HƏYATA YENİ GƏLİŞİNİZ MÜBARƏK

 

Tanınmış ziyalı, yazıçı-publisist, el ağsaqqalı Miryavər Hüseynova açıq məktub

 

Hörmətli Miryavər müəllim!

80 yaşınızın tamam olmasını eşidib bu münasibətlə bir yazı hazırlamaq, sizi təbrik etmək istədim, ancaq bu fikrimdən tez daşındım. qərara aldım ki, düşündüklərimi açıq məktub şəklində ifadə edim xalqa, vətənə, el-obaya möhkəm bağlı olan şərəfli bir ömrün kitabını ellə birgə vərəqləyim.

Haqqınızda çox eşitmiş, özünüzü mötəbər məclislərdə görmüş, sözünüzü də dinləmişdim. Sən demə, bütün bunlar dəryada bir damla imiş. Kitablarınızı, haqqınızda yazılanları diqqətlə oxuyandan sonra özümü qınadım; bizimlə birgə, bizimlə bir dünyada, laaap yaxınlıqda, cəmi bir addımlıqda pir, bir müdrik, ürəyi doğma vətən, yurd, bütöv Azərbaycan üçün alışıb-yanan, dilində dürlü-dürlü sözlərimiz bir xəzinəyə çevrilən nadir bir şəxsiyyət, el fədaisi yaşayırmış. Bu yerdə istər-istəməz ölməz şairimiz Cabir Novruzun: "Sağlığında qiymət verin insanlara" və doğma yurdumuzun başqa bir tərənnümçüsü Musa Yaqubun "Yaxşı insanları qoruyaq gəlin" misralarını xatırladım.

Eyni zamanda şagirdlik illərim yadıma düşdü. Romantik xəyallarla, vətənpərvərlik duyğuları ilə yaşayan illərimdə orta məktəb dərsliklərində, qəzet və jurnallarda İsmayıllı, onun bölgələri ilə bağlı kiçik qeydləri də acgözlüklə oxuyur, fəxr edirdim ki, yurdumun adı da tarixlərə düşüb. Bəzən də burdakı fikirlərin səhv izahını görəndə kədərlənir, ürəyimdə etiraz edir, lakin səs-ünüm heç hara çatmazdı. Yaxşı yadımdadır: Orta məktəb illərində S.Vurğunun "Muğan" poemasını keçirdik. buradakı bir parçada deyilirdi:

 

Arabir də anıb yenə Topçu meşəsini,

Yada saldı həsrət ilə maralların nərəsini.

Yada düşdü nişanlısı, nazlı sular sonası da,

Öz oğlunu yola salmış ağbirçəkli anası da.

 

Buradakı "Topçu meşəsi" ifadəsini aşağıda belə izah etmişdilər: Qazax rayonu ərazisində meşə. O zaman bir etiraz edən olmadı ki, axı Topçu meşəsi ilə üz-üzə uşaqlığını keçirən bir gəncin ömründə görmədiyi Qazax haradan yadına düşsüng Çox istəyirdim ki, yurd yerlərimiz, dağımız, daşımız, otumuz, suyumuz haqqında hər bir söz yazıya alınsın, gələcək nəsillərə ərməğan olsun. Həmin nəsil bilsin ki, üzərində ayaq basdığı sadəcə qaraca torpaq deyil babaların ayaq izlərini, müdrikliyini, ululuğunu, nəfəsini, alqışını yaşadan müqəddəs bir tarixdir.

Bir neçə il bundan əvvəl Lətifə Mirzəyevanın belə xeyirxah işin nəticəsini gördüm. O, yurdumuz haqqında yazıları bir toplu halında nəşr etdirdi. Lakin bu kifayət deyildi. Ulu yurdumuzun sanki pasportu olan iki yaşayış məskəni: Lahıc və Basqal hələ qədimlərdən uzaq-uzaq məkanlarda tanınıb. Lahıc haqqında ayrı-ayrı mənbələrdə məlumat verilib. Hətta, Manaf Süleymanovun "Lahıc" kitabı bu sahədə çoxlu qiymətli bilgi verən mənbədir.

Yaxşı bilirik ki, dünya binə olandan əli qələm tutan şəxslər onu əhatə edən aləm haqqında söz deməyə çalışıb. Və bu bilgilər heçmahir filosof, tarixçi yazarlarının yazdıqlarından az əhəmiyyətli deyil.

