TÜRK DÜŞÜNCƏSİNİN
İRFAN ÇOBANI
Tədqiqatçı, publisist, sənətşünas, naşir - "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın 55 yaşı tamam olur. Mən onu iyirmi ildir tanıyıram və bu illər ərzində Azərin get-gedə yaşa dolduğunun, amma xasiyyətcə, xaraktercə qətiyyən dəyişmədiyinin şahidi olmuşam. Tanıdığım adamlardan biri də Azərdir ki, yaşa dolduqca daha da kamilləşir, məşğul olduğu peşənin, sənətin lideri olmağa can atır.
Azər Turan 80-cı illərdə ədəbiyyata gəlib və 93-cü ilin müqəddəs Həcc ziyarətindən sonra bu ziyarət onun sonrakı həyatında bir RUH yaddaşına çevrilib. Elə bir Ruh ki, ulu Tanrının dərkolunmaz sirlərini, Peyğəmbərin əsrlərdən bəri insanlara təlqin etdiyi fikir və duyğuları onun da həyat yolunda işığa çevirir. Bu işığın ardınca yüyürüb İrfan Çobanlığına yol alırsan. İslami dəyərlərə tapınmaq türkün böyük öndəri Əli bəy Hüseynzadənin keçən əsrin əvvəllərində bəyan etdiyi "Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq" proqramının tərkib hissəsi idi. Türkləşmək və müasirləşmək (Avropalaşmaq) üçün ilk növbədə, islamlaşmaq lazımmış ki, Azər Turan da sonralar qibtə etdiyi böyük şəxsiyyətlərin iziylə getdi. Qarşıda onu bütün düşüncəsinə hakim kəsilmiş türkçülüyün təbliği və Azərbaycanda - yeni bir dönəmdə yaşarılığını sürətləndirmək idi. Azər Turanın mənim fikrimcə, iki çox qiymətli kitabı var ki, bu iki kitabdakı bir çox yazılar Türkologiya fənninin ən maraqlı fəsilləri ola bilər. Xalq yazıçısı Anar Azərin "İrfan çobanı" kitabına yazdığı "Türk düşüncəsi" məqaləsində yazır ki, Azər Turanın əksər mətnlərindən türklük və türkçülük ideyaları keçir. "XX əsr-Fəryadın metafizikası" kitabını oxuyandan sonra tam bir qənaət hasil oldu - Azər Turan müstəqillik dövründə Azərbaycan ictimai-ədəbi fikrində türkçülüyün əlifbasından tutmuş nəzəri modellərini açıqlayan ən fəal bir türkçüdür. Anar müəllim həmin məqalədə yazır ki, "İrfan çobanı"nı oxuyandan sonra çox şey öyrəndim, çox şey haqqında düşündüm, çox şeylə razılaşdım, razılaşmadığım, qətiyyən razılaşmadığım məqamlar da oldu.
Elə mən də hər iki kitabdan çox şey öyrəndim.
Azər Turanın yazı üslubu sintetikdir - rasionallığın və emosionallığın vəhdətini əks etdirir, yəni bu üslubda sırf alim təfəkkürü ilə emosional esseist düşüncəsi birgə hərəkət edir. Elmi təfəkkür təbii ki, təkcə nəzəri fikirlərin açıqlanması ilə bitmir, burada müxtəlif mənbələr, məxəzlər, faktlar da əsas rol oynayır və Azər Turanın hər bir yazısında onun mütaliə dairəsinin genişliyi ilə rastlaşırsan. Yəni o, çoxlu sayda kitablar oxuyub, arxiv materialları ilə tanış olub ki, fikirlərinə istinad nöqtələri tapa bilir. Amma bu faktlar, müxtəlif mənbələrə istinadlar məlumatfüruşluğa aparıb çıxarmır, müəyyən bir fikrin sadəcə təsbitinə xidmət edir.
