Mikayıl Müşfiqin 110
illiyinə həsr edilmiş tamaşanın premyerası olub
Azərbaycan Dövlət Akademik Milli Dram
Teatrında görkəmli şair Mikayıl Müşfiqin 110
illiyinə həsr edilmiş tədbir keçirilib.
Mədəniyyət Nazirliyi və Milli Dram
Teatrının birgə təşkilatçılığı
ilə təşkil edilən tədbir Prezident İlham
Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi
haqqında 2018-ci il 17 may tarixli Sərəncamına əsasən
reallaşıb.
Mədəniyyət nazirinin birinci müavini
Vaqif Əliyev XX əsr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, repressiya qurbanı
Mikayıl Müşfiqin həyat və
yaradıcılığından danışıb.
Bildirib ki, Mikayıl Müşfiqin şəxsiyyəti
milli şüur və vətənpərvərliyin timsalı,
yaradıcılığı isə gənc nəslin milli mənlik
şüurunun inkişaf etdirilməsi və gənclərimizdə
vətənpərvərlik hislərinin tərbiyəsində əvəzsiz
xəzinədir. Qeyd edib ki, Müşfiq 1908-ci il iyunun 5-də
Bakının Dağlı məhəlləsində, ziyalı
ailəsində dünyaya göz açıb. Atası müəllimlik
edib, "Vüsuqi” təxəllüsü ilə şeirlər
yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya
köçüb. Çox körpə ikən anası
Züleyxanı, altı yaşında isə atasını
itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində
böyüyüb. Onun körpə qəlbi bu itkilərdən
yaralansa da, həyatdan küsməyib və hər zəhmətə
qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə
rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə
Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli
ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat
fakültəsində oxuyub. Əmək fəaliyyətinə
müəllimliklə başlayıb, Bakı məktəblərində
yeddi il dərs deyib.
Mikayıl Müşfiqin ilk mətbu əsəri
olan "Bu gün” şeiri 1926-cı ildə "Gənc
işçi” qəzetində, "Duyğu yarpaqları”
adlı son şeiri isə 1937-ci ildə "Ədəbiyyat qəzeti”ndə
dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində
1930-cu ildən başlayaraq onun "Küləklər”,
"Günün səsləri”, "Buruqlar arasında”,
"Vuruşmalar”, "Şeirlər”, "Şəngül,
Şüngül, Məngül”, "Qaya”, "Kəndli və
ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq
"Seçilmiş əsərləri”, "Əsərləri”,
"Duyğu yarpaqları”, "Əbədiyyət nəğməsi”,
"Könlümün dedikləri”, "Həyat sevgisi” və
digər adlar altında kitabları çap edilib. Şairin
ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci
ildə "Müşfiqli günlərim” adlı xatirələr
kitabı nəşr olunub, kitabın son genişləndirilmiş
nəşri 2005-ci ildə işıq üzü görüb.
Vurğulayıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək ("Çoban”, "Mənim dostum”, "Qaya”, "Sındırılan saz”, "Səhər”, "Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb. Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib.
Sonra unudulmaz şairin xatirəsinə həsr
edilmiş "Ah, bu uzun sevda yolu” tamaşasının
premyerası olub. Dramaturq Əli Əmirlinin eyniadlı əsəri
əsasında hazırlanan səhnə əsəri iki hissəli
tale dramıdır. Tamaşanın bədii rəhbəri və
quruluşçu rejissoru Akademik Milli Dram Teatrının bədii
rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov,
rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət
işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq
artisti Siyavuş Kərimidir.
Mədəniyyət Nazirliyinin sifarişi ilə
hazırlanana səhnə əsərində əsas rolları
Əməkdar artistlər Anar Heybətov (Müşfiq) və
Münəvvər Əliyeva (Dilbər) canlandırıb.
Digər rollarda Xalq artisti Hacı
İsmayılov, Əməkdar artistlər Ayşad Məmmədov,
Elşən Rüstəmov, Mehriban Xanlarova, Elşən Cəbrayılov,
aktyorlar Elnar Qarayev, İlyas Əhmədov, Vüsal Mustafayev, Xədicə
Novruzlu və Rada Nəsibova ifa ediblər.
Maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.
Ədalət 2018.-
9 oktyabr.- S.15.