QƏRAR

 

Bahar Bərdəli

 

Hekayə

 

Dərs ilinin sonu idi. Kölgəli kənd orta məktəbində sonuncu sinfin sonuncu imtahanı gedirdi. Bütün müəllimlər - imtahanı olan da, olmayan da məktəbə yığışmışdı. Direktor bundan istifadə edib sonuncu pedşuranı da bu günə salmağı qərara aldı. Ona görə fikrini müəllimlərə bildirəndə hamı bu təklifə yekdilliklə səs verdi. Çünki bundan sonra müəllimlər çətin ki, məktəbə toplaşalar. Artıq yay gəlmişdi. İstirahətə gedən kim, mer-meyvəsini bazara çıxardan kim. Bir onların məktəbə gəlişi qaldı sentyabra...g

...Pedşurada iki mühüm məsələ müzakirə olundu. Birincisi, dərs ilinin sonu, yeni dərs ilinə hazırlıq. İkincisi, bu hazırlıqla əlaqədar görüləcək tədbirlər. Birinci məsələ barədə tədris işləri üzrə müavin məlumat verdi. O dedi ki, Allaha çox şükür, şagirdlər sağ-salamat ili başa vurublar. Dərs oxumasalar da məktəbə vaxtında gəlib gediblər. Üzləri olsun. Biz əlimizdən gələni əsirgəməmişik. Bu bir ildə bir şagirdin burnu qanamayıb. Hələ onuncu sinfi bitirənlər! Sanlı qoz kimi yerindədir!

İndi il sona çatıb. Yeni dərs ilinə hazırlıq görmək lazımdır. Bunun üçün plan düşünüb işləməliyik. Bu haqda direktor özü danışacaq. Xahiş edirəm diqqətlə qulaq asasınız.

Direktor ayağa qalxdı. Özünü çəkib, boğazını arıtdı birbaşa əsas məsələyə keçdi:

- Yoldaşlar, belədi. Yeni dərs ilinə çox qalmayıb. Bir görəcəksiniz iyun qurtardı, iyul yaş balıq kimi sürüşüb əlimizdən getdi, avqust kəsdirib açdı qapını ... - o, sözünə ara verib mənalı-mənalı müəllimləri süzdü, - təyinatla gələnlər girdi içəriyə... Oldular ? - Hamı bir-birinin üzünə, sonra da direktorun üzünə baxdılar. Sualına direktor özü cavab verdi - Oldular bizə boğaz şəriyi, yoldaşlar! Bo-ğaz şə-ri-yi!

Müəllimlər hamısı birdən yerindən qalxıb xorla qışqırdılar:

- Örtün qapıları!

- ?.. - Direktor qımışdı - əyləşin, əyləşin. Qapıları örtmək üçün gərək hər müəllim iyun maaşından əl çəksin...

- Biz razı! - müəllimlər yenə xorla qışqırdılar.

- Çox yaxşı! - direktor razılıqla gülümsəyib pedşuraya yekun vurmaq istəyirdi ki, Güləli müəllim gileyləndi:

- Bu bir az çox oldu axı, yoldaş müdir...

- çox oldu?

- Bir aylıq maaş...

- Güləli, neçə saat dərsin var? - Direktor təzədən əyləşib hikkəli-hikkəli soruşdu.

- On saat, yoldaş müdir.

- Hansı fənlərdir?

- İki saat əmək təlimi, iki saat rəsm, iki saat nəğmə...

- Ta denən "yumşaq" dərslər ... - kimsə yerindən söz atdı.

- İxtisasın nədir? - direktor replika atılan tərəfə tərs-tərs baxıb sual-cavabına davam elədi.

- Sinif müəllimi.

- Ay sağ ol, Güləli. İndi o dərslərin sahibi gəlir. Sən get dur növbəyə. vaxt sinif olar, onda gəlib sinif müəllimliyini eləyərsən.

