Mehmangilin küçə
qapısının ağzı
Nə sən, nə vətən...
nə sən keçirsən ağlımdan
nə də vətən bu aralar...
qonşuda körpə
ağlayır
nə dil qanır, nə də ağız-
Allah bilir, nə dərdi var
iki dilənçi gördüm bayaq
biri susaraq dilənirdi
o biri yalvararaq
20 qəpiklə pozdum sükutu:
"Allah səni xoşbəxt
eləsin!"
bulvarda
bircə hava alanda
əlimin cibimə
ehtiyacı olmur
dəniz dalğalanır
aylıq maaşımızı
hesablayıram
kredit borclarımızı
ödəyəndən sonra
bəs edəcəkmi bir ay dolanmağa
hava hikkəsindən
qaralır...
yolpulu qalxır deyirlər
bir dilim çörək az yeyək
bir çimdik duz az işlədək
günümüz yollarda keçir
yamandıqca sırtılan
yollar
yenə cibimizi sağır
yenə qanımızı
içir
addımlarım
daş kimi düşür
asfaltın başına
evə dönürəm
ağır-ağır
nə sən keçirsən ağlımdan
nə də vətən...
Hərdən xətrimə dəy...
Əllərimi sevirsən
incəliyi xoşuna
gəlir
bu dəqiqə baxışların
oğrun-oğrun üstünü
örtmür deyə
elə soyuqdur əllərim
bir bilsən...
gözlərimi sevirsən
isti sözlərinin
içərisində
ürəyimi əridən
bir də
"ceyran gözlüm"
deməyindi
ceyranın gözlərindəki
kədəri görməni
istərdim
kədərli olanda da bənzəyərmi
gözlərimə
saçıma
zakiranə
təriflər deyirsən
bəlkə qısaldam
ahım yerdə qalsın qoy...
hərdən xətrimə
dəy
küsməyi öyrənim
ara ver təriflərə
özümdən
bezməyi öyrənim
bunun yaşlaşmağı
qocalmağı var
təriflərin təsəlliyə
dönməsin
sonra...
Qadınsızcasına
Bəzən belə də olur
qapını çırpıb
gedirsən
arxanca boylanan
ümidin gözlərinin
kökü saralır
qayıdıb gəlmirsən
saçları tumara
qulağı xoş sözə həsrət qalan ümidin
adı
qadın olur
yalnız yataqda xatırlayırsan
o ümidi
ümidsizcəsinə
qadınsızcasına yəni...
Nankor
yağmadı
bitmədi
ayrıldıq...
sən
sevgisi dizinin üstdə olan
nankor birisi
mənsə sənin
tapdayıb əzdiyin
çiçəklərdən
şirə çəkən
bal arısı...
Sahildə
gəl bir az da özümüz
olaq
dənizə dərdimizi
danışmayaq
məsələn,
axmaq olmayaq bir günlük
qağayılara
çörək atmayaq
sol tərəfdəki dilənçi
qıza bax
burnunu
koftasının qoluna silir
gözlərini sahilə...
Məni bağışla
bilirəm qorxursan
məni itirməkdən
əllərimi unutmaqdan
çörəyinə zəhər
qatmaqdan
qorxursan
ayaq barmaqlarımın
ucunda
yerimişəm
qabarlı əllərinlə
ürəyinə doğru
əllərini incitdimsə
ağrıtdımsa
ürəyinə bağışla
günahlarımı
göz yaşınla yoğurduğun
çörəyinə bağışla...
indi qəzəbdən
yumruğa dönən
əllərimin
bir zaman daraq olub
tellərini oxşamağı
da vardı
unutma...
Təkliyin qonağı
qaçıb bu buz şəhərdən
atıb soyuq küçəni...
yazırsan yenə
təklik
qonaq çağırıb
səni
görən olmayıb
yenə -
hansı yolla getmisən
hansı ürəkdən
keçib
hansı gözdən
itmisən
orda yola verirsən
zamanı - ayı,
ili
yenə də tənha qalıb
gözlərinin sahili
yediyin öz içindi
içdiyin də gözyaşın
yazırsan ki göyərir
öz içində baş daşın
bir də içki, siqaret -
təkliyin süfrəsi
bol...
təklik udacaq səni
deyəmmirəm: yaxşı
yol!
oralar elə uzaq-
yazanda yaz bunu da
kaş nəvaxtsa təkliyin
özü səni
unuda...
Qara kağız
yenə qapıda
bir üzündə
işıqpulu yazılmış
kağız
kasıblığa təslimiyyət
bayrağı kimi
yellənir...
o biri üzünə gözlərimi siləcəm
qaranlıqda qalanda
görməsinlər göz yaşlarımı...
mən zəif deyiləm
qaranlıqdan yox
qaranlığı aydınlatmaq
üçün
gələn ağ kağızlardan qorxuram
qaranlıq rəngində
zülmət rəngində
ölən ümid
rəngindəki
ağ kağızlardan...
