SÖZÜN SEHRİ
Əslən Dəvəçinin (hazırkı Şabran) rayonunun Zöhrabkənd kəndindən olan Məmməd Əliyevi gözəl bir ziyalı, tanınmış filoloq alim kimi tanıyırdı. Onun belə bir ədəbi püxtə qələm sahibi olmasından xəbərsiz idi. Bu günlərdə "Elm və təhsil" nəşriyyatında çap olunmuş, mərhum anası Züleyxaya həsr etdiyi "Bir yay gecəsi" povestini oxuyana kimi...
Məmməd müəllimi doxsanıncı illərdən tanıyır. Siyəzəndə dövlət notariusu işləyəndə görüşüb, söhbət etmişdilər. Sonra da Quba Müəllimlər İnstitutunun rektoru olanda... Kitablarından da ona hədiyyə etmişdi. Bəlkə də bədii ədəbiyyata olan bu sevgisi o vaxt onun həmin institutda yaradıcılıq gecəsinin keçirilməsinə şərait yaratmışdı və çox yaddaqalan bir tədbir keçirildi.
Məmməd Əliyev tanınmış bir alim kimi hazırda Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutnda elmi işlər üzrə direktor müavini işləməklə, eyni zamanda, "Türk xalqları ədəbiyyatı" şöbəsinə rəhbərlik edir. "Bir yay gecəsi" povesti həqiqi mənada onun ədəbi uğurudu. Hər şeydən əvvəl ona görə ki, Məmməd Əliyev bu povestində az-çox ona da tanış olan , düz iyirmi bir il ərzində notariat xidməti göstərdiyi insanların yaşadığı ərazinin sanki öz qələmi ilə canlı tablosunu yaratmışdı.
Əsəri oxuduqca onun sözünün sehrinə düşmüş kimi o yerlərin ürək oxşayan mənzərəsindən əl çəkmək istəmir, sanki Məmməd müəllimlə xəyalən də olsa qoşa addımlayırdı... Bu yerlər az-çox ona da doğma, əzizdir... Siyəzəndə adla deyilən, uzun müddət rayon ticarətinə rəhbərlik etmiş Hacı Hüseynalı kişi artıq köçüb şəhərə getmiş, rayondakı torpaq sahələrini satırdı. Arada məlum oldu ki, payçılardan biri Zöhrabkənddədi. Hacı kömək etmək xahişi ilə ona müraciət edəndə dedi: "Hacı, siz "Niva" maşını verin, sürücü məni həmin kəndə aparsın... Yalnız belə kömək edə bilərəm.". Ona Hacı razılaşmayıb, xəstə, nasaz olmasına baxmayaraq, Zöhrabkəndə özü də gedəsi oldu.
İlahi, bu Zöhrabkənd nə gözəl yaşayış məskəni imiş ! Avqust ayı, Siyəzəndə bir qarış çəmənlik olmadığı, hər yan sapsarı, yanıb-yaxıldığı halda, burada hər yan göm-göy, sanki cənnət məskəni idi! Xoş hava, gözəl təbiət!.. Hər tərəfdə görünən əvəzsiz mənzərələr, uca dağlar!.. Bizi qaymağa, yağlı fəsəliyə, beçə balına qonaq etdilər. Üzlü pendirdən, yağlı qatıqdan yeməklə doymaq olmurdu...
Məmməd müəllimin povestində övlad-ana səhnələri çox ustalıqla təsvir olunmuşdur. Yaxınlarla olan xoş münasibət əsil mənada insanı yaşadır, ona qol-qanad verir. Anası, xalası, dayıları ilə olan yaxınlığı, münasibətləri oxuyanda necə də kövrəlirdi. Hətta onların ailələrinə pislik, oğurluq edənlərin də pis gününü görmək istəmirlər.
Kitabı oxuduqca istər-istəməz gözlərim önündə böyük Hind filosofu Buddanın, böyük Çin filosofu Kontitsinin ölməz misalları, sözləri canlanırdı. Bəli, yaxşılığa yaxşılıq hər kişinin işidi, yamanlığa yaxşılıq ər kişinin işidi. Məmməd müəllimin bu povesti ilə sanki gözləri önündə daha da ucaldı, başqa bir insan cildində göründü!..
Həqiqi mənada o yerlərin özünə məxsus çox qeyri-adi sirri, cazibəsi var. Necə ki, filosoflar demiş, bu dünyanın, təbiətin çox rəngi var. Ancaq o hamıya görünməz, hər bir adam onu olduğu kimi görə bilməz!.. Məmməd müəllim o adamlardandı ki, uşaqlığından bu sirli cazibəli torpağa, əraziyə yaxın olmuş, onun hər bir bucağını, guşəsini gəzib dolanmış, ayaq döymüşdü...
Onun Kəhər atı!.. Bu at haqqında oxuduqca uşaqlıq illəri gözləri önündə canlandı. O kəhər atdan bir də onlarda vardı. Hər işlərinə gərək olardı. Onunla yük daşıyar, mal-qara güdər, düşəndə nənəsi ilə minib qonşu kəndə gedərdilər... At həqiqi mənada güc, qüvvət, gözəllik, muraddır!.. Bu canlı varlığın seyrəlməsinə, azalmasına necə də təəssüflənir...
