Tanımadığımız böyük Gürcü şairi
Abdulla
İsmayıloğlu
Gürcüstan ədəbiyyatından danışanda ilk ağla gələn böyük şair Şota Rustavellidir. Amma müasir gürcü ədəbi dilinin və ədəbiyyatının əsas pay sahiblərindən (iki nəfərdən) biri yazıçı-şair, dramaturq, aktyor, jurnalist, maarifçi, mütəfəkkir, həmçinin Gürcüstan milli-azadlıq hərəkatının ideya rəhbərlərinin avanqardı olan Akaki Tsereteli barədə söhbət açacam.
Yazıçı haqqında Azərbaycan dilində demək olar ki, məlumat yoxdur. Elə rus, türk dillərində də məlumat qıtlığı göz oxşayır. Əlimizdə isə, yalnız şair, jurnalist Rəşid Faxralının 2014-cü ildə tərcümə etdiyi bəzi lirik və alleqorik şeirlərdi. "Suliko" adlı 63 səhifəlik kitabçada Tseretelinin 29 şeiri yer alıb.
Akaki Rostomoviç Tsereteli 9 iyun 1840-cı ildə Kutaisi quberniyasının Saxçerski rayonunun Sxvitori kəndində dünyaya göz açıb. Akakinin ata tərəfi məşhur Tsereteli knyazları nəslindən, anası isə İmereti çarı II Solomonun nəvəsi idi. Gənc Akaki 6 yaşına kimi Savane kəndində kəndli ailəsində yaşayır və tərbiyə alır. Çünki qədim gürcü zadəgan ənənələrinə görə, hər bir gürcü uşağı müəyyən yaşına qədər mütləq kənd həyatı yaşamalı, zəhmətkeş kimi formalaşmalı və keçmişini danmamalıydı. O, qeyri-rəsmi olaraq ilk əsərini də uşaqlığında qələmə alır. Onun yazdığı tragikomediya ailəsi və qohumları tərəfindən alqışla qarşılansa da, gələcəkdə şair bu "əsərini" zəif hesab edərək əlyazmasını yandıracaqdı.
A.Tsereteli 1850-1859-cu illərdə Kutaisi gimnaziyasında, 1859-1863-cü illərdə isə, Peterburq Universitetinin "Şərq dilləri" fakültəsini təhsil alır. O, ədəbi yaradıcılığa gimnaziyada təhsil aldığı dövrdə başlayır. İlk qələmə aldığı əsəri 1858-ci ildə "Çiskari" jurnalında nəşr olunan "Xalq mahnıları" şeirləridir. Peterburq təhsilini başa vurduqdan sonra, A.Tsereteli dövlət qulluğunda çalışmaqdan imtina edir. Bu imtinanın ən böyük səbəbi onun çar-üsuli idarəsinə olan nifrəti idi. Mövqeyini seçdikdən sonra o, bütün həyatını Gürcüstanın azadlığı, milli-mənəvi dəyərləri və ədəbiyyatının inkişafına həsr etdi.
A.Tsereteli XIX əsrin 70-ci illərində "Çiskari" jurnalında, sonra isə "Droeba", "Tifliskiy vestnik" qəzetində çalışır. Bu illərdə yazıçı daha çox lirik şeirlər yazmaqla diqqət çəkir. 80-ci illərdə şair daha çox milliyyətçi ruhlu əsərlər yazır. Həmin əsərləri "İveriya", "Şrana", "İmedi" kimi mətbuat orqanlarında nəşr olunur. 1890-cı illərdə isə "Kvali" qəzetindəki ölkəsinin müstəqilliyi, Gürcü mədəniyyətinin, ədəbiyyatının, mətbuatının inkişafı ilə bağlı yazıları ilə o, nəinki vətənində, hətta bütün Qafqaz və Rusiya imperiyasında şöhrət qazanır.
Tsereteli, əsasən lirik növün elegiya janrında şeirlər, poemalar, lətifələr, məqalələr, hekayələr, pyeslər, aforizm və avtobioqrafik əsərlər yazmışdır. Onun əsərlərində qatı sarkazm, millilik, istiqlalçılıq, yumoristlik kimi hislər göz oxşayır. Bu məqamda yazıçının "Oldu nədi, olmadı nə" şeirini qeyd etmək yerinə düşər
Cavan idim, ürəyimin
Bir dəfə
gözü dolmadı.
Arzuladım, ancaq mənə
Məhəbbət nəsib olmadı,
Oldu nədi,
olmadı nə.
Üzüm-gözüm qırış-qırış,
Ümid yoxdu aya-ilə.
Qocalıb əldən düşmüşəm,
Bu məhəbbət indidən
belə
Oldu nədi,
olmadı nə.
Kasıblıq düşdü izimə,
Qapı-qapı dolandırdı.
Neyləyirəm var-dövləti,
Gözlərimi sulandırdı,
Oldu nədi,
olmadı nə.
Kimlə
dost olmaq istədim,
Keçib getdi gülə-gülə.
Nəyimə gərədir daha,
Dost dediyin indidən belə,
Oldu nədi,
olmadı nə.
Haqsız
gülüş illər
ilə
Dağlar
çəkdi ürəyimə,
Boz təriflər çatan deyil
İndidən belə köməyimə,
Oldu nədi,
olmadı nə.
Bir qurtum su qıymadılar,
İstədilər dağla yanım.
Gözüm-qırış, üzüm-qırış,
Ölər olsam ağlayanım
Oldu nədi,
olmadı nə.
Arzu - təzə, könül -
yara,
Çal saçlara yaraşmır
ad.
Nəyimə gərəkdir daha
Belə
ömür, belə həyat,
Oldu nədi,
olmadı nə.
