SƏS
ÖMRÜ
BU İL AZƏRBAYCANIN ƏN
GÖZƏL OPERA İFAÇILARINDAN OLAN ÜZEYİR
BƏYİN
"QIZIL
SOPRANO"ADLANDIRDIĞI FİRƏNGİZ ƏHMƏDOVANIN
DÜNYAYA GƏLİŞİNİN 90
İLLİYİDİR
KAMALƏ
ABİYEVA
İnsan həyata gələndə ilk olaraq işığı hiss edir, yarıyumulu, bapbalaca gözlərini işığa zilləyir. Bəlkə də hər birimiz üçün həyat belə başlayıb - hamımız işığa can atmışıq. İlk insanların günəşə sitayiş etdiyi, aya heyrətlə baxdığı, işığın nə olduğunu anlamaq üçün çaba göstərdiyi vaxtlardan min illər sonra fiziklər müəyyən edəcək ki, işıq gözlə görünən elektromaqnit dalğasıdır. İşığın korpuskulyar nəzəriyyənin banisi sayılan dahi ingilis fiziki İsaak Nyuton hələ işığın dispersiyasını, ağ işığın - günəş işığının mürəkkəb olduğunu, yeddi rəngə bölündüyünü kəşf etməmişdən min illər öncə insan qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy, bənövşəyi rəngləri, təbiətin əlvan rəng çalarlarını gözündən beyninə ötürüb. Əslində rəngləri görmə sinirləri ilə beynimiz qəbul edir; Beyin işığın rənglərini dalğa uzunluğuna görə qəbul edən, işıq dalğalarını təyin edən cihaz kimidir. Böyüdükcə bu rəngləri yaşayırıq, anlarımızı, günlərimizi, duyğularımızı bu rənglərə bənzədir, ömrümüzə qatırıq. Məncə rəssamlıq rənglərin ruha ötürülməsindən yaranıb. İnsan həmişə işığı, ruhuna, ürəyinə dolan, həyatının qaranlıqlarını aydınladan, həyatımızın qoxusuna, dadına dönən, duyğularımıza düşən işığı axtarıb. Bir də işığa dönən səsi görüb, duyub, sevib...
Müasir elmi tədqiqatların gəldiyi nəticəyə görə insanın ən gec ölən duyğu orqanı da eşitmədir. Və ana bətnindəki körpənin dadbilmə,eşitmə duyğusu var. Nə qəribədir?! İnsan hələ ana bətnindəykən səsi yaşamağa başlayır. Dünyadan köçəndə gözlərini işığa yumur, amma səsi eşidir, səsin ömrü bizim həyatımızın zamanından böyükdü. Səs bizdən çox yaşayır. Və səs var ki həmişə yaşayır. Həmişəyaşar səslərdən birini uşaqlıqdan sevmişdim. Elə uşaqlıqdan da bu səsin sehrinə düşmüşdüm. Bu səsin sahibi xalq arasında "Qala" və ya "Qədim şəhər" adlanan İçərişəhərdə payızın ikinci səhərində 1928- ci il sentyabrın 23 - də dünyaya gəlmişdi. Atası Yusif konsertlərin birində heyran olduğu ifaçının adını verir ona: Firəngiz. Bəlkə də onda qızının musiqi taleyini yazıb. Bu qaragöz, qarasaç körpənin musiqiyə marağı elə kiçik yaşlarından hiss olunub. Eşitdiyi musiqiyə uyğun yırğalanar,toppuş əllərini yelləyərdi. Böyüdükcə onun marağı sevgiylə əvəzlənib.
Firəngiz Əhmədova məktəbli olarkən gözəl səsi ilə seçilib, müxtəlif tədbirlərdə çıxışlar edib, müğənni olmaq arzusuyla yaşayıb. Ona görə də təhsilini Bakı Musiqi Məktəbində davam etdirib. Həmin illərdə Azərbaycanın ilk profesional qadın bəstəkarı Ağabacı Rzayevanın bacısı Rəfiqə xanımla dostlaşıb. Ötən əsrin 40-cı illərində ilk mahnı və romanslarını yazmağa başlayan Ağabacı xanım yeni yazdığı romansının ifası üçün "səs" axtarışında imiş. Firəngizin vurğunu olan Rəfiqə onu bacısı ilə tanış edir. Sonralar illərin dostluğuna, yaradıcı birliyinə dönən bu tanışlıq Firəngiz Əhmədovanın həyatında mühüm rol oynayır. Ağabacı Rzayeva Böyük Nizaminin sözlərinə 1947-ci ildə bəstələdiyi "Könlüm" romansını tələbəsi olduğu əvəzsiz Üzeyir Hacıbəyliyə Firəngizin ifasında təqdim etmək qərarına gəlir. Üzeyir bəy Firəngizin ifasını eşidən kimi "Konservatoriyada oxuyacaqsan" deyir. Beləcə həyatında dönüş yaradan, arzularına gedən yolda ona uğur gətirən bu görüşü heç vaxt unutmayan Firəngiz Konservatoriyanın tələbəsi olur. 1946 -cı ildən Azərbaycan Dövlət radio xorunun solisti olan soprano səsli Firəngiz xanım tələbəlik illərində də öz istedadı ilə diqqət çəkir.Təkcə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Müslüm Maqomayev ,Vasif Adıgözəlov, Cahangir Cahangirovun deyil dünya operasının incilərini yaradan Rubnşteyn, C.Verdi, J.Bize, A.Borodin kimi bəstəkarların operalarında da bir- birindən maraqlı partiyaları ifa edir. O illərin ən məşhur ifaçılarıyla eyni səhnəni bölür. Özü deyərdi ki, mən xoşbəxt ifaşıyam, çünki Bülbül, Bünyatzadə, Müslüm Maqomayev, Rəşid Behbudov,L.İmanov kimi tərəf müqabillərim olub. O, nə qədər Nigar olurdusa, o qədər də Sevil, Gülzar, Aida, Mikaela, Dezdomona ola bilirdi. Tamaşaçılar onun Gülçöhrəsini, Sonasını, Marosunu, Çio Çio Sanını da sevirdilər. Çünki bu fitri istedada malik xanım sənətkar məxməri səsinin dramatik çalarlarıyla yaratdığı qəhrəmanların bütün yaşantılarını tamaşaçıya ötürürdü. O bütün partiyalarını eynu ustalıqla, eyni sevgiylə ifa edirdi. Bütün obrazlarını sevir və sevdirirdi. O, SSRİ-nin və Azərbayanın Xalq artisti, "Şöhrət" ordenli Firəngiz xanım Əhmədova. Bizi musiqi dünyasının sehrinə salan, gözəllik yaşadan Firəngiz Əhmədova.