Azər Turanın hər iki kitabı, ilk növbədə, Şəxsiyyətlər barədə, daha doğrusu, türkçülüyün baniləri, görkəmli simaları və eyni zamanda, Avropa dühaları haqqında elmi, bioqrafik oçerklərdən ibarətdir. Onun pərəstiş etdiyi, haqqında daha çox söhbət açdığı və daha çox danışa bildiyi şəxsiyyətlər sırasında mən Əli bəy Hüseynzadəni, Şeyx Cəmaləddin Əfqanini, İsmayıl Qaspralını, Nihal Atsızı, Məhməd Akif Ersoyu, Ziya Göyalpı, Əhməd Ağaoğlunu, Yusif Akşuranı, Fuad Köprülünü, Məmməd Əmin Rəsulzadəni, Nazim Hikməti, Ömər Faiqi görürəm. Onun Əli bəy Hüseynzadənin ömür yolu, şəxsiyyəti və yaradıcılığı barədə ayrıca kitabları var və heç bir mübaliğəyə varmadan deyə bilərəm ki, Azərbaycanda Əli bəy Hüseynzadəni ən çox təbliğ edən və bizimləşdirən bir müəllifdir Azər Turan və burada türkçülüyün banilərindən birinə böyük sevgi ilə yanaşı, həm də bu şəxsiyyətin tarix üçün, zamanlar üçün ölməzliyini sübut etmək həqiqəti yaşanır. "Əli bəy Hüseynzadə bənzərsiz universal zəkasıyla dünyanın möhtəşəm coğrafiyasını türk düşüncəsinin siyasi əndazəsinə çevirmiş Atillanın, Bizanqsı süquta uğradan Fatehin davamıydı, eyni zamanda, Atatürk dövrünün başlanğıcıydı... Əli bəy Hüseynzadə də İsmayıl bəy Qaspralı kimi ulus yaradan insanlardan biriydi və vaxtı ilə Abdulla Cövdətin: "Əli bəy sakit, mütəfəkkir haliylə, əsrarəngiz vəzi-üzletperverəsiylə üzərimizdə bir rəsul təsiri icra edərdi" - deməsi də gəlişi-gözəl sözlər deyildi". Əli bəy Hüseynzadənin necə böyük şəxsiyyət olduğunu mən də bir çox başqaları kimi bilirdim, elmi əsərlər, məqalələr bu mütəfəkkir insanı tanımaq və sevmək üçün yetərliydi, amma Azər Turanın Əli bəy Hüseynzadə ilə bağlı elə maraqlı və indiyədək açılmamış faktları, "gizlinləri" var ki, doğrudan heç bir şübhə eləmirsən: "İctimai təfəkkür tariximizdə Əli bəy Hüseynzadə bitib-tükənməyən bir hadisədir... Azərbaycan ədəbiyyatında romantizm cərəyanını başladıb həmin sıradan Cavid, Hadi kimi azmanların ərsəyə gəlməsinə meydan açdığına, bir Əli bəy Hüseynzadə min Əli bəy Hüseynzadə olduğuna görə, ən başlıcası isə ulusyaradan bir dahi olduğuna görə o, XX yüzillikdən başlayan yeni türk sivilizasiyasının ermişi və irfan çobanıdır".
Tədqiq etdiyi şəxsiyyətlərin hər birinin tarixi xidmətlərini, türkçülükdə, Turan dünyasında yerini, mövqeyini dəqiq anladığı üçündür ki, Qaspralı möcüzəsi də, Ziya Gökalp həqiqəti də, Yusif Akşuranın yenilikçi düşüncələri də bütün dolğunluğu ilə gözlərimiz qarşısında canlanır. Heç şübhəsiz, Azər Turanın türkçülüyün inkişafında fikir mücahidləri ilə yanaşı, poetik şəxsiyyətlərin də roluna biganə qalmır, bəlkəsiz böyük önəm verir. Türkün böyük şairləri həmişə türkçülükdə, Türkün mənəvi əzəmətini bəyan etməkdə ön sırada olmuşlar. "İstiqlal marşı"nı yazan Mehmet Akif Ərsoy kimi, qəhrəmanlıq duyğusunu millətin mənəvi-sosial mahiyyəti kimi dərk edən Nihal Atsız kimig
Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
Nə də yıldızlar kimi parlayıb sönməməkdir.
Qəhrəmanlıq içərək acı ölüm tasından,
İrəliyə atılmaq və sonra dönməməkdir.
Bunun üççün ölümə bir atılış gərəkdir,
Atılışdan sonra da bir daha dönməməkdir.
Azər Turanın hər iki kitabında keçmiş və
bu günümüz bir vəhdətdə dərk edilir. Alp Ər Tonqadan, Bilgə
Kağandan, Hüseyn Bayqaradan, Xətaidən, Mahmud Kaşqaridən,
Əlişir Nəvaidən başlayan türk möcüzələri
ilə XX əsrin sivill türk dünyası qətiyyən
bir-birindən təcrid olunmur.