Basqal haqqında isə belə qiymətli bilgi yox idi. Məhz bu mənada adı Günçıxandan Günbatana qədər yayılmış sənət və sənətkarlar məskəni əsl Basqalın nə demək olduğunu siz göstərdiniz. İsti, işıqlı qəlblə, nağılvarı rəvayətlərlə maddi və mənəvi nemətlərilə zəngi bu türk yurdunu aləmə tanıtdırdınız. Yox, əslində dərindən sevdirdiniz. "Bu xalqın tarixi, adət-ənənəsi, mənəvi aləmi yüksəkdir, uludur", - fikrini məntiqi şəkildə əsaslandırdınız. Tarixçilərimiz Azərbaycan tarixi üçün nə demək olduğunu yaxşı bilirlər. Basqal tarixi elə Azərbaycan tarixi deməkdir.

Siz özünüzBasqal tarixinin bir parçasısınız. Burada doğulub nəfəs alan, tarixlər şahidi dolanbac küçələrində ayaq açıb yeriyən, Əmrəkinin, Canalının, Fit dağının, Baba dağının məlhəm havasından qidalanan, hər bir tikilinin, hər bir sakinin ilahi varlığını dərk edən, təkcə dərk etməklə kifayətlənməyib gilə-gilə, qətrə-qətrə ürəyinin süzgəcindən keçirib yeni nəslə çatdıran, Azərbaycan xalqının qəhrəmanlıq tarixinə öz pozulmaz imzasını atmış neçə-neçə insanın keçdiyi şərəfli ömür yolunu məhəbbətlə, şirin bir dillə qələmə alan insansınız.

Əslində bu sizə, əsil-nəcabətinizə yaraşan addır. Atanız Məşədi Seyidrəsul, onun atası Hacı Seyid Hüseyn, daha sonra Hacı Seyid Həsən, Mir Ağası, Mir Əbdüləli, Seyid Kamil, Hacı Mirmehdi və şəcərəsi daha uzağa - altıncı imam Cəfəri Sadiqə (ə) çatan, bunu qeyri-adi yaddaşınızla əzbər bildiyiniz bir nəslin davamçısı kimi, sadəcə onların adından istifadə etmədən xeyirxah əməlləri qoruyub saxlayır, insan qəlbinə yaxın olub çətin anlarda simurq quşu kimi köməyə gəlir və hər bir insanın ürəyincə olan bir işi - doğma yurdunun hər daşının, kərpicinin tarixinin araşdırılmasını müqəddəs vəzifəniz hesab edirsiniz.

Çoxhörmətli pedaqoq! Sizin adınız 126 yaşlı şanlı bir tarixi olan, xalqımızın ictimai fikir tarixində, tərəqqisində mühüm rol oynamış, neçə-neçə ziyalı nəslin həyatına nur çiləmiş Basqal qəsəbə orta məktəbi ilə birgə çəkilir. Bu da təsadüfü deyil. 1950-ci ildə M.F.Axundov diplomu ilə bitirib əvvəlcə Müəllimlər institutunu, 1961-ci ildə M.F.Axundov adına Dillər İnstitutunu fərqlənmə diplomu ilə bitirib əvvəlcə rayon mərkəzində müəllimlik etdikdən sonra Bakıda elmi-tədqiqat işi ilə məşğul olmaq imkansız olsa da, kəndə qayıtmış, düz ömrünün 61 ilini pedaqoji işə həsr etmiş, əsl təhsil fədaisi kimi ömrünüzü sona kimi əridib gənc nəslin tərbiyəsi ilə məşğul olmuş, vətənin qoynuna dəyərli övladlar pərvazlandırmışsınız.

Rayonun adlı-sanlı müəllimlərindən olmaqla yanaşı, "Metodist müəllim", "Təhsil əlaçısı" fəxri adlarına layiq görülmüş, elmi-praktik konfranslarda, metodbirləşmə iclaslarında ardıcıl olaraq etdiyiniz çıxışlar, "Azərbaycan müəllimi", "Azərbaycan məktəbi", "Russkiy yazık i literatura v Azerbaydjanskoy şkole", "Uçitelskaya qazeta" və bir sıra başqa qəzet və jurnallarda pedaqoji mövzularda dərc etdirdiyiniz onlarca iri həcmli məqalə hamının marağına səbəb olmuşdur.

Bir cəfakeş, işinin ustası olan kamil pedaqoq kimi bütün bunlar kifayət qədər sizə nüfuz qazandırmışdır. Lakin Danko kimi (M.Qorki) yanan ürəyiniz bununla kifayətlənmədi. Çünki bu ürəyin alovu, istisi daha böyük kəramətə sahib idi.

