"Ailə dəyərlərini simvollaşdıran kultlar" kitabı

 

"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 15 may - 10 sentyabr 2018-ci il tarixində "Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili" mövzusunda layihəsini həyata keçirib.

Bu barədə "Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü yazıçı-publisist, Prezident təqaüdçüsü Cəmilə Çiçək (İsbəndiyarova) layihə haqqında yığcam məlumat verib. Fəaliyyətlərinin əsas məqsəd və mövzusu haqqında danışan Cəmilə xanım Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihəyə, eyni zamanda "Ailə dəyərlərini simvollaşdıran kultlar" elmi-kütləvi kitabının nəşrinə və saytın fəaliyyətinin gücləndirilməsinə ayırdığı maliyyə yardımına görə minnətdarlığını çatdırdı. Natiq bildirdi ki, layihə çərçivəsində həyata keçirilən fəaliyyət müasir həyatın bütün sahələrində elektronlaşdığı, qloballaşdığı, internetləşdiyi bir vaxtda yeni nəsil nümayəndələri, eləcə də başqa ölkələrdə yaşayan, xarici mədəniyyətlərin daşıyıcılarına çevrilən gənc soydaşlarımız arasında Azərbaycan milli-mənəvi dəyərlərinin tərkibində etnik kimliyimizin bir hissəsinə çevrilən ağsaqqallıq-ağbirçəklik dəyərlərinin dirçəldilməsini qarşısına məqsəd qoyubdu. Bir tərəfdən Qarabağ münaqişəsi nəticəsində doğma yurd-yuvalarından qovulmaları, digər tərəfdən də çağdaş genetik-mənəvi xəritəmizi dağıdan liberal-radikal dalğalar bu dəyərlərin, az qala, tənəzzülünə aparıb çıxarır. Problemin kəskinliyini nisbətən azaltmaq, nəsillər arasında dərinləşən mənəvi-ruhi uçurumları aradan qaldırmaq üçün əsrlər boyu formalaşan bu məişət-ailə institutunun, sosial-mənəvi təsisatı daha da möhkəmləndirməklə qədim və modern dəyərlərin sintezini tədqiq etmək vacibdir. Azərbaycan cəmiyyətinin tarixən qazandığı mənəvi dəyər konseptləri və mədəni institutları içərisində ailə ilə bağlı anlayışlar, ağsaqqallıq-ağbirçəklik institunun xüsusi yeri vardır. Təəssüflər olsun ki, son zamanlar bu mənəvi-ruhi dəyərlərə qarşı xaricdən geniş hücumlar olur və əksər hallarda gənclərimizin bir hissəsi də liberal dəyərlər - insan haqları, qadın azadlığı, gender bərabərliyi, cinsi azlıqların hüquqlarının qorunması kimi "dəbli trendlər" altında o qarayaxmalara qoşulur, sosial şəbəkələrdəki mənfi tendensiyalı virtual aksiyalara qoşulurlar. Layihə Qarabağ köçkünləri timsalında sosial-kulturoloji hərəkata başlamaq, eyni zamanda, Azərbaycan cəmiyyətində get-gedə zəifləyən ailə dəyərləri, ağsaqqallıq və ağbirçəklik institutu dəyərlərinin bərpası və genişlənməsi istiqamətində aksiyalar keçirməklə, sadalanan halları nisbətən zəiflətməyi, yaşlılara olan sayğını, sevgini artırmaqla bu istiqamətdəki gərginlikləri azaltmağı, ulu dəyərlərimizin dirçəldilməsini, daha da inkişaf etdirilməsi məsələlərinin araşdırılmasını, bu istiqamətdə aktual addımları, innovativ təşəbbüslərini dəstəkləyir.

Layihənin əsas hədəfi ailə və ağsaqqallıq-ağbirçəklik dəyərlərinin zənginləşməsində, qorunmasında, inkişaf etdirilməsində, tədqiqi və təbliği istiqamətində yeni nəslə çatdırılmasında, internetqlobal elektron resurslarında, sosial şəbəkələrdə geniş yayılmasında gənclərin rolunun artmasına nail olmaq, bu yöndə yeni metodların, formaların axtarılaraq tapılmasına, ictimaiyyət tərəfindən tanıdılmasına, dəstəklənməsinə yönəldilib.

