Aləmin seyrinə gəl

 

Aləm Kəngərlinin "Naməlum adam" kitabı haqqında qeydlər

 

Əsəd Cahangir

 

Bir vaxtlar Sədi deyirdi ki, şair gərək 30 il vətəndə yaşasın, 30 il dünyanı gəzsin və 60 yaşdan sonra yazmağa başlasın. İş elə gətirib ki, yazıçı Aləm Kəngərlinin də hekayələr və eyni adlı povestdən ibarət "Naməlum adam" adlı ilk kitabı müəllifin 60 yaşından sonra işıq üzü görüb. Onun bu sədiyanə mövqeyinin obyektiv səbəbi aydındır - Aləmin sənətdə ilk addımlarını atdığı 80-ci illərin ortalarına doğru aləmin nizamı pozulmağa başlamışdı. Amma "Qanun" nəşriyyatı tərəfindən işıq üzü görən kitaba ön söz yazmış görkəmli yazıçımız Sabir Rüstəmxanlının dediyi kimi, məsələnin subyektiv tərəfi də var: "Aləmin ilk kitabını nəşr etdirməyə tələsməməsi daha çox onun ədəbiyyata... məsuliyyətli münasibətindən qaynaqlanır".

 

***

Kitaba daxil olan hekayələr həcmcə böyük deyil. İlk oxuda onların bəzisi S.Rüstəmxanlının dediyi kimi, hətta "səthi" təsir bağışlaya bilər. Ən başlıcası, elə bil hansısa gözəgörünməz əl müəllifin yaddaşından meydan hadisələri, Qarabağ savaşı, siyasi hakimiyyət dəyişmələri, qaçqınlıq-köçkünlük problemləri ilə birgə 90-cı illəri montaj edib götürüb. Lakin özünün kiçik hekayələrini böyük mənalarla yükləyən, hər şeyi dərindən dərin, incədən incə yerbəyer eləyən müəllifin riyazi dəqiqliyi, sətiraltı eyhamlarla danışmaq məharəti, xəsis boyalarla canlı xarakterlər yaratmaq bacarığı, az sözlə çox fikir söyləmək qabiliyyəti rəğbət doğurur.

***

Kitablar klassik dövrdə Allahın, sovet dövründə Leninin adıyla açılırdısa, "Naməlum adam" "Vətən" hekayəsiylə başlayır, milli özünüdərk ideyası dini və kommunist ideologiyasını üstələyir.

"Vətən" epifanik bir böhran, daxili krizis məqamı üstündə qurulub. Gənc, yarlı-yaraşıqlı vaxtlarından ailə-uşağını atıb Rusiyaya gedən, orda yenidən evlənən Səfər kişidə illər sonra qəfil daxili işıqlanma baş verir. Qürbətdə özünü tənha, yad, gərəksiz hiss edən, arvadı və uşaqlarının etinasızlığı ilə üzləşən qocanın vicdanı "oyanır" və vətəndə unutduğu əzizləri - mərhum atası, qoca anası, qardaş həsrətli bacısı, dul arvadı, yetim böyüyən qızları... qarşısında ondan cavab istəyir. Hekayə Səfərin vətənə səfəri ilə bitir. Oxucu fikrində isə sual başlayır: vətən, doğrudanmı, ancaq ölmək üçündür?

Səfər "Kür qırağının meşələri" (Ə.Əylisli) povestinin qəhrəmanı Qədiri xatırladır - hər ikisi qədir-qiymətlərinin bilinmədiyi, insan münasibətlərinin pozulduğu yerdən səfər edirlər. Lakin bir fərqlə: Qədir vətəndən Rusiyaya; Səfər Rusiyadan vətənə. Bu təkcə iki obraz yox, həm də iki yazıçı və iki zamanın əks düşüncəsinin göstəricisidir.

"Tanışlıq" və "Qonaq"ın qəhrəmanları da "səfər problemi" ilə üzləşir. Amma oxşarlıq bununla da qurtarır, fərqlər başlayır. Yazıçının uğuru bu fərqləri iki zaman - sovetlər dövrü və çağdaşlıq arasında fərq kimi ümumiləşdirmə bilməsidir.

"Tanışlıq" hekayəsinin qəhrəmanı Fərman arvad-uşağını aldadıb, Rusiyaya beş-on günlüyə əylənməyə gedir, amma gözlənilməz komik duruma düşür. Sən demə, sosial şəbəkədə tanış olduğu, yanına əlidolu gəldiyi Mariya İvanovna qarı imiş, sadəcə, özünün feysbuk profilinə cavan, gözəl qızının fotosunu qoyubmuş. Yağışdan çıxmağa macal tapmayan Fərman qarının sözlərindən bu dəfə yağmura düşür: "Tı ne valnuysa, Fedya. U menya sasedka yest - Sveta. Ana maladaya i oçen simpatiçnaya. Ya s ney paqavarila. Ana s neterpeniyem jdyot tebya".

