Hacı Şahin: "Hətta bəzən ateistlərin də içində Allaha inam var"

 

Budəfəki müsahibimiz tanınmış ilahiyyatçı, din xadimi Hacı Şahin Həsənlidir. Elşad Miriyə verdiyimiz sualları ona da ünvanladıq.

 

Adalet.az müsahibəni sizlərə təqdim edir.

 

- Hər il müxtəlif ölkələrdən bir xeyli adam Həcc ziyarətinə göndərilir. Elə insanlar var, on beş, iyirminci dəfədir ki, ziyarətdə olur. Ümumiyyətlə, Həcc ziyarəti İslam dinindən gələn adət-ənənədir, yoxsa vacib əməl?

 

- Həcc İslamın vacib buyurduğu əməllərdən biridir. Maddi və sağlamlıq durumu imkan verirsə, Həcc ziyarətində olmalıdır. Yalnız bir dəfə vacibdir. Birdən daha çox ziyarətə getməyi dinimiz qadağan etmir. İnsan istədiyi vaxt ziyarətə gedə bilər. Sadəcə əgər əlimdə olan vəsaiti daha yaxşı işə xərcləyə bilərəmsə, daha gözəl olar. Amma elə insanlar da var ki, xeyriyyəçiliklə yanaşı ziyarətə də gedə bilər, biz bunun qarşısını ala bilmərik. Bəzən sadəcə Hacı adını qazanmaq üçün ziyarətə gedən insanlar var, onların bu adı istismar etməyi heç dı yaxşı qarşılanmır. Bununla yanaşı səmimi şəkildə ziyarət edən insanlar da var. Mən özüm qrup rəhbəriyəm, hər il mütəmadi olaraq ziyarətə gedirəm. Həcc ziyarəti imtiyaz deyil, məsuliyyətdir. Çünki o qayıdandan sonra onun əməlləri bütün Hacıların adına yazılır. Onun hansısa davranışı mənfi nümunəyə çevrilə bilir.

 

- Bilirik ki, İslam gələndə bütləri dağıtdı gəldi. Amma Həcc ziyarətində şeytanı daşlamaq mərasimi var. Bu nə dərəcədə düzgündür?

 

- Ümümiyyətlə, Həcc ziyarəti simvolikdir. Yerinə yetirilən ayinlər də. Baxsaq, Kəbənin özü də daşdandı və simvolik olaraq tövhidi təcəssüm etdirir. Məsələn, iki dağ arasında səy etmək var. Səfa ilə Mərv dağları arasında insanlar gəzirlər. Bu Həzrəti İbrahimdən qalmış ayindir. Həyat yoldaşı Hacər övladına su axtarır, sonra övladının ayaqları altından Zəmzəm suyu qaynayır. Bunun mənası odur ki, insan məqsədi üçün çalışmalı, səy etməlidir. Eyni zamanda şeytanı daşlamaq da. O sütunlar şeytanı simvolizə edir. O ayin də sadəcə daxili mübarizəni təcəssüm etdirir.

 

- Bəzən adamlar çıxır ortaya, özlərini şiə adlandırırlar, deyirlər ki, Kərbəla ziyarəti Həccdən qat-qat üstündür. Bu müqayisə nə dərəcədə doğrudur?

 

- Həcc ziyarəti yeganə vacib ziyarətdir. Bəzən deyirlər ki, biz əgər övliyaların qəbrini ziyarət ediriksə, bu Allaha şərik qoşmaqdır. Başqa ənənəvi məzhəblərə baxsaq, nəinki bu ziyarət qadağandır, bəyənilən əməl hesab olunur. Bu insanlıq nümunələrindən biridir. Hər bir xalq öz qəhrəmanlarını, şəhidlərini ziyarət edir. Övliyalar da örnək olan insanlardır, insanlıq etalonudurlar. Dinimiz bu ziyarəti qadağan eləmir, hətta təşviq edir. Bunu bir məzhəbin adına çıxmaq doğru deyil. Bəzi məzhəblər var ki, o qəbirləri dağıdır, Allahıb təkliyinə zidd olduğuna görə. Bu doğru deyil. Çünki bəzən biz Allaha müəyyən vasitələrlə yönəlirik. Kəbənin kənarında İbrahim evi deyilən yerdə onun ayaq izi var. Quranda da onun adı çəkilib. Sonradan pirə çevrilib. Və Quranda da buyurulub ki, namazı orada qılın. Bu onun göstəricisidir ki, Allaha doğru bir öndər vasitəsilə getmək lazımdır. Azərbaycanda da onlarla pir var, onlar həm mədəni-irsi abidələrdir, həm də inanc yerimizdir. Bu cür ziyarətlər məhəbbətin simvoludur və olmadığı yerlərdə radikalizm ayaq açıb yeriyir. Məhəbbət olmayan yerdə radikalizm baş qaldırır.