Doğulduğunuz, ayaq açıb yeridiyiniz torpağın yorulmaz tədqiqatçısı kimi Şirvan torpağının əsrarəngiz gözəlliyini, şanlı tarixi keçmişini, tarix yaradan insanlarını tərənnüm edən və "Bakinskiy raboçiy", "Kommunist", "Vışka", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət", "Panorama", "Molodyoj Azerbaydjna" və s. qəzetlərdə, "Ulduz" və digər jurnallarda işıq üzü görmüş 200-dən çox oçerkin, publisist və bədii yazının müəllifisiniz. Əziz Miryavər müəllim! Bütün bunlar sizin gördüyünüz işlərin cüzi bir hissəsidir. Əsil işiniz isə zəngin tarixi olan, bəlkə də, hansısa tədqiqatçı alimin, tarixçinin, etnoqrafın və başqalarının görə bilmədiyi vətənpərvərlik işinin məntiqi yekunu olan kitablarınızdır.

Bu mənada birinci kitabınız "Ulu Vətənim Basqal" - real müşahidələrinizin, gərgin axtarışlarınızın bəhrəsi olmaqla, nurlu və vətənpərvər ziyalılığınızdan xəbər verən, Azərbaycan auditoriyası üçün göydəndüşmə və arzu olunan hədiyyədir. Burada ulu sənətkarlar yurdundan, onun indiyədək göz bəbəyi kimi qoruduğu adət-ənənələrindən, milli-mənəvi dəyərlərdən, bayramdini mərasimlərdən söhbət açır, Azərbaycan elminə, təhsilinə, mədəniyyət və incəsənətinə töhfə olan nadir insanların həyat və yaradıcılıq səhifələrini şirin və səmimi bir dillə vərəqləyirsiniz.

Birinci kitabın təkmilləşdirilmiş forması - "Basqal əcdadlarımızın əks-sədasıdır" kitabında bu gərgin zəhmətin daha ətraflı, müfəssəl davamını görürük. Hər bir insan üçün zəngin məxəz olan bu kitabda qədim və tarixi yaşayış məskənin möcüzəli gözəlliyini, sakinlərin bənzərsiz həyat tərzini, məişətini, məşğuliyyətini, etnoqrafik xüsusiyyətlərini, adət-ənənəsini göstərməklə yanaşı, onun şöhrətini uzaq-uzaq ellərə yayan insanları haqqında tam təsəvvür yaradasınız.

Kimdir bu insanlar? Əlbəttə, özünüz qeyd etdiyiniz kimi, onların sayı yüzlərlədir. Hamının yaxından tanıdığı, eyni zamanda tanımadığı və sizin sayənizdə yenidən kəşf edilən insanların bir neçəsini - daha çox tanınmışlarını monoqrafiyanıza daxil etmisiniz. Elə bu bir neçəsi də bəs edir ki, hər bir basqallının Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafında öz payı, öz izi olduğunu sübuta yetirəsiniz!

1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmiş sədəfli saz ustası Açıq Şamil, görkəmli ziyalıların yaxın dostu, şərq klassik ədəbiyyatının mahir bilicisi Ağasəfərli Hacı Gülü oğlu, texnika elmləri doktoru, professor Ağasəməd Əlizadə, geologiya-mineralogiya elmləri doktoru, akademik Ələşrəf Əlizadə, xeyriyyəçi İsa Vəkilov, görkəmli dövlət xadimləri Kazım İsmayılov, Mirmahmud Mirbağır oğlu, Azərbaycanın əməkdar elm xadimləri fizika-riyaziyyat elmləri doktorları MaqsudMayis Cavadovlar, Əməkdar elm xadimi, texnika elmləri doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının akademiki Tofiq İsmayılov, Xalq yazıçısı Əbülhəsən, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycanın Əməkdar neftçisi Ağasəf Bağırov, texnika elmləri doktorları Siyavuş və Alçın Şirinzadələr, Əlişir Əlifov, Böyük Vətən müharibəsinin qəhrəmanı Kamal Qasımov, İtaliyanın Milli Qəhrəmanı Məmməd Bağırov, kövrək duyğular şairi Davud Aslan, istedadlı yazıçı Çingiz Ələkbərzadə, doğma elin tərənnümçüsü, şair Ağasən Bədəlzadə, xeyirxahlıq timsallı Vahid Bağırov, tanınmış dilçi-pedaqoq Kənan Mikayılov və onlarla başqaları haqqındakı maraqlı məlumatların hər biri dəyərli bir əsər səviyyəsindədir. Hörmətli Miryavər müəllim! Siz təkcə yaxşıları qələmə almaqla işinizi bitmiş hesab etməmişsiniz. Uluların "Unutsaq unudularıq" müdrik, filosofyana yozumuna söykənərək eyni zamanda bu diyarı şöhrətləndirən özəl xüsusiyyətlərin get-gedə məhv olmasından, əsrlərin şahidi olan tarixi abidələrin biganəlikdən dağılıb getməsindən, saf mənəviyyatın, adət-ənənələrin bayağılaşmasından və onlarla digər - Basqalı Basqal edən xüsusiyyətlərin aradan qalxmasından, açıq səma altındakı nadir muzeyin tarixçi və etnoqrafların diqqətindən kənarda qalmasından ürək ağrısı ilə danışır, narahat olur, həyəcan təbili çalırsınız. Bu da təbii olan əsl insani, əsil vətənpərvərlik nümunəsidir.

