DƏDƏ ŞƏMŞİRİN HİKMƏT DÜNYASI

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Saz bizim ən qədim musiqi alətimiz, milli varlığımızın təsdiqidir. Saz, aşıq yaradıcılığı özündə milli-mədəni dəyərləri ehtiva edən zəngin və Azərbaycan xalqı üçün səciyyəvi mədəniyyət hadisəsidir, bizim şərəfli tarixmizdir. Özündə poeziya, musiqi və ifaçılığı birləşdirən aşıq sənəti həm də xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Ustad aşıqlar təkcə sazda çalıb-oxumaqla kifayətlənməyib, həm də özləri aşıq şeirinin müxtəlif şəkillərində söz qoşaraq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm ediblər, əsas mövzuları da məhəbbət və təbiət gözəlliyi, tarixi qəhrəmanlarımız, bir sözlə, insanonun əməlləri olub. Aşıq sənəti, aşıq poeziyası daim böyük humanist ideyalara xidmət edib, mənəvi dəyərlər yüksək bədii sənət dili ilə ifadə olunaraq mükəmməl estetik təqdimatla cəmiyyətə çatdırılıb. Aşıqlıq sənəti, aşıq poeziyası həm də dünyanın poetik dərkinin ifadə forması kimi özünü təsdiq edib.

XX əsrdə bu ənənəni öz yaradıcılığında davaminkişaf etdirən böyük ustad sənətkarlarımızdan biriöz sələfləri kimi, sağlığında klassikləşən, aşıq sənətini inkişaf etdirən, Göyçə-Kəlbəcər aşıq mühitinin inkişafında müstəsna xidmətləri olan Dədə Şəmşirdir. Təsadüfi deyil ki, professor Qəzənfər Paşayev onu "ozan-aşıq sənətinin memarlarından biri" adlandırır, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı isə yazır: "Aşıq şeirinin əksər şəkillərindən (qoşma, gəraylı, təcnis, divani, müxəmməs və s.) böyük məharətlə istifadə edən görkəmli sənətkar (Aşıq Şəmşir - M.N.) sözün çəkisinə xüsusi diqqət yetirən, hər misraya, hər kəlməyə zərgər dəqiqliyi ilə yanaşan bir sərraf idi".

XX əsrdə Azərbaycan aşıq sənətinin inkişafında böyük xidmətləri olmuş Aşıq Şəmşir - Dədə Şəmşir həm də böyük söz adamı olub. Hələ sağlığında ikən bir neçə şeir kitabı nəşr olunub, təkcə ustad aşıq kimi yox, həm də bir şair kimi diqqəti çəkib. Bunu onun poetik yaradıcılığına həsr olunmuş monoqrafiyalar, çoxsaylı elmi məqalələr və dissertasiyalar, haqqında yazılmış kitablar da sübut edir.

Xalq şairi Osman Sarıvəllinin diliylə desək, "şair ürəkli aşıq, aşıq ürəkli şair" olan Dədə Şəmşirin şeirlərinin xalq ruhuna daha yaxın olması, klassik ustad aşıqlarda olduğu kimi, onun şeirlərinin də özündə yüksək bəşəri ideyalar daşıması, halallıq, doğruluq, yaxşılıq, xeyirxahlıq və s. kimi böyük humanist ideyalara söykənərək insanı böyük kamilləşmə yoluna aparması, onun haqq yolunda yüksəlişinə təkan verməsi xüsusilə diqqəti çəkir. Yaradıcılığında gerçəklik, dünyainsan, insan və cəmiyyət münasibətləri, mənəviyyat və insanın mənəvi dünyasının problemləri mühüm yer tutan Dədə Şəmşirin hər şeirində bir hikmət, öyüd-nəsihət və ağsaqqal məsləhəti, dədə tövsiyəsi var.

Bəşəriyyət yaranandan bu yana hər kəsi düşündürən, bütün söz adamlarının yaradıcılığında mühüm yer tutan insandünya mövzusuna Dədə Şəmşir də biganə qalmır. Minbir kələk gördüyü dünyanı ələyə, insanı isə una bənzədən ustad özündən əvvəlki klassiklər kimi, deyir ki, "dünyada kərəm yox, ömürdə vəfa", əcələ yalvarmağın faydası yoxdur, yüz yalvarsan da, o, "gəlməz insafa" və məlum bir həqiqəti özünəməxsus poetuk dillə belə ifadə edir:

 

Dünya, səndə bağ becərən bağbanın

Birisi əlində bar apardımı?!

