çağı dilənçilərdən biriylə
kəsdiyi çörəyin üstəydi. Bərk
ayaqda həmin dilənçi karına
yetişərdi. Nədənsə, ona
"yox" deyə bilmirdi. Doğmalaşmışdılar.
Bəlkə də, bu, həmin dilənçinin
digərlərindən fərqli olaraq belə həyat tərzinə
məcburiyyətdən razılaşdığından irəli
gəlirdi. Bir əli anadangəlmə
şikəstdi, digəri də alayarımçıqdı.
Başqa dilənçilərdən kimsə ilə
qətiyyən yaxınlıq etməzdi. Acından
köpsə də, birinin də tikəsinə əlini
uzatmazdı. Əl-ayağı yerində
olsa da, indiki məqamda "dost"u ilə aralarında elə
bir fərq görmürdü. Neçə
illərdi, işsiz-gücsüzdü. Arada-bir ona müvəqqəti
iş təklif edənlər də artıq qeybə çəkilmişdilər.
Qara qəpik də olsun, gəliri yoxdu. Avara-sərgərdandı. Gecələməyə
daimi ünvandan da məhrumdu. Yaxınlarına
yük olmaq istəmədiyindən onlardan yan
ötürdü. Rəhmli insanların
umuduna qalmışdı. Bacardıqca
qürurunu qorumağa çalışırdı. Gücü Allahın sevimli bəndələrinə
nəfs ötürməyə yetirdi. Hazırda
yeganə məşğuliyyəti hipermarketə
bazarlığa gələnləri birər-birər seyr etməkdi.
Həmin ticarət mərkəzinin
giriş-çıxışında isə günün əksər
saatlarında həyat qaynayırdı. Qismət bura
üz tutanların talelərini uzaqdan oxumağa çalışar,
iç dünyasında "romanlar" qalaqlanardı.
Qarın boşluğundakı küt ağrı güclənməkdəydi. Birtəhər
duruş gətirirdi. "Kvartet" ona
dinclik vermirdi. Mədəsi, qara ciyəri,
öd kisəsi və bağırsaqları bir ucdan "nəğmələr"
ifa etməkdəydi. Vokal, instrumental və
vokal-instumental "musiqilər" bir-birini əvəzləməkdəydi.
Azca keçmiş simli və qarışıq
ansambllar meydan sulamağa başladı. Qarnının
çeşidbəçeşid curultusunu boğmağa səy
göstərsə də, əlindən heç nə gəlmirdi.
Onu soyuq tər basmışdı. Növbə saksafona çatdı. Sanki, amansız qara buludlar vargücü ilə yeri
döyəcləyirdi. Gedəcəyi bir
yer, umacağı kimsə yoxdu. Yaxınlıqdakı
"dost"u aclığından duyuq düşüb
özü onu bir parça çörəyinə məcburən
qonaq etməsə, ona da ağız açmazdı. Sancısı güclənir, dözülməz həddə
çatırdı. Akademik musiqilər
artıq çoxdan caz, rok və pop musiqilərlə əvəzlənmişdi.
Qarın boşluğundan zərb alətlərinin
qulaqbatırıcı nəriltisi aydınca eşidilirdi.
Onun həzm üzvlərinin üsyanı
andıran "musiqilər"inə Qaydn, Motsart, Bethoven,
Şostakoviç, Bokkerini, Borodinin kvartet üçün bəstələri
çətinki çataydı. Özünü
sıxıb, yumağa dönmüşdü.
Yaxınlıqdan ötən məktəblilərdən
biri qəflətən onun qənşərində peyda oldu. Məsum-məsum
düz gözlərinin içinə baxırdı. Balaca qızcığazın gözlərində
Tanrı işığı vardı. Bəlkə
də, bu nəyəsə işarəydi. Sancıdan
qıvrılsa da, ötən illərdən bəri ilk dəfəydi,
içində ümid qığılcımları közərdi.
Təxminən 2 və ya 3-cü sinif şagirdi
bir göz qırpımında çantasına əl ataraq
oradan səliqəylə salfetə bükülmüş
dürmənci çıxardaraq ona sarı uzatdı.