Siz yenə də gördüyünüz böyük içinizlə kifayətlənmədiniz. Çoxlarını düşündürən, sarsıdan, təəssüf və ürək ağrısı ilə xatırladığı, qırmızı terrorun tüğyan etdiyi dövrün hadisələrinə üz tutdunuz.

Bəli, amansız ölüm hökmləri saysız-hesabsız insanı işıqlı dünyadan apardı. Bolşevik güruhu ÇK, QPU, NKVD, adlanan bandit təşkilatlarının vasitəsilə uydurma ittihamlarla ziyalılarımızın, demək olar ki, bütün qabaqcıl nümayəndələrini, həmçinin humanist ürəkli, səxavətli, siyasətə dair azacıq belə təsəvvürü olmayan insanları qara yel kimi məhv etdi. Siz el qədrini canından əziz bilən bir ziyalı, əsil insan kimi bütün bunlara biganə qalmadınız. Ağır, gərgin zəhmət və axtarışlar, aylarla arxiv materialları üzərində işləmək ağsaqqalları dinləməklə möhkəm yaddaşın hesabına həmin illəri yenidən canlandırmısınız. Ürək ağrıdan mövzuya həsr etdiyiniz "İztirablı illər, pak ömürlər" ("Adiloğlu" nəşriyyatı, Bakı - 2008) adlı sənədli povestinizdə az-az müraciət olunan həmin dövr hadisələrinin sanki canlı şahidi oluruq.

Əsər əsasən Hacı Ağabağırın həyat yoluna həsr olunsa da, bütövlükdə böhtan xarakterli haqsız ittihamlarla təqsirləndirilən günahsızların, acı taleli insanların ruhuna ən böyük töhfə, məzarların üzərinə qoyulan sonsuz gül çələngidir yaratdıqlarınız.

Çox hörmətli Miryavər müəllim! Yaxşı bilirik ki, ulu tanrı içərisində ağıl və kamalı ən qiymətli töhfə kimi təkcə insana bəxş edib. Bütün dövrlərin kamil sənətkarları öz yaradıcılıqlarında yüksək kamal sahibi, nəcib əxlaqi sifətlər, ağıl və gözəllik daşıyıcısı olan insanı vəsf etmişlər. Siz özünüzbu kamillik zirvəsini fəth etməklə, belə yüksəklik timsalı insanlardan yazırsınız. Onlardan tək birinin təkcə istehsalat sahəsində, istərsə də elmdə özünü təsdiq etmiş, alim-mütəxəssis, həm də varlığı bütövlüklə insanlığa bəxş olunan nəciblik, xeyirxahlıq, mətinlik timsalı olan, işıqlı əməllərinə görə əbədiyyətə qovuşan, özü gedib işığı qalan alim, fizika-riyaziyyat doktoru, professor İbrahim İsmayılzadənin zəngin həyatına işıq salan "Həyatın elmi" povestiniz həm sizi, əsəri alimin özünə layiq olduğu - "Azərbaycan Hava yolları" Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya personalı Hazırlığı Mərkəzinin rəisi, dosent, fizika-riyaziyyat elmləri namizədi Həsən müəllimin təqdim etdiyi sənədlərlə işləmisiniz. Bu sənədlər isə qələminizin bədii süzgəcindən keçmiş, obrazlığa, məcazi zənginliyə, sadəlik və səmimiliyə bürünərək heç kəsin dilində olmayan üslubla oxucuya çatdırılmışdır.