 

Qaldı ki, müqayisəyə. Biz deyirik ki, alimin mürəkkəbi şəhidin qanından üstündür. Bu şəhidlərin təhqir olunması deyil, alimin dəyərini ifadə olunmasıdır. Allaha yaxın olan bir mömin Kəbədən üstündür. Bunu peyğəmbər buyurur. Yəni insan Kəbədən üstün ola bilər. İnsan bütün yaradılışların əşrəfidir, üstünüdür. Bu mənada müqayisə edəndə kamil insan Kəbədən üstün sayılır. Bu Kəbənin aşağılanması deyil. Amma ifrata varılsa və Kəbə doğrudan da alçaldılsa, bu yol verilməzdir. Bütün dəyərlərlə yanaşı peyğəmbəri Kəbə ilə müqayisə etsək, peyğəmbər Kəbədən üstündür. Ümumiyyətlə fəzilətli bir İnsan Kəbədən üstün sayıla bilər. Bu mənada müqayisə olunmasında qəbahət görmürəm.

 

- Bəli, bəzən fanatiklər bunu elə şəkildə deyir ki...

 

- Doğrudur, adamda qıcıq yaradır. Bundan çəkinmək lazımdır.

 

- İnsanlar hansı inancla doğulurlar?

 

- Hədislərdə qeyd olunur ki, hər bir insan müsəlman olaraq doğulur. Müsəlman deyəndə konkret olaraq hansısa din mənsubu nəzərdə tutulmur. Müsəlman təslim olan deməkdir, yəni insanın fitrəində həmişə Allahla gizli bir əlaqə var. İnsan özündən yüksək bir varlığa can atır. Məsələn, uşağın nağıla həvəsi onun mistik, metafizik aləmə can atmasının göstəricisidir. Sonradan dünyəvi maraqlar, mənafelər yerə endirir. İnsanda həmişə inanc hissi olur və hisslə doğulur. Sonradan mühit, valideyn tərbiyəsi onu başqa istiqamətlərə yönləndirə bilir.

 

Hətta Allahı inkar edən şəxslər də bəzən tərəddüd edirlər, hər hansı bir qüvvənin mövcudluğu haqqında düşünürlər. İnsan doğulanda özünün təkcə maddi, bir ət parçası olmadığını dərk edir. Ucalığa can atan, mənəvi dünyası olan bir varlıq olduğunu anlayır. Quran bunu ruh adlandırır, bunu Allahın sirrlərindən biri kimi dəyərləndirir.

 

- Başqa ölkələr də var ki, o ölkələrdə insanların əksəriyyəti xristian, digərində yəhudi, başqalarında hinduizmə inanlar çoxdur. Sizsə deyirsiniz ki, insanlar təmiz inancla doğulur. O zaman kimin haqqı çatır ki, kimisə dini inancına görə mühakimə etsin? Onların günahı nədir?

 

- İnsanlar öz mühitlərinə uyğun formalaşırlar. Bu bəzən etnik dindarlıq anlayışını meydana gətirir. Yəni bəzi insanlar etnik müsəlmandırlar. Ailəsi müsəlman olduğu üçün özünü identikləşdirir, müsəlman kimi qəbul edir. Əslində inanc seçimə bağlıdır, könüllü seçimdir, iradəli seçimdir. Bəzi insanlar olur ki, yaşının müəyyən dövründə fərqli seçim edirlər. Əgər inanc yanlışdırsa və bu ondan asılı olmayan şeydirsə məsuliyyət daşımır. Quran bütün peyğəmbərləri mötəbər hesab edir. İslam yeganə dindir ki, bütün peyğəmbərlərə sayğı ilə yanaşır və İsanı qəbul etməyən müsəlman deyil, eləcə də digərlərini. Bizim dinimizə görə bütün peyğəmbərlər bir həqiqəti təbliğ ediblər və Quranla kamilləşib. Quran İncili, Tövratı inkar etmir və inancın vacib şərti kimi qəbul edir. Bu təqribən dərs proqramına bənzəyir. Uşaq böyüdükcə, yaşı artdıqca dərs proqramı da onun yaşına uyğun təkmilləşir. İnsanın keçdiyi hər mərhələyə uyğun da səmavi kitablar göndərilib. Sonuncu olaraq da Quran nazil olunur və yeni qanunvericilik aktının qəbul olunur.