- Əmican, xahiş edirəm götürün. Bu sizindi.
Ac olduğunuzu duydum...
- ...
Udqundu. Az qala dili tutula. İkili vəziyyətdə
qalmışdı. Bir tərəfdən
Tanrı pənahını ondan əsirgəməmişdi,
özü də son dövrlərdə ilk dəfə. Kəskin ehtiyac duyduğu bir parça qisməti
önündəydi. Digər tərəfdən
isə körpə məxluğun payına yiyə
çıxmaq istəmir, bunu heç cür özünə
rəva bilmirdi.
- Məktəbdə
acmamışdım, ona görə yemədim. İndi
evə gedirəm. Çatan kimi nahar edəcəm.
Götürün, yoxsa, bunu yemədiyimə
görə valideynlərim məni danlayacaqlar, anam lap
başımı keçəl eləyəcək.
Qızcığazın "başından
böyük-böyük" danışığına
heyran qaldı.
Mədəsi isə var gücüylə
dürməncə sarı dartınırdı. Nəhayət, qızın bulaq təkin qaynayan
baxışları qarşısında duruş gətirə
bilmədi. Nə vaxt dürməncə əl
uzatdığının mahiyyətinə varmağa macal
tapmadı. Mədəsi acgözlüklə
dürmənci onun əlindən qoparmaq üçün canfəşanlıq
edirdi.
-
Əmican, rica edirəm, mənə etiraz etməyin, olar, hər
gün dərsə gedəndə mən dürməncimi Sizə
verim?! Axı, mən məktəbdə acmıram, səhər
anam məni o qədər yedirdir ki, az qala güclə
nəfəs alıram. Dürmənci də məcburən
çantama qoyur və dönə-dönə
tapşırır ki, böyük tənəffüsdə
mütləq yeyərsən. Mənsə
onu çox vaxt sinif yoldaşlarıma verirəm. Onlar da evdən yemək gətirdiklərindən əksər
hallarda dürmənci bilmirəm neyləyim. Onu hələ bir dəfə də olsun evimizə
qaytarmamışam. Qorxuram, anam başımda turp əkər...
Son illərdə ilk dəfəydi çöhrəsinə
təbəssüm qondu. Bilmədi qızcığaza necə təşəkkür
etsin. Buna heç ehtiyac da qalmadı.
Balaca qəlbən ona əl eləyib sevincək
halda uça-uça yoldaşlarına sarı
götürüldü.
Qızcığazın aralanmağı ilə dürmənci
gözünə təpməyi bir oldu. Beləcə
bayaqdan onu duelə çağıran mədə-bağırsağının
əlindən yaxasını müvəqqəti də olsa,
qurtardı. Dərindən nəfəs
aldı. Axırıncı dəfə evdə
hazırlanan yeməyi nə vaxt daddığı yadından çıxmışdı
belə. Dürməncdə qaynar bir evin
istiliyi vardı. Məktəbli qız
ovqatına təravət qatmışdı, nədənsə
həyat eşqi də közərmişdi. Adəti üzrə nəzərlərini yenidən
hipermarketin girişinə yönəltmək istəyəndə
qarşısında kiminsə dayandığını duydu.
- Dur gəl
dalımcan, fəhlələrimizdən biri bugün işə
çıxmayıb, mallar tökülüb qalıb,
daşımaq lazımdı, araba da var, babat əlmuzdu da
olacaq. Qismətindən qaçma, tənbəllikdən
bir şey çıxmaz.
Hövlnak yerindən atıldı. Hipermarketin
işçisinin amiranə danışığının
qarşısında acizdi, bir də ki, belə fürsəti
aylardı gözləyirdi. Anındaca
tutdu. Balaca qızcığazı Ulu
Yaradan ona sarı təsadüfən yönəltməmişdi.
Gözləri qarşısında tədricən
gur işıqlanan uzun yol canlandı. Addımlarını
yeyinlətdi.
