OXUYUR KİMYA BABAYEVA...
Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Kimya Babayevanın sənətkər ömrü haqqında dağınıq sətirlərim.
Bu səs hardan gəlir belə,
Baxıram, görə bilmirəm.
Sehrləyib məni elə,
Bu səsə dözə bilmirəm.
Yoxdur onun bənzər-tayı,
Ovsunlayıb Ulduz-Ayı,
Göydən gələn Tanrı payı,
Bu səsə dözə bilmirəm.
Çox ellərə yayılıbdı,
Quşlar belə bayılıbdı,
Ən gözəl səs sayılıbdı,
Bu səsə dözə bilmirəm.
Oxuyur, Kimya oxuyur... Təbiətin ən ecazkar tablosunu yaradır gözlərimiz önündə, hafizəmizə köçürür - əbədi qalmaq üçün. Ucsuz-bucaqsız, gözoxşayan dəniz, bu dənizin şıltaq dalğaları, bu dalğaların döydüyü sahil, bu sahildə insanları qoynuna alan cəlbedici sahil bağı! Bu bağda dolaşan qəlb sirdaşları, bu bağda barışmağa can atan küsülülər, bu bağda baxışları ilə qovuşmaq anını gözləyən həsrətlilər -- hamı Kimya xanımın oxuduğu "salona" yığışıblar.
Oxuyur, Kimya oxuyur:
Axşam düşür, şər qarışır,
Sahil bağı aşıb-daşır,
Hamı - küsənlər barışır,
Heç küsməyin yeridirmi...
Oxuduğu hər mahnının son zənguləsindən sonra qismətinə gur alqışlar düşür Kimya xanımın. Bir də qismətinə, bəxtinə xalqının ata-babadan, nənələrimizdən qalan ölməz mahnıları oxumaq düşübdür. El-obasının dağlarını sevir, dənizlərinə vurğundur. Dağlarında, düzlərində çağlayan çaylar, inci sulu bulaqlar kimi bu obanın ceyranları da, cüyürləri də əzizdir ona. Hələ dərələr boyu qayalara sarı qaçışan, daşdan-daşa səkən "Xınalı" kəklikləri demirəm. Hələ demirəm ki, "Kəkliyim" xalq mahnısını oxuyanda Kimya xanım heyrətdən dondurur bizləri:
Buxağında gəlinlərin yaşmağı,
Gözlərində gözəllərin gözü var.
Nədir belə nazlı-nazlı baxmağın,
Dayan, kəklik, sənə bircə sözüm var,
Aman, kəklik, sənə bircə sözüm var!
"... Oxuyur Kimya Babayeva!" 40 ildən çoxdur ki, səslənən bu elandan sonra Kimya xanım təkcə bizi öz məlahətli səsi ilə ovsunlamayıb. O, öz istedadı ilə bütün dünyanı heyran edib. İlk dəfə Kimya xanımın səsi doğulub boya-başa çatdığı Şərur rayonunun Muğancıq Mehrab kəndində yaşayan Mustafa kişinin evində səslənib, ata-anasını heyran edibdir. Sonra qonşular əsri olub bu sehrkar səsin. Tez bir zamanda bu səsin sədası Şərur Rayon Mədəniyyət Şöbəsinə çatıb və az bir müddətdə muxtar respublikamızda, ordan isə respublikamızın paytaxtı Bakı şəhərinin ən mötəbər konsert salonlarında səslənibdir.
Dünya şöhrətli bəstəkarımız Üzeyir Hacıbəyovun 100 illik yubileyində "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı Kimya Babayeva haqqında bəstəkar Şəfiqə Axundova belə demişdir: "Nəzakət Məmmədova, Rübabə Muradova kimi sənətkarları gələcəkdə əvəz edəcək istedadlardan biri də Kimya Babayevadır...".
