Kəbəmdir, pirimdir yurd yerim mənim

 

Vasib

Hüseynəliyev

 

Doğma yurd yerinin həsrəti məni

Gəmirir qurd kimi, didir şir kimi.

Gedib o yerləri bir görsəydim,

Hər daşın öpərdim kəbə, pir kimi.

 

Gözümün önündən getmir surəti,

Gənclik illərimin sevgisi kimi.

Allahım, yaşat sən bu məhəbbəti,

Daima ilk eşqin dəlisi kimi.

 

Vətən eşqi ilə döyünsün ürək,

Arzu, diləyinə çatan günədək.

Sonrası sənlikdir özün bilərsən,

Demərəm bircə an aman ver görək.

 

Deyirlər qocalıq güc gəlir mənə,

Onunçün o yurda çox can atıram.

Allahım əzəldən bəllidir sənə,

Vətənlə oyanıb, onnan yatıram.

 

Şəhidlik ucadan uca bir zirvə

Şəhidlik dünyanın elə zirvəsi,

Əlini uzatsa Allaha çatar.

O uca zirvəyə çatan hər kəsi,

Vətən özünə bərabər tutar.

 

Şəhidlər ölmürlər deyir insanlar,

Bu sözün çox böyük məna yükü var.

Şəhidlik o qədər uca bir məkan,

Ölümün orada gözü qaralar.

Qorxudan ölümün rəngi saralar.

 

Ölümdən qorxmayan igid oğullar,

Qartal tək şığıyır onun üstünə.

Onlar bu qeyrətlə, bu cəsarətlə,

Ölümün özünü öldürür onlar.

İgidlər ölməzdən bircə an əvvəl,

Qorxudan ölümlər edir intihar.

 

İgidlər Vətənin yanan çırağı,

İgidsiz yaşarmı Vətən bircə an?!

İgidsiz ucalmaz elin sorağı.

İgidlər qisası alar qana-qan,

Onlardır düşmənin qanın donduran.

 

Bu qisas yolunda canından keçən,

Şəhidlik zirvəsin odur fəth edən.

Sən ey igidlikdən gen-bol bəhs edən!

Şəhidlər yapışdı sənin əlindən.

Şəhidlər canını sipər eylədi,

Qoymadı üstünə yerisin düşmən.

Sən tut onların belindən gələn

Oğulun əlindən,qızın əlindən.

Yerisin o da!

Onu aparacaq genindən gələn

İgidlik yenə haçansa oda.

 

Kəndimin cənubdan

çəkilən şəkilinə baxarkən

 

Yenə doldu gözlərim,

Yenə xəyala daldım.

Dərdi düşmən əlindən

Elə bil satın aldım.

 

Göy üzündə buludun,

O da pərən-pərəndi.

Yenə o buludun,

Gözü ki, üstündədi.

 

Araz da sənnən qoşa,

Yenə lal axır araz.

İstər qədər coşa,

O səsinən ağlamaz.

 

Dərdlər görübdü Araz!

Bu millətin dərdindən,

O da udmamış olmaz.

Bəlkə ağlamaqdan

Sonda sönübdü Araz.

Bəlkə qınanmaqdan

Üzün dönübdüAraz?

 

Bu talesiz millətin,

Bir Araz dərdi var.

Qəzəbin,həm nifrətin,

Hərdən ona ünvanlar:

"Sən bölübsən Vətəni,

Sənsən Araz günahkar."

 

İndi mən özüm Vətən,

Bölük-bölüyəm indi.

Canım səndə qalıbdı,

Ruhsuz ölüyəm indi.

 

Xatirə- ömür

 

Hər ömür bir xatirədir,

Xatirə yox ömür bitər.

Ömür var ki,bir qətrədir,

Xatirəsi ümman qədər.

 

Xoşbəxt odur,o ömür ki,

Bu dünyada izi qalar.

Özü külə çevrilsə ,

Ürəklərdə közü qalar.

 

Ədalət  2018.- 21 sentyabr.- S.14.