C.Çiçək onu da bildirib ki, sentyabrın əvvəllərində layihənin nəticəsi olaraq son tədbirlərini - Beynəlxalq Mətbuat Mərkəzinin zalında geniş ictimaiyyətin, tədqiqatçıların, alimlərin, həmçinin yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, yeni - sosial media təmsilçilərinin, bloqqerlərin, QHT rəhbərlərinin, Azərbaycanın bütövlüyünün qorunması uğrunda rəşadət göstərmiş, gəncliyini, sağlamlığını belə fəda etmiş Qarabağ əlillərinin iştirakı ilə layihə çərçivəsində nəşrə hazırlanaraq çap edilən "Ailə dəyərlərini simvollaşdıran kultlar" elmi-kütləvi kitabının və genişləndirilərək internetdə yayımlanan http://www.zekaishiginda.az ünvanlı saytın təqdimatı, eləcə də milli ailə mövzusunda ictimai dinləmə - dəyirmi masa da təşkil olundu. Məlumatlanmadan sonra milli ailə dəyərlərinin problemləri və çap edilən kitabın və saytın əhəmiyyətinə həsr olunmuş ictimai dinləmə - müzakirə baş tutdu.

Bakı Dövlət Universitetinin professoru Əyyub Əzizov əhatəli çıxışında tədbirin əhəmiyyətini vurğulayıb, milli ailə dəyərlərimizin qorunmasının vacibliyini qeyd edib, təqdimatı keçirilən araşdırma kitabının və saytın maraqlı tərəfləri haqqında söz açıb. Tanınmış jurnalist İntiqam Mehdizadə kitabın soykökümüzə bağlılıq, ailə dəyərlərinin bütün zamanlardakı forma və məzmunu barədə yaxşı mənbə rolu oynayacağını bildirib. Alimlərdən Mənsur Cəfərov, Elçin Muradxanlı, Əziz Ələkbərli, Cəsarət Camalov, publisist-şair Məhəmməd Nərimanoğlu, Adil Həmid, Əlirza İsbəndiyarov, Rövşən Hüseynov, Fəxrəddin Meydanlı, şairə Nuridə Misir, Türkiyədən tədbirə qatılan şairə Nihayət Ağçay, QHT rəhbəri Seymur Əzəmmədov və başqaları mövzu ilə əlaqədar ictimai dinləmələrin vacibliyini söyləyərək Cəmilə Çiçəyin (İsbəndiyarova) müəllifi olduğu "Ailə dəyərlərini simvollaşdıran kultlar" elmikütləvi kitabın və http://www.zekaishiginda.az saytının dəyərli tərəflərini göstəririk, ata-babalarımızdan gələn müqəddəs ailə dəyərlərinin yaşadılması, bu sahədə təbliğat işinin gücləndirilməsi və varislik ənənəsinin təmin olunması sahəsində kitabın aşıladığı dəyərlər barədə danışaraq bu problematik mövzuda layihələrin cəmiyyətimiz üçün xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Sonra mövzu ilə bağlı dəyərli fikirlərini bölüşənlər - Kəlbəcərdən məcburi köçkün, bölgə ədəbi mühitinin yetişdirdiyi 82 yaşlı ağsaqqal, məhəbbət şeirlərinin müəllifi, el şairi Əyyub Cabbarova, Astaradan tədbirə qatılan ağsaqqal ziyalı Rzayev Fariz Güləli oğluna, ağsaqqallıq-ağbirçəklik bilgilərini, milli-mənəvi dəyərlərimizin müxtəlif nəsillər arasında nəvələrə ötürülməsi istiqamətindəki xidmətlərinə görə yeniyetmə, bacarıqlı Rzayevə Nərmin Polad qızına təhsildəki uğurlarına, eyni zamanda qurumun fəaliyyətinə dəstək vermiş gənc intellektual, texnika elmləri üzrə fəlsəfə doktoru Cəsarət Camalova təşkilatın təsis etdiyi "MİLLİ ZƏKA" diplomu təqdim edildi. Xatırlatmaq yerinə düşər ki, ailə, ülvi məhəbbət mövzusunda işlənmiş "Əyyub və Sənəm dastanı" el şairi kimi tanınan Əyyub Cabbarovun şeirləri əsasında tərtib edilmişdir. Eşq dastanının yurd yeri deyilən nəsr qisminin toplayıcısı və kitabın tərtibçisi Cəmilə Çiçəkdir. "Əyyub və Sənəm dastanı"nın qəhrəmanlarının nakam eşqinə ailə səbəbkardır. Bu fakt isə müasir həyatla səsləşir, bugünün problemləri baxımından dəyər qazanır. Dəyirmi masaictimai dinləmələrin sonunda müxtəlif təkliflər səsləndi, söylənilən fikirlərə aydınlıq gətirildi, yazılı və elektron KİV nümayəndələrinin, TV əməkdaşlarının, yeni - sosial media təmsilçilərinin, bloqqerlərin suallarına cavab verildi.

QHT sədri onu da vurğulayıb ki, layihənin davamı olaraq fəaliyyətlərini daha da genişləndirəcəklər və gələcəkdə onun ikinci mərhələsi olaraq daha geniş istiqamətdə işlər həyata keçirilməsi planlaşdırılır.

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət  2018.- 14 sentyabr.-  S.13.