"O qadını tapın!"

 

(xarici novella)

 

Maks Yurbini

 

Lev Yaşinin ailəsini yaxından tanıyanlar arvadı Valentinanın digər məşhur idmançıların xanımlarına bənzəməyən, qızıl xasiyyətli olduğunu söyləyirdilər. O, çox sadə, sağlam düşüncəli, müasir futbolun görkəmli nümayəndəsinin sədaqətli və qayğıkeş həyat yoldaşıdır. Bununla belə, Valya Moskva komandaları arasındakı bir matçda qələbənin əsas səbəbkarı olması ilə fəxr edirdi.

Həmin hadisə paytaxtın "Spartak" və "Dinamo" kollektivləri ilə oyunda baş vermişdi. Matçın başlanmasına iki saat qalmış azarkeşlər ədəb-ərkanla tribunalarda yerlərini tutmuşdular.

"Dinamo"nun tərəfkeşləri qabaqcadan rəqib üzərində qələbə çalacaqlarını ucadan elan edirdilər:

- Qalib bizim komanda olacaq, çünki onun Yaşin başda olmaqla çox güclü müdafiəsi və Çislenko kimi təhlükəli hücumçusu var.

"Spartak"ın azarkeşləri isə təsdiqedici tonda deyirdilər:

- Bizim komanda öz əzmkarlığı və Xusainovun sərrast zərbələri sayəsində qələbə qazanacaq gücdədir.

Oyunun hakimi beynəlxalq dərəcəli hakim Sergey Alimova gəldikdə isə o öz həmkarlarına belə söylədi:

- Belə görüşü idarə etmək çox çətindir. "Dinamo" "Spartak" komandaları intizamlı kollektiv sayılır. Lakin onlar öz aralarında görüşəndə biz 90 dəqiqə ayıq- sayıq olmalıyıq.

Paytaxt komandaları iki gün idi ki, bir-birindən 30 kilometrlik məsafədə yerləşən bazalarda məskunlaşmışdı. Komandaların məşqçiləri mətbuata hər hansı bir məlumatı verməkdən vaz keçirdilər. Matçın başlanmasına iki saat qalmış komandaların hansı heyətdə meydana çıxacaqları bəlli deyildi. İnformasiyanın gizli saxlanması, əlbəttə, jurnalistlərin ürəyincə olmasa da, tamaşaçılar belə məqamlarda öz aralarında mübahisə etməyə səbəb tapırdılar. Komandalar, demək olar, eyni vaxtda stadiona gəlməklə, həmin dəqiqə paltardəyişmə otaqlarına daxil oldular. Yaşin bir dəqiqəliyə ayaq saxladı. O əvvəlcə sağa, sonra isə sola baxdı. Futbolçuları qarşılayan azarkeşlərin arasında Valentinanı görmədiyindən təəssüflənərək yoldaşlarına qoşuldu.

...Topa vurulan ilk zərbədən sonra "Spartak" rəqib meydançasına tərəf keçərək, komandanın əvəzolunmaz dirijoru İqor Nettonun başçılığı altında təhlükəli vəziyyətlər yaradırdı. Demək olar, iyirmi dəqiqə "Dinamo"nun qapısı müxtəlif mövqelərdən ardıcıl "atəşə" tutuldu. "Dinamo"nun müdafiəçiləri çətinliklə qapını qoruyaraq, topu gah auta, gah da qapı xəttindən kənara çıxarırdılar. Onlar heç bir "yaradıcı" barədə fikirləşmədən yalnız topu uzağa vurmaqla təhlükəni sovuşdururdular.

- Əgər "Spartak" tempi belə saxlasa, "Dinamo" çox davam gətirə bilməyəcək- deyə, "Sovetski sport" qəzetinin icmalçısı qeyd etdi.

- Yaşin axıra kimi belə oynasa - deyə, həmkarı əlavə etdi, - nəticə dinamoçular üçün acınacaqlı olacaq.

Məsələ ondadır ki, Yaşin həddən artıq əsəbilik göstərirdi. O, inamsız irəli çıxaraq, iki dəfə topu itirdi. Nədənsə topu əl ilə meydana atmır, müdafiə xəttinə rəhbərlik etmirdi.

"Spartak"ın azarkeşləri italyan "tiffoziləri" kimi öz komandasının hər bir hücumunu güclü qışqırıqla müxtəlif şüarlarla qarşılayırdılar.

"Dinamo"nun fanatları isə dinməzcə oturub edəcəklərini bilmirdilər. Oyun, demək olar, bir istiqamətdə gedirdi. Dinamoçular oynanılmış vaxt ərzində üç dəfə olsa, meydanın mərkəzini keçə bilməmişdilər. Keçəndə hücumları çox cəsarətsiz olurdu, rəqib üçün heç bir təhlükə yaratmırdı. Hər şey gözlənildiyi kimi oldu: Yaşinin iki bağışlanılmaz səhvi nəticəsində "Spartak" ardıcıl olaraq iki qol vurub, daha sərbəst oynamağa başladı. Güman etmək olardı ki, "Dinamo"nu tarixi ərzində böyükhesablı məğlubiyyət gözləyir. Komandalar fasiləyə çıxanda hesab 4:0 idi. Bu isə mübarizənin qeyri-bərabər səviyyədə getdiyini göstərirdi.