 

Amma Quran gələn kimi digər inanc sahiblərini qınaya bilmərik, onlara qarşı kəskin mövqedə ola bilmərik. Bəzən İslamı elə eybəcər formada çatdırırlar, haqq veririk ki, onlar öz dinlərində qalsınlar. Bu şəkilə düşməkdənsə, elə öz dinlərində qalsalar yaxşıdır. Özünüz də bilirsiniz, bir qrup insanlar var ki, İslam adı ilə zorakılığı, vəhşiliyi, təbliğ edir. Diri-diri insanların "Allahu Əkbər" şüarı ilə başını kəsir. Əgər bir insana dini düzgün formada çatdrımırlarsa, bu onun günahı deyil və o yalnız insanlığına uyğun sorğu-sual olunacaq. Hamı bilir ki, oğruluq, yalançılıq yaxşı bir şey deyil, bunu bilən insanları da Allah həmin fitrətə, vicdana uyğun sorğu-sual edəcək. Amma insana İslam doğru şəkildə çatdırılırsa, inadkarlıq edib qəbul etmirsə, ozaman bu fərqli mövzudur. Onda insan qınanır, çünki həqiqətin qarşısında inadkarlıq etmək düzgün deyil. Bu gün biz dünya insanlarını qınaya bilmərik ki, niyə hamı İslamı qəbul etməyib.

 

- İslamda başqa dindən olan insanlarla dostluq etmək, ailə qurmağa qadağa varmı?

 

- Qurandakı düşmənçilik edin ayələri konkret zaman və məkana uyğun nəzərdə tutulub. Yəni o zaman ki, müəyyən bir toplumlar müsəlmanlara qarşı vuruşurdu, Quran buyururdu ki, sizinlə düşmənçilik edənlərlə vuruşun. Bu gün özümüzə baxsaq, görərik ki, bu gün təcavüzə məruz qalmışıq. Quran buyurur ki, torpaqlarınızı azad etmək üçün vuruşun. Vuruşun ayələrnin məzmunu budur ki, sizinlə vuruşanlarla vuruşun. Bunu götürüb bəzən bütün zamanalara aid edirlər, guya İslam fərqli düşüncələrə qarşı cihad edib. Bu tamamən yanlış fikirdir. Quranda dialoqa dəvət edən ayələr var. Yəni məsələn, xristianları ortaq kəlməyə doğru, Allaha doğru dəvət etmək. Quran bütün din mənsublarını birliyə dəvət edir. Peyğəmbərimiz Mədinəyə köçdüyü zaman orada məhşur bir sənəd imzalayır. Orada yaşayan yəhudilər dini azlıq hesab olunurdu və o sənəddə onların inancı, dini hüquqları təsbit edilib. Hətta İslam ümmətinin tərkibi hesab ediliblər.

 

Peyğəmbər ona qarşı olan zorakılıqlara çox dözümlü yanaşıb və onlrı bəd dua ilə yad eləməyib. Onu yaralayan insanlar üçün xoş dua edib ki, ilahi, onları doğru yola yönəlt. Onlar bilmədən bu işi görüblər. Bu gün ayələri konteksdən çıxarıb, guya ki, fərqli düşüncələrə mənsub adamlara qarşı cihad etməyi təbliğ edənlər ya İslamı səhv başa düşüblər, ya da qəsdən belə edirlər ki, din gözdən düşsün.

 

Bu gün Azərbaycan radikallığın ciddi sosial bazası yoxdur. Çünki bayaq da dediyim ki, azərbaycanlılarda dinə, Allah və onun övliyalarına məhəbbət var, məhəbbət olan yerdə radikallıq ola bilməz. Bu bizim poeziyamızda da, mədəniyyətimizdə də öz əksini tapıb.

 

- Homoseksullıq barədə bilirsiniz. Bunu xəstəlik kimi də qəbul edirlər, xəstəlik olmadığını da deyirlər. Bəs, İslam necə qəbul edir?

 

- Dinimiz bu əməlləri günah hesab edir. Bu insanın təbiətinə və fitrətinə ziddir. Eyni zamanda da mütəxəssislər də bu məsələni araşdırır ki, dğrudan da bu xəstəlikdirmi, xəstəlik deyilmi. Dəqiq bir nəticəyə də gələ bilmirlər. Din hər bir halda bunu qadağan edir.

 

- Bu insanlar cəzalandırıla bilər?