Azər
Turanın düşüncəsində Türk dünyası
və türkçülük Dünya-Avropa mədəniyyətindən
və sivilizasiyasından ayrı deyil, təbii ki, burada iki
düşüncə tərzi olsa da, bəzən bir-birini təkzib
edən fikirlər meydana çıxsa da, bir-birilə həmahəng
səslənən məqamlar da diqqəti cəlb edir. Yoxsa Əli bəy Hüseynzadənin, Ziya
Gökalpın türkçülüyün mənəvi
düsturuna çevirdikləri bəndlərdən biri -
"müasirləşmək", Avropalaşmaq"
şüarı əbəs yerə səslənməzdi.
Yoxsa Şarl Bodler və Tofiq Fikrət, Ceyms Coys və Əli bəy
Hüseynzadə, Eduard Munk və Məhəmməd Hadi paralelləri-səsləşmələri
də əhəmiyyətsiz görünərdi. Yoxsa Azərbaycan bədii düşüncəsində
modernizm dalğasının ilk dəfə Əli bəy
Hüseynzadənin yazılarında qabarması baş verməzdi.
Modernizmi, ümumən dünya ədəbi cərəyanlarını
mükəmməl mənimsədiyinə görədir ki, Azər
Turanın Nazim Hikmət, Rəsul Rza, Anna Axmatova, Çingiz
Aytmatov, Anar, Cemal Süreya, Orxan Vəli haqqında
yazıları da XX-XXI əsr dünya ədəbi nəhənglərinin
portretini canlandıra bilir.
Azər Turanın bir dahi-həmişə pərəstiş
etdiyi sənətkar var ki, mən bilərəkdən bu
xüsusda söhbəti sona saxladım. Bu - Hüseyn
Caviddir. Hüseyn Cavidin
yaradıcılığı Azər Turanı, məncə, əlinə
qələm alıb ilk bədii, publisistik, elmi
yazılarını yazan gündən
düşündürüb. Yoxsa, onun
Şah əsəri sandığım "Cavidnamə"
bitkin bir əsər kimi meydana gəlməzdi.
İstisnasız olaraq "Cavidnamə"ni
Azərbaycan Cavidşünaslığının yeni bir
uğuru hesab etmək olar. Bu əsərdə böyük sənətkarın
ömür yolu, yaradıcılığının tarixi,
elmi, ədəbi, teoloji qaynaqları və s. problemlər
araşdırılır. Müəllif "Bioqrafik məqamlar",
"Cavidin İstanbul dövrü, bilinən və bilinməyən
məqamlar", "Türk erasının iki zamanı",
"Hüseyn Cavid yaradıcılığının ədəbi,
elmi, tarixi, məfkurəvi və teoloji qaynaqları",
"Əbədi Turan" bölmələrində
Cavidşünaslıqda yeni səslənən maraqlı
faktlarla qarşılaşırıq. Məsələn,
Cavidin İstanbul dövrü haqqında
cavidşünaslıqda bilgilər o qədər də yetərli
deyildi.
Bu boşluğu Azər Turan aradan qaldırır. O, söhbətə Cavidin
İstanbulda təhsil aldığı dövrdə Osmanlı
imperatorluğunun siyasi vəziyyətinin təsvirindən
başlayır. Yəni Cavidin ictimai-siyasi məfkurəsinin
formalaşmasında bu faktorun da rolu az
deyil. Cavid İstanbula o zaman gəlmişdi ki,
Osmanlı imperatorluğu çökməyə
başlayırdı. Cavid hürriyyət tərəfdarı
idi.
Cavidin estetik görüşlərinin
formalaşmasında bir çox türk yazarlarının rolu
olmuşdur. Cavidin bütün sonrakı
yaradıcılığında, sənət kredosunun müəyyənləşməsində
ən böyük təsir A.Turanın fikrincə, Tofiq Fikrətdən
və Hamiddən gəlir. Fuad Köprülünün
1942-ci ildə yazdığı məktubundan sitat gətirir
A.Turan: "Cavid Hamidin qüvvətli təsiri altında
qalmaqla bərabər, doğrudan-doğruya Tofiq Fikrətin təqlidçisi
və təqibçisidir Hüseyn Cavid
yaradıcılığı, yalnız dil baxımından
deyil, ümumiyyətlə, fikir və sənət
baxımlarından da Hamid və Fikrət təsirlərinin bir
halitası kibi tələqqi oluna bilər".