A.Tseretelinin "Səmərəsiz axtarış", "Əmək
nəğməsi", "Kəndlinin etirafı",
"Biçinçilərin nəğməsi", "İmereti
nəğməsi", "Zəhmətkeşlər", "Yeni yol", "Xəncər", "Mahnıların
mahnısı", "Arzu",
"Çiçinatella", "Conquri", "Çarəsiz
məhəbbət", "Gizli namə" "Şəfəq", "Şair",
"Rustavellinin portretinə"
və s. lirik, "Suliko", "Xəstə",
"Amiran" və digər onlarla alleqorik janrda şeirlər yazmışdır.
Onun şeirlərinin çoxu
sonralar musiqi bəslənəcək və
Gürcüstan xalq mahnılarına çevriləcəkdir.
Onlar içərisində ən
məşhuru "Suliko"
və "Xəncər"
şeiri əsasında
yaranan mahnılardı.
Hətta
"Xənçər" şeirinə bəslənən
mahnını "Gürcü
Marselyozası" da adlandırırlar.
1880-1890-cı illərdə yazıçı əsasən
milli-azadlıq, müharizə
ruhunda poemalar, dramlar və nəsr əsərləri
qələmə alır. "Tornike
Eristavi (1884)", "Hiyləgər
Tamara (1885)", "Patara Kaxi
(1890)", "Natela (1897)", "Tərbiyəçi (1898)" kimi
poemalar, "Başi -
Açun (1896) povesti və 1908-ci ildə qələmə aldığı
"Yaşanılmış" avtobioqrafik əsər, həmçinin "Xalqa necə yaxınlaşmaq",
"Bizim acılı
işimiz" məqalələri
və digər əsərlər yazmışdı.
"Tornike Eristavi" poemasında
X əsrdə Gürcüstanda
baş verən hadisələrdən söhbət
açılır. Əsas qəhrəman
knyaz Tornike Eristavidir. O, yaşlandığına
görə, könüllü
olaraq hakimiyyətdən
cana doyaraq,
yerdə qalan ömrünü rahib kimi başa vurmaq istəyir. Lakin vətəni üçün
təhlükə baş
verdiyindən, ondan üstün lider olmadığından o yenidən
knyaz olur və ordu komandanı
kimi həm düşmənləri məğlub
edir, həm də Bizansa öz ordusu ilə köməyini əsirgəmir. "Hiyləgər Tamara" əsərində
XVII əsrdə yaşamış
Gürcü vətənpərvər-şairi
Qoçinin taleyindən
və İmereti hökmdarlarına qarşı
cəsur mübarizəsindən
söhbət açılır.
"Patara Kaxi"
poemasında 17 yaşlı
balaca boy şahzadə
olan II İraklinin həyatı, onun türklərə qarşı
mübarizəsi haqqındadır.
"Natela" poemasında
XIII əsrdə monqolların
işğalına qarşı
mübarizdən söhbət
açılır. Əsas xalq
qəhrəmanları kimi
Meqrel knyazı Çotne Dadiyani və yaraşıqlı qız olan Natela
təqdim olunur.
"Tərbiyəçi" poemasında yeni nəslin əcdadların,
müsbət milli-mənəvi
dəyərləri əsasında
tərbiyə olunmasından
söhbət açılır.
"Başi-Açun" povestində də yazıçı tarixi hadisələrdən yazır. Bu əsərdə gürcülərin
İran şahı I Abbasa (əslində isə Azərbaycan türkü və Səfəvi hökmdarı)
qarşı "mübarizəsindən"
danışılır.
Avtobioqrafik povest olan "Yaşanılmış" əsərində
XIX əsrin 2-ci yarısında
Gürcüstan mədəni-siyasi
inkişafından bəhs
edir.
Tsereteli 1905-ci ildən Çar hökuməti əleyhinə
fəaliyyət göstərən
"Xumara (Zarafatcıl)"
satirik jurnalında redaktor kimi çalışır. Məhz bu
dövrdə o məşhur
"Rədd olsun!"
şeirini yazır.
Bu şeirinə görə Çar hökuməti onu həm təqibə, həm də həbsə məruz qoyur.
Tsereteli Tiflisdə və digər şəhərlərdə
yerli teatrların açılmasında, inkişafında
da xüsusi xidmətləri olub. O, həmçinin
qələmə aldığı
pyesləri tamaşaya
qoyar, bir çox hallarda özü də baş rolları canlandırardı. Tseretelinin əsərləri
hələ Çar Rusiyası dövründə
rus dilindən başqa, alman, fransız dillərinə də tərcümə olunmuşdur.
Yazıçı 26 yanvar 1915-ci ildə vəfat edir və Tiflisdə dəfn edilir.
Sonda yazımı
Tseretelinin tez-tez oxuduğum "Mənim nəğməm" şeiri
ilə bitirirəm.
Lənət, min lənət dünyaya,
Gah ağladır, gah güldürür,
Nə canımı alır, hələ
Nə qaldırır, nə öldürür.
Lənət mən doğulan günə,
Dərddi ömrümün hər anı.
Duyduğumu gizlədərək
Aldatmaqdayam dünyanı.
Ürəyimə axır yaşım,
Üzərə gülürəm yenə.
Qəlbimdəki oxları da
Göstərmirəm özgəsinə.
Adam var qızılgül deyir
Mənə batan tikanlara.
Namərd
axtarma, ürəyim,
Gülünc olarsan bu ara.
İstəyirəm acı həyat
Mənə yenə qəhər verə.
Nə canımı ala, nə də
Nə qaldıra, nə öldürə!
Ədalət 2018.- 14 sentyabr.- S.12.