Yəhya Paşazadə

Payızda daha çox

kövrəlirəm mən...

 

Payız nəfəsilə kövrələn zaman,

Buludu üzünə bağlayır göylər.

Elə bil,söykənib mənim çiynimə,

Kövrələ-kövrələ ağlayır göylər...

 

İnsanlar necə də kövrək olurlar,

Sanki,hər ömürdən keçir duman,çən.

Bəzən düşünürəm,bəlkə,payızda

Hamıdan daha çox kövrəlirəm mən?

 

Kövrələn günəşin soyuq şəfəqi,

Düşür gah dağlara,gah dərələrə.

Əsir talelərə xəzan küləyi,

Yarpaqlar çevrilir xatirələrə...

 

Qarşımda bir soyuq

payız kimisən...

Nə hala salıbdır qara gün səni,

Necə ağarmısan kağız kimi sən.

Bahar gözəlliyin köç edib,gedib,

Qarşımda bir soyuq payız kimisən...

Ömür pəncərəmiz nə bərk çırpılıb,

Qəfil çiliklənən bəxt şüşəsisən.

Odlu bir sevdanın sönmüş ocağı,

Solmuş bir sevginin bənövşəsisən...

Tanıya bilmədim,məni bağışla,

Sandım, aramıza özgəsi düşdü.

Səssizcə girdiyin bu yad otağa

İtmiş gəncliyinin kölgəsi düşdü...

Daha bu dünyada nolur ağlamır...

 

İnləyir, səsini bir an udmayır,

Yalqız qaldığını heç unutmayır.

Çağırsan, özündən xəbər tutmayır,

Bəxtin qapısından qovulan qadın.

 

İtirib biryolluq dayaqlarını,

Endirib gəncliiyin bayraqlarını...

Yadından çıxarıb ayaqlarını,

Əlləri qoynunda yorulan qadın...

 

Didib saçlarını yolur, ağlamır,

Gözləri yaş ilə dolur ağlamır.

Daha bu dünyada nolur, ağlamır,

Canında əzablar qıvrılan qadın...

Ah, bu qanadlar səni...       

Daim səsləyər nədən

Sevdalı çağlar səni?

Ömrün ötən anları

Sevgiyə bağlar səni...

 

Çəkilər dumanlar da,

Dirçələr gümanlar da.

Ayrılan ünvanlarda

Məhəbbət haqlar səni.

 

Əfsus,vaxt yetmir dada,

İllər sahilsiz ada...

Saxlasa bu dünyada,

Xəyallar saxlar səni..

 

Sel olub axsan belə,

Od olub, yaxsan belə,

Sabahdan baxsan belə,

Keçmiş qabaqlar səni...

 

Ayaqlarını ancaq,

Eşq yerdən qoparacaq.

Göylərə aparacaq

Ah, bu qanadlar səni..

Səni bu dünyada sevgi

saxlayır...

Saçların dağılır buludlar kimi,

Göylər dərinləşən gözlərindədir.

Qəlbinin sirrini açırlar bir-bir,

Ulduzlar danışan sözlərindədir...

 

Bulaqlar durulur ovuclarında,

Saf sular,bəlkə də,ömründür axır.

Çiçəklər boylanır haçandan bəri,

Səninlə birlikdə sevgidən baxır...

 

Yəqin tək qalıbsan xəyallarınla,

Dalğın baxışların söyləyir nələr...

Çırpır fikirlərin qanadlarını,

Uçur dodağından,uçur nəğmələr.

 

Gizli alışırsan, gizli yanırsan,

Sevincin aşkarca tüstünə gəlir.

Açır qollarını,buyur qarşıla,

Səadət düz sənin üstünə gəlir...

 

Sənin ürəyində həyat eşqi var,

Qarşında hər qala,hər sədd laxlayır.

Məhəbbət işığı yagır üzündən ,

Səni bu dünyada sevgi saxlayır...

Hələ də nağıl kimisən...

Bir vaxt nağıllarda tapsam da səni,

Həyatda hər dəfə itirmişəm mən.

Bütün gecələri sənin xətrinə

Oxuyub nağıltək bitirmişəm mən...

 

Basıb yollarımı həsrətin çəni,

Bilmirəm,cavansan,ahıl kimisən...

Mən səni danışıb qurtarmamışam,

Dilimdə hələ də nağıl kimisən.