Tofiq Fikrətin dini-həyat adlandırdığı
pozitivizm fəlsəfəsindən də qaynaqlanırdı
Cavid. Onun
İstanbulda təhsil aldığı illərdə türk ədəbi
camiəsinin ən tanınmışları, o cümlədən,
Cavid yaradıcılığı üzərində
güclü təsir buraxmış Tofiq Fikrət, Rza Tofiq, Cənab
Səhabəddin, Xalid Ziya bu fəlsəfənin təsiri
altında idilər. Rza Tofiq (1869-1949) Cavidin gələcək
inkişafına, yaradıcılıq və
dünyagörüşünün təkmilləşməsinə
güclü təsir etməliydi. Çünki
Rza Tofiq irfan fəlsəfəsinə, təsəvvüf ədəbiyyatının
qaynaqlarına, Qərb və xüsusən Nitsşe fəlsəfəsinə
yaxşı bələd idi. Rza Tofiq Cavidin
daha çox fəlsəfi biliklərinin kamilləşməsində
yardımçı olur.
A.Turanın
təqdim etdiyi bir maraqlı fakta diqqət yetirək:
"1937-ci ilin istintaq dindirilməsi zamanı Cavid Cümhuriyyət
dövründə Məmmədəmin Rəsulzadə ilə
heç bir əlaqəsinin olmadığını desə də,
əslində, həmin illərdə Rəsulzadə ilə
Hüseyn Cavidin arasında isti münasibətlərin
mövcudluğunu təsdiq edən dəlillər vardır.
Cavid Rəsulzadənin bacanağı Seyid Hüseynlə
çox yaxın dost idi və Turan Cavidin bildirdiyinə görə,
H.Cavid Bakıya köçəndən sonra Mişkinaz
xanımla birgə ilk yay mövsümünü Seyid
Hüseynin Novxanıdakı bağında keçirmişdi. Adətən, həmin görüşlərdə Rəsulzadə
də iştirak edirdi. Cavidlə Rəsulzadənin
arasındakı məhrəm münasibətlər barədə
Seyid Hüseynin qızı Qumral Sadıqzadə də öz
memuarlarında "Hüseyn Cavidlə Məhəmməd
Əmin yaxın dost idi" - deyə bəhs edir".
Cavidin müsavatçılarla əlaqəsi olubmu? Bu haqda
cavidşünaslıqda müəyyən bir məlumata rast gəlmirik.
Amma Azər Turan bu məsələni
aydınlaşdırır. Yazır ki,
Mikayıl Talıbzadənin istintaq zamanı ifadəsində
bildirilir ki, "Müsavat" partiyasının lideri Rəsulzadə
Azərbaycanda müsavat təşkilatı ilə əlaqəsini
və rəhbərliyini professor Əliyev və
yazıçı Hüseyn Cavid vasitəsilə həyata
kesirirdi".
Azər
Turanın təqdim etdiyi bu məlumatın doğrumu,
yalanmı olduğunu deyə bilmərik, amma A.Turan NKVD-dəki
istintaq zamanı Hənəfi Zeynallının ifadəsini
misal gətirir: "Azərbaycanın türklər tərəfindən
işğalı zamanında təbliğat aparan Cavid
müsavatıngideoloqudu".
Buna
inanmaq olar! Çünki A.Turanın fikrincə,
Cavid Müsavat partiyasının üzvü olmasa da,
müsavat hökumətinin baş ideoloqlarından biri kimi
tanınırdı. Hətta, 1919-cu ildə
Hüseyn Cavid Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci
ildönümü münasibətilə Gəncədə
keçirilən mərasimə dəvət olunmuş və həmin
tədbirdə iştirak etmişdi.
İyirminci illər Hüseyn Cavidin həyatında
"böhranlı" illər kimi xarakterizə olunurdu. Əslində,
belə deyildi. Cavid yenə yazır,
yaradırdı, əsərləri ən çox teatrda
oynanılan müəlliflərdən biri idi (C.Cabbarlı ilə
birgə). Cavid özünü ədəbi-mədəni
tədbirlərdən qətiyyən kənara çəkmirdi.A.Turan
bəzi faktları nəzərə çarpdırır:
1920-ci ildə S.M.Qənizadə, H. Şahtaxtlı,
V.Tomaşevski ilə birlikdə yeni əlifba
komissiyasının tərkibinə daxil edilir. İyirminci illərin
əvvəllərində Cavid Nəriman Nərimanovun
qayğısını hiss edir, Nərimanov tez-tez Cavidə
baş çəkirmiş. İyirminci illərin
əvvəllərində Bakıda Cavidin adını
daşıyan qızlar məktəbi fəaliyyət göstərib.