Şəfiqə Axundovanın uzaqgörənliklə deyiyi bu sözləri Kimya xanım öz sənəti ilə həyatda doğrultdu, əvəz etdi məhşur xanəndələri. Ancaq nə edəsən ki, müğənnilərdən kiminin bəxtinə paytaxtlar və bu paytaxtlardakı çilçıraqlı konsert salanları düşür, kiminin bəxtinə isə kənd və qəsəbələr..
Kimya xanım da Bakıda yaşayıb, geniş konsert zallarında çıxış edə bilərdi. Hələ neçə illər bundan əvvəl Bakı şəhərində Naxçıvan Mədəniyyəti günləri keçiriləndə dahi bəstəkar, SSRİ Xalq artisti Niyazi Kimya Babayevanın sənətini bir xanəndə kimi yüksək qiymətləndirərək onu dövlət Flarmoniyasında işləməyə dəvət etmişdi. Doğma Şərurun təmiz havası, el-oba təəssübü, çalışdığı mədəniyyət evinin kollektivi, yaradıcılarından biri olduğu "Yallı" ansamblı onu şöhrət dalınca getməyə qoymadı. Ancaq əməyi qiymətsiz qalmadı. Xalq məhəbbətilə dövlət təltifləri üst-üstə düşdü. Əvvəlcə ona Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri fərmanı, sonra Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti fəxri adı verildi. 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi" kimi yüksək adla təltif olundu. Bu illər ərzində Azərbaycan Dövlət İncəsənət İnstitutunda ali təhsil aldı, Prezident mükafatçısı oldu. Dəfələrlə respublika və muxtar respublika radio və televiziyası ilə solo konsertləri olmuş, mətbuatda fəaliyyəti haqqında maraqlı oçerklər, zarisovkalar dərc edilmişdir.
Muxtar Respublika səviyyəsində keçirilən bayram tədbirlərinin aparıcısı və iştirakçısı olmuşdur. Gözəl mahnıları, bədii qiratələri, Şərur Xalq Yallı Ansamblının fəaliyyətindəki əvəzsiz xidmətləri, Şərur Xalq teatrında yaratdığı obrazlar Kimya xanımı istedalı mədəniyyət işçisi kimi tanıtmışdır.
Belə bir deyim də var ki, musiqi sərhəd tanımır, musiqinin dili yoxdur. Bu məşhur deyim təsdiqini Kimya xanımın yaradıcılığında da tapmışdır. Onun məlahətli ifası Macarıstanda, Polşada, Almaniyada, Türkiyədəg dəfələrlə sürəkli alqışlarla qarşılanıb. Qonağı olduğu hər bir ölkədən medal və diplomlarla birgə, xoş xatirələr və yadigar şəkillərlə qayıtmışdır. Elə gözəl, elə məlahətli, elə kövrək oxuyur ki, bu səs hələ sovetlər dövründə tikanlı məftilləri yarmış, lal axan Araz çayının üzərindəki ayrılıq körpüsündən keçmiş, nisgilli Vətən torpağı üzərində yaşayan, uzun illər üzünə həsrət qaldığımız doğma Təbriz elinə yayılmışdı.
Tikanlı məftillər söküldükdən sonra Uənubi Azərbaycana ilk səfər edənlər sırasında Kimya xanım da olmuşdur. Onun avazında əzizlərinə, doğmalarına qovuşma sevinci səslənirdi:
Təbrizə yağış yağır,
Yağır, çox ağır-ağır.
Təbrizə həsrətliydim,
Qovuşdum, Tanrım, axır.
Daha Günəş çıxıbdı,
Haqq nahaqqı yıxıbdı.
Təbriz məni anatək
Öz qoynuna sıxıbdı.
Bütün türk dünyasının məbədgahı olan Türkiyə Respublikasının müxtəlif bölgələrində keçirilən bayram şənliklərində dəfələrlə iştirak edən Kimya xanım Odlar Yurdu Azərbaycanımızı tərənnüm edən nəğmələri, qəlbləri oxşayan xalq mahnılarını qanıbir-canıbir türk qardaş-bacılarına çatdırıb.