Mariya öz psixotipinə görə sovet dövrünün xeyirxah "babuşkası" yox, çağdaş dövrün internetdən yararlanan çevik düşüncəli, hiyləgər, fəndgir Baba Yaqasıdır. "Tanışılıq" isə Fərmanın təkcə Mariya və Sveta yox, həm də yeni Rusiya, yeni zaman, yeni psixologiya ilə "tanışlığından" danışır.

"Qonaq" hekayəsinin qəhrəmanı Allahverdi də Səfərin romantik duyğusallığından uzaqdır. Amma yazıçı buna görə onu qınamır. Çünki vətənə qayıtsa, fırıldaqçıların toruna düşüb, əldə etdiyi beş-on manatı da itirəcəyini zavallı oğlanın ata-anası kimi müəllif də başa düşür. Bu acı (nacaqlı!) durum getdikcə kapitalistləşən həyatımızın ən adi, gündəlik həqiqətidir. Bu yurdu nə qədər sevsələr də, bu torpağa qanları-canları ilə bağlı olsalar da, kasıblar vətəndə özlərini "qonaq" kimi hiss edirlər.

 

***

Kəngərli öz metoduna görə realist, mövzusuna görə sosioloq yazıçı, "Naməlum adam" isə çağdaş Azərbaycan sosial həyatının bədii kaleydoskopudur. Sosial gerçəkliyimiz kitabda özünün "a"dan "z"-yə qədər əksini tapıb. Yazıçı bəzi hekayələrdə problemlərin dibinə gedir və məsələnin kökünü ailə tərbiyəsində axtarır. "Velosiped"də nəvəsi Allahverdini ərköyün böyütmək nənəsi Gülsümə həyatı bahasına başa gəlir. "Fəryad"da problem ailədən məktəbə çıxır - Sevil müəllimənin nümunəvi obrazı övlad qədri bilməyən valideynlər və pedaqogikadan bixəbər müəllimlərə dərs olur. "Oğru"da isə məsələ artıq ictimailəşir - mağazadan oğurluq edən qızcığaza "canıyanmışlıq" göstərən, amma beş manat pulu qıymayan populist milli boşboğazlara tənə edilir.

"Elçilik", "Darıxan ürəklər", "Atasının balası", "Qatarda" hekayələrində yazıçının qəhrəmanları artıq böyüyüb, sevib-sevilən yaşa çatıb. Bu hekayələrin əsasında bir qayda olaraq "Ailə hansı prinsiplə qurulmalıdır?" sualı qoyulur.

"Elçilik"in qəhrəmanı Nicat çox çək-çevirdən sonra anasına "Xalam qızı Nahidə üçün elçi gedə bilərsiniz" deyə fərdi seçim haqqından imtina edir. Bu durumun günahı ilk öncə Nicatın xarakterindən irəli gələn utancaqlıq, çəkingənlikdir. Otuz yaşı keçsə də, bu cəhətlərinə görə o hələ də subay qalıb. Amma qəhrəmanın bu durumunda ətrafdakıların neqativ təsiri də müəllifin iti nəzərlərindən yayınmır.

"Darıxan ürəklər"in qəhrəmanı Fərid isə, əksinə, anasının rəyinə qarşı çıxıb, qrup yoldaşı Zümrüdlə evlənməkdə israrlıdır. Lakin sonda hadisələr gözlənilməz yön alır - sevgilisinin şikəst olduğunu bilən oğlan bu dəfə özü tərəddüdə düşür: "gözlərinə inanmaq istəmirdi. Zümrüdün sağ ayağı dizdən aşağı protez idi... Nə edəcəyini bilmirdi". Bu nədir - hər şeyə qadir məhəbbətin adi fiziki qüsur qarşısında acizliyi, yoxsa, taleyin ironiyası, böyüyün sözünə baxmamağa görə verilən cəza? Durğu işarələri arasında ən çox sualı sevdiyi hiss olunan Kəngərlinin ardınca biz də bu məsələdə birmənalı cavabdan imtina edir, məsələni oxucunun öhdəsinə buraxırıq.

Yumoristik ruha, novella finalına malik "Atasının balası" hekayəsi bir-birini sevən Babanın atası Abdulla kişi və Xədicənin atası Əbülfəz müəllimin küçədəki söhbəti üstündə qurulub. Oğul atası elçi gəlmək üçün gələcək qudasının ağzını arayır. Amma söhbətin gedişindəcə gələn qəfil xəbərdən aydınlaşır ki, elçilik-filan artıqdır - Xədicə Babaya qoşulub qaçıb!