 

Payız yağışında islanmış gültək

Vaxtın budağında ağırlaşıram.

Sənə yetmədikcə,qovuşmadıqca,

Mən də sənin kimi nağıllaşıram...

Bir də yol açılmaz

sevgidən bəri...

Əriyib getmişəm, həsrət şamıyam,

Keçmiş zamanların köhnə xamıyam.

Sən odsan, mən isə qar adamıyam,

Heç vaxt ürəyindən keçirmə məni.

 

Bir də qoşalanmaz taleyin zəri,

Bir də yol açılmaz sevgidən bəri...

Unut buz bağlamış xatirələri,

Heç vaxt ürəyindən keçirmə məni

 

Ayrılıq üzündən dad etmə heç vaxt,

Adımı özünə ad etmə heç vaxt.

Heç vaxt xatırlama, yad etmə, heç vaxt,

Heç vaxt ürəyindən keçirmə məni.

Hazıram zamanı

qabaqlamağa...

(Marş)

Bir nurdan,işıqdan mən yoğrulmuşam,

Vaxtın zülmətində hey boğulmuşam.

Yaxşı ki,anadan türk doğulmuşam,

Yaxşı ki,türk oğlu türkəm,maşallah!

 

Mənim varlığım bu,kimliyim budur,

Aldığım saf hava,içdiyim sudur...

Ruhum türk ruhudur ,oğuz ruhudur,

Ulu türk yurdudur ölkəm,maşallah!

 

Qurd kimi çıxmışam hər davalardan,

Adım ucalıbdır mərhabalardan...

Mənə əzəmətli mərd babalardan

Qalıbdır bu vüqar,görkəm,maşallah!

 

Tarixin yolları heç sədd tanımır,

Keçir ürəklərdən,həsrət tanımır...

Daha fikirlərim sərhəd tanımır,

Sözlərim olubdur ötkəm,maşallah!

 

İnamım ünvanı ünvana qatır,

Əllərim üfüqdən- üfüqə çatır.

Sıram genişlənir,çoxalır,artır,

Böyüyür günbəgün cərgəm,maşallah!

Gücüm var düşməni tez haqlamağa,

Sinəm oyrənibdir sel saxlamağa,..

Hazıram zamanı qabaqlamağa,

Açılıb qollarım möhkəm, maşallah!

 

Şöhrətə satmısan

cavanlığını...

Çiyninə çox ağır şələ vermisən,

Nəfsini daş-qaşa, lələ vermisən...

Saqqalı əzəldən ələ vermisən,

Bəlkə də, sən belə tez qocalmısan.

 

Önündə sular da duru axmayıb,

Yolların səhv düşüb, geri baxmayıb...

Qalxdığın pilləyə adın qalxmayıb,

Bəlkə də, sən belə tez qocalmısan.

 

Artıb yeyənlərin, heç doyanın yox,

Sənin bu yanın yox , ta o yanın yox.

Qarşına bir isti çay qoyanın yox,

Bəlkə də, sən belə tez qocalmısan.

 

Bilirəm, kalansan, ancaq ki, səsdən,

Ucadan hey gülüb, dinirsən pəsdən.

Hər gün dərd içməkdən sərxoşsan, məstsən,

Bəlkə də, sən belə tez qocalmısan.

 

Göstərmə, dil töküb avamlığını,

Yarınıb tapmısan yavanlığını...

Şöhrətə satmısan cavanlığını,

Bəlkə də, sən belə tez qocalmısan.

Darısqal qaranlığa.

 

Bu köhnəlmiş binada

Dolaşır vaxt kabusu,

Dövran da köhnəlibdir,

Ünvan da köhnəlibdir...

Ağarmış divarlarda

Yuva quran quşlarla,

Damdakı bayquşlarla

Ruhlar karıxıb çıxır.

Pəncərədən, qapıdan

Zaman darıxıb, çıxır.

Sükut pozur sərhəddi

Bir danışan, dinən yox.

Burda bu gün, dünən yox,

Sabah da olmayacaq...

Bir anlıq düşündüm ki,

Tarixin vərəqləri

Heç yerdə, heç bir vədə

Bu belə solmayacaq...

İşıq düşür hardansa,

Perikir kölgələr də,

Zülmət də yığışmayır.

Darısqal qaranlığa

Əsrlər sığışmayır.

Ədalət 2018.- 17 oktyabr.- S.14.