DİŞİ
CANAVAR
Hekayə
İvaylo PETROV
Tərcüməçidən:
İvaylo Petrov 1923-cü il yanvarın 19-da Bolqarıstanın Dobriç rayonda kəndli ailəsində anadan olub. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. Alman-faşist işğalçılarına qarşı keçirilən hərbi əməliyyatlarda yaxından iştirak edib. Müharibədən sonra 1947-1949-cu illərdə Sofiya Universitetində hüquq fənnindən dərs deyib. Daha sonra "Plamya" ("Alov") jurnalı və "Literaturnıy front" ("Ədəbiyyat cəbhəsi") qəzetində, "Bolqarıstan yazıçısı" nəşriyyatında, Sofiya radiosunda çalışıb.
İvaylo Petrov 20-dən çox bədii kitab müəllifidir. Onun əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunub. Bir çox nüfuzlu ədəbi mükafatların laureatı olan yazıçı 2005-ci il aprelin 16-da ömrünün 82-ci baharında Bolqarıstanın paytaxtında vəfat edib.
***
Dişi canavar artıq neçənci dəfə idi ki, yenidən dağın yoxuşundan yerə enirdi. Balalarını əmizdirməkdən tamam zəifləmişdi, aclıqdan gözləri od saçırdı. Yenə də aclıqla özünü imtahana çəkərək, ələ keçirdiyi qənimətə tamah salmadan onu balaları arasında bölüşdürürdü.
Dişi canavarın cəmi altı balası vardı. Onlar demək olar
ki, hər gün boy atıb böyüyür, qidaya olan tələbatları getdikcə artırdı.
Balalar tez-tez gizləndikləri oyuqdan çölə çıxıb səbirsizliklə
analarının yolunu
gözləyirdilər. Bu dəfə də
ana onların başını iri at sümüyü ilə qataraq ov dalınca
yola düzəlmişdi.
Sıx fistıq
meşələrini ötüb
keçən dişi
canavar aşağıdakı
düzənliyə doğru
istiqamət götürmüşdü. Orada kənd
yerləşirdi. Kəndin dörd
tərəfində ov
itləri məskən
salmışdı. Bir azca yuxarıdakı yamacda isə qoyun sürüsü otlayırdı.
Birinci dəfə
ana canavar günün günorta çağı qoyun sürüsünə hücum
çəkmişdi. Qoyunlardan birinin
boğazından yapışaraq
onu çiyninə atmışdı. Qarmaqarışıqlıqdan qoyunların canına
vəlvələ düşmüş,
hərə bir tərəfə səpələnmişdi.
Səs-küydən birinci itlər
xəbər tutmuş,
canavarın arxasınca
düşməyə üz
qoymuşdular. Artıq ana
canavar iki tərəfdən mühasirəyə
salınmışdı. Bir müddət sonra çobanlar da qaçıb özlərini
köməyə çatdırmışdılar.
Onlar: - Canavar, canavar! - deyib qışqırır,
itləri hücum çəkməyə təhrik
edirdilər.
Amma dişi
canavar mühasirədən
çıxmağa macal
taparaq dağın başına qalxıb oradakı talaların birində dayandı. Onun ağzında qoyunun isti qanının şirinliyi hiss olunurdu. Dişi canavar qanı yalayaraq qəzəbindən ulamağa
başladı... Həyatında belə vəziyyətləri
o, çox yaşamışdı.
Qoyun sürüsünün lap yaxınlığındakı
kolluqda gizlənərək
qənimət əldə
etmək ümidi ilə saatlarla ac qalıb son nəticəni
gözləmişdi. İtlər uzaqdan
onun gəlişini duymuş, çobanlar isə ehtiyat tədbirləri görmüşdülər.
Bu günkü axşam dişi canavar yenə də meşə kənarında oturmuşdu. Günəş çoxdan idi ki, qüruba enmişdi. Ara-sıra quzuların boynundan sallanan zınqrovların səsi eşidilirdi. İtlər yatmışdı. Meşə tərəfdəki tarladan xəfif külək əsirdi. Elə bil o da canavarın burada olduğunu duymuşdu. Meşədən çıxan dişi canavar qoyun ağılına yaxınlaşdı. Qoyunların lap yaxın məsafədə olması ona hər hansı ehtiyat tədbiri görməyi unutdurmuşdu. Dişi canavar qaçaraq çəpərdən ağılın içərisinə tullanmağa cəhd göstərdi, amma ayağı büdrəyib arxası üstə yerə yıxıldı. Ürəyi yerindən qopdu, az qala nəfəsi kəsildi. Baş verənləri dərk edərək tez geriyə qaçdı. Onun sağ arxa pəncəsi qırılmış və yanına sallanmışdı.
Sürünüb yuvasına çatana qədər geçə yarını keçmişdi. Dişi canavar yolda hardasa uzanıb dincini ala bilərdi, amma balalarının fikri onun belə tez, asanlıqla ölümə təslim olmasına imkan vermirdi. O, sonuncu dəfə balalarını görüb, üz-gözlərini yalamaq istəyirdi. Onlar analarının gəlişini uzaqdan hiss etdilər. Bir-birinin ardınca növbə ilə onu qarşılamağa çıxdılar. Ağlayıb-sızlayaraq analarına sürtünən ac balalar ondan onları doyuzdurmağı gözləyirdilər. Dişi canavar yerə uzanmışdı, balalarını sonuncu dəfə əzizləyib oxşamağa hətta gücü çatmırdı. Heç nədən xəbərsiz balalar isə mırıldayaraq ehtirasla analarının üst-başını tapdalayırdılar. Dişi canavar başını qaldıraraq dərisinin güclə saxladığı yaralı pəncəsini dişinə alıb onu balalarından birinin ağzına tutdu. Ac bala pəncədən yapşaraq hərisliklə isti qanı sovurmağa başladı. Digər balalar da onun üstünə düşərək analarının qanını sovurmağa davam etdilər.
Yerə sərilən dişi canavar hiss edirdi ki, yaşayış uğrunda apardığı qeyri-bərabər mübarizələr, balalarına olan sevgi hissi, şirin həyat onu tərk etməkdədir. Onun sonuncu fikri-zikri onların yanında qalmışdı. Balaları yedizdirmək, əziləmək, rahatlamaq lazım idi. Çünki belədə tülkü onları tapıb xətər yetirə bilərdi. Balalar isə mübarizə aparmaqda və bağırıb nərildəməkdə davam edirdilər. Dişi canavar onlara tərəf sürünərək kötüyə dönmüş pəncəsini onların ağzına apardı. Bir müddət sonra o, başını yerə dikərək gözlərini yumdu.
Nəhayət ki,
işığında çoxlu gecələr
yaralarını müalicə etdiyi ulduzlar söndü, uzaq yerlərdən özü
ilə ovun, qənimətin şirin qoxusunu gətirən
küləklər səngidi. Onun üçün hüdudsuz böyük bir evə çevrilmiş
bütün təbiət qalın qara zülmətdə boğulub
qaldı. Bu zülmətdə uzanan dişi canavar isə indi tikələrə
parçalanmış bədəninin balalarının bədəninə
necə keçməsinin, onun həyatının
balalarının həyatına axmasının ləzzətini
duyurdu.
Tərcümə
edəni:
Ağaddin Babayev
Ədalət.-2018.-25 sentyabr.-S.15.