Oqtay Rza7

 

Müəllimlər

Elmin qızıl şəfəqini yaya-yaya,

Mühəndisə, aqronoma, yazıçıya,

Hamımıza bilik verən müəllimlər!

Müəllimin özünü də

yetişdirən müəllimlər!

Gözlərimdə gözünüzün ziyası var,

Qanımdasa eşqinizin mayası var;

Ürəyimə köçürmüşəm izinizi,

Yaddaşımda yaşadıram səsinizi.

Babalardan miras qalıb vüqarınız,

Nəsillərin taleyidir şüarınız;

Bizdən ötrü şölələnib gəncliyiniz,

Bizdən ötrü yoxa çıxıb dincliyiniz.

Aləm bilir bu hikmətin sirri nədir,

Həyatınız hünər dolu salnamədir;

Alışdınız, çalışdınız, axşam, sabah,

Cəbhəyə də yollandınız, əldə silah.

Saçlarınız şəvə kimi qara idi,

Görürəm ki, təbaşir tək ağdır indi.

Nəhayətsiz qayğınızı unutmaram,

Ömür boyu haqqınızı unutmaram;

Unutmaram heç bir zaman, müəllimlər!

Siz ey cəsur, gözəl insan, müəllimlər.

 

Ədalət  2018.- 5 oktyabr.- S.9.