Əbədi yaşamaq dairəsi
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ
yardımı ilƏ
İsmayıl Şıxlı haqqında
İ.Şıxlı şəksiz böyük yazıçıdır və bu günə qədər onun yaradıcılığının da, şəxsiyyətinin də çarpazlaşması, bir - birini tamamlaması sübuta yetirilməmişdir. Əlbəttə, ədəbiyyat aləmində əbədiyyat var, sübut yoxdur. Çünki yazıçı hüquq qanunları ilə danışmır və ona nifrət bəsləyir. Ona görə ki, yazıçı uşaqlığından qanunların pozulduğunu və bir qrup elitanın iradəsilə xidmətçiliyinin şahididir. Ona görə də o, ümidini əsərinə bağlayır və bu həqiqəti sübuta yetirir.
İ.Şıxlı böyük azəri - türk yazıçısıdır - Vaqif, A. Bakıxanov, H.Zərdabi, S. Vurğun, M. Hüseyn səviyyəsində sələflərini oxumuşdu. Amma xoşbəxtliyi bir də onda idi dilindən çıxmamışdı: - Mən onlardan öyrənmişəm!
İ.Şıxlı pedaqoq idi və tələbələrlə işləyirdi. Tələbələri isə etiraflarından qalmırdılar: - Biz İsmayıl Şıxlıdan öyrənmişik. Yazıçı qəti etirazını bildirirdi: - Siz məni oxuyursunuz, nəticəni çıxarmaq özünüzdən asılıdır. Rus ədiblərində sələflərini sıralamaq adəti köhnədir və cütləşdirməyi sevirlər: Puşkinlə Lermontovu, Tolstoyla Dostoyevskini, Qoqolla Çexovu, Turge-nevlə Kuprini qoşalaşdırırlar. İ.Şıxlı bizə dərs dediyi illərdə bu siyahını "açıqlamadı" və bu da onun böyüklüyü idi .
Sovet "sosializm realizmi"nin tuğyan elədiyi illərdə yazıb yaratmışdır və bir dəfə də olsun bu başabəla realizmin nəzəri məsələlərini oxumamışdır və sitat gətirməmişdir. Ancaq ideoloji zəhəri başına çəkən tənqidçilərimiz İ.Şıxlı da istisna olunmadan ədəbiyyatda realizm axtarışında bulunmuşlar.
İ.Şıxlı pedaqoqdu və doğulub boya - başa çatdığı Qazax elatı, onun zəngin təbiətini: Kür çayı, Qarayazı meşəsi, mənəviyyatı, işıqlı intellekti onun nəsrini "inhisara" götürmüşdü. Və siyasətdən, nəsihətçilikdən uzaqdı, heyif ki, lap klassiklərimiz var pedaqoqluğu nəsihətçiliklə, didaktika ilə eyniləşdirmişlər. Bunun üçün o, nəsrində sadəlövhlük, çiskin - duman sızağı, ümumibəşərilik, kişilik vüqarı və s. dəyərləri fərqləndirmişdir. Yazıçılar var, xaraktercə hansısa mənfi və müsbət qütblərin ortasında ora - bura vurnuxur, gah sol, gah da sağ əlini yapışdırıb özünə sıxır və zamanın ab havası burnuna toxunanda əlinin birini boşaldır. İ.Şıxlının hər iki qolu və biləyi gücünü saxlamışdı və yapışdığını buraxmamışdı. Çünki təbiətcə həssas, hərəkətcə müdrik və humanistdi; bu komponentləri hər gün auditoriyada nümayiş elətdirirdi. Şöhrətpərəstlikdən uzaqdı. Kənd yumşaqlığı şəhər sərtliyinə tabe olmamışdı, Bakı onu uda bilmədi, heç ağzını da açmadı. İ. Şıxlı bu şəhərin timsah dişlərini tanımışdı. Bir insan zövqündə cismani həzz payını heç kimə güzəştə getməmişdi.
Müharibədən şinellə kəndə və oradan Bakıya gələn, məşhur pedaqoji institutda oxuyan gənc qələm sahibi heç bir iddiaya düşmədi: Səy göstərmədi böyük alim olum, çünki əhatəsində çox sevdiyi (biz tələbələrə bu adı daima çəkirdi və yüksək qiymət verirdi Əli Sultanlıya) Professorlardan Əli Sultanlı, Mir Cəlal, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Çədi Əfəndiyev, Həmid Araslı vardı. Ədəbi mühitdə Mehdi Hüseyn, Süleyman Rəhimov, Əli Vəliyev, Əbülhəsən, Mirzə İbrahimov yazırdılar. Özündən xəbərsiz böyük yazıçı oldu!