Kitabda göstərilən "Taclı xanım", Mir Sadıq babanın ocağı bu gün də Siyəzəndə ətraf kəndlərin inam gətirdikləri yerlərdi. Məmməd müəllimin folklor nümunələrinə söykənməklə yazdığı povestə əvəzsiz bir zənginlik gətirmişdir. Buta verilmiş adam... Xalqlar dostluğunu əks etdirən səhnələr, sətirlər, mənzərələr... O yerlərin əvəzsiz neməti olan balığın, kürünün bir vaxtlar su qiymətinə olmasından məlumatlı oluruq...
Məmməd müəllim həm də öz posevtində bu bölgənin insanlarının haqq-ədalət carçısı olmasını, dar gündə bir-birinə arxa olmasını sənətkar qələmi ilə ustalıqla təsvir etmişdir.
Bu povest həm də bugünkü gəncliyə bir çağırışdır ki, insan qəlbən, ruhən təmiz olanda, Beşbarmaq dağının zirvəsini bulud almır, Xızır peyğəmbər də ona köməkçi olur, bütün arzularına çatır...
Onun Yadulla kişi surəti bu millətin əsil mənada "qızıl fonduna" daxil olan adamlarındandı. Haqsızlıq götürməyən , pul, var-dövlət gözlərini tutan, onları Allahı bilən Nuriyev kimi bürokratların, pulgirlərin əsil qənimi! Belə insanları o həmişə alqışlamış, onların tərəfində olmuşdu. Elə Siyəzəndə dövlət notariusu işləyəndə də...
Bəlkə də elə bunların nəticəsi oldu ki, iyirmi bir ildə bir ərizə-şikayət belə yaratmadı, bir işi belə ləğv olunmadı.
Üstəlik də bu arada yeddi ay Siyəzən rayon xalq məhkəməsinə sədrlik edərək hakimi əvəz elədi. 1996-cı ildə hakim tutularaq həbs olunanda...
Məmməd müəllim, necə qiymətləndirirsən qiymətləndir! İnan, sizin bu povestinizi elə bil ki, özüm yazmışdım... Elə bil ki, orada təsvir olunan hadisələr öz başıma, ailəmizin başına gəlmişdi... Siz də yaxşı bilirsiz ki, Siyəzən mənim üçün doğma bir yerdi. İyirmi bir il o camaatla bir nəfəs almışam. Zəhmətim də hədər getməyib. Respublika notariusları içərisində ilk dəfə Ədliyyə Nazirliyinin ən yüksək mükafatını - ədliyyə Döş nişanını mən - Siyəzən rayonunun dövlət notariusu alıb!..
Siyəzəndəki o ikimərtəbəli notariat kontorunun binası da mənim yadigarımdı.
Sağ olsun ədliyyə naziri Fikrət müəllim. Baş idarəyə yazdığım müraciətimə dərhal münasibət göstərdi.
Məhkəmənin təmirdən sonra açılışına gələndə şəxsən notariat kontorunun yerləşdiyi otağa baxıb, yeni binanın tikintisinə göstəriş verdi.
Bəli, siyəzənlilər əsil mənada sizin təsvir etdiyniz ruhlu insanlardı. Qonaqpərvər, yaxşılığı heç vaxt unutmayan, pislikləri gözə soxmayan, yada salmayan...
Taleyimə düşmüş o xoş, ağrı-acılı günlərdə, imkan olan kimi dağlara tərəf can atardım. Povestinizdə təsvir etdiyiniz Zöhrabkənd, Çıraq-Qala, Daşlı Çalğan, Sədan mənzərələri mənə necə də doğma, yaxındı! Hətta Mükülün təsvir etdiyiniz o ürək ağrıdan mənzərəsini görəndə, o vaxt "Dərdli Mükül" adlı bir mənsur şeir yazmışdım. 1997-ci ildə Bəşir Səfəroğlu adına mərkəzi klubda mənim yaradıcılıq gecəm rayon icra hakimiyyətinin dəstəyi ilə keçiriləndə, Yerevan teatrının aktyorları da gəlmişdilər. AzTV-nin çəkiliş qrupuna o vaxt üzdə olan Mehriban Hacıyeva rəhbərlik edirdi.
Onda aktyorlar mənim "Dərdli Mükül" mənsum şeirimi, müğənni qızlar "Siyəzən gözəli" şeirimə bəstələnən mahnımı oynayanda zalda gurultulu alqışlar qopdu!
Bax, mən həmişə az-çox yaxın olan bir insan, yaradıcı adam kimi "Bir yay gecəsi" povestini həyəcansız oxuya bilmədim!
Sizi bu münasibətlə bir daha təbrik edirəm!.. Öpür, bağrıma basır, xoş arzularımı bildirirəm!..
İmza: Əlisəfa
AZAYEV
Ədalət 2018.- 13 oktyabr.- S.13.