İnsanın həyat uğruna savaşı aclığa mübarizəylə başlayır. Ana bətnindəki o bapbalaca həyat uğruna çabalayır, aclıqla döyüşür, bu döyüşdə qalib olmaq - yaşamaq istəyir. Bu təkcə havaya, suya, çörəyə olan ehtiyac deyil. Bu həm də mənəvi ehtiyacdır - insanın ruhunda gözəlliyə olan ehtiyacdır. Bu ehtiyacımızı ödəyən möcüzələrdən biri də musiqidir. Konfutsi deyir ki, musiqi göylə torpaq arasında bir ahəngdir. Mən bu ahəngi yaradan, ruhumuza qida verənlərdən birindən - Firəngiz xanım Əhmədovadan lap azca söz açdım. Onun haqqında demək istədiklərim bir yazıya sığmaz. Ona görə də ötən il onun haqqında kitab yazmaq təklifinə hədsiz sevindim. Daha çox bu kitabın onun 90 illiyinə təsadüf etməsinə sevindim. Öz səsi,nəğmələri ilə illəri ötüb keçən Firəngiz Əhmədovanın 90 yaşı olur bu il. Onun həyatını öyrəndikcə inandım ki,həqiqətən də nəğmənin - səsin ömrü sonsuzdu. Səs ölmür. Səs həmişə yaşayır. Səs insandan əvvəl olub. Quşların, dənizin, yağışın, şimşəyin, yarpaqların səsi insandan əvvəl olub. Hərflər, sözlər olmayanda səs olub. İlk insanlar hisslərini üzüntülərini, sevinclərini müxtəlif ahəngli səslərlə ifadə ediblər yəqin ki. Müxtəlif avazlı səslər, müsiqi sözdən qədimdir, ona görə bu qədər ruhumuza qovuşa bilir. Musiqi həyatının sözsüz dönəmi də olub. Sözlər yarandıqca mahnılar yaranıb. İlk mahnıların müəllifləri məlum deyil. Onların bir qismi Xalq mahnıları kimi yaddaşlardan süzülüb gəlib. İnsanın həyata baxışı, dərki inkişaf etdikcə yaratdığı musiqiləri müxtəlif işarələrlə, xətlərlə qoruyub saxlamağa - notlaşdırmağa çalışıb. Ensiklopedik məlumatlara görə eramızın I-II əsrində qədim yunanlar instrumental və vokal musiqi üçün iki müxtəlif not sistemi düzəltsələr də müasir not yazısının banisi XI əsrdə yaşamış italyan xor müəllimi, rahib Qvido d"Aresto sayılır. Musiqi adlandırdığımız heyrətamiz gözəlliyin gücü, qüdrəti ondadır ki, o xalqlararası hasarları - sərhədləri də aşıb keçir. Onu hamı anlayır. Bəlkə də musiqi bütün insanlığa bir - birini anlayacağı - sülh, barış, sevgi diliylə danışmağın mümkünlüyü mesajıdır. Kim bilir? Amma gözəllik yaradan sevginin, sevginin yaratdığı gözəlliyin əsrarəngiz səsi daim yaşayıb və bu səs bizdən sonra da yaşayacaq.
Bir az günəşin işığı, bir az ayın nuru kimi, bir az xəyallarımızın, arzularımızın, kədərimizin, sevincimizin səsi kimi ömrümüzə qarışacaq, içimizə dolacaq. İllər ötəcək, amma həmişə, hardasa o səsi eşidəcəyik, çünki oxuyacaq FİRƏNGİZ ƏHMƏDOVA.
Hələ neçə illər o səs ürəyimizin nəğməsini oxuyacaq. Bizimçün oxuyacaq, bizimlə oxuyacaq:
SƏNƏ QURBAN CANIMIZ, CANIMIZ
AZƏRBAYCAN ELLƏRİ.
(mus.F.Əmirov; söz.M.Dilbazi)
P.S. Firəngiz Əhmədova haqqında məlumatları
çətinliklə topladım. Redaktə olunandan
sonra müəllif kimi
kitabı oxumaq hüququndan
məhrum oldum. Hətta adımın və
soyadımın da redaktə olunduğunu görəndə üzüldüm.
Müxtəlif ixtisarlar qismən rabitəsizlik
yaratsa da, narazı olduğum məqamlar olsa da Firəngiz xanım haqqında olan ilk kitabın müəllifi
olduğum üçün
çox sevinirəm.
Ədalət.-2018.-22 sentyabr.-S.12.