Bakıda Təzə Pir məhəlləsində Cavid adına Xeyriyyə Cəmiyyəti
yaradılıb. Amma bununla yanaşı, Cavidin
ailəsi maddi cəhətdən korluq çəkirdi. "Peyğəmbər" və "Topal
Teymur"dan sonra ədəbi tənqid Cavidə qarşı
hücuma başlayır. Azər Turan
haqlı olaraq yazır ki, məfkurəvi tərəddüd və
böhran illəri Cavid yaradıcılığında deyil, əslində,
Azərbaycanın siyasi-mənəvi həyatında baş
verirdi.
Cavid 1926-cı ildə Bakıda keçirilmiş Birinci
Türkoloji qurultayda qonaq kimi iştirak edir. A.Turanın bu
qurultayla bağlı təqdim etdiyi məlumatlar maraq
doğurur. Qurultayda Azərbaycan romantik ədəbiyyatının
qurucusu Əli bəy Hüseynzadə də iştirak edirdi və
o, əlifba ilə əlaqədar ərəb qrafikasını
tərk etməməyin tərəfdarıydı. Cavid "Mən nə lanrıçıyam, nə də
islahçı" desə də, əslində, o da əlifbaya
toxunulmamasının tərəfdarı olub.
...A.Turan
daha başqa məlumatları da diqqətimizə
çatdırır. Məsələn, 1936-cı ildə
Cavidin Mircəfər Bağırova məktub göndərməsi...g
"Möhtərəm M.Cəfər Bağırov
yoldaş! Son zamanlarda mənə və yazılarıma
qarşı istər mənəvi, istər maddi cəhətdən
qaba və soyuq bir keçilməzlik var. Bu da yalnız tək-tək
şəxsləri karpizindən irəli gəlməkdədir.
Cəsarət olsa da, fikrinizi bu nöqtəyə
cəlb etməklə, 30 ildən artıq əmək sərf
edən xəstə və yorğun bir
yazıçının halini düşünməyinizi rica
edirəm". Mir Cəfər
Bağırov məktubla əlaqədar oktyabrın 22-də
Hüseyn Cavidi Mərkəzi Komitənin binasına dəvət
edib məsələni aydınlaşdırmağı, büro
üzvlərini məlumatlanlandırmağı Hüseyn Rəhmanovla
Ruhulla Axundova tapşırır. Bu məsələnin
sonrakı mərhələsi barədə heç bir məlumata
rast gəlmədim".
Nəhayət,
1937-ci il gəlir. Təqiblər,
təzyiqlər son həddə çatır. Dövlət
Təhlükəsizlik İdarəsinin 3 iyun 1937-ci il tarixli 509 saylı orderi ilə NKVD-nin 4-cü
şöbəsinə Hüseyn Cavidin evində axtarış
aparılması tapşırılır. Axtarışı
Pavlov, Federenko və Sərkisyan aparır. A.Turan
iyunun 3-dən 4-nə keçən gecə Cavidin həbsindən
ətraflı söz açır. Təbii
ki, Mişkinaz xanımın xatirələrindən istifadə
olunur. Cavidin həbsindən sonra onun ailəsi
Kommunist küçəsindəki evdən
çıxarılır, Sovet küçəsindəki 92
saylı evə köçürülür. Cavid ailəsinin əzablı günləri bundan
sonra başlayır.