- Yoldaş müdir, bəs mənim yetimlərimi - o doqquz uşağı kim saxlasın?

- Əşşi, sən təhər adamsan? Müdir ağzında qızıl kimi söz xırdalayır, sənin dərdini çəkir, sən başlamısan ki, çoxdur, nədir... Otur aşağı, ə! - Sahib müəllim Güləlinin üstünə çımxırdı.

- Bir işə mız qoymasa, qənbərqulusunu çıxartmasa rahat olmur , balam. - Təhməz müəllim Güləliyə çəpəki baxıb üzünü direktora tutdu, - Yoldaş müdir, bunlar xeyirlərini, şərlərini qanan deyil, sən işində ol.

- Düz deyir, düz deyir! - Yerdən səslər ucaldı.

- Güləli, əlimin duzu yoxdur ey, səni qınamıram. - Müdir guya bərk incimişdi.

- Baş qoşma, müdir, Güləliyə olar, doqquz uşağın dərdi onu çoxdan dəli eləyib.

Güləli suya düşmüş cücəyə dönmüşdü, səsi çıxmırdı. Müdir "Sağ olun"suz otaqdan çıxdı.

Ertəsi günü direktor otuz müəllimin maaşı olan qovluğu maarif müdirinin stolu üstünə qoydu. Qəddini düzəldib ehtiyatla örtülü qapını dinşəyəndən sonra:

- Yoldaş müdir, məktəbdə keçirdiyimiz son pedşuranın son qərar layihəsidir. Xahiş edirəm diqqətlə oxuyub əsl qərarı siz çıxardasınız. - Dedi dalı-dalı çəkilib qapını çöldən örtdü.

Maarif müdiri qalxıb qovluğu açdı. Pulu görəndə dərindən nəfəs alıb, arxayınca əyləşdi. Stolun siyirməsindən rayon üzrə orta məktəblərin siyahısını çıxartdı. Orda Kölgəli kənd orta məktəbini tapıb qarşısına bir "quş" qoydu. Sonra bu "quş"ları saydı. Hələlik "qərar"ı iyirmi məktəb hazırlayıb gətirmişdi. Gör neçəsi dururdu!

"-Yaxşı, bəs mən təyinatla gələnləri hansı məktəbdə yerləşdirəcəyəm?" - Müdir fikrə getdi.

"- Əşşi, bir-iki məktəbin "qərar layihəsi"ni götürməz, gələnləri bir-iki saatla orda yerləşdirər. "

"-Yox əşşi, sən danışırsan? Bütün "qərar layihələri"ni almaq, gələnləri növbəyə götürmək! Kimdir gəlib yoxlayan, yerimiz yoxdur, vəssalam! "

Müdir gözlərini yumub xəyalında rəqəmləri bir-birinə vurdu. Alınan cavaba - pulun ümumi miqdarına necə heyrətlənib sevindisə, ürəyi quş ürəyinə döndü. Şiddətlə döyünüb uçmaq, uçmaq istədi... Çırpındı, çırpındı... birdən "uçub getdi!"

Katibə otağa girəndə müdirin göyərmiş üzünü, hədəqədən çıxmış gözlərini gördü. Qışqırmaq istədi, səsi çıxmadı. Özünü ələ alıb əlləri əsə-əsə təcili yardım əvəzinə... milisə zəng vurdu...

Milis işçiləri otaqda olan qovluqlarda sənəd əvəzinə pul paçkalarını görəndə belə qərara gəldilər ki, rəhmətlik "Xeyriyyə cəmiyyəti" təşkil edirmiş, əcəl aman verməyib. Ruhu şad olsun deyə pulu "Uşaq fondu"na keçirmək haqqında qərar qəbul etdilər.

Bu xəbəri eşidəndə Güləli müəllim bəy toyunda ayaq altında qalan yetim uşaq kimi zarıdı:

- Bəs mənim bir aylıq maaşım?!

1985

 

Ədalət  2018.- 14 sentyabr.-  S.14.