Ta hava
qaralana qədər günün ikinci yarısını
yoruldum demədən çalışdı. Əli
ilə sildiyi alın tərini içməli su əvəzinə
dəfələrlə ağzına təpdi. İlk dəfəydi alın tərinin əsl
tamını duydu. Sən demə, alın
tərinin dadına dad çatmazmış. Qazancı da pis deyildi, ona görə bu böyük
sərvətdi. Ən əsası, son
dövrdə ilk dəfəydi, daim gözlərini dikdiyi
hipermarketin giriş qapısından içəri adlamaq
imkanı qazanmışdı. Özünü adam kimi hiss etdi. Yerişi də
şax-şuxdu, bundan az qala özü də
diksinə. Üzünü Tanrıya tutaraq
qızcığaza da içindən gələn
xeyir-duasını əsirgəmədi.
Bazarlığı xeyli çəkdi. Seçdiyini
seçdi, qalanına da köks ötürərək
gözdolusu tamaşa elədi. Şikəst
dilənçi dostunu da unutmamışdı. Bir neçə ovucluq onun çox
xoşladığı nanəli konfetdən də
almışdı. Sevincindən dostu bu gecə
çətinki yuxuya gedəydi. Şad-xürrəm
kassaya yaxınlaşmaqdaykən ovqatı yenidən təlx
oldu. Yaşlı pensiyaçı qadın
seçim qarşısında qalmışdı, pulu
çatmadığından əlindəki hər biri təqribən
200-300 qramlıq meyvələrdən hansınısa geri
qaytarmalıydı. Heç cür
seçimini edə bilmirdi, büruzə verməməyə
çalışsa da, bu təamlara çoxdandı tamarzı
qaldığı aydınca sezilirdi. Özünü
tez ona yetirməyə tələssə də, kimsə onu
qabaqladı. Görkəmindən nur və əsl
ziyalılıq daman bu şəxs
yalvar-yaxar qadını pulun qalanını onun ödəməsinə
razı salmağa çalışırdı. Qadın
isə iki ayağını bir başmağa dirəyib dediyindən
dönmürdü, əlindəki meyvələrdən
hansını geri qaytarmalı olduğunu hələ də
ayırd edə bilməsə də. Qismət
o kişini tanıdı. Az öncə
çoxdan kəskin ehtiyac duyuduğu yaxşılıq
fürsətini onun əlindən qamarlayan bu kəsə
bütün hikkəsiylə qabardı.
- Nədi,
özünü camaata göstərirsən, ucuz xal
yığmağa çalışırsan, hə. Səni mən yaxşı tanıyıram. Bax, bu mağazanın qarşısındakı azərbaycanlı
dilənçilərdən birinə də qara qəpiyini
qıymırsan. Onları görəndə
üzünü 360 dərəcə döndərirsən.
Di gəl, qeyri-millətlərə,
qaraçılara çatanda əlin daim cibində olur. Onlara qarşı səxavətlisən, nəinki qəpik-quruş,
hətta, dəfələrlə manatlıq verdiyinin də
canlı şahidi olmuşam.
- Səsini
bir az al, əyləci bas, zəhmət
olmasa. Dilənçilik bizlik deyil, bu türkə
yaraşmaz. Ta bünövrədən Uca Varlıq bizə
dilənçiliyi rəva bilməyib. Bu, bədəvilərdən
bizə qalma yaramaz "miras"dı. Bundan
birdəfəlik əl çəkmək lazımdı. Mən ömrümboyu özümüzünkülərdən
birinə də sədəqə verməmişəm və
bundan sonra da verəsi deyiləm. Ağlı
üstündə olanını imkanım daxilində işə,
alın təri ilə çörəyə yönəltmişəm.
Bu gözlənilməz cavabdan təkcə Qismət
deyil, ətrafdakıların əksəriyyəti silkindi. O kişiyə qahmar
çıxanlar da tapıldı, ağız büzənlər
də.