Hekayə yenə də sualla bitir: "Əbülfəz müəllim özünü itirdi. Bilmədi nə etsin. Dönüb Abdulla kişinin üzünə baxdı, ancaq anlamadı: bu oyun onun qurmasıdı, yoxsa qızı Xədicənin".

"Darıxan ürəklər"dən fərqli "Atasının balası"nda final sualının cavabı alt qatdan oxucuya mesaj göndərir. Qoşulub qaçmaq məsələsi nəinki Abdulla və ya Xədicənin qurması deyil, əksinə, Babanın hər cür qurmanı vurub dağıdan xarakterinin göstəricisidir. Baba öz qətiyyəti ilə utancaq, fərsiz Nicatın diametral əksidir. O, atasının balası, babasının nəvəsidir. Onun məhz Baba adlanması da təsadüfi olmayıb, qəhrəmanın genetik kimliyinə antroponimik işarədir.

Hekayənin tükü-tükdən seçən, çoxbilmiş kənd qocalarının astagəl söhbətinə uyğun ləng təhkiyəsi ilə qəfil finalı arasında açıq-aşkar təzad var. İncəliklə düşünülmüş, gözlənilməz final effekti doğuran bu təzad əsas müəlllif fikrinin bədii ifadəsinə xidmət edir. Yəni qarşılıqlı sevgi olan yerdə hansısa çək-çevirə, tərəddüdə ehtiyac varmı?

Amma hekayədə hadisənin ardından boylanan, olsun ki müəllif iradəsindən kənar olaraq mətnin öz diktəsindən doğan və oxucuya göz vuran (gizli!) bir ideya çaları da nəzərdən qaçmır: qocaların uzun-uzadı tərəddüdlərinə çox da fikir verməyin, qətiyyətli olun, bildiyinizi edin, axı, o qocalar özləri də cavanlıqda belə ediblər. Kreativlik hər yeni nəslin zaman qarşısındakı borcudur. Əgər olaylar qocaların ağır tempinin ixtiyarına buraxılsa, cəmiyyət inkişafdan qala bilər. Beləliklə, ucqar kənddə baş verən adi hadisədən danışan hekayə gənc cəmiyyətimizin ən ciddi problemlərindən biri - sosial qocalma (qıcolma!) sindromuna işarə edir.

Ailə hansı prinsiplə qurulmalıdır sualına ən dəqiq cavab isə "Qatarda" hekayəsində verilir. Hekayə "təsadüfən" tanış olan iki gəncin - tələbə Gülər və yenicə müstəntiq işləməyə başlayan Səmədin yol söhbəti üstündə qurulub. Ailə, tərbiyə, qanun, təhsil, iş... haqda söhbətlər açıq publisist tonda aparılır: "Məncə, ailə sağlam münasibət əsasında qurulmalıdır", yaxud, "Milli sərvətimiz olan neft bizə hansı xoşbəxtliyi gətirdi ki?" Elə görünür ki, bu obrazlar müəllif fikrinin ruporu, yazıçının əlində tutduğu saplarla idarə olunan cansız kuklalardır. Hadisəyə psixoanalitik yanaşma isə heç də belə olmadığını göstərir. Hekayədə təsvir olunan ən adi, təsadüfi, boz, "maraqsız" hadisənin izahını üç qatda vermək olar: şüur, şüuraltı və şüurüstü.

Gənclərin dialoqları şüur qatındadır. Onların bol-bol istifadə etdiyi qəzet-kitab cümlələri göründüyünün əksinə olaraq heç də təsadüfi və yersiz deyil: tələbə Xədicə hələ ömrün oxumaq mərhələsindədir; Səməd tələbə skamyasından yenicə ayrılıb. Həyat təcrübəsi olmayan bu gənclərin öz fikri, öz sözü hələ tam formalaşmayıb. Onlar hələ başqalarından eşitdiklərini, oxuduqlarını təkrarlamalı, elə belə də danışmalıdırlar.

Hadisənin psixoloji izahını vermək üçün ikinci - şüuraltı qata keçməli olacağıq. İlk baxışdan bir-birinə vurulan gənclərin dil boğaza qoymaması freydist əsaslara malikdir. Dilləri ailə qurmaq prinsiplərindən, neftin ümumillli rolundan və sairdən danışan bu gənclərin, ürəkləri başqa söz deyir və publisist demoqogiya burda yazıçının naşılığı yox, əksinə, özünü naşılığa vurmaq məharətinin göstəricisidir. Çünki gənclərin coşqun dialoqlarının alt qatında onların qarşılıqlı cismani yaxınlıq istəyi, seksual meylinin sözlə realizə olunması, verbal kompensasiyası kimi şüuraltı akt dayanır.

