O, əsl
insan idi
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
(əvvəli
ötən saylarımızda)
Mən əvvəlcə
içməkdən qəti
imtina elədim. Bir də
ki, heç vaxt tut arağı içməmişdim axı.
Onun təkidiylə yüz qram içdim. Bu arada qapının zəngi çalındı:
"bülbül" cəh-cəh
vurdu. Əlfi müəllimin qaynı,
general Əhmədovun gəldiyini
söylədilər. Mən onu
birinci dəfəydi ki, görürdüm.
Nə qədər səmimi, mehriban bir kişiydi.
Əlində bir dənə
quru balıq gətirmişdi. Onun gəlişi
keyfimizi tamam düzəltdi. Əlfi
müəllim məni
qaynı ilə tanış edərək dedi:
-Ə, işini gör,
vur getsin. Birdən-ikiyə generalla qədəh-qədəhə
vurmusan bəyəm?
General da əsl poeziya həvəskarı imiş. Gələn kimi şair
Nəriman Həsənzadəni
arzuladı. Nərimanı da çağırdılar
- qonşu idi. Demə onların arasında xüsusi səmimiyyət varmış. Çox mehriban
görüşdülər.
O gecə məclis xeyli çəkdi. Yaddaqalan, qənimət bir görüş idi. Onlar gedəndən sonra Əlfi müəllim dedi:
-Xəbərin varmı ki, Nəriman Həsənzadənin də
ilk şerlər kitabına
ön sözü mən yazmışam?
-Belə deyin. - Gülümsədim.
-Hə, mən yazmışdım.
Bu vaxt onun üzündə xoşbəxt
insanlara məxsus bir təbəssüm, razılıq ifadəsi vardı. Onun hər hərəkətini yadda saxlamaq istəyirəmmiş
kimi, ona elə diqqətlə baxırdım ki... Hərdən Əlfi müəllimin xanımı
Rəhilə xanımın
qayğılı səsi
eşidilirdi:
-Sən Allah, az iç,
ay Əlfi...
O axşam qohumlarımızgildə
qalacağımı bildirib
bu mehriban ailədən ayrıldım.
Yoxsa, buraxmaq istəmirdilər.
Gecə ilə də vağzala gedib qatara minərək rayona yola düşdüm.
1984-cü ilin dekabrı
idi. Axşam saat 9 olardı.
Dumanlı bir hava vardı. Onda rayon icraiyyə komitəsində
işləyirdim - təşkilat
şöbəsinin müdiri.
Mənə xəbər verdilər
ki, qapınızın
ağzında bir minik maşını dayanıb, səni soruşurlar. Az sonra ortancıl qızım Xalidə qaça-qaça
gəlib xəbər verdi:
-Papa, Əlfi müəllim bizə gəlib!
Tez-tələsik evə gəldim. Qucaqlaşıb öpüşdük. Rəhilə
müəllimə ilə,
qardaşı Elmanın
həyat yoldaşı
ilə, onları Bakıya aparan sürücüylə əl
tutub görüşdüm,
"xoş gəlmisiniz,
həmişə siz gələsiniz" - dedim.
Demə Ağdamda, toyda imişlər. Dumana düşdükləri üçün
bizdə gecələmək
istəyiblər. Onda təzə
tikdirdiyimiz evin birinci mərtəbəsinə
yenicə köçmüşdük.
Onların gəlişi bizim
üçün ikiqat
bayrama çevrildi.
Əlfi müəllim
bizdən heç də az
sevinmirdi. Ona xüsusi ləzzət
verən soraqlaşa-soraqlaşa
bizim qapını tapan kimi, Xalidənin
görən kimi onu tanıması olmuşdu.
Tox olsalar da süfrə
açdıq - şirniyyat,
mer-meyvə... Sonra da süfrəyə hazır
xorəklər gəldi.
Arada Əlfi müəllim bizim qızları çağırdı:
-Hə, bura gəlin.
Ə, nə gözəl-göyçək
qızlardır bunlar.
Adınız nədir?
-Xatirə.
-Xalidə.
Validə.
-Bəs bu balacanın
adı nədir?
-Leyla.
-Ay maşallah, Əlisəfa qızdan boldur ha. Allah saxlasın, övladın nə qızı - nə oğlu... Yaxşı qız baş ucalığıdır, gözəllik,
şirinlikdir. Mən bax
bu badəni bu gözəl-göyçək
qızların, onların
gələcəyi sağlığına
qaldırıram. Arzu edirəm
ki, atalarına, babalarına layiq övlad olsunlar.
Əlfi
müəllimin xəbərini
alan kimi
qaynım Vaqif, həyat yoldaşı Natəvan da gəldilər. Söhbət yenə ədəbiyyatdan,
sənətdən düşdü.
Əlfi müəllim yenə povestlərimi təriflədi.
Mən isə söhbətin səmtini dəyişmək
üçün onun
"Qağayı fəryadı"
kitabından söz saldım. O, həmin
kitabın məndə
olub-olmadığını soruşdu. Dərhal kitabı şkafdan
götürüb ona uzatdım.
Bu söhbət, dediyim
kimi, 1984-ün dekabrında
olmuşdu. Onda mən özümü saxlaya bilməyib dedim:
-"Qağayı fəryadı"...
Bu ad elə bil ki, oxucuya nəsə
deyir...
Əlfi
müəllim fikirli halda dilləndi:
-Hə... Nəsə deyir...