Uşaqlar
uşaqlara baxıb
halını öyrənirik
dünyanın
dünyanı uşaqlarla
tanıdır bizə
böyüklər...
məsələn,
bilirik ki, bir tərəfdə səfalət var
acından arıqlayıb
çöpə dönür
yara-xora içində
ishaldan can verir uşaqlar
digər tərəfdə
qətlə yetirilir
göyərib şişmiş
üzlərində
xalqın azadlıq
sevgisinin donu açılır
qanlarından inqilab qoxusu gəlir...
dünya yupyumrudu
top kimi
alma kimi
şar kimi
fırlanır
karusel kimi...
bizim balaca Tunar
qlobusla futbol
oynamaq istəmişdi bir dəfə...
Yorğun külək
Külək səbirsiz-səbirsiz elə əsir...
İllərlə qürbətdə can çürüdən
qəribdi sanki
evinə çatmağa
tələsir.
Hardasa bir ağacı ayırır
torpağın bətnindən,
çiçək-çiçək ümidləri
qırılır ağacın...
Bir-birinə calanmış, yamanmış
elektrik naqillərinin
qırılıb başına
düşəcəyindən qorxur
sağ ayağını
indi düşmənin
at oynatdığı yurda
əmanət edən
Səməd kişi...
Düşmən gülləsindən qoruduğu canı
nazik bir telə qurban verəcək?
Bir ayağa qalıb ümidi
onu da
əsən yelə
qurban verəcək?
Dərsini bilməyən uşaq
kimi
tir-tir əsir külək...
Kimdən
qorxur,
nədən qorxur?
Qorxduqca
daha da qorxulu olur...
Küləyin şiddəti artdıqca
artır həyəcanı,
artır təşvişi,
qoltuq agacıyla asfaltı döyə-döyə
evinə tələsir
Səməd kişi.
Kağız kəpənəklər
Həmin
gün
qara-qara buludlarla naxışlanırdı
göy üzünün
yaxası
və
külək
yağan qarı
duz kimi çevirirdi Bakının
başına...
Metro qarşısında limon satan
qadının
yırtıq ayaqqabılarından
ayağına dolurdu qar
açıq qapıdan
evə girən oğru kimi...
Üzünün, əllərinin qırışlarına
toxunurdu əvvəlcə,
sonra ürəyinin sarı siminə.
Ayaqları donan qadının
ürəyi yanğın
yeriydi.
Qar yağırdı həmin
gün...
İşıqpulu, qazpulu borclarımızın
yazıldığı kağızları
külək
qapıya sancıldığı
yerdən çıxarıb
uçurdurdu havada
kəpənək kimi...
"Kağız kəpənəklər"
qar dənələrinə
qarışırdı...
Qəzada
yaralanıb sarğı
otağından çıxmış
adamlara bənzəyirdi
gövdəsi, budaqları
qarla
sarılmış çılpaq
ağaclar...
Təkcə uşaqlar sevinirdi
qışa,
soyuğu almadan veclərinə
çıxardırdılar qarın
dadını.
Şaxtayla əlbəyaxa olmuş
qadına
heyrətlə baxaraq...
İsti
evlərinə tələsən
adamların
xəbəri yox idi ancaq
soyuqdan betər
limonların işığı
üşüdür
metro qarşısında
müştəri səsləyən
qadını...
Bir ovuc arpa...
Anasının qoynuna sığınan
körpə kimi
buludların arxasına
sığınıb Ay...
Otağımda sükut var
sanki səssizliklə
boyanıb divarlar
hərdənbir səslər
qopur
gecənin bağrından,
Hardasa uzaqlardan gəlir gecəyə
keşik çəkən
itlərin səsi...
Göy üzünə dən kimi səpilib
ulduzlar.
Bir azdan gecənin bağrı yarılacaq
bir ovuc arpa kimi dağılacaq
yuxusu gecələrin...
Bəs sən necə sevirsən...
Sən məni
mən səni sevən kimi yox,
başqa cür sevdin...
Amma sevdin, bilirəm...
Elə ki, yadıma düşürsən
dərdlərimi unuduram
Harasa tələsəndə
açarı, telefonu
evdə
unutduğum kimi...
Adamlar gəzir şəhərdə
Tək-tək, iki-iki, üç-üç,
bir az da çox...
Təklər bu zaman tənha olur,
sanki kimsəsiz olur...
Çoxlar dərya olur, dəniz olur.
İkilərin, üçlərin və
daha çoxların
arasında
gözlərim gəzir
səni
Yerə
dağılan mirvari
boyunbağının dənələrini
gəzən kimi...
Mən səni belə sevirəm,
bəs sən necə sevirsən?
Qağayılar gölə gəlməz,
dənizə gəlməz
ördəklər...
Hərənin öz vətəni
var,
mənim vətənim
sənin gözlərindi
-
özümü axtardığım,
özümü
gəzdiyim gözlərin.
Baxıb-baxıb özümdən bezdiyim
gözlərin...
Hər yerdə səni görmək istəyirəm
Qoy qərib desinlər,
didərgin desinlər,
eybi yox...
Mən səni belə sevirəm...
Bəs sən necə sevirsən?
Hüseynzadə, Xuraman.
Ədalət 2018.- 14 sentyabr.- S.15.