 

- Ümumiyyətlə, bu daha çox təbliğ olunduqda təsir dairəsi genişlənir, bu insaların sayı artır. Din açıq şəkildə bunun təbliğ olunmasını qadağan edir.

 

- Elə insanlar var ki, sonsuzdurlar və ailə həyatı qururlar, uşaqları olmur. Onlara təklif olunur ki, süni mayalanma ilə uşaq dünyaya gətirsinlər. Din bunu necə qarşılayır?

 

- İslam dininin özəlliklərindən biri də budur ki, zamanın yeniliklərinə açıqdır, uyğunlaşır. Buna ictihad deyilir. Bu günkü müasir dini baxışlara görə süni mayalanma qadağan deyil. Amma burada şərt odur ki, əgər bu donor vasitəsilə edilirsə atası həmin donor sayılır. Əgər atası donor olursa, din bunu qadağan etmir.

 

- Niyə başqa peyğəmbərlərin filmlərdə üzünün göstərilməsi yaxşı, Məhəmməd Peyğəmbərin üzünün göstərilməsi pis qarşılanır? Bayaq dediniz ki, İslam dini başqa peyğəmbərləri də qəbul etməyi vacib şərt kimi buyurur.

 

- Düzdür, bu barədə fərqli görüşlər var. Ümumilikdə, müqəddəs şəxslərin təsəvvürdə necə qalıbsa, elə də qalmağı nəzərdə tutulur. Bu barədə qəti şəkildə bir şey deyə bilmərək, çünki şəriyyətdə belə bir hökm yoxdur. Bu müəyyən qədər insanların öz ixtiyarına buraxılıb və İslam peyğəmbəri sonuncu olduğuna görə bəzən bu dinə mənsub olanlar ehtiyat üçün sırf Məhəmməd peyğəmbərin üzün göstərmirlər. Deyirsiz ki, digərlərini nüzü niyə göstərilir. Axı, İslam dininə inanalar üçün daha çox İslam peyğəmbəri üstün sayılır. Zaman keçdikcə ola bilər ki, bu məsələyə fərqli bir baxış olsun.

 

- Quranda Allahın dünyaya nəzarəti haqqında nəsə varmı? Məsələn, deizim deyir ki, Allah dünyanı yaradıb və çəkilib kənara, onun işinə qarışmır.

 

- Quranda qeyd olunur ki, Allah aktiv şəkildə dünyada baş verənlərə nəzarət edir. Bunları səbəbi insanın azadlığındadır. Əgər Allah bütün cinəytlərin qarşısını alacaqdısa onda biz kimik? İnsanın azadlığının sayəsində bəşəriyyət bu problemlərlə qarşılaşır. Bəzən qınayırıq ki, niyə Allah bu işlərə nəzarət etmir. Cəmiyyət özü yetkinləşib bunların qarşısını almalıdır. Dinin əsas hədəfi də insanın kamilləşməsidir. Kamilləşmə də bu proseslərin içində baş verir. Bir xalq yetkinləşirsə, bu cinayətlərin sayı azalır. Quranda bir ayə var ki, bir xalq öz taleyini dəyişməyincə, Allahın onun taleyini dəyişməz. Dəyişmə potensialı insanda var. Allah bəzən səbr edir, dözür, bu o demək deyil ki, Allah bunlardan razıdır. Bir sıra məsələlər var ki, bu insanın iradəsinə buraxılıb. Bəzən övladlarımıza da səhv etmək şansı verməliyik ki, o özü nəticə çıxarsın. Yoxsa o zəif insan kimi yetişər. Bu sərbəstlik üzərində bir nəzarətdir.

 

- İntihar Quranda pislənir, bunu bilirik. Bəs xəstəliyə dözməyib özlərini öldürənlər necə?

 

- Bu da intiharın bir növü hesab olunur. İnsanın ağrı-acıya dözməsi kamilləşməsinin göstəricisidir. Biz bu dünyada ağrı=acıya dözürük ki, içimizdəki istedadlar çiçəklənsin. Bəzən bir insana nəyisə bəxş etmək üçün onu nələrdənsə məhrum etmək lazım gəlir. İnsan üzməyi öyrənmək üçün su ilə çarpışmalıdır. Quranda Həzrəti Eyyub haqında danışılır. O ağır xəstəliyə düçar oldu, amma Allaha qarşı çıxmadı, naşükür olmadı. Əgər ağrıların qarşısını almaq üçün başqa vasitələr varsa, istifadə olunmalıdır. Amma özünü öldürmək intihar hesab olunur.