Kimya Babayeva hamıya qarşı çox səmimi, mehribandır. Ömür-gün yoldaşı, Şərur şəhərindəki Bəhruz Kəngərli adına uşaq incəsənət məktəbinin muğam müəllimi Vahid Əliyevlə xoşbəxt həyat yaşamışlar. Onların toy və şənliklərdə birgə oxuduqları duetlər həmişə rəğbətlə qarşılanardı, yeni mahnılar üzərində birgə çalışırdılar. Amansız ölüm Vahid müəllimi həyatdan vaxtsız aparsa da, Kimya xanım onlara əziz olan mahnı və musiqiləri eyni ruhla yaşadır, Vahid müəllimin yoxluğunu hiss elətdirmir. Vahid müəllimin "Sevgi payım" adlı şeirlər kitabı onun üçün ən əziz hədiyyədrir.
Şərur Rayon Mədəniyyət evində Kimya xanımın birgə işlədikləri dostları və iş yoldaşları sarıdan da bəxti gətirib. Onun yaradıcılıq gecələrinin iştirakçısı olmuşam. Çal-çağırlı tədbirdə hamı sevinibdir . Şərur şəhər Mədəniyyət evinin müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Səttar Əhmədov, "Tərəqqi" medallı müəllim Sədaqət Quliyeva, digər sənət yoldaşları onun necə gözəl insan olmağından, öz işinə vurğunluğundan, qayğıkeşliyindən söz açıbdılar, xatirələr danışıblar. 2019-cu ildə Kimya xanımın həyatında daha əlamətdar hadisə gözlənilir. Anadan olmasının 60 və səhnəyə gəlişinin 40 illiyi qeyd olunacaqdır.
Kimya Babayeva Şərur Xalq teatrında da maraqlı obrazlar yaratmışdır. E. Sultanovun "Sənəm" musiqili komediyasında Sənəm, M. F. Axundzadənin "Müsyo-Cordan və Dərviş Məstəli şah" əsərində Xanpəri, S. Rüstəmin "Çimnaz xanım yuxudadır" komediyasında Nabat xala kimi yaddaqalan surətlər oynamışdır.
Pedaqoci fəaliyyətlə də məşğul olan Kimya Babayeva uzun illər Şərur şəhərindəki Azərbaycanın Milli Qəhrəmanı Məhərrəm Seyidov adına 2 nömrəli orta məktəbin şagirdlərinə musiqi və nəğmə dərslərini tədris etmiş, məktəbdə qızlardan ibarət rəqs ansamblı yaratmış və onun bədii rəhbəri olmuşdur.Gənc istedadları üzrə çıxarmaq, onları işlə təmin etmək üçün əlindən gələni əsirgəməyibdir. Musiqi təhsilli alan Səyyarə, bulaqların zümzəməsini öz səsinə qatan Fərman, Ülviyyə, İlahə... həmişə onun qayğısını hiss ediblər.
Kimya xanım bu gün ən çətin və ən məsuliyyətli vəzifəni öhdəsinə götürmüşdür. Dünya şöhrətli Şərur Xalq Yallı ansambılının direktorudur. Onun rəhbərliyi və təşəbbüsü ilə bu kollektiv unudulmaqda olan bir neçə qədim yallılarımıza yeni həyat vermişdir. Bu xoş ənənə davam etdirilməkdədir.
"Oxuyur Kimya Babayeva!..." Biz hələ bu
elanı çox eşidəcəyik. Kimya xanımın
ifasında "Dilkeş", "Segah" təsniflərini,
"Azərbaycan, anam mənim" mahnısını, xalq
mahnılarını hələ çox dinləyəcəyik.
Və Konsert salonlarından, radio və televiziya efirlərindən
səslənən "Oxuyur Kimya Babayeva" sədası
Günəşin nuru kimi qəlbimizə dolacaq.
İbrahim
YUSİFOĞLU
şair-publisist
Ədalət 2018.- 9 oktyabr.- S.14.