Yaşin tamaşaçıların fit səsinin müşayiəti ilə başıaşağı vəziyyətdə paltardəyişmə otağına qayıdırdı. Hər yerdə olduğu kimi, belə halda pərəstişkarlar bir müddət əvvəl səcdə etdiyi futbolçuya indi qəzəb nifrətini gizlətmirdilər. Yaşin paltardəyişmə otağına daxil olanda gözlənilmədən Valya ilə rastlaşdı...

Birinci taymın qurtarmasına on dəqiqə qalmış o, yerindən qalxıb, bir neçə nəzarətçini inandıraraq, onu buraxmağı xahiş etmişdi. Əgər xanım Yaşina ərini görmək üçün, özünün dediyi kimi, ölüm-dirim məsələsi həll olunduğu halda onu buraxmamaq olardımı?

"Dinamo"nun məşqçisi bir anlığa gözlərini yumdu: qapıçının vəziyyətini nəzərə alsaq, həmin anda gözlənilməz qeyri-adi hadisənin baş verəcəyi hiss olunurdu. O, kiçik dialoqun şahidi oldu.

- Sənə olub, Lyova?

- Heç özüm bilmirəm.

- Çalış, özünü ələ alasan. Sən gərək hər şeyə tez reaksiya verəsən. Mən bunu səndən xahiş edirəm.

Yaşin arvadının gözlərinə baxaraq, onu bərk-bərk qucaqladı. Valya məsum- məsum gülümsədi, ayrılanda isə belə dedi:

- "Dinamo" udmalıdır... Mən səndən qələbə hədiyyəsi gözləyirəm.

Moskvanın mərkəzi stadionuna toplaşan azarkeşlər fasilədən sonra sanki təzə komanda ilə görüşürdülər. Həmin görüş barədə moskvalılar uzun müddət həyəcanla danışırdılar. Həqiqətən oyunda baş verən dəyişiklik birinci hissədə "Spartak"ın hesabda qazandığı üstünlüklərdən daha artıq idi. "Spartak"ın düşərgəsində isə bunu - komandanın son çarpışması olacağını zənn edirdilər.

- Yaşin oyuna rəhbərliyi əlinə alanda, heç nəyi itirmiş hesab etmək olmaz! - deyə, "Dinamo"nun pərəstişkarları qışqırırdılar.

Dünyanın hansısa ölkəsində Yaşinə bərabər qapıçı tapmaq çətindir. O, xeyli irəli çıxaraq rəqib hücumçularının qapıya yaxınlaşmasının qarşısını alır, təcrübəli usta futbolçu kimi özününküləri bir-birinin ardınca əks hücuma göndərirdi. Onun komanda yoldaşları sanki qanad açmışdılar. Müdafiə xəttində çaşqınlıq yaranmış "Spratak" oyunda üstünlüyü itirmişdir. Sanki möcüzə baş vermişdi. 10 dəqiqə ərzində hesab bərabərləşdi. Şok vəziyyətinə düşən spartaklılar bir azdan özlərinə gəldilər və 11-metrlik cərimə zərbəsini vurmaq hüququnu qazandılar. Ancaq Yaşin asanlıqla bu zərbəni dəf etdi. Hətta real imkandan istifadə edə bilməyən futbolçunu sa-kitləşdirmək məqsədilə əlini onun çiyninə vurdu.

Oyunun qurtarmasına 2 dəqiqə qalmış Yaşinin təhriki ilə hücuma qoşulan Çislenko meydan boyunca qaçıb, sonra mərkəzə keçdiiti bucaq altında qələbə topunu vurdu. Hesab 4:5 oldu.

Stadionu alqış sədaları bürüdü. Hakimin final fitindən sonra "Dinamo" komandasının futbolçuları Yaşinin üstünə atıldılar.

"Spartak"m kapitanı İqor Netto da yığma komanda üzrə yoldaşını təbrik etdi:

- Lyova xahiş edirəm, oyunda baş verən bu gözlənilməz dəyişikliyi mənə izah elə, - dedi.

Yaşin heç bir məna kəsb etməyən bir-iki ifadə ilə yaxasını qurtardı. Onun fikiri haradasa uzaqlarda, sevincdən ağlayan Valyanın yanında idi. Bu möcüzəni Lyova onun arzusu ilə reallığa çevirmişdi...

 

Tərcümə

Həsən Tağıyevindir

 

Ədalət  2018.- 21 sentyabr.- S.16.