GÜLLƏ İŞIĞINDA

 

Qələndər Xaçınçaylının yeni kitabı

 

Ötən əsrin 80-ci illərindən başlayaraq şeir və məqalələrilə dövrü mətbuata gəlmiş Qələndər Xaçınçaylı fəaliyyətinin müəyyən dövrünü də "Ədalət" qəzeti ilə bağlamışdı. Ona görə də köhnə həmkar kimi onun yaradıcılıq yolunu izləyir və hər bir yeni uğuruna sevinirəm. Həmin sevincin kökündə təbii ki, daha çox Qələndərin ortaya qoyduğu bədii nümunələr dayanır. Bax, elə bu mənada daha çox şair-publisist kimi tanıdığım Qələndər Xaçınçaylının yeni kitabı məni bir az təəccübləndirdi. Çünki həmkarım bu dəfə ortaya nəsr nümunəsi qoymuşdu. Necə deyərlər, oxucuları qarşısına yazıçı kimi çıxmışdı.

"Güllə işığında" kitabı həyatımızın ən ağrılı dönəminə, ən yaralı yerinə, yəni müharibə və onun fəsadlarına həsr olunub. Bu povestin süjeti müəyyən mənada gerçəkliyə, yəni iştirakçısı, şahidi olduğumuz hadisələrə əsaslanır. Elə "Güllə işığında" kitabının redaktoru filologiya elmləri doktoru, professor Qurban Bayramov da "Şair Qələndər Xaçınçaylının "Güllə işığında" povestiyaxud "Ölümqandan keçən azadlıq yolu..." adlı yazısında vurğulayır ki, "Qələndər Xaçınçaylının qələmi milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir...". Və bunun ardınca hörmətli professor onu da vurğulayır ki, "Povest Azərbaycan Respublikası Cümhuriyyətinin 100 illiyinə həsr edilibdi. Hadisələr 20 Yanvar qırğını günlərində və erməni işğalçıları ilə Qarabağda gedən döyüş bölgələrindən cərəyan edir". Zənnimcə, bu kiçik iqtibaslar oxucu üçün bir növü yol nişanıdır. O, qarşısında yazı masasının üzərində olan povesti oxumağa başlayarkən söhbətin nədən gedəcəyinə, hadisələrin hansı istiqaməti alacağına artıq özünü hazırlamış olur. Bu da əslində oxucu ilə müəllifi, onun əsərini qarşılaşdırır, üz-üzə gətirir, bir növü maraq dairəsini müəyyənləşdirir. Və beləliklə də povest səhifə-səhifə oxunmağa başlanır...

Mən Qələndər Xaçınçaylının povestini oxuduqca təbii ki, özümə tanış olan məqamların yaddaşımda təzələnməsini də müşahidə etdim. Çünki bəhs olunan detallar həmin dövrün şahidi kimi mənə də bəlli idi. Və üstəlik bu qəbildən olan publisist və eləcə də bədii nümunələr az-çox mənim də mütaliə mətbəximə daxil olubdu. Amma Qələndərin povestində müşahidə etdiyim önəmli fərqlərdən biri onun qəhrəmanlarının Qarabağa, savaş meydanına can atmasıdı. Çünki onlar şimaldan əsən küləyin, onun gətirdiyi qara buludun həyatlarına necə təsir etdiyini öz varlıqlarında, hətta sevgilərində belə hiss ediblər, yaşayıblar. Təbii ki, bu da Azərbaycan insanı olaraq qəhrəmanları qisasa kökləyibdi.

Kitabın redaktorunun vurğuladığı bir məqam mənim də diqqətimi çəkib. Bu da ondan ibarətdir ki, müəllif, yəni Qələndər Xaçınçaylı öz povesti üzərində işləyərkən jurnalistikanın ona verdiyi imkanlardan yararlanıb. Faktları bədiilikdən daha çox publisist yanaşmasıyla öz süzgəcindən keçirirb. Və bir oxucu kimi məni inandırıb ki, adı çəkilən məktəblər, göstərilən ünvanlar məhz bizim tanıdığımız, gördüyümüz, bildiyimiz gerçəkliklərin özüdür. Burada yazıçı təxəyyülü, yazıçı fantaziyası nisbətən arxa plandadır.

Yeri gəlmişkən, burada mütləq qeyd etməyi zəruri sayıram. Yəni demək istəyirəm ki, yurd həsrətli, qaçqın taleli yazarlarımızdan olduğuna görə, Qələndər Xaçınçaylı hadisələrin məhz bu həssas nüanslara daxil olan hissələrində sanki öz yaşamını bədiiləşdirir, ifadə edir. Bir az da açıq desəm, oxucuya, yəni mənə elə gəlir ki, həmin həyat hardasa belə 70-80 faiz Qələndər Xaçınçaylının öz həyatıdır. Üstəlik, o hadisələrin, o həyatın Qələndər Xaçınçaylının şair qabiliyyətinə, şeir imkanlarına da təsiri burada gizlədilmir. Əksinə, povestdə müəllifin istifadə etdiyi qəhrəmanların diliylə oxucuya çatdırdı. Şeir nümunələri də məhz müəllifin öz yaşamının əks-sədasıdı. Bax, bu üsulla da Qələndər Xaçınçaylı nəsr və nəzmi də öz povestində bir müstəviyə gətirir və bununla da həm fikrə, yəni hadisələrin gedişinə bir həznlik, bir oxunaqlıq əlavə edir, həm də oxucunun gözləri qarşısında öz qəhrəmanının duyğularını da canlandırmış olur.

Son olaraq bildirmək istəyirəm ki, mən Qələndər Xaçınçaylının "Zəngəzurda" çap evinin vasitəsilə bizlərə təqdim etdiyi "Güllə işığında" povestini qısa müddətə mütaliə etdim. Necə deyərlər, isti-isti könlümdən gəlib keçənləri müəllifə təbrik kimi çatdırmağı da özümə borc bildim. Necə deyərlər, Qələndər Xaçınçaylı, "Güllə işığında" povestin mübarək! İnşallah, Qarabağın Xarı bülbülünün işığında yeni-yeni əsərlərini oxumaq ümidilə sənə yaradıcılıq uğurları arzu edirəm.

 

Ədalət  2018.- 14 sentyabr.-  S.10.