Azər Turanın Cavidin həbsi ilə bağlı təqdim
etdiyi məlumatlar da Cavidin həyatının ən gərgin,
ən üzüntülü anlarını əks etdirmək
baxımından dolğun təsir bağışlayır. "Cavidin
istintaq prosesi iki il bir ay çəkmişdi. Və nəhayət,
1939-cu il iyun ayının 9-da keçirilmiş xüsusi
müşavirədə Hüseyn Cavid, heç bir dəlil-sübut
olmadan "antisovet təşkilatda iştirakına və təbliğatına",
"Türkiyənin şpionu,
müsavatçı-pantürkist, əksinqilabi təşkilatın
üzvü, əksinqilabi fəaliyyətinə, ədəbiyyat
və dramaturgiya sahəsində gənclərin millətçi
əksinqilabı ruhda tərbiyə olunması istiqamətində
gördüyü işlərə, pantürkist ideyaların
yayılmasına xidmət etdiyinə görə" (və
guya Hüseyn Cavidgİran, Dağıstan, Ermənistan və
Gürcüstan ərazilərindəki bütün Azərbaycan
torpaqlarını birləşdirib, burjua təmayüllü
müstəqil Azərbaycan dövləti yaratmaq uğrunda fəaliyyət
göstərən pantürkist əks-inqilabçı təşkilatın
üzvləri arasındaymış) səkkiz il müddətinə
azadlıqdan məhrum edilir və islah əmək düşərgəsinə
göndərilməsi qərara alınır. Müşavirənin
başqa bir qərarı ilə o, 1939-cu il
iyulun 4-də Vladivostoka sürgün edilir. İstiqamət
olaraq Koluma qeyd olunur". Cavid 1941-ci ilin
dekabr ayında, 59 yaşında Sibirdə dünyasını
dəyişir.
A.Turan Hüseyn Cavidin itkin əsərləri haqqında
da məlumat verir. H.Cavidin müsadirə olunmuş altı əsəri
var: "Attila", "Çingiz", "İblisin
ilhamı", "Telli saz", "Şəhla" və
"Koroğlu". "Telli saz"ı H.Cavid
1921-ci ildə Tənqid-Təbliğ teatrına təqdim edib.
Hətta rollar da bölünüb. Son məşqlərə qədər əsərin
tamaşası hazırlanıb, amma faciəyə müəyyən
dəyişikliklər edilməsini tələb edən məmur-tənqidçinin
müdaxiləsinə rəğmən, Cavid onun oynanmasına
etiraz edib. "Şəhla" əsərini
o zaman Ədil İskəndərov tamaşaya qoymaq istəyib,
hətta əsər dram teatrının repertuarına da daxil
edilib. Cavidin son yaradıcılıq
işi "Koroğlu" filminin ssenarisi ilə bağlı
olub. Amma bu ssenaridən də xəbər
yox. Bütün bu məlumatları A.Turan nəzərimizə
çatdırır və biz də onun kimi ümid edirik ki,
haçansa bu itkin əsərlər tapılacaq...g
Azər Turanın "Cavidnamə" kitabında Cavidlər ailəsinin digər üzvləri-Mişkinaz xanımın, Ərtoğrol Cavidin və Turan Cavidin də həyatı, böyük Cavidlə birgə keçirdiyi günlərin təəssüratı, Cavidsiz keçən ağrılı-acılı, əzablı illərinin səhifələri vərəqlənir. A.Turan Ərtoğrolun yaradıcılığını-şair, bəstəkar, rəssam, folklorşünas, pedaqoq, nasir, dramaturq, ədəbiyyatşünas, dilçi, kinossenarist, musiqiçi kimi fəaliyyətinə aid xeyli misallar gətirir.
Akademik İsa Həbibbəyli A.Turanın "Tahir Rasizadə" kitabına yazdığı ön sözdə qeyd edir ki: "Hüseyn Cavid haqqında artıq bütün problemlərin həllini tapdığını düşünmək doğru olmazdı. Azər Turan Azərbaycan cavidşünaslığında yeni hadisənin ifadəsidir. Bu yenilik Azər Turanın timsalında elmiliklə publisistikanı və bədii düşüncəni vahid məcrada birləşdirmək bacarığında ehtiva olunur".
Bu yazıda mən Azər Turanın yalnız üç əsərindən söz açdım. Onun Azərbaycan türkçülüyünün inkişafında uğurlarını müxtəsər qeyd etdim. "Ədəbiyyat qəzeti"ndəki Baş redaktorluq fəaliyyətindən söz açmadım. Buna ehtiyac duymadım. Çünki hər həftənin şənbə günü bizi sözün əsl mənasında Azərbaycan və Dünya ədəbi aləminə çəkib aparan "Ədəbiyyat qəzeti"dir, onun maraqlı yazılarıdır. Həm 55 yaşlı Azər Turana, həm də 85 yaşlı "Ədəbiyyat qəzeti"nə uğurlar arzulayırıq.
Ədalət.-2018.-15 sentyabr.-S.9;15.