O, əsl
insan idi
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ
(əvvəli ötən saylarımızda)
Bir andaca yer-göy başıma fırlandı!.. Donub qaldım. Qəşəm yazıq bəlkə də bu xəbəri
mənə beləcə
deməsinə yaman peşman oldu. Dostluğumuzu bilirdi, xəbəri
vardı. Ancaq hardan
biləydi ki, bu xəbər məni belə sarsıdacaq. Rəngimin
qaçdığını, uçunduğumu görüb
mənə səbir verməyə çalışırdı:
-Həyatdır da. Allah rəhmət eləsin. Ancaq, heyf ki, çox tez getdi. Yaxşı adam idi.
Hamıya qayğı göstərməyə
çalışırdı. Xüsusilə də gənclərə...
Mən ona heç nə demədən otaqdan çıxdım. Heç qapımı bağlamaq
üçün öz
otağıma da dönmədim. Birbaş evə
gəldim. Qapıdan
içəri girən
kimi həyat yoldaşım narahat halda soruşdu:
-Noolub sənə?!.
-...
-Sən Allah, noolub sənə?!.
-...
-Öldürmə də məni! Bir dillənsənə?!.
Danışa bilmirdim. Sanki dilim tutulmuşdu.
-Əlfi... müəllim...
vəfat edib... - Bu sözləri hönkürtü,
göz yaşları içində necə dedimsə, indi də xatırlayanda, gözlərim dolur. Evimizdə hamı
mənə qoşuldu.
Həyat
yoldaşım, qızlarım...
Səsimizə qonşular
tökülüşdü... Bizi sakitləşdirə bilmirdilər.
Bu dostluqdan, bu səmimiyyətdən xəbərsiz
olanlar sadəlövhlüklə
soruşurdular:
-Yəni sizin Bakıda belə yaxın qohumunuz var?
Heç
kim inanmırdı
ki, dost üçün
beləcə - ailəliklə
göz yaşı axıdarlar. Nə biləydilər ki, o mənim üçün,
ailəmiz üçün
dost yox, ən yaxın, ən doğma bir adam idi.
Gecəylə hazırlıq görüb
ailəliklə Bakıya
yola düşdük. Dayım
da bizimlə idi...
Bizi Əlfi
müəllimin qardaşları
Fazil, Elman qarşıladı. Nədənsə
Vüqarın, İlqarın
üzünə baxa bilmirdim. Qızı Gülnarın ata
həsrətli nidaları,
iniltili səsi hey eşidilməkdə idi.
İlahi, Əlfi müəllim onu necə də çox istəyirdi...
Qadınlar evdə oturdular, biz isə həyətdəki
mağara endik. Gələnlərin bəzisini tanıyırdım.
Çoxu ilə elə Əlfi müəllim tanış
etmişdi məni.
Sanki qanında, canında
idi... İstəyirdi yaxşılar bir-birini
tanısın. Arada Rəhilə
xanıma başsağlığı,
təsəlli vermək
üçün yuxarı
qalxdım, amma nə deyəcəyimi, necə görüşəcəyimi
bilmirdim. Məni
görcək göz yaşları içində
boynumu qucaqladı, başını çiynimə
qoydu, ürəkparçalayan
səsi eşidildi:
-Ay Əlfi, hardasan?.. Evimizin qəfləti
qonağı Əlisəfa
gəlib, ay Əlfi!..
Özümü saxlaya bilməyib ona qoşuldum. Bizi güclə sakitləşdirdilər...
O hadisədən sonra uzun müddət Bakıya gedə bilmədim. Elə bil bu boyda
şəhər mənim
üçün mənasını
itirmişdi... Arada, dörd
qızdan sonra bir oğlumuz da oldu. Evdə onun adını Əlfi qoymaq istədilər. Razı olmadım.
"Rəhilə müəllimənin
üzünə baxa bilmərəm" dedim...
Hərdən onlara yolum düşəndə
Əlfili, xoşbəxt
günlərimizi xatırlayıb
kövrəlirik.
Onu heç
unutmaq olar? Hər dəfə
Bakıya yolum düşəndə məzarını
ziyarət edirəm.
Bir dəfə də oğlu Vüqarla bir dəstə qərənfil alıb getmişdik. Məzarı
önündə susub
qaldıq...
Bir dəfə
də Bakıya çatan kimi məzarlığa getmək
üçün gül
dəstəsi aldım. Uzaqdan-uzağa
tanıdığım sürücü
qımışdı:
-Müəllim, deyəsən
görüşə gedənə
oxşayırsan ha...
Bir söz demədim. Üzümdəki ciddiliyi görüb
susdu.
-Şəhər qəbiristanına
sür, - deyəndə,
peşman-peşman üzr
istədi. - Burda yaxın adamınız dəfn olunub sizin? - soruşdu.
-Bəli...
-Kimdir ki?
-Əlfi müəllim.
-Hansı Əlfi?
-Yazıçı Əlfi
Qasımov.
-Hə, aydındır,
Allah rəhmət eləsin.
Sizinlə dost olduğunu
eşitmişdim. Yaxşı yazıçı
idi. Çox heyf ki,
"Toy gecəsi" yarımçıq
qaldı.
-Əlimizdən nə gəlir ki... Bəlkə oğlu tamamlayacaq...
-Oğlu da yazıçıdır?
