Süleyman Rüstəmin Cənubi Azərbaycan xatirələri

 

Abdulla İsmayıloğlu

 

(əvvəli ötən sayımızda)         

 

Biz bu 12-ci tüfəngin sirrini öyrənmək istədik. Ağsaqqal kişi dedi ki, "neçə ay bundan qabaq qonşu kənddə zülmdən cana doymuş kəndlilərin mülkədar nökərlərilə qanlı toqquşması olub. Uşağın atası bu 12-ci tüfəngi götürüb həmin kəndə köməyə gedib. Atışma zamanı bir güllə tüfəngin qundağını sındırıb, uşağın atasının ürəyinə dəyib.

Uşaq ona görə bu tüfəngi vermək istəmir ki, vaxtı çatanda onunla atasının intiqamını alsın.

Biz bu kənddəm çox qəmgin və pərişan qayıtdıq. Təbrizə gəlib hadisələr haqqında yoldaş Əziz Əliyevə ətraflı məlumat verdik. Düşmənlərimizin sovet adamlarının üstünə atdığı böhtanlar puça çıxdı. Sonralar mən "12-ci tüfəng" adlı bir poema yazdım.

Bir gün Əziz Əliyev mənə tapşırdı: "Təbrizin məktəb binalarının şəhər ziyallılarıyla bir dostluq görüşü təşkil etməyə çalış. Qoy bizim opera ustadlarımız da orada çıxış etsinlər. Bu çox yaxşı olar".

Təbrizin orta məktəblərinin birində dostluq görüşü düzəltdik. Şəhərin adlı-sanlı ziyalıları salona toplaşdı, qubernator da buradaydı. Mən ədəbiyyat və incəsənətimiz haqqında kiçik məruzə etdim. Sonra bizim Bülbül və digər sənətkarlarımız alqışlar altında çıxış etdilər. Lakin təbrizlilər tərəfindən kimsə səhnədə görünmədi. Mən qubernatora müraciət edəndə o, dedi ki: "Orucluqdur. Burada bir nəfər müğənni var, əgər ağzı oruc deyilsə oxutdurarıq".

İşarə ilə bir nəfəri yanına çağırıb ona nə isə dedi. Bir azdan onun yanına yaşlı, dolğun bir adam gəldi və salondan bayıra çıxdı. Konserti idarə edən gənc: "İndi də Təbrizin ustad müğənnisi Əbülhəsən xan oxuyacaqdır" - deyə bildirəndə, salonda uzun sürən alqışlar qopdu. Qubernatorun yanına çağırtdırdığı şəxs Əbülhəsən xan imiş. Yanımda oturan Bülbül dedi: "Bu heç yaxşı olmadı. Mən niyə ancaq nəğmə oxudum. Bu kişinin yanında pərt oldum..."

Soruşdum:

-Bülbül, bu qoca kimdir, axı?

-Necə kimdir? - deyə Bülbül ona böyük hörmətlə dilləndi: "Şərqin dahi müğənnisi!

Əbülhəsən xan Seyid Əzimin "Zülfünü bas yarama, qoyma məni qan aparır" qəzəlini elə məharətli səslə oxudu ki, hamımız heyran qaldıq. Bu görüşdən sonra Əbülhəsən xanla səmimi dost olduq. Mitinqlərimizdə, təntənələrimizdə o, öz məlahətli, əvəzsiz səsilə iştirak edirdi. Əbülhəsən xanın bir arzusu da vardı. Deyirdi: "Məni bir neçə aylığa Bakıya aparın. Konservatoriyanızda cavan müğənnilərinizə bir neçə ay muğamatdan dərs verim. Sinəmdə sənət sirləri istifadəsiz yatır".

Bir axşam Təbriz qubernatoru bizi evinə qonaq çağırmışdı. Məclisdə 10-12 nəfər adam vardı. Sovet tərəfindən məclisdə Əziz Əliyev, Mehbalı Əmiraslanov və mən idim. Təbrizin cavan xanəndəsi başmaqçı Xəyyam da burada idi.

Məclis başlanmamış Əziz Əliyev ucaboylu, qarabuğdayı bir adamı mənə göstərib yavaşça dedi: "Bu adamı gözdən qoyma, kimliyini sənə sonra deyərəm".

Mən Əzizin göstərdiyi adamın yanında oturdum. Məclis başlandı. Sağlıqlar deyildi. Xanəndə Xəyyam mənim "Vətən yandı" qəzəlimi oxumağa başladı. Qəzəl oxunduqca qubernator hiddətlənirdi. "Bunu məclisdən kənar eləyin" kimi sözlər deyirdi. Lakin xanəndə qəzəlin sonunda:

"Süleyman, qafil olma, yaxşı bax ətrafa, şairsən,

Cinayət aşdı həddindən, haray sal ki, vətən yandı".

