Dar Ağacında heykəlləşən
milli qürur
Azərbaycan Milli
Hökumətinin baş prokuroru Firudin İbrahiminin 100 illiyi
xatirəsinə
XX əsrdə
dünyada cəmiyyətlərin feodalizmin qalığı
olan monarxiya rejimlərindən demokratik dövlət modelinə
keçid mərhələsi uğrunda böyük inqilablar
baş verdi. Şərq aləmində
bu inqilabın beşiyi qoca Təbriz idi. Məşhrutə
İnqilabının mahiyyəti bundan ibarətdir. 1905-1911-ci illər Məşrutə Hərəkatı
ilk dəfə demokratik və konstitutsiyalı dövlət
modelinin yaradılması üçün atılan ilk
addım oldu. 1917-1920-ci illərdə
Şeyx Məhəmməd Xiyabaninin liderliyi ilə baş
qaldıran "Azadistan" Hərəkatı Məşrutə
Hərəkatının davamı idi.
Bu inqilabi proseslərin alovlu çağında Cənubi
Azərbaycanın Ərdəbil vilayətinin Astara şəhərində
İbrahimilər ailəsində Firudin adlı oğlan
dünyaya gəldi. Erkən yaşlarından Rza Şah Pəhləvi
despotizmini qəbul etməyən Firudin İbrahimi üsyankar səsini
qaldırmaqda idi. O, yaxşı dərk edirdi ki, Cənubi
Azərbaycanın azadlığını əldə etməsi
üçün hüquqi cəhətdən əsaslarını
təmin etmək lazımdır. Tehran
Universitetin hüquq fakültəsinə daxil olur. Tələbəlik illərində dünya hüquqi
prinsipləri dərindən öyrənir. Firudin İbrahimi o şəxslərdəndir ki, 23
yaşında Cənubi Azərbaycanda Pəhləvi
istibdadından qorxmadan mübarizə aparamaqla gəncliyin
simvoluna çevrilmişdi. "Xavəri
nov" (Yeni Şərq) qəzetində ideyalarını
yaymaqla öz ideyalarını gündəmə gətirirdi.
O, məqalələrində şah istibdadına və onun
yerlərdəki feodallara qarşı çıxırdı. Bir sözlə, Azərbaycan Milli Hökumətinin
yaradılması istiqamətində baş verən proseslərdə
Firudin İbrahiminin də mislsiz rolu olmuşdur.
Xalqının rifahı
üçün mübarizənin önündə gedən
Baş Prokuror
1945-ci il 21 Azər tarixində Seyid Cəfəri
Pişəvərinin rəhbərliyi və Azərbaycan
Demokrat Firqəsinin sayəsində yaranan Milli Hökumət Cənubi
Azərbaycanda istibdad zülmü altında inləyən xalq
tərəfindən böyük coşqularla
qarşılandı. Milli Hökumət Rza Pəhləvi
irticasının, yerli feodalların dəhşət
saçan zülm və işgəncələrinə son
qoydu. Firudin İbrahimi Milli Hökumətin
Məclisinin üzvü olmaqla yanaşı, Baş Prokuror təyin
edildi. 26 yaşında Şərq aləmində
bu yaşda baş prokuror statusunu daşıyan 2-ci şəxs
olmamışdır. O, Milli Hökumətin sosial və
ictimai ədalət konsepsiyasına uyğun fəaliyyət
göstərirdi. Cənubi Azərbaycanda ədalətli
cəmiyyətin hüquqi əsaslarının həyata
keçirilməsi işinə rəhbərlik edirdi. Şah istibdadı rejimini bərpa etmək və
zülmkar feodalların əksinqilabi qüvvələrinə
qarşı mübarizə aparan "Babək" adlı
könüllü dəstələrin təşkilatçılarından
biri də Firudin İbrahimi idi. O, "Ettelat",
"Ajir", "Rəhbər", "Mərdom",
"Zəfər", "Siyasət", "Mərdan"
və Milli Hökumətin tribunası "Azərbaycan" qəzetlərində
məqalələrlə çıxışlar edirdi. Milli Hökumətin əsas üzvlərindən biri
kimi Firudin İbrahimidə olan zəngin enerjinin tükənməzliyi
çoxlarını heyrətə gətirirdi. O, kabinetdə
heç bir zaman oturmazdı. Daim əhali ilə
görüşlərə qatılar, xalqın hüquq və
azadlıqlarını pozmağa çalışan ərbabların
və mövhumatçı mollaların
qarşısını alardı. Ərdəbil,
Meşkin, Mərənd, Sulduz, Həmədan, Xoy, Səlmas,
Əhər, Urmu, Qoşaçay, Zəngan, Əhər, Culfa və
digər şəhərlərdə yorulmaq bilmədən əhali
ilə təmas quraraq cəmiyyətin idarə olunması
istiqamətində öz tövhələrini verərdi. Ona görə də Baş Prokuror kimi xalq tərəfindən
çox sevilirdi.