Çoxdan düşündüyünüz bir mövzuya - Böyük Vətən müharibəsi hadisələrinə müraciət etməyiniz heç də səbəbsiz deyil. Axı özünüz hadisələrin şahidi olmuşsunuz. Qalan hadisələrin təfərrüatına varmağa ehtiyac duyulmur. Çünki maraqlı olan canlı tarixi hadisələrin necə cərəyan etdiyini bu ilin iyun-iyul aylarında rusca çap olunaraq "Sudba Katerini" romanından biləcəkdir.

Hörmətli Miryavər müəllim! Siz əsil azərbaycanlı qonaqpərvərliyinin bariz nümunəsisiniz. Basqala gələn ən mötəbər qonaq - dünyanın harasından olursa-olsun, sizin evinizin ən əziz müsafiri, dəyərli söhbətlərinizin heyranıdır. Moskvada yaşayıb fəaliyyət göstərən görkəmli diplomat, yazıçı, kinossenarist Fərhad Ağamalıyev də İsmayıllıda olmuş, öz zəngin və qədim tarixi keçmişi, mədəniyyəti ilə seçilən bölgəmiz haqqında fikirlərini 2010-cu ildə elə Moskvada çap etdirdiyi "Luna nad Djanalı" ("Canalı üzərində ay") kitabında ifadə etmişdir. Təbii və sevindirici haldır ki, kitabdakı bir fəsil sizinlə tanışlıqdan və Basqal qəsəbəsi haqqındakı söhbətinizdən ibarətdir.

Mütaliə etməkdən, oxuyub-öyrənməkdən bir an da usanmadan mənalı həyatınızı doğma elin, obanın tarixi keçmişinə, inkişafına, qəlblərində dünya boyda sevgi, inam yaşadan insanlarına həsr etmiş bir ziyalı kimi təkcə Basqal qəsəbəsində, İsmayıllı bölgəsində deyil, Şirvan torpağında sayılır-seçilir, sevilir, qiymətləndirilirsiniz.

Siz indi layiq olduğunuz istirahətdəsiniz. Lakin 80 yaşınızın tamam olmasına baxmayaraq, istedadlı qələminiz yazmaqda davam edir. Respublika televiziyası və radiosunun redaksiyalarında fəal müəllif kimi tanınırsınız.

Siz həmişə fəxr edirsiniz ki, 1968-ci ildən tanınmış jurnalist, filologiya elmləri doktoru, ictimai xadim, 20 noyabr 1991-ci ildə Qarakənd üzərində ermənilər tərəfindən vurulmuş vertolyotda həlak olmuş Osman Mirzəyevin zəmanəti ilə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul edilmisiniz.

Siz fəxr edirsiniz ki, 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüsünüz. Siz fəxr edirsiniz ki, uşaq bağçasında işləmiş və hazırda təqaüdçü olan həyat yoldaşınızla cəmiyyətə layiq beş övlad - iki qız, üç oğul tərbiyə edib boya-başa çatdırmısınız. İki oğlunuz Rəsul və Mirzəfər isə ali təhsillərini Moskvada alıblar.

Əziz Miryavər müəllim! Bizsizin - istedadlı pedaqoq, yazıçı-publisist, mürəkkəb siyasi, tarixi şəraitdə böyüyən və formalaşan yaradıcı şəxsiyyətlərin nümayəndəsi, doğma xalqının, Vətənin həyatındakı ən işıqlı məziyyətlərini görən və təkcə görməklə kifayətlənməyib Onları yaratdığınız inandırıcı, dolğun, təbii insan surətlərinin canına hopdurmaq məharəti ilə hər bir düşünən insanın məhəbbətini qazanan böyük hərflə yazılan Həyatınızın bəzi məqamlarına işıq salmaq istədik. Bunu bacardıqmı? Ümman həyat üçün bu işıq nədir ki?!

Fəqət bir həqiqət bəlli oldu: nə qədər ki, dünyamız var ("Göy üzü çadırımız, günəş bayrağımız"-Göytürk deyimi), müstəqil səmamız var, nə qədər ki Azərbaycan tarixinin şanlı səhifəsi, möcüzələr diyarı Basqal var - damla-damla qazanılan bu el-oba məhəbbəti, sevgisi tükənməyəcək. Ulduz kimi parlayacaq, günəş kimi nur ələyəcək, işıq saçacaqdır. Bu isə həyata yenidən gəlmək deməkdir.

Həyata yeni gəlişiniz mübarək, Miryavər müəllim!

 

Rəna Mirzəliyeva,

İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

 

Ədalət.-2018.-25 sentyabr.-S.11.