 

- Bəs komaya düşmüş bir insanın yaxınlarını icazəsi ilə aparatdan ayrılması?

 

- Gözləmək lazımdır ki, öz əcəli ilə dünyasını dəyişsin. Yenə deyirəm, ola bilər ki, zaman keçdikcə fərqli görüşlər meydana gəlsin, amma bu günə olan baxış budur ki, olmaz.

 

- Bəs yaxşı, dindarlar namaz qılırlar, dua edirlər. Bütün bunlara da ərəbcə riayət edirlər. Olmazmı ki, Azərbaycan dilində qılsınlar namazı?

 

- Duanın insanın öz dilində etməsində heç bir qəbahət yoxdur. Amma namaz gündəlik dini ayindir, bunun original şəkildə qılınması tövsiyə olunur. Çünki Qurandakı ayələr ərəbcə nazil olunub. Bu ayələri təbii ki, anlamalıyıq. Hərflərin düzülüşündə bir ecazkarlıq var, insan qəribə bir duyğu, hiss keçirir. Originaldan oxuyub tərcüməsini bilmək şərtilə namaz qılınsa yaxşıdır.

 

- Bu problemi özüm də yaşamışam deyə sual verirəm. Quranın cırılması ilə bağlı sizin düşüncələriniz nədir?

 

- Ümumiyyətlə, Quranın zahirinə və həqiqətinə hörmətlə yanaşmaq lazımdır. Məsələn, biz Qədr gecəsində Quranı başımızın üstünə qaldırırıq. Bəzən bu hərəkət insanlarda sual doğurur. Düşünürəm, bu əslində mütərəqqi ayindir ki, xalq bir kitabı başının üzərinə qaldırır, uca tutur. Doğrudur, bəzi insanlar var ki, elə Quranın zahirini dəyərləndirir, rəfdə saxlayır, yalnız kimsə dünyasını dəyişəndə, yaxud da gəlin gətiriləndə əlinə alır. Bu Quranın öz təyinatı üzrə istifadə olunmaması deməkdir. İnsanlar Quranı oxumaqdan çəkinməməlidir, stolüstü bir kitab kimi dəyərləndirməlidir. Məsələn, sevdiyimiz bir şəxsdən məktub gələndə, öpüb gözümüzün üstünə qoyuruq, eləcə də Qurana bu sayğı olamalıdır. Bu məhəbbətin ifadəsidir. Bir kitabı ki, Allah bizə göndərib, ona hörmət etmək lazımdır. Elə insanlar var ki, müqəddəsliyi inkar edirlər. Quranda belə bir ayə var, Musaya buyurulur ki, çarıqlarını çıxar, sən müqəddəs bir vadiyə, Tuva vadisinə daxil olursan. Yəni Quranda hətta bir yerə də müqəddəs kimi yanaşılır.

 

Məsələn, dövlət başçısı bayraq önündə əyilir, təzim edir. Bu onun arxsında olan vətən anlayışına sayğıdır. Bəzən yas mərasimlərində Yasin oxunur. Tərəfdarıyam ki, Yasin oxunandan sonra tərcüməsini də oxusunlar. İnsanlar bilsinlər ki, nəyə qulaq asırlar.

 

- Amma televiziyada da göstərirlər ki, hansısa ev yandı, Quran yanmadı. Və yaxud kimsə Quranı cırdı, meymuna çevrildi.

 

- Bəzən xürafatlara inam artıq. Məsələn, deyirlər ki, meyvənin üstünə Allah yazılıb, başqa nələrsə. Belə şeyləri qəbul etmirəm. Bunlarla insanalrın başını qatırlar. Allahın sübut olunması üçün meyvənin üstünə adını yazmasına ehtiyac yoxdur. Din tarixində möcüzələr olub, bəli, peyğəmbərlər möcüzələr göstəriblər, amma dinə möcüzə kimi yanaşmaq, onu reallıqdan ayırıb hansısa bir anlayış kimi qəbul etmək kökündən yanlışdır. Din real düşüncədir, real həyat tərzidir. Ona görə də ona realistcəsinə yanaşmaq lazımdır. Onun görüşlərini, baxışlarını həyatımıza tətbiq etmək lazımdır. Din adı gələn kimi kimlərsə qeyri-adilik axtarır. Tutaq ki, Kəbə evi dəfələrlə uçub, yenidən düzəldiblər, tikiblər. Sual oluna bilər ki, Allah niyə öz evini qorumur? Bu təbii hadisədir.

 

Ədalət  2018.- 22 sentyabr.- S.6.