İlk hekayələr kitabı "Kerç suları"da işıq üzü gördü. Adı cəlbedici və həyatıydı, müharibənin amansız üzünün kövrək çalarlarını İ. Şıxlı qabarıq təsvir etmişdi. Dilinin lakonikliyi, əsgərin psixologiyası, detalların aydınlığı çox mətləblərdən soraq gətirirdi oxuculara. Ailə həyatı da onun istəyincə oldu. Ciddi və namuslu tarixçi Məmməd Şıxlının həkim qızı Ümidəylə uğurlu izdivaçı yaradıcılığına hətta təkan verdi. Bu namuslu, yaradıcı ərinin əzablarına yüksək qiymət verən bu qadın mənim ana nəslimdəndir və dayı - bibi qızıdılar. Amma bunun mənim düşüncələrimə heç bir dəxli yoxdur. Ədalət hər şeydən üstündür. Lev Tolstoy şəksiz dahidir və onun ailə macəraları rus ədəbi mühitində çox söz - söhbətə mövzu vermişdir. Və İsmayıl müəl-limin özü bu barədə maraqlı epizodlar danışmışdı. Möhkəm və sarsılmaz xarakterli insan qiymətində bizə çatdırmışdı. Sonralar mən oxuyacaqdım: "Tolstoy evləndikdən sonra öz mülkünün qeyrətlə idarə olunmasına və ən yaxşı kitabları üzərində işə həsr etdiyi ailə həyatında müvəqqəti ruhi sakitlik qazandı. Məhz o dövrlərdə özünün incilərini: "Hərb və sülh" epopeyasını və "Anna Karenina" romanını yaratdı. Daha sonralar 40 yaşı çoxdan ötüb keçdiyi illərin axarında etik hisslər onun öz mənəvi borcu hesab etdiyi şeylərin xatirinə şəxsi maraqları, ailə rifahını, yüksək ədəbi mövqeyini qurban verməyə məcbur edərək qalib gəldi. O, sadə, sərt, hərdən anlaşılan xristian mənəviyyatı prinsipləri üzərində dayanan və humanizm ideyasına tabe edilən bir həyatı sevincindən üstün tutdu".
Mən bu söykəncəkdə oxşarlıq axtarmaq istəməzdim; dövrlər və insanlar tamam fərqlidir. Lakin ailədə ər - arvad münasibətləri dəyişməzliyini əsasən qorumuşdur. İsmayıl Şıxlının həyat yoldaşı Ümidə xanım (Allah rəhmət eləsin) ömrünün sonunadək İsmayıl Şıxlıya sədaqətli qaldı. Öncə onlar bir - birlərini sevmişlər. Ümidənin atası Məmmədağa Şıxlı (anamın doğmaca dayısıdır) tarixçi və pedaqoq idi, 30 ildən çox kafedra müdiri işləmişdi. Bizə də dərs demişdi Pedaqoji institutda. Ümidə xanım isə İsmayıl Şıxlı üçün namus, yardımçı, həmdərd, qələmdaş idi. İsmayıl müəllimin ağır xəstələndiyi illərdə diqtəylə son romanını "Ölən dünyamı" yazıya aldı. Bəli, Milli ədəbiyyatımız klassik birəsəri itirmədi. Beləliklə müsəlman yazıçısı "ruhi sakitliyi müvəqqəti qazanmışdı". Daima, bir - birlərini əbədi tərk edənə qədər buraxmadılar.
İ.Şıxlı müsəlmançılığını qoruya bildi, yaradıcılıq sevincini yaşadı, "Ayrılan yollar" və "Dəli Kür" romanlarını qələmə aldı. Və unutmayaq ki, əllinci illərin ilk illərində. Belə bir zamanda ki, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Əbülhəsən, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mircəlal, Əli Vəliyev kimi qüdrətli ədiblər gözəl romanlarını yazırdılar. Öz yaşıdlarıda geri qalmırdı. S.Qədirzadə, B.Bayramov, İ.Gözəlov, İ.Hüseynov, V. Babanlı yaxşı qarşılanan əsərlərlə üzə çıxırdılar...
O illərin əbədi tənqidini də xatırlamamaq pis olmazdı. Məmməd Cəfər, Məmməd Arif, Qulu Xəlilov, Əkbər Ağayev iti müşahidələrini nümayiş etdirmək gücünü əslində göstərməyi bacarmadılar; buna bir səbəb də elə ortada olan nəsr nümunələri, şəxsiyyəti, vəzifəsiydi: Bir balaca "sancan" kimi "neştər" hazırdı. Digər yandan "sosializm realizmi"nin tələblərindən çıxmayan əsəri necə kəskin tənqid etsinlər? İnsafən, həmən tənqidçilər hər şeyi başa düşürdülər. Meydanda təkcə Əhəd Hüseynovdu, Qulu Xəlilovdu... Onlar nə "Ayrılan yollar", nə də "Dəli Kür" romanlarının poetikasını açmadılar, bəlkə də bacarmadılar.
Yetmişinci illərdən başlayaraq cavan tənqidçilərdən Bəkir Nəbiyev, Xalid Əlmirzəyev, İsrail Mustafayev, Akif Hüseynov, Asif Əfəndiyev obyektivcəsinə analitik təfəkkürlə nəsrimiz haqqında samballı fikir söyləmək iqtidarını göstərdilər. Akif Hüseynovun "Dəli Kür" haqqında "Azərbaycan" jurnalında dərc etdiyi məxsusi məqaləsini xatırlamamaq ədalətsizlik olardı...
İsmayıl Şıxlı az yazırdı,
ədəbiyyatın sevincini və kədərini gözü
önünə gətirirdi. Sevincdən daha çox o "kədər"
barədə ehtiyyatlanırdı və qorxurdu. Oxucuları
itirmək ona ağır gəlirdi. Sonra "itirilmişləri"
inandırmaq çətin başa gələrdi. İlk
romanının sevincini yaşamışdı və o vaxt
"Azərbaycan" jurnalının baş redaktoru,
unudulmuş yazıçımız Əli Vəliyevə əsəri
verəndə həyacan keçirmişdi. Bu dəfə
İsmayıl Şıxlı kənddə
qonağımız olanda bu hissi etiraf eləmişdi. Cavan
yazıçı üçün belə hal təbii
sayılmalıdır. Uğurlu əsərin sevincini sakitcə
qarşılayırdı, ona görə ki, o,
böyüklüyünə inanırdı,
yaradıcılıq fərəhini də sakitcə
qarşılayırdı.
(ardı var)
Allahverdi Eminov,
Yazıçı
Ədalət 2018.- 9 oktyabr.- S.4.