Beynəlxalq konfransda ilk dəfə
Azərbaycan dilində Firudin İbrahimi
çıxış etmişdir
Bütün Şərq aləmində və Milli
Hökumətin beynəlxalq səviyyədə nüfuzunun
artırılması, istibdada qarşı xalqların
mübarizəsi konsepsiyasına söykənən hüquqi
dövlət quruculuğu prinsiplərini ilk dəfə ortaya
atan Firudin İbrahimi olmuşdur. O, 29 iyul - 15 oktyabr 1946-cı il tarixdə Parisdə 21 dövlətin
iştirak etdiyi "Beynəlxalq Sülh Konfransı"nda
Milli Hökuməti təmsil etməklə ölkədəki
proseslərin müsbət tərəflərini
işıqlandırmış və ədalətli cəmiyyət
modelini isbat edə bilmişdir. Bu konfransın əhəmiyyəti
bir də ondan ibarət idi ki, dünya tarixində ilk dəfə
olaraq Firudin İbrahimi doğma dilində, yəni Azərbaycan
dilində çıxış etmişdi. Onun ən çox yadda qalan və maraqla
qarşılanan ideyalarından biri "Azərbaycan
danışır" və "İftixarlı tariximizdən
bir neçə parlaq səhifə" silsilə
yazılarıdır. Firudin İbrahiminin
Beynəlxalq Sülh Konfransında çıxış etməsindən
ən çox qorxan irtica rejimi olmuşdu. O, Tehran
hökumətinə belə cavab vermişdi: "Mənim
pasportum Təbriz polis idarəsi tərəfindən
verilmiş və Azərbaycan dilində
yazılmışdır. Ona görə də mən
bu pasportu həmişə əziz yadigar kimi saxlayacam".
O, həmin
konfransda Misir, Əlcəzair, Tunis, Mərakeş və digər
müstəmləkə rejimləri və yerli feodallar tərəfindən
əzilən xalqların nümayəndələri ilə
görüşdə Milli Hökumətin uğurlaru təcrübəsini
izah edərək belə demişdi: "Hər millət həqiqi
azadlıq əldə etmək və öz müqəddaratına
sahib olmaqdan ötrü yalnız bir qücə söykənməlidir.
O da millətin birliyi və bu birlikdən əmələ gələn
qüvvədir".
Bir
mühüm faktı da qeyd etmək gərəkdir ki, Milli
Hökumətinin rəhbəri Seyid Cəfər Pişəvəri
3 sentyabr 1946-cı il tarixində Azərbaycan
Demokrat Firqəsinin yaranmasının bir illik bayramı
münasibətilə Təbrizin Dövlət
Teatrındakı tədbirdə Firudin İbrahiminin "Paris
Sülh Konfransı"ndan göndərdiyi hesabatları
yüksək səviyyədə qiymətləndirərək
demişdir: "Bizim hərəkatımız dil vasitəsilə
nüfuz və şöhrətə malik ola bildi. Dünya
bildi ki, beş milyonluq bir xalq var ki, öz
dillərində yazıb və oxuyur... İndi
dünyanın əzilən millətləri bizi
alqışlayır və bizə nicat verən bir millət
kimi baxırlar".