Bəli, həqiqətən nəsə
deyirdi. Mənə elə gəlir
ki, durğunluq dövrü dediyimiz illərdəki nöqsanlarımız
haqda cəsarətlə
yazanlardan, o vaxtkı sosial bəlalarımızı
çəkinmədən qamçılayanlardan
biri də elə yazıçı Əlfi Qasımov idi. Bu cəsarətinə,
açıqlığına, sözün düzünü
çəkinmədən dediyinə
görə xalq da onu sevirdi.
O həqiqi mənada gözəl yazıçı,
əsl insan idi...
Bu etirafı da ondan elə həmin söhbətdə
aldım:
-Hə, "Qağayı fəryadı"... Bu kitaba görə nə qədər haqsız tənbehlərə
məruz qaldım.
Hətta Mərkəzi
Komitəyə də çağırmışdılar - danlaq eşitməyə...
Onda
"Toy gecəsi" romanının
da birinci hissəsi jurnalda təzəcə çap olunmuşdu. Söhbət həmin romandan, onun baş qəhrəmanından
düşəndə dedi:
-Tural həyati obraz olmayanda, bəs nədir? Elə tutaq ki, Əlisəfadır.
Bu fağır heç
nədən az əziyyət çəkib
məgər?..
Əlfi müəllim həmişəki
kimi, haqlı idi. Hər şeyi bilirdi.
Bilirdi ki, 1981-ci ildə Daxili İşlər nazirliyinin siyasi işlər üzrə müavini bizim rayonda olanda milis şöbəsinin siyasi işlər üzrə müavini vəzifəsinə katib Mahmudov mənim namizədliyimi təklif etmişdi. Hətta şəxsi kitabxanasından
hekayələr kitabımı
da ona göstərmişdi.
O da razılaşmışdı...
Hər şey hazır idi, artıq otağımın telefonunu
da bilirdim ki, yuxarıdan "yox" cavabı gəldi. Dedilər ki, qaynatası
ticarətçidir, vaxtında
məhkum olunub, olmaz. Təklif etdilər ki,
arvadımla müvəqqəti
boşanım. Bu şərt mənə misilsiz riyakarlıq kimi gəldi və inada düşdüm.
Halbuki milisdə işləmək
heç vaxt arzum olmayıb. Rusiyanın qırx vilayətinə məktubla
müraciət edib, ali təhsilli
hüquqşünas olduğumu
yazdım, iş istədim. Bir neçə ünvandan
cavab aldım - məni müstəntiq yerinə dəvət edirdilər. Getdim də.
Amma atamın qəflətən avtomobil
qəzasına düşməyi
məni yenə evimizə qaytardı...
O ağır günlərimdə
Əlfi müəllimin
səbri, müdrikliyi,
şirin söz-söhbəti
mənə əməlli-başlı
dayaq oldu.
...1985-ci ilin fevral ayı
idi. Həmişə olduğu kimi,
Bakıya gəlmişdim,
Əlfi müəllimlə
görüşə. Qapıdan içəri girəndə
onu yerində görmədim. Bu narahatçılığı
hiss edən iş yoldaşı və dostu şair Vilayət Rüstəmzadə
dedi:
-Narahat olma, ustad
bir az
soyuqlayan kimidir. Bu gün işə
çıxmayıb. İmkanın
olsaydı, gedib dəyərdik...
İşin axırında Vilayət müəllimlə onlara getdik. Vilayət ona həmişə "ustad" deyə müraciət edərdi. Əlfi müəllim yerində uzanmışdı. Bizi görən kimi, elə sevindi ki... Rəhilə müəllimə işə tələsirdi - üzrxahlıq edib getdi. Dərs dediyi Mədəni-Maarif texnikumunda şair Qabillə görüş keçirəcəkdilər. Vüqar evdə idi. Vilayət Əlfi müəllimin yenicə makinadan çıxmış yazılarını gətirmişdi. Onu elə bir şövqlə vərəqlədi ki... Sonra da üzərində işlədiyi "Toy gecəsi" romanının ikinci hissəsinin səkkizinci fəslinin əlyazmalarını bizə qürurla göstərdi. Bu gecə yazdığını dedi. Söhbət beləcə uzandı. Öz uşaqlığından, kasıb, imkansız bir ailədən çıxmasından danışdı. Müəlimliyindən, universitetin tələbəsi ola-ola "Azərbaycan" jurnalının tənqid şöbəsinə rəhbərlik etməsindən, bir ara "Azərbaycan dəmiryolçusu" qəzetində ədəbi işçi, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini, "Ədəbiyyat və incəsənət" qəzetində məsul katib işlədiyi zamanları xatırladı... Sonra Mətbuat Komitəsin... əvvəlcə nəşriyyat idarəsinin rəisi, sonra da baş redaktor... Lap axırda da "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri...
Arada mənim də könlümü almağı unutmadı:
-Ə, görürəm nəşriyyatlar səni yaman get-gələ salırlar. Povestlərini gətir, hamısını özüm nəşr edəcəm...
Və
1985-ci ilin mart ayı...
Həmyerlimiz, şair Qəşəm
İsazadənin rayonda,
burada olduğunu eşidib, müavinin otağına keçdim.
Qafur müəllim yerində yox idi, sədrin
yanına keçmişdi.
Görüşəndən sonra Qəşəmdən
soruşdum:
-Şəhərdə nə var, nə
yox?
-Sağlığın, - dedi.
- Ancaq xəbərin var, Əlfi Qasımov... vəfat etdi. Dəfninə mən də getmişdim. Səhər üçüdür.
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 14 sentyabr.- S.4.