- Bilirəm,
hər gün burada hipermarketin qarşısındakı oturacaqda
lövbər salırsan. Qəribə tipsən... Əgər yanılmıramsa, elə indicə mən
də səni tanıdım. Yaddaşım
məni aldatmırsa, biz eyni universitetdə təhsil
almışıq, fakültələrimiz fərqliydi. Düz tapdım?!
Qisməti anındaca soyuq tər basdı, yumağa
döndü, dili qısıldı. Köməyinə yenə
həmən kəs yetişdi.
- Ən əsası odur ki, sən dərvişlik həyatı
sürsən də, heç vaxt dilənçilik eləmirsən. Mən burada
qonşuluqdakı sənaye parkında
çalışıram. Sabah
başımı qaşımağa vaxtım yoxdu, işlərim
çoxdu. Birisigün işçilərimdən
birini göndərəcəm yanına, ümid edirəm ki, məni
qırmazsan. Gəl, səninlə söhbətim
var, konkret təklifim olacaq.
Görüşləri təsirliydi. Qismət
padşahlara layiq tərzdə qarşılandı. Bu xeyirxah insanın adının Ədalət
olduğunu da öyrəndi. Söhbətlərinin
xeyli hissəsi yada düşər xatirələr axarında
davam etdi. Nəhayət ki, Ədalət mətləb
üstə gəldi.
- Bizdə
sənlik iş yoxdur. Buradakılar hamısı
yüksək ixtisaslı peşəkarlardı, konkret bilik,
bacarıq tələb olunur. Müasir sənaye
müəssisəsidir. Sənsə
hüququ oxumusan, yəqinki, uzun müddətdir işlətmədiyindən
biliklərinin də çoxunu itirmisən. Təbii ki, belə vəziyyətə səni kimsə
işə götürəsi deyil. Reallıq
budur. Di gəl, çıxılmaz vəziyyət
yoxdu. Çətinindən başlamaq
lazımdır, təki bir parça halallıca çörəyini
qazanasan. Sənin potensialına da az-çox
bələdəm, əminəm ki, tezliklə hər şey
qaydasına düşəcək.
- Elə
mən də bunu istəyirəm. Bir neçə
gün bundan əqdəm, dərvişlik həyatından
çəkinməyə qərar verdim, yenidən normal həyata
qayıtmağa səy göstərməyə hazıram.
Mənəvi yardım üçün minnətdaram.
- Onda gələk
mətləb üstə. Mənim dostlarımdan
biri tullantıların toplanması məntəqəsi
açıb. Dəfələrlə orada
olmuşam, işçiləri ilə də ətraflı
söhbət etmişəm. İnanmazsan,
adicə zibilliklərdən müxtəlif tullantıları
toplayanlar gündəlik ən azı 20-30 manat pul qazanırlar.
Bu, hələ özünü bir o qədər
işə verməyənləridir. Bəzi
diribaşları gündəlik 70-100 manat da qazanırlar.
Geyimlər də, arabalar da, sanitar ləvazimatlar
da dostumluqdu. Günorta pulsuz nahar da verir.
Nə deyirsən, burada ayıb olası nə
var ki?!
- Mən razı.
Gecə-gündüz çalışmağa
hazıram. Bir də ki, mənim onlardan nəyim
artıqdır ki...
- Gəl
belə danışaq, sən çalış bu işi incəliklərinə
qədər öyrən, ən çətinindən
başla. Dostuma deyəcəm, sənə bu
baxımdan hərtərəfli köməklik göstərsin.
Əgər bacarsan, yaxın gələcəkdə
sənin şəxsi belə bir məntəqənin
açılmağında da yardımçı olacam. Bax, bu ətrafda zibilliklər saya gəlmir. Hələki buralarda həmin işə girişən
yoxdu. Ətraf da sənaye zonasıdır.
Zibillikdəki tullantıların əksəriyyətinin
babat dəyəri var.
- Bilmirəm,
sizə necə minnətdarlıq edim. Allah özü əvəzini
versin...