Sətirlərini oxuyan kimi Fəhimi də, digərləri də qəzəblərini süni təbəssümlə əvəz edərək, məni alqışladılar. Yanımda oturan adam pivə içməyi təklif etdi. Mən dedim ki, bura kişi məclisidir, qadın məclisi deyil, gəl araq içək. Qonşum dedi: "Mən arağı nadir hallarda dilimə vurmuşam. Deyirsən içək, içək də". Mən tez qədəhləri doldurdum. Çox keçməmiş qonşum müvazinətini itirməyə başladı. Danışanda dili topuq çaldı. Mənə dedi ki, şəhər bələdiyyəsində işləyir.

Yanımdakının vəziyyətini başa düşən qubernator farsca ona bir neçə acı söz dedi. Tezliklə qonşumu xəstə adı ilə məclisdən çıxarıb apardılar.

Əziz Əliyev mənzilə qayıdanda dedi: "Çox sağ ol. Vəzifəni yaxşı yerinə yetirdin". Yanındakı adam Təbriz vilayəti məxfi polis idarəsinin rəisi sərhəng (polkovnik) Seyf idi.

Əziz Əliyevlə müharibədən sonra da tez-tez görüşür, Təbrizdəki günləri yada salırdıq.

Bəli, bir çox ədiblərimiz kimi Süleyman Rüstəm də Kommunist partiyasının üzvü, Lenin-Stalin kimi diktatorlar qarşısında baş əyib, alqışlar edənlərdən idi. Lakin bu onların yaltaq, vətən xaini, satqın olması anlamına gəlmir (bu gün özünü "qələm sahibi" adlandıran əksər cavanların yaltaqlandığı vəzifəli şəxslər və xarici təşkilatlar saysızdır). Əgər bu gün özünü "yazıçı" adlandıraraq ortaya fərdi-başdı əsər qoya bilməyən tör-töküntülər (hamıya aid deyil) "avtovağzal ayaqyolusu" qoxan ağızlarını açaraq, Azərbaybaycan SSR-si dövründə yazıb-yaratmış ədiblərimiz haqqında əsassız, söz-xatiriniə, diqqət mərkəzində olmaq, qalmaqallar yaratmaq üçün ulamaqdansa, yaxşı olar gedib öz ayıbları, nöqsanları, natamamlıqlarını aradan qaldırsınlar.

Ay bədbəxtlər, neynəsəniz də Mirzə İbrahimov, Süleyman Rüstəm, Səməd Vurğun, Pənahəli Makulu, Əli Tudə, Balaş Azəroğlu, Söhrab Tahir, Şıxəli Qurbanov, Bəxtiyar Vahabzadə və digərlərin də olan nə vətən-millət sevgilərinə sahibsiz, nə onların yazıb-yaratdıqları sanballı əsərlərin bir cümləsini, misrasını ortaya qoymaq zəkasına maliksiniz, nə də ki, onları tarixdən, xalqın yaddaşından silib atmağa qadirsiniz! Baxmayaraq karvanda keçmir, amma siz hürməyinizdə olun...

Sonda Süleyman Rüstəmə dil uzadan "ağzı göyçəklərə" ədibin cənub həsrəti şeirləri silsiləsindən olan "İçə bilmirəm" şeiri ilə həm cavab verir, həm də söhbətimə yekun vururam.

 

Araz sahilindən yolum düşəndə,

Bir an həyəcansız keçə bilmirəm.

Nələr olduğunu o biri tayda

Çox gözəl bilirəm, necə bilmirəm?!

 

Eşitsin səsimi bacım, qardaşım.

Hicran yollarında ağardı başım.

Damır ürəyimə yenə göz yaşım,

Gündüzü gecədən seçə bilmirəm.

 

Özgələr su içir bulaqlarından,

Fəryadlar yüksəlir ocaqlarından.

Niyə qollarından, ayaqlarından

Paslı zəncirləri aça bilmirəm?!

 

Mənim o sahilsiz həyatım yoxdur,

Vüsalından böyük muradım yoxdur.

Niyə quşlar kimi qanadım yoxdur,

Niyə o sahilə uça bilmirəm?!

 

Mənə gəl-gəl deyir Təbriz, Miyana,

Sən necə baxırsan, Arazım buna!

Ürəyim yananda sənin suyuna

yaşı qatmasam, içə bilmirəm!

 

Ədalət 2018.- 5 sentyabr.- S.13.