 

İnsanları öz hörmətini, təmiz adını saxlamağa, "şeytana lənət" deyib, "nəsə qoşulmamağa", halal zəhmətə, könül qərmamağa, "dilini qeybətdən" saxlamağa, biqeyrətdən uzaq dolanmağa çağırır və əmin edir ki:

Olsa Haqqa məhəbbətin,

Gün-gündən artar hörmətin.

***

Bir könülü yıxan, min ev yıxandı.

 

Ustad deyir ki, həyatda elə dolan ki, səni "hərcayı dillər aldatmasın" "özünü heç tərif etmə, qoy öysün ellər səni". "Mənliyini simu-zərə satana", yaltaqlara, ikiüzlülərə, "aralığı şeytan kimi qatana", "alçaq, satqın gölgəsində yatana" insan demir, öz işi düzəlsin deyə gündə min sifətə düşənlərə inanmır, onlara güvənmir, çünki yaxşı bilir ki, "yaltaqlardan arxa olmaz":

 

Namərd sənin qulluğunda qul olar,

Öz işi düzəlib bitənə kimi.

İrişə-irişə üzünə gülər,

Əli bir tərəfə çatana kimi.

 

çox haqlı olaraq da əsl ustad sözü deyir, dədə öyüdü verir:

 

Qoy səni şir yesin, şir parçalasın,

Tülkü kölgəsində yatana kimi.

 

Dədə Şəmşir bir məlum həqiqətə əmindir ki, "dünya malı bu dünyada qalandı" elə ona görə "özgələr malından maya tutanlar"a, "halal mayasına haram qatanlar"a , dostunu mala-pula satanlara səslənərək, "halalına haram maya qatma" deyir, ilqarına sadiq olmağa çağırır:

 

Özün üçün sərf eyləmə özgələrin varını,

Zəhmət çəkib, bağ salanlar qoy dərsin öz barını.

 

Başqa bir şeirində isə yenə ustadın ağsaqqal tövsiyəsi ilə qarşılaşırıq:

Göz dikmə kimsənin yaşıl-alına,

Öz şələni özün götür dalına.

Evində yoxdursa, özgə malına

Gözünü dikməyin mənası var?!

 

"Səxasız pul nəyə gərək" deyən ustad insanları var-dövlət hərisi olmamağa, dünya malına çox da güvənməməyə, kasıba, yoxsula əl tutmağa çağırır:

 

Güvənmə dövlətə, fəxr etmə pulla,

Rəhm et füqəraya, dəymə yoxsula.

 

***

Pul güdən aşıqdan kənaram, kənar,

Şəmşirə lazımdı düz söz, etibar.

Ustad deyir ki, "boş xəyalların, mənasız arzuların dalınca düşməkdənsə, "elə bir bağ sal ki, dərəsən barın".

Dədə Şəmşirin yaradıcılığında diqqətçəkən məqamlardan biri ailə, valideyn-övlad münasibətləri tərbiyə məsələlərinə böyük yer verməsidir. Ustada görə:

 

İnsanda yaxşı sifət əzəl binadan gərək,

Tərbiyəsi kamil ola ata-anadan gərək.

 

Ustadın oğluna xitabən dediyi bu hikmətli sözlər isə bütün gənclər üçün bir ağsaqqal öyüdü kimi hər zaman aktualdır:

 

Kəm baxma yediyin çörəyə, duza,

Doğruya doğru ol, sadiq ol düzə.

Eşqin mənasını duymayan qıza,

Bəsləmə qəlbində məhəbbət, oğlum!

 

Ustadın qənaətinə görə, "ölüncə mərd olmalıdı lütfü təmiz hər oğul", ata yurdunu ancaq qoçaq, hünərvər oğullar şən edə bilər, mərd oğul heç vaxt ata yurdunu boş qoyub başqa yerə köçməz. "Bir oğul bəd olsa ata üzünə, taleyi tərs olub, baxtı kəm olur". Elə buna görə məsləhət görür ki:

 

Yaradandan pul istə, mal,

Qoy təki ağıllı övladın olsun.