Problem sonuncu - şüuraltı qatda tamamlanır və özünün son həllini tapır. Biz lap axırda bilirik ki, gənclərin dilə gətirdiyi, min dəfə eşitdiyimiz şablon mülahizələrin o üzündə yalnız müəllifə məlum olan və finalda qəhrəmanın cibindən çıxan taleyin yazısı var və yerdə qalan hər şey ona nəzərən məhz elə bayağı, dayaz, səthi görünməlidir: "Əlini cibinə salıb atasının verdiyi məktubu çıxardı. Gözlərinə inana bilmədi. Tale onu istədiyi ünvana aparırdı". Sən demə, Səməd atasının onu yönləndirdiyi ailənin qızına rast gəlibmiş. Müəllifə görə, bu "təsadüf" göylərin gələcək izdivaca razılığı, səadət isə fərdi seçim üstəgəl valideyn xeyir-duası üstəgəl taleyin yazısı deməkdir. Alnımıza yazılan bir şeyi cibimizə qoya bilmərik.

"Atasının balası" kimi "Qatarda" hekayəsi də gözlənilməz finalla bitir. Amma gözlənilməzlik bu dəfə təkcə genetik yox, həm də metafizik mənşəlidir, sadəcə insan istəyi yox, həm də alın yazısından doğur. Səməd təkcə atasının yox, həm də taleyin balası, göylərin övladıdır. Onun məhz Allahın adını daşıması da təsadüfi deyil. Baba adı müəllif ideyasını açıqlamağa xidmət edən antroponimik işarə olduğu kimi, Səməd adı da teonimik işarədir.

Amma burda çözülməsi gərəkən incə bir nüans var. Birinci qəhrəmanın adını yazıçı bilərəkdən qoyub. İkinci ad isə sanki müəllif istəyindən kənar, öz-özünə doğulub və bu, məntiqidir. Çünki birinci hekayə insan iradəsi, ikinci isə nəticə etibarilə taleyin yazısından danışır.

 

***

Dürlü sosial problemlər arasında rüşvətxorluğun tənqidi kitabda özəl yer tutur. "Ağsaqqal" hekayəsi bank, "Putyovka" isə səhiyyə sistemindəki rüşvətxorluqdan bəhs edir. Sosial təminat sistemi işçilərinin hər addımda soyduğu təqaüdçü Cəfərxan kişinin axırda dilənməyə məcbur olmasından danışan "Dilənçi" hekayəsində rüşvətin ümummilli sosial bəlaya, taleyüklü problemə, adi, gündəlik yaşam tərzinə çevrilməsindən söz gedir. Odur ki, təqaüdçü qocanın sosial-fəlsəfi ümumiləşdirməsindən doğan sual həm də müəllifin dilindən səslənir: "Əgər bəzi idarələrdə dövlət adamları aldığı məvacibə qane olmayıb, hər gün dilənirlərsə, qəpik-quruş dalınca qaçan bu yazıqları niyə qınamalıyıq ki?... İlahi, biz nə vaxt düzələcəyik?"

Rəmzi işarələrlə zəngin "Kisəçi" hekayəsində hamam kisəçilərinin müştəriləri öz aralarında bölüşdürməsi ölkə iqtisadiyyatını zəncir kimi sıxan monopolist düşüncəyə ironiya kimi mənalanır. Hekayənin qəhrəmanı Cahangir müəllim bəzi "üfunət iyi verən" vəzifə adamlarının ümumiləşdirilmiş obrazı, hamam isə bütün eybəcərliklərin çılpaq göründüyü rəmzi-simvolik məkandır.

Müəllif bu rəmzi-simvolik işarələrlə kifayətlənib, "üfunət"in nədən ibarət olması ilə bağlı konkret açıqlamalar vermir. Əgər belə olsa, "Kisəçi" açıq-aşkar sosial məzmunlu, kəskin problematikalı bir hekayə kimi meydana çıxar, ictimai əhatə dairəsi baxımından genişlənər, ideyaca aktuallaşardı. İndki halda isə problem Cahangirin natəmizliyindən az qala havalanan arvadı Baharın narazılığı ilə başlayıb, razılığı ilə başa çatır və öz həllini ər-arvad münasibətləri çərçivəsində, ailə-məişət zəminində "tapır": "Cahangir müəllim çimib qurtardıqdan sonra özündən razı halda hamamdan çıxdı... Bilirdi ki... Bahar xanım onu böyük sevinc və coşqu ilə qarşılayacaq".

 

(ardı gələn sayımızda)

 

Ədalət 2018.- 14 sentyabr.-  S.11.