Edam olunmaq həyatın sonu deyil
Firudin İbrahimi Sülh Konfransından döndükdən
sonra Azərbaycanın ictimai-siyasi həyatında fəal
iştirak edirirdi. Lakin 12 dekabr (21 Azər) 1946-cı il
tarixində o dövr üçün Şərqin ən qəddar
diktatoru kimi tanınan Rza Pəhləvi beynəlxalq
irticanın, satqınların və nizami ordu ilə Milli
Hökuməti devirmək üçün hərəkətə
keçdi. Milli Hökuməti qoruyan Fədai
Ordusu və alovlu vətənpərvərlər şah
üsuli-idarəsinin yaranmasına qarşı birgə
mübarizə apardılar. Azərbaycan
Demokrat Firqəsi Mərkəzi Komitəsinin binasında 34 saat
davam edən silahlı müqavimət dünya tarixinin
şanlı səhifələrindən biridir. 40 minlik şah ordusuna qarşı bu binada min nəfərə
yaxın Milli Hökumətin üzvləri və fədailər
qətiyyətlə mübarizə apardılar. Çoxlu itkilər verən və yaralıların
sayının çox olması, silah-sursatın tükənməsinə
görə Milli Hökumətin binası ələ
keçirildi. Baş Prokuror Firudin
İbrahimi də həbs olundu. O, zindanda ağır
işgəncələrə məruz qalsa da, bütün əzablara
mərdliklə dözdü. Rza Pəhləvi
kimi qanlı qiktatorun yağlı vədlərinə və təkliflərinə
qarşı çıxdı. 1947-ci ilin may ayının
22-də Səttarxan Xiyabanında meydanda dar ağacına
aparılanda da Firudin İbrahimi azadlıq carçısı
olduğunu və başını əymədi. Məhkəmədə
şah rejimini ittiham edən nitqi dünyanın irtica rejimlərinə
qarşı qolları zəncirli olsa da, Firudin İbrahimi
demişdi: "Gün gələcək xalqı öz
hüquqlarından məhrum edənlər, milli qürurunu
tapdalayanlar, ciblərini qızılla doldurmaq xatirinə
insanları istismar edənlər törətdikləri cinayət
əməllərinə görə cavab verməyə məcbur
olacaqlar".
Təbrizin "Gülüstan Bağı"nda və
günəşli havada istibdad rejiminin başında oturan Rza Pəhləvinin
xüsusi qərarı ilə dar ağacı qurulmuşdu. Günrota saat 12.00-da
ucaboylu, enli kürəkli, əynində milə-mil pencək, ağ köynək və boynunda
qırmızı qalstuk, şux qamətli yerişi ilə
dimdik addım atan, ayaqları və qolları zəncirli
Firudin İbrahimi jandarmların müşaiəti ilə edam
yerinə gətirildi. Bu acı mənzərəni
ürək yanğısı, göz yaşları ilə
ürəkləri sızıldayan insanlar seyr edirdilər.
Birdən əhali təlatümə gəldi.
Jandarmalara və şah qoşununa hücum etmək
istədilər. Xalqın nahaq yerə qanının
töküləcəyindan ehtiyat edən Firudin İbrahimi əlini
yuxarı qaldırdı və uca səslə dedi: "Mənim
əzizlərim, həmvətənlilərim, səbr edin, qoy
qan tökülməsin! Çox keçməz
Azərbaycan xalqı qələbə çalacaq və yenidən
Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın
Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz
Azərbaycan!.."
Sonra,
Milli Hökumətin Mirmehdi Etimad tərəfindən
yazılmış və bəstəkar Cahangir Cahangirov tərəfindən
bəstələnmiş sürudunu (himn) oxudu:
Ey vətənim
Azərbaycan,
Əbədi
odlardan nişan.
