"Şərif Ağayarın
Ağ gölü”
Ağ göl Azərbaycanın ən məşhur çöl-göl
ekosistemi olub, köçəri və yerli quşların və digər heyvanların məskunlaşdığı
ərazilərdən biridir. Ağ gölün
qorunmasının beynəlxalq
əhəmiyyəti vardır.
Bu da göldə adları Beynəlxalq Təbiəti Mühafizə
İttifaqının "Qırmızı
Siyahı"sına və
Azərbaycan Respublikasının
"Qırmızı Kitabı"na daxil edilmiş quşların məskunlaşması ilə
bağlıdır. Ağ
göl mühüm su-bataqlıq ərazisi kimi miqrasiya edən quş növlərinin qışlama
yeri olub, 2001-ci il 25 may tarixində
"Əsasən su quşlarının yaşama
yerləri kimi beynəlxalq əhəmiyyəti
olan sulu-bataqlıq yerlər haqqında" Ramsar Konvensiyasının
"Ramsar Siyahısı"na
daxil edilmişdir.
.....Bütün bu yazılanları unudun.
Çünki haqqında danışacağım
"Ağ Göl"
başqa bir "Ağ göldür".
O, 2017-ci il də
Şərif Ağayar
tərəfindən yazılıb
və bir çox oxucular romanı son vaxtlar yazılan ən yaxşı roman kimi qiymətləndirib.
Kitabı əlinizə alıb oxuduğunuz andan əfsanələrlə aşıb-daşan
"Ağ gölün"
kənarındakı Pircahan
qəsəbəsinin sakinlərini
görəcəksiniz.
Əsərdə susqun Camal atanı,
doğuş zamanı
dünyasını dəyişən
Cahan ananı və.s kimi maraqlı obrazları tanıyacaqsınız.
Romanı oxuduqca mistik hadisələrin cərəyan
etməsi və bunun real həyatda olanlarla əlaqələndirilməsi
diqqətimi xüsusi cəlb elədi. Bu cür mistikalara dünya ədəbiyyatında
da rast gəlmişəm.
Məsələn, Antov
Çexovun, Nikolay Qoqolun bəzi əsərləri.
Elə bu hadisələrin ətəyindən
bərk-bərk yapışıb,
yol aldım əsərin sonlarına doğru.
Deyim ki, öz abu-havası olan bu Pircahan
qəsəbəsində günlərin
bir günü real həyatdakı kimi dövranın dəyişməsinin
qəsəbəyə təsiri,
əsər boyunca oxucunu ovsunlayır.
"Ağ Göl"
romanı tam olaraq müqəddəs övliyaların
yetirdiyi halallığı,
harama dəyişən
Pircahan qəsəbəsinin
sakinlərindən bəhs
edir.
Burada təsvir
olunan boz, kimsəsiz Pircahanın Ağ Baba adlı bir övliya tərəfindən müqəddəsləşməsi
əsərə başqa
bir estetika qatır.
Hansı ki, əsərdə Ağ Baba şah tərəfindən öz
məskənindən qovulur,
Pircahana gəlir və günlərin bir günü qeyd etdiyimiz kimi bir anda
hadisələrin başqa
səmtə yönəlməsi,
dövranın dəyişməsindən
sonra baş verən hadisələr təsvir olunur.
Oxucu bu əsərdə Hacı Mikayılın, Qəbzəliyevin,
Maarif müəllimin timsalında insanlığın
yoxa çıxması,
mənəviyyatın məhv
olmasını görəcək.
Əslində, əsərdəki obrazların
bəzilərini real həyatda
da görürük. Məsələn,
mən o qədər Hacı Mikayıllar, Qəbzəliyevlər, Maarif
kimi müəllimlər
görmüşəm ki,
bunlar əsəri mənə daha da doğma elədi...
Və də əsərdə susqun Camal atanın
xilas cəhdləri, qaratikan kolları ilə Pircahan qəsəbəsini, oranın
sakinlərini qorumağa
çalışmağı və bütün bunların heç bir işə yaramadığının da
şahidi olacaqsınız.
Sonradan Camal atanın müqəddəs
bildikləri iydə ağacını baltalamağı,
hördüyü qaratikan
kollarını yandırmağı
da görəndə, inam-iman haqqında təsəvvürlərinizin dəyişəcəyinə
də ümid edirəm.
Əsərdə görəcəksiniz ki, insanlar inanclarını itirməsəydilər, inamlı-imanlı
olsaydılar Pircahan qəsəbəsi daha da müqəddəsləşərdi,
qəsəbə sakinləri
daha da xoşbəxt
bir ömür sürərdilər.
Bütün bu mifik, metafizik
hadisələr, sizləri
əsər boyu təəccübləndirəcək. Məsələn, pircahanlılardan qaçaraq
körpəsi ilə birgə qəbirə sığınan Camal atanın əsər boyu susqun obrazı
bu yerdə hayqıracaq.
Əsərdəki obrazların, məkanların
təsvirinin mükəmməliyindən
isə tam olaraq danışmaq istəmirəm.
Ona görə
də fikirlərimi burda bitirib, sizlərə kitabı oxuyaraq alacağınız
bu həzzi kiçik yazı ilə verməyi nə özümə rəva bilirəm, nə də sizin oxumağınıza.
...Şərif Ağayarın
digər bir çox yazılarında da kənd abu-havası
duyulmaqdadır. Zənnimcə, bu, müəllifin
uşaqlığın bütöv,
gəncliyinin isə bir hissəsinin kənddə keçməsindən
xəbər verir.
Əsərlərdə canlandırdığı bir sıra obrazlar
və hadisələr
də, əsasən kənd həyatında baş verənlərdir.
Magik-realist
üslubda yazılan bu əsəri oxumağı, bütün
oxuculara tövsiyyə
edərdim.
Ədalət.-2018.-22 sentyabr.-S.14.