-Hə, İlqar Qasımovu tanımırsınız
bəyəm? "Qorxu" povesti "Ulduz" jurnalında çıxmışdı. Bir müddət xaricdə işlədi, indi televiziyadadır.
-Ə, yoxsa o "Dalğa"
verilişini aparan bığlı oğlanı
deyirsən?
-Özüdür ki, var. Elə az-çox, atasına oxşayır. Amma balaca oğlu
Vüqar lap elə bil Əlfi müəllimin
özüdür.
-Belə de də. Ay halal olsun ona
Əlfinin çörəyi.
Ay veriliş aparır
ha! Adamın ürəyindən tikan çıxır.
Arada deyəsən onu da yaman
sıxma-boğmaya salıblarmış...
Biz sürücülər beləyik də - qulağımıza hər
şey çatır.
Deyilənə görə,
hətta xəstəxanaya
da düşübmüş...
-Hə, elədir. Mən də eşitmişdim.
Şükür ki, indi yaxşıdır, yenə qayıdıb işinə...
Sürücü maşınını xeyli
kənarda saxladı. Hər ikimiz
üzərinə gül-çiçək
qoyduğumuz məzarla
üz-üzə durduq.
Sürücünü məndən artıq
kövrəlmiş gördüm.
-Allah rəhmət eləsin. Tanıyanlar bu kişini çox yaxşı adam
deyirdilər. Yaxşılar
tez gedir də... Deyirəm bu dünyanın qəribə işləri
var ha... Lap məəttəl
qalmalıdır.
Adam var ki, yaşlaşsa
da, üzü qarağac qabığına
dönsə də, yaşayır ha... Elə bil belələriylə ölüm də bacarmır - şiniyib dururlar...
Bu baməzə sürücüdən
ayrılandan sonra gəlib Axundov bağında əyləşdim. Bir zamanlar Əlfi müəllimlə oturduğumuz
həmin oturacaqda... Sonra da dəniz sahilinə
getdim. Onunla ötən günlərin
şirin xatirələri
qoynunda xumarlana-xumarlana
pıçıldaşmaq, Əlfi müəllimlə
bağlı anları,
günləri, ayları,
illəri xatırlamaq
üçün.
Tez-tez gedə
bilməsəm də,
hər bayram Rəhilə müəlliməni,
onun şəxsində
bütün Qasımovlar
ailəsini təbrik edirəm. Çox vaxt teleqramla.
Bunu özümə mənəvi
borc bilirəm. Axı Rəhilə xanımın qəlbimdə
yeri bir başqadır.. Özümə mənəvi
ata bildiyim, xeyirxahım, yol göstərənim Əlfi
müəllimin istəklisi,
ömür-gün yoldaşı,
sevimli Qara qızıdır Rəhilə
xanım... Necə mehriban, səmimi
idi münasibətləri.
Lap köks ötürməli
münasibət. İndi taleyin
işinə bax.
Şair Nəriman Həsənzadənin
Rəhilə xanıma
həsr etdiyi, bu günlərdə "Ədəbiyyat və incəsənət" qəzetində
dərc olunan şerini mən göz yaşlarsız oxuya bilmədim. O yazı məni yenə də xəyalən o xoşbəxt
günlərə apardı
və qeyri-iradi, istər-istəməz kövrəltdim.
Unudulmaz Əkbər Ağayevin "Dostlardan biri" yazısını
oxuyanda da, beləcə kövrəlmişdim...
Əlfi müəllimin altmış
illik yubileyini biz evimizdə böyük təntənə ilə qeyd elədik. 5 yanvar, 10 mart günləri
bizə həmişə
əzizdir. Axı onlardan
birində Əlfi Qasımov dünyaya gəlibsə, birində də vurğunu olduğu bu işıqlı dünya ilə vidalaşıb, hamımıza əlvida söyləyib. Heç şübhə
etmirəm ki, mənsiz də o gözəl insan bizim ailədə həmişə hörmətlə
xatırlanacaq, məhəbbətlə
yad ediləcək.
Axı onu həmişə bir ailə üzvümüz
bilmişik. Necə
ki, bir dəfə
Əlfi müəllim
mənə demişdi:
"Əlisəfa, sənə
necə deyim, adamın həyatda çox dostu, tanışı olar. Ancaq ev
elə müqəddəs
bir yerdir ki, qapını kiminsə üzünə
açanda arxayın olmalısan. Sən öz səmimiyyətinlə,
istiqanlılığınla inan ki, bizim
ailənin lap bir üzvü olmusan. Biz sənin xətrini
çox istəyirik.
Sən mənim qardaşımsan..."
1983-cü ilin avqustunda
"Şirmayi bıçaq"
hekayəm. "Ədəbiyyat
və incəsənət"
qəzetində dərc
olunanda, necə də sevinir, "Sən əsil yazıçısan!..."
deyidi.
***
Mən bütün bunları bir qədər genişliyi, təfərrüatıyla
ona görə yazdım ki, taleyimə düşən
narahat illərdə yazıçı Əlfi
Qasımovun mənim üçün kim
olduğunu biləsiniz,
onun qədərsiz xeyirxahlığından xəbərdar
olasınız, gözəl
ədibimizi yaxından
tanıyasınız. Biləsiniz
ki, o həqiqətən
qayğı göstərməyi
bacarırdı!... Əsl insan, əsl yazıçı idi!..
Əlisəfa Azayev
Ədalət.-2018.-15 sentyabr.-S.4.