 

Məşhur atalar sözündə deyildiyi kimi, Dədə Şəmşir bu qənaətdədir ki, "insanlıq çətindi, alimlik asan" elə ona görə "elmdən üstündü xasiyyət, oğlum!" - deyir, fitnədən, şərdən, ədavətdən, qeybətdən uzaq olmağı, haqqa söykənib halal qazanmağı, bir quruşa belə xəyanət etməməyi, Allahın verdiyinə naşükür olmamağı məsləhət görür. Bu mövzuda yazanda da bütün yaradıcılığında ana xətt kimi keçən halallıq prinsipini unutmur, "südü halal, lütfü halal olan kəs ağılda-kamalda dəngəsər olmaz", - deyir bu qənaətə gəlir ki, "əqli kamil olmayanlar yetişməz insanlığa". Arif məclisində xamlıq etməməyə, "alim yanında adamlıq" göstərməyə, elm yolunda hər əzaba qatlaşmağa çağırır:

 

Elm üçün özünü etməyən nökər,

Bütün ömrü boyu ahu-zar çəkər.

* * *

Yüz haram qazancdan savad yaxşıdı,

Onun kimi yoldaş, yar ola bilməz.

Sözün məna tutumuna, deyiləcəyi məkan zamana diqqəti çəkən ustad oxucusunu, dinləyicisini sözlə ehtiyatlı olmağa, deyilən sözün yerini bilməyə, məsuliyyətini dərk etməyə çağırır, fırıldağı, yalanı lənətləyir.

Zəngin həyat təcrübəsinə dərin müşahidəsinə söykənərək deyir ki, "söz batmaz beyninə hər ağlı azın, inanma sözünə sən kələkbazın" böyük Nizami Gəncəvi ilə səsləşən fikirlər söyləyir:

 

Hədər söz insanı doğrayar, kəsər,

Hər söhbətin var, eylə müxtəsər.

* * *

Qılınc yarasını qurtaran loğman,

Məzəmmət dərdinə tapmadı dərman.

* * *

Ləl mətahın düşər şor bazarına,

Bilib qiymətini, alan olmasa.

 

"Kişi bütün olar sözdə" deyən ustad haqlı olaraq yazır ki, "doğruluqdan qeyri şeylər yalandı", dosta yalan satmamağı, əsl dostun qədrini bilməyi, "çoxlu ev tikincə, çoxlu dost" qazanmağı məsləhət görür:

 

Dostun bir görüşü dəyər min aya,

Xoş keçən bir günə il çata bilməz.

 

Eyni zamanda "bivəfa yoldaşa, biilqar dosta" sirr bildirməməyi, ancaq mərdlərə güvənməyi tövsiyə edir.

"İnsan ol, insana bəslə məhəbbət" - deyən Dədənin öyüdlərindən biri budur ki, "namərdə yalvarmaq insafdan deyil, düşmənə yaltaqlıq mərdə yaraşmaz", - deyərək mərdin yolunda candan-başdan keçməyə çağırır, "nainsafın qılınc ilə nəslini kəsmək gərək", - deyir. Çünki ustadın qənaətinə görə, "mərd igidin qaydasıdır dünyanı var istəmək, bir bəşərin şad gününü mərdimazar istəməz".

Zalımı, çağırsan da, dada yetişməz, çünki "Şəmşir çox imtahan edib dünyada", xalqa quyu qazanı zəlil görüb həmişə. Ustada görə, mərdlik , kişilik , səxavət xeyirxahlıq da gərək insanın qanında olsun, ata-babasından, anasının südündən gəlsin:

 

Gədadan pay umma - səxası yoxdu,

Atası verməyib, özü verməz.

* * *

Hansı bir insanı mərd doğub ana,

Yol verməz böhtana, şərə, şeytana.

 

Aşıq Şəmşirin bədii yaradıcılığına, onun hikmət dünyasına etdiyimiz bu qısa səyahət göstərir ki, professor İsmayıl Məmmədlinin qeyd etdiyi kimi, "Aşıq Şəmşir hələ gəncliyindən çəkinmədən öz mövqeyini ifadə edən, öz məsləki-əqidəsi olan bir sənətkar kimi el içində tanınmışdır". bütün bunlar onun hələ erkən yaşlarında dədəlik mərtəbəsinə ucalmasının, hər yerdə ona "DƏDƏ" deyə müraciət olunmasının təsadüfi olmadığını göstərir.

 

Musa NƏBİOĞLU

Azərbaycan Aşıqlar Birliyinin katibi,

Əməkdar Mədəniyyət İşçisi

 

Ədalət.-2018.-25 sentyabr.-S.4.