-
Çox sağ ol, qətiyyən narahat
olma, insan insana nə gündə lazımdı, ilk növbədə
dar gündə... Al, bu da Rusiyada
çalışan qardaşımın yenicə
aldığı ikiotaqlı mənzilinin açarıdır,
mənə həvalə edib. İstəmirəm
boş qalsın. Adi normal şəraiti var, babat gəlirin
olanda, məsləhət bildiyin qədər kirayə haqqı
ödəyərsən... Sənə
özünü tutana qədər xərclik də verəcəm,
üst-başını təzələ, nəyə
ehtiyacın var, alarsan. Gələcəkdə
yaxşı imkanın olar, qaytararsan, istənilən halda halal
eləyirəm. Tanrı sənə yar olsun...
- Lap xəcalət
verdiniz, inanın, heç qardaş-qardaşa bu cür
hörmət eləmir... Sadəcə, deməyə söz
tapmıram...
- Türkün türkdən yaxın kimsəsi yoxdu... Bir-birimizə mənəvi arxa olmaq ulu dədələrimizdən bizə ərmağandı, narahat olma. Haydı iş başına...
Səhərisi gün işə başlayanda Qismətin diqqətini ilkin olaraq girəcəkdəki lövhə çəkdi. Burada yazılanlardan əvvəlcə heç cür axıra qədər baş aça bilmədi; lambirin - 60, selofan - 50, karton - 7, dəmir - 20, butılka - 3, rezin - 15, plastmas - 40. Əvvəllər utanıb-çəkinsə də, tədricən bu işə alışdı. Bir də ki, başqa çıxış yolu yoxdu. Balaca qızcığazın iç dünyasında yandırığı ümid çırağını gur alova çevirmək niyyətində israrlıydı. Altı ayın içərisində işin incəliklərini də qədərincə öyrəndi, xeyli pul-parası da oldu. İsrafçı deyildi, hər qəpiyinin qədrini bilirdi. İndi-indi başa düşürdü ki, sən demə, bu zibillik deyilən nəmənə, qədrini bilmədiyimiz əməlli-başlı xəzinəymiş.
Tezliklə Ədalətin də yaxından yardımı ilə öz biznesini qurdu. Sənaye zonasının ətrafındakı zibilliklər ona xeyli gəlir gətirdi. Bütün borclarını da qaytardı. Ən başlıcası, Ədalətdən əxz elədikləri hikmətlər müqabilində, neçə-neçə soydaşını dilənçilik bəlasından xilas etdi. Ətrafda sədəqə toplayan bircəcik türk balası qalmadı. Şikəst dostuna da yanında iş düzəltdi.
Fürsəti fövtə buraxmadı, hüqüqşünaslıqla əlaqədar biliklərini bərpa etmək üçün özünə aman vermədi. İşdən imkan düşdükcə, sahibkarlığın da sirlərini dərindən mənimsədi, məişət tullantılarına dair beynəlxalq təcrübəni də hərtərəfli öyrəndi. Güzəştli şərtlərlə bir qədər kredit götürüb, tullantıların emalı müəssisəsi yaratdı. Gərgin zəhmət hesabına tezliklə var-dövlət, şəhərin sayılıb-seçilən yerində mənzil və ailə sahibi oldu. Beləcə, 10-15 il ərzində həyatı normal axarına düşdü.
Nəhayət, ömüründə bu qədər sevinmədiyi gün də yetişdi. Ədalət onu xanımı ilə birgə yeganə oğlunun xeyir işinə dəvət eləmişdi. Sevinci yerə-göyə sığmırdı. Səhərin gözü açılandan xeyirxahının övladının ünvanına ailəlikcə duaları əskilmirdi. Səbirsizliklə axşamın sorağındaydı. Bu hələ harasıdır, toyda onu hansı sürprizin gözlədiyindən xəbərsizdi. Hardan ağlına gələ bilərdi ki, məhz Ədalətgilin gəlini vaxtilə arzuolunmaz günlərində, acından köpük qusanda onu dürməncə qonaq eləyən, çöhrəsindəki bir parça nurla onu həyata qaytaran həmən o balaca qızcığazdı. Yəqinki, Tanrının məsləhəti beləydi.
Ədalət 2018.- 30 noyabr.- S. 7.