Adlı-sanlı
keçmişin var,
Sən böyütdün qəhrəmanlar.
Qoca Şərqin
çırağısan,
Azadlığın
bayrağısan...
Rza Pəhləvinin
Təbrizə göndərdiyi cəza dəstələri,
jandramlar və ordu birlikləri hərəkətə keçərək
Firudin İbrahimini edam etdilər. Belə bir mənzərə tarixdə rast gəlinən
nadir hadisələrdən biridir. Dar
ağacının qarşısında əzəmətli
duruşu ilə, qorxu-hürkü bilmədən
baxışları ilə Firudin İbrahimi istibdad rejiminin cəlladlarına
meydan oxumuşdu. Qoca Təbrizin
yaşlı insanları bu mənzərəni hələ də
qürurla xatırlayırlar.
Milli Hökumətin və
Baş Prokuror irsinin Prokuror
davamçısı
1978-ci il. pəhləvilər xanədənalığına
qarşı Cənubi Azərbaycanda ayağa qalxaraq xalq Bəhmən
İnqilabı sayəsində istibdad rejimini devirdi. Şimali Azərbaycanda yaşayan Cənubi Azərbaycan
Milli Hökumətinin üzvləri və ailələrindən
olan keçmiş inqilabçılar yenidən vətənə
döndülər. Onlar Milli Hökumətin
irsini dirçəltmək üçün canlarını
qurban verməyə getmişdilər. Bu
görkəmli insanların arasında Milli Hökumətin
Baş Prokuroru Firudin İbrahiminin qardaşı Ənuşirəvan
İbrahimi də var idi. O, bu ideallarla yaşayan
inqilabçı şəxsiyyətlərimizdən biri idi.
Ənuşirəvan İbrahimi kimi inqilabçıların
ömrü boyu apardığı mücadilənin bir mənası
var idi: Bu, Azərbaycan qarşısında milli borcu şərəflə
və əzmlə həyata keçirməkdir. Ənuşirəvan
İbrahimi məhz bu yolla, inqilabi mübarizədə
qardaşı Firudin İbrahiminin keçdiyi yolla getdi.
Ənuşirəvan
İbrahiminin oğlu, Azərbaycan Respublikasının
prokrorluq orqanlarında 37 il qüsursuz işləyib təqaüdə
çıxmış Firidun Ənuşirəvan oğlu
İbrahimi Azərbaycan Mili Hökumətinin Baş Prokuroru
Firudin İbrahiminin həyat və fəaliyyəti,
yaradıcılıq irsini araşdıran yeganə mütəxəssisdir.
O, arxivlərdə yatan yüzlərlə məqalələri
və sənədləri toplayaraq ictimaiyyətə təqdim
etmişdir. Milli Hökumətin şanlı
tarixi və Firudin İbrahimi haqqında elmi tədqiqatçıların
yaradıcılığına işıq salıb.
Müsahibələrinin birində çox haqlı olaraq etiraf
edib ki: "37 il prokurorluq orqanlarında
çalışdım. Hər zaman elə
bildim ki, atam Ənuşirəvan və Firudin əmim
başımın üstündədirlər. Onlar haqqın, ictimai və sosial ədalətin
carcısı olublar. Bütün həyatlarını
beləcə yaşayıblar".
Cənubi Azərbaycan Milli Hökumətinin şanlı
səlnaməsində Baş Prokuror Firudin İbrahimi tarix
durduqca adı yaşayacaq. Bir il ömrü
olan Azərbaycan Milli Hökumətinin irsinin
davamçısı olmaq, bu yolda bütün həyatını
sərf etmək o qədər də asan deyil. Firudin
müəllim məhz bu missiyanı davam etdirərək bu
günümüz və gələcəyimiz naminə Milli
Hökumətin ortaya qoyduğu ideallar uğrunda
yaşayır.
Ədalət 2018.- 21 sentyabr.- S.9.