NAMUS QURBANI...

 

AZƏRBAYCAN PROKURORLUĞU- 100

 

"Prokurorluq orqanı hüquq - mühafizə orqanlarının içərisində xüsusi yer tutur. Prokurorluq istintaqın əsas hissəsini aparır. İstintaq isə cinayəti açmaq üçün və qanun əsasında cinayətkarın cinayətkar olduğunu sübut etmək üçün əsas vasitədir.

Prokurorluq peşəsi hörmətli, şərəfli peşədir. Prokurorluq işi yüksək intellekt tələb edən işdir, yüksək peşəkarlıq tələb edən işdir, yüksək hüquqi bilik, hüquqi təhsil tələb edən işdir."

 

Heydər ƏLİYEV

 

Rafiq HACIYEV,

yazıçı-jurnalist,

Rəsul Rza Mükafatı laureatı

 

GECƏ HƏYƏCANLA

DÖYÜLƏN QAPILAR...

 

...Düz bir həftə Gülağa əmisi Ağasəlim kişinin evində döşənikli qaldı. Düz bir həftə pallı - paltarlı döşəkçənin üstündə yatıb-durdu. Düz bir həftə əmisinin evindən çölə çıxmadı. Bir yeyəndə beş yemədi. Dilinə çörək dəymədi.

Gecələr isə...

Gülağa gecə yuxuda nə isə görür, dişlərini qıcırdadır, boğuq səslə qışqırır, yorğan-döşəkdə oturur və dişlərini kilidləyərək üzü, sinəsi qan-tər içində nəfəs alırdı. Sonra yerinə uzanırdı, yuxuya gedirdi, səhər duranda isə qaşqabağını tökür, darıxır, əsəbindən bilmirdi ki, nə etsin.

Onun vəziyyətindən hali olanların heç biri qorxