MORŞİNDƏ "STALİNİN
ÖLÜMÜ"
hekayə
Müzahim
İSMAYILZADƏ
Sanatoriyanın zirzəmisi Liliya Vasilyevnanın boyuna biçilmişdi, çox alçaq idi, qadının buralarda sərbəst hərəkət etməsinə baxma, şəxsən ona elə gəlirdi ki, indicə başı harasa toxunacaq, odur ki, qorxa-qorxa hərəkət edirdi. Pəncərənin bozarmış üzlərindən düşən işıq bəyaz qaranlığı düz xətt boyunca kəsirdi. Balaca otağın balaca qapısının üstünə yazılmış "Kitabxana" və "Müdir Liliya Vasilyevna Berejnoy" sözlərini işıq salmasan oxumaq mümkün deyildi. Ətrafdan kəsif qoxu adamın burnunu acışdırır, gözlərini yaşardırdı. Ayaqyoluna gələnlərin sayı az olardı, çünki burada kitabxanadan savayı bir də təsərrüfat alətləri və sanatoriyanın lazımsız əşyaları toplanmışdı. Belə tozlu-paslı yerə gəlmək kimin ağlına gələrdi? Müalicə otaqlarının bəziləri birinci bina sayılan inzibati məkanın ikinci mərtəbəsində yerləşirdi. Buraya ya yolunu təsadüfən azanlar, ya da kitab həvəskarları gələ bilərdilər.
Liliya Vasilyevnanı rütubətli otağında görənlər dərisi başdan-ayağa qırış-qırış olmuş 90 yaşlı qadına heyrətlənə bilərdilər. Canı sulu olan bu qadın yaşına uyğun olmayan hərəkətlərlə özünü cavan göstərirdi və deyirdin çoxdan təqaüddə olan qadın bütün illər boyu sanatoriyada müalicə olmuş, ona görə də belə cavan qalmışdı. Saçını oğlansayağı kəsdirmiş, gözlərinə göy rəngli qələm sürtmüşdü, - bu onu əcaib göstərirdi. Ancaq ixtiyar qadın demək olar ki, bunu heç vecinə almır, öz bildiyi kimi davranır, hələ qeyri-millətlərə yuxarıdan aşağı baxırdı. Onda eqoistlik cizgiləri özünü o dəqiqə büruzə verirdi.
- Kitab istəyirsiniz?
- Bəli.
- Bakıdan gəlmisiniz?
- Bəli.
- Çöldə beş dəqiqə gözləyin, buraları səhmana salım.
Əslində özünü qaydaya salacaqdı. Buralara nə olub ki? Stolun üstündəki qəzetlər, kitablar və qeydiyyat kitabçaları səliqə ilə üst-üstə yığılmışdı. Divardakı saata baxdı. İşə gecikdiyini hiss edib özünü o yerə qoymadı.
- Poçta getmişdim. Qəribə adamlardı, neçə günün qəzet-jurnallarını gətirməyirlər. Hamını ixtisara salıblar. Elə şey olar? Bu günün qəzeti bu gün də çatdırılmalıdı, yoxsa kimə, nəyə lazımdı? Mən özüm gedib gətirdim. İnnən belə gərək hər gün özüm gedəm. Məcburam.
- Sən qadında həvəsə bax! - düşündü öz-özünə. Onun yaşıdlarının əksəriyyəti indi o biri dünyadadı, sümükləri də çürüyüb.
- Poçt uzaqdımı?
- Yox, odey kilsənin yanında. - Çətirini də asılqana keçirib oturdu. - Sizinkilər burada lap çoxdular. Bizimkilərdən çox.
- Hə. Müalicəyə gəliblər.
- Nə müalicə? Bizim qadınlardı, sizin də kişilər. Hamısı da tək gəliblər. Arı pətəyə cuman kimi cumurlar.
- Qoy
cumsunlar.
- Nə
deyirəm? Sən necə? Tək
gəlmisən?
- Hə.
-
Görürsən? Neçə gündü gəlibsən?
- İki gündü.
-
Tapmısan? - Onun həsədlə verdiyi suala düzgün
cavab verdi.
- Əlbəttə.
-
Buranınkı sudu. Səhər, günorta, axşam su
iç. Çox xeyirlidi. Mədə,
bağırsaq, qara ciyər, öd. Çox
yaxşı sudu. Bu ətraflar
görürsən, hamısı su daşıyır. Deməli, xeyirlidir ki, aparırlar. Hə, bir də
klizmaları qəbul et. O da vacibdi. Heç elətmisənmi?
- Hələ
yox.
- Hökmən
elətdir. Vanna da pis deyil. Görüm
qeydiyyat kitabçanı?
- Otaqda
qoymuşam.
- Onsuz verə
bilmərəm. Adına kitabça
açmalıyam. Bəs məlumatları
necə yazım. Olmaz.
Buraya bir də gələcəyini şübhə
altına aldı, bu istirahət günü kitab nəyinə
lazım idi? Doğrudan da, otağında televizor vardı,
kanalları axtarsaydı nəsə tapardı. Həm də tək qalmırdı, hələ ki,
Selinlə idi. Ondan başqa, axşam yeməyindən
sonra şəhərə çıxır, hamı kimi Mərkəzi
küçəni o baş bu başa gəzir, parkdakı mədəniyyət
evində rəqs axşamlarında iştirak edir,
darıxmırdı.
- Qoy
baxım kitablara!
Qadın onu başdan-ayağa süzdü, sanki içəri
keçib üfunət iyi verən kitablara baxsaydı dünya
dağılacaqdı.
- Bu
kitablar mənim şəxsi kitablarımdı. Mən
onları neçə illər əziyyətlə
toplamışam.
-
Çox gözəl.
- Sən
hansı kitabı istəyirsən?
- Baxmasam
deyə bilmərəm.
O, yerindən
qalxıb kitabların arasına keçdi, izahatlar verməyə
başladı.
- Bax
bunlar klassikadı, əgər istəsəniz gəlib
götürə bilərsiniz. Sağ tərəf dedektivdi. - Əlinə bir kitab götürüb ona tərəf
uzatdı.
- Əla dedektivdi. Bilirsən hansı seriyadandı? İngilis kraliçasının sevdiyi dedektivdi.
Kitabın
üz qabığına baxdı, heç içini
açmadan özünə qaytardı və dedi ki, onun
dedektivdən xoşu gəlmir.
- Onda mən
sənə nə kitabı verim? Məhəbbətdən?
Məhəbbət küçələrə səpilib.
Elə deyilmi?
Heç nə demədi və doğrudan da çox da
böyük olmayan kitabxanadan hansı mövzuda kitab seçmək
ona çətin gəldi.
- İxtisasın nədi?
-
Tarixçiyəm.
- Hə,
onda sənə tarixi mövzularda kitab lazımdı. O da var.
Tarixi şəxsiyyətlər. Napoleon Bonapart, Adolf Hitler,
Feliks Dzerjinski, I Pyotr, II Yekaterina, Linkoln...
- Stalin
haqqında nə var?
- Var. Onu iki ildi almışam. Moskvadan poçtla gətirmişəm.
"Stalinin ölümü".
- Onu
verin.
- Sən
qeydiyyat kitabçanı gətirərsən, mən də o
kitabı köhnə korpusda 313-cü otaqda bir azərbaycanlıya
vermişəm. Gətirdərəm.
-
Danışdıq.
Liliya Vasilyevna kitabların arasında bir fırlandı,
rəfləri gözdən keçirdi, elə bil kitabları
neçə müddət idi görmürdü, sonra
qayıdıb yerində oturdu.
- Hə,
danışdıq. Mən o kitabı alıb sənə sabah verəcəm. Mənə
çox maraqlıdı, sizlər Stalin haqqında kitabları
onu sevərəkdən oxuyursunuz, yoxsa nifrətdən?
- Tarixi
şəxsiyyətdi, otuz il SSRİ kimi
böyük bir dövlətə başçılıq edib.
-
Sualıma cavab vermədiniz.
- Deyə
bilmərəm. Sadəcə o dövrün
ziddiyyətlərini, tarixi şəraitini bir də gözdən
keçirmək maraqlıdır, həm də həqiqətlər
indi-indi üzə çıxır. Biz
oxuyan vaxtlarda hər şey qadağada idi.
- O
kitabı oxuyanda çox şeylərin şahidi olacaqsan. Çox şeylərin. Görəcəksən
ki, siyasət doğrudan da çirkin oyun imiş. Bir
qafqazlı Rusiya kimi (o, SSRİ-yə Rusiya kimi dəyər
verirdi), nəhəng bir dövləti 30 il
idarə edib. 30 il! Bu zarafat
deyil. Qafqazlı ha! Neçə-neçə
siyasi xadimləri aradan götürdüb. Birini qəzada,
birini xəstəxanada... Neçəsinə şər-böhtan
atılıb, nəticədə intihar edib... Ucqarlarda
sayıb-seçilən, təmiz, vicdanlı insanları Sibirə
sürgün ediblər. Qəsdən! Bilə-bilə! Dağ kəndində hökumətə sui-qəsd
qurmaq olardı? Əfsanədi. Dəhşətli idi. Yaşamaq hər an təhlükədə idi. Gözəl
qızları küçədən tutub aparırdılar.
Niyə? Bu idi sosializm?
Ya Kommunizm! Ona görə hər yerdə deyirlər
ki, kişilər 37-ci ildə getdi. Bu da bilərəkdən
yuxarıdan aparılan çirkin siyasətdi. Arxasında nə dururdu? Qorxu! İnsanların
mərdini, təcrübəlisini, bacarıqlısını
sındırır, məhv edirdilər ki, o birilərinə
görk olsun. Qorxsunlar, gözlərini yumub
kor olsunlar, ağızlarını bağlayıb lal. Belə adamlar lazım idi. Yaltaqlar,
işverməyi bacaranlar. Nəsə, o
vaxtlar savadsızlıq baş alıb gedirdi. İmza yerinə baş barmağa tüpürüb
kağıza basırdılar. Kim
azdan-çoxdan yazmağı bacarırdısa, dövran onun
idi. Kimi istəsə onu məhv edə bilərdi.
Mərkəzdə oturanlar elə bilirsən
bacarıqlı idilər? Onların
hamısı eyni bezin qıraqları idilər.
Qadının danışığı uzanır,
uzandıqca onun zəhləsini tökürdü, üstəlik
zirzəminin ağır havası ürəyini
sıxırdı.
... "Telyonok" restoranında oturmuşdular.
Dördü də bir saat əvvəl Morşinin mərkəzi
küçəsində tanış
olmuşdular. Tahir müəllimin ad günü
idi. Litrlik "Karpatı"
arağını mağazadan alıb restorana gəldilər,
sifariş verib gözlədilər. Yandakı
ctolda oturan qız qırmızı çaxırı
dodağına vurub qaytarır, papiros tüstülədirdi.
- Bu fil təzə
gəlib! - Tahir ona nəzər yetirmədən dilləndi.
- Mən
də bilirəm. - Yusif müəllim onun sözünü təsdiqlədi.
- Hələ
tora düşməyib. Əə, dur o fili ovla! - Tahir ona
üz tutdu. Qız, doğrudan onun xoşuna gəlmişdi.
Nazik, sarısaç, hündürboy idi. Zəhmli baxışları onlardan kənara zillənmişdi.
Araqdan iki stəkana süzdü, ikisini də
götürüb qızın stoluna getdi, yanında oturdu.
-
İçək tanışlığımızın
sağlığına! - Qədəhi onun
qarşısındakı qədəhə toxundurub
qızın gözlərinə baxdı. Qız
da eynən gözlərini ondan çəkməyib
qımışdı, qədəhi əlinə alıb havada
saxladı. Şüşələr cingildədi,
sonra boşalıb yerinə qoyuldu.
- Selin. -
Qız özünü təqdim elədi.
-
Hansı sanatoriyada qalırsan?
-
Morşin, beşinci korpus, 213-cü otaqda.
- Mən
də orada qalıram, 313-cü də. Sənin
üstündəki mərtəbədə. Gedək
otağa, buralar sənə yaraşmır!..
- Elə-belə
adi şeylərdən yazılıb?
Qadın heyrətləndi, ona lap yaxın gəlib
alçaq boyu ilə aşağıdan yuxarı baxdı.
- Sən
bunlara adi, elə-belə işlər deyirsən? Gör neçə minlərlə insanın taleyi
heç nədən puç olurdu? Bunlar
faciə idi. Minlərin, milyonların faciəli
taleyi. Yox, bunlar hadisələrin
gedişində bir-bir açılır. Kitabda
Kremlin ətrafında - birinci çevrədə partiya, sovet rəhbərlərinin
hər birinin ailəqarışıq mübarizələri
verilib. Oxuyanda görəcəksən!
Liliya Vasilyevna ilə sağollaşıb zirzəmini tərk
etdi. Müalicələrinin vaxtı keçirdi.
***
Buranın
adı //"Akva salon" idi, qeyd dəftərçəsində
də belə yazılmışdı, günün istənilən
vaxtı hər yarım saatdan bir seanslar başlayırdı və
bura həm də kinoteatra daha çox oxşayırdı,
çünki içəridəki iyirmi dörd stulda əyləşənlər
işığın sönməsini gözləyir və
qaranlıqda həzin musiqini dinləyir, çoxları yuxuya
gedir, ən əsası əsəblərini sakitləşdirirdilər.
Qaranlıqda tavandan ona yaxın ulduzun
şüası közərir və ona elə gəlirdi ki,
bura akvarium dünyasıdı, dünya kiçicik şəkildə
akvarium otağa yerləşdirilmişdi. Dalğaların
sahilə çırpılmasına sakitlikdə və tənhalıqda
qulaq asmaq necə gözəl idi. Özü də Selinlə
yanaşı...
- Mən
kitabı alıb otağa qalxacam! - Selindən ayrılıb
zirzəmiyə düşdü.
- Gəldin?
Qeyd kitabçasını ona uzatdı, Liliya Vasilyevna
kitabçanı başdan-ayağa vərəqləyib
qarşısına qoydu, öz kitabçasından birini
açıb onun soyadını, adını,
otağının nömrəsini asta-asta yazdı.
- Yerli
telefonun varmı?
- Yox -
dedi.
- Eybi yox,
otaq nömrən bəs edər. Mən iki
gündü o oğlana xəbər yollamışam, hələ
gəlib çıxmayıb. Narahat olma,
kitabı səndən başqa kimsəyə verməyəcəm.
Onun
narazı qaldığını hiss etdi, odur ki, kitabı
aparanın arxasınca gileyləndi, amma sonda onu dedi ki, ola bilsin ki, oxuyub başa çatdırmyıb.
- Kitabda əsas
məsələ Stalinin ölümü ilə bağlı
mülahizələrdir. Bilirik ki,
ömrünün sonlarında Stalin hətta öz şəxsi
həkimini də qovmuşdu, heç kimə inanmırdı.
Hə, o, neçə gün döşəmədə
uzanıqlı qalıb. Allah bilir, çox
qarışıq məsələdi. Heç
mən də inanmıram ki, o, necə olub? Öldrüblərmi? Bilinmir.
Radio ilə hər gün neçə dəfə
onun səhhəti ilə bağlı məlumatlar verilirdi, guya
ki, vəziyyəti normaldır, işləyir. Hə, kitabda Stalinin ölümünü təşkil
edə biləcək silahdaşları haqqında
danışılır. Malenkov, Kaqanoviç, Mikoyan,
Molotov...
Çoxdu,
orda Xruşşov da var, Brejnev də, Çernenko da,
Qorbaçov da... Özgə kimləri deyim?
Kirov, Jdanov, Jejov, Beriya, Avakumov...
Ehtimallar kimlərdən başlayır? Kaqanoviçdən.
Cuhud idi. Baxmayaraq ki, Stalinin
onları görən gözü yox idi, ancaq onunla axıra qədər
işlədi. Kaqanoviçin
qardaşına böhtan atdılar. O, Kremldə
özünü güllələdi, düz Stalinin
otağının qabağında. Təsəvvür
edirsiniz, Kaqanoviç qardaşının təqsirsiz
olmasını Stalindən xahiş etmədi.
- Onda mən
kitab üçün nə vaxt gəlim?
- Elə sabah. Mən çalışacam
ki, bu gün kitabı alım. Hə. Hələ
Molotovu demirsən. O vaxtlar xalq təsərrüfatının
inkişafında müstəsna rolu olub. Moskva
metrosunun tikintisinin memarı odur. Stalinə
ən yaxın fiqurlardan biri olub. Ancaq
arvadını həbs edib sürgünə göndəriblər.
O da hökumətdə yüksək vəzifə sahibi olub.
Ancaq... Molotov arvadının əhv edilməsini
rəhbərdən xahiş etməyib. Çox
maraqlıdır. Arada Stalin Molotova
deyirmiş ki, sən arvadını boşa. Sən vəziyyətə bax, Molotov Sibirə öz
arvadı ilə bir dəfə də olsun görüşə
getməyib. Bu nə deməkdir? Ancaq Malenkovun arvadı çox ağıllı olub.
Mərkəzi Komitədə işləyib və
ərini oraya onun təklifi ilə gətiriblər. Sonralar o, elmi-tədqiqat institutunda işləməyə
gedib. Çox düzgün edib. Az da olsa, siyasi oyunlardan özünü kənarlaşdırıb.
Liliya Vasilyevna yerində oturmuşdu, rahat idi və sanki
müəllif kimi çıxış edirdi. Ona qulaq asmaq
isə səbr tələb edirdi, demək olar ki, bütün
günü bu rütubətli zirzəmidə ağır
havanı təkbaşına ciyərlərinə çəkən
adamın əlinə kimsə düşə - qırsaqqız
olub yapışır yaxasından, buraxmır ki, buraxmır.
İndi Selin idman formasında meşənin
içində aqalay daşlarından salınmış dairəvi
yolda addımlayır. Gəzmək insana
çox xeyirlidir və Selin də gəncliyini uzatmaq
üçün həkimlərin tapşırığına
əməl edir. Hələ otaqdakı
litrlik kauçuk qabları da özü ilə
götürüb, kilsənin yanındakı bulaqdan su gətirəcək,
axşam yeməyindən sonra isə gölə gedəcəklər.
Bir az aralıda yerləşir.
- Sui-qəsdi
törədə bilənlərdən ehtimal olunanlardan biri də
Anastas Mikoyandı. O da Mərkəzi Komitədə elə-belə
fiqur olmayıb. Köhnə qvardiyaçı dəfələrlə
Stalinə ən yaxın adam hesab olunub. Ancaq Stalin onu 27-ci Bakı Komissarı
adlandırırmış. Dəfələrlə
ondan soruşurmuş ki, Bakı komissarları 27 olub. 26-nı güllələyiblər. Əslində çoxu güllələnməyib.
Hə, Anastas, o 27-ci komissar görəsən kim
olub? Mikoyan isə susurmuş. Niyə də susmasın? Stalin, Beriya, Mikoyan
Bakıda bir fəaliyyət göstəriblər. Nə fəaliyyət? Onu dəqiq
bilən yoxdu. Ancaq Mikoyanın susması
heç də təsadüfi olmayıb. Yəqin
nə günahı varmışsa, onu Koba-Stalin bilirmiş.
Beriya da çılğın adam olub. Nə günahlar eləyib, onu bir özü, bir də
Allahı bilər. Bakılıdı, orda
anadan olub. Stalinin axır vaxtlarında onun
yerinə yeganə namizəd özünü
sayırmış. Özünə
çox arxayın imiş. Ancaq sən
saydığını say. Heç kimin
saymadığı Xruşşov onu aradan necə məharətlə
götürdü. Əgər Lavrentidən
qorxmasaydılar, kimsə Xruşşova kömək etməzdi.
Bu çox qorxulu addım idi. Beriya hər bir kəsin addımını da izlətdirir,
telefon danışıqlarına qulaq asdırırdı.
Mərkəzi Komitənin üzvləri məcbur
olub bağ evində görüşür, Beriyanı -
hamı üçün qorxunc fiquru aradan götürmək
üçün ciddi cəhd göstərirdi.
Xruşşov bu planı həyata keçirməyə nail
oldu və hakimiyyəti ələ aldı. Bu
çox gərgin, dramatik anlar idi. Mənə
elə gəlir ki, belə bir film çəksələr, ən
yaxşı dedektiv kino alınar. Bəlkə də nə
vaxtsa çəkdilər...
Sonra o, kitab haqqında düşünmədi və
kitabxanaya da üz tutmadı. Təxminən
beş-altı gün su kimi ötüb keçdi. Morşin parkında xalq artisti Qurban Abbasovun konserti
olacaqdı, axşam saat 8-də. Parkın
kassasından bilet alıb qayıdanda Liliya Vasilyevna ilə
görüşdü, daha doğrusu, sanatoriyanın
girişində üzbəüz gəldilər və
qaçmaq mümkün olmadı.
- Hə,
necəsiniz? Heç
görünmürsünüz? - Qadın alçaq boyuna
yaraşmayan uca səslə danışırdı.
- Onsuz da
bilirəm ki, hələ kitabı almamısınız.
- Hə, sabah tezdən yeməkxanaya gəlib onu tapmaqdan
başqa çarə qalmır. Öz
aramızdı, kitabda sizin Mir Cəfər Bağırovdan da
yazıblar. Çox yox. Ancaq elə yazılıb ki, onun əməllərini
təsəvvür etmək çox asandır.
- Necə?
- Mir Cəfər
Bağırov Lavrenti Pavloviç Beriya ilə çox
yaxın olub. Hər ikisi bakılıdı,
qafqazlıdılar də! Hə, Molotov Stalinin
yanında birincilik mövqeyini itirəndə Bağırovla
rastlaşır.
- Sən
- deyir Molotov - ölüm və sürgün
siyahılarına qeydiyyat aparmadan hamısını imzalayan
yeganə birinci katibsən.
- Mənə
verilən raportları imzalamışam.
- O
raportları sənə kimlər verirdi?
- Mənim
inandığım adamlar.
- Hm -
Molotov gülür - ermənilər nə vaxtdan
inandığınız adamlar olub?
İki-üç
addımdan sonra geri dönüb dedi ki, sabah
yüz faiz o kitabı alıb ona verəcək.
- Bilirsən
nə olub? Çox pis! Belə vəhşilik ancaq
qafqazlılardan ola bilər. Başqa
cür ola bilməz. Sən təsəvvür
elə, kitabı götürüb aparıb. Çıxıb gedib. Gedirsən,
kitabı gətir qaytar. Dədənin malı
deyil ki? Elə bilirsən bunu belə qoyacam?
Ay hay! Kitabın yüzqat cəriməsini alacam.
Sən baxarsan! Ünvanı var, ad-soyadı var.
Elə bu gün Bakıya teleqram vuracam.
- Sizə
çətin olmayacaqmı?
- Olsa belə,
bu işi başlı-başına qoya bilmərəm.
- Liliya Vasilyevna, əsəbləşməyin, yəqin
unudub, ya kitab xoşuna gəlib. Kitaba oğurluq yoxdu
ki? Düzdümü?
- O kitab
neçə insanı bu kitabxanaya gətirirdi. Mənə
çox ziyan oldu. Sizə elə-belə gəlməsin.
- Eybi yox,
mən həmyerlimin səhvini düzəldərəm.
O həftənin
şənbə günü üçlükdə
"Telyonok" restoranında oturdular. Söhbətləri
kitabdan idi.
- Mən
onu Moskvadan poçtla gətirmişəm.
- Yenə
gətirdə bilərsənmi?
- Gətirdərəm.
Cibindən 200 rəqəmi yazılmış
kağız əskinası onun qarşısına qoydu.
- Bu bəs
edər?
-
Çoxdu.
-
Götürün.
Liliya Vasilyevna sakitləşdi. Arağı açıb süzdü, giriş sözü dedi və içdilər.
- Liliya Vasilyevna - dedi - o kitabı oxumusunuz, başqa kitablarda, qəzet və jurnallarda da çox yazılıb. Stalinin ölümündə sui-qəsd halı olubmu?
- Qətiyyən! Kimsə o cürəti edə
bilməzdi. Stalin hamıdan şübhələnir və kimsəyə
aman vermirdi. Kim bilə-bilə özünü quyuya atardı?
Sadəcə, onu deyim ki, axırlarda o köməkçisi
Poskrebışevi, tanınmış həkimləri qovdu,
sürgün etdirdi, güllələtdi. Bunların
hamısı nədən irəli gəlirdi? Qorxudan! Stalin
kimi adam ölümdən qorxur,
hamını özündən kənarlaşdırır, məhv
edir, intiqam alırdı. Başqa nə ola
bilərdi? Şəxsən mənə elə gəlir
ki, o kitabdan mən deyən nəticəyə gəlmək
olar.
-
Buranın suyu əvəzsizdir. - Selin söhbətin
yönünü dəyişmək üçün araya
söz atdı.
- Hə,
mən hamıya deyirəm, gör neçə ildi! Morşinin suyundan heç yerdə olmaz.
Liliya Vasilyevna kilsəyə tərəf üz tutdu. Su oradan axırdı və əllərində
qab su götürmək istəyənlərin növbəsi pəncərədən
aydınca görünürdü...
Morşin, 2018
Ədalət 2018.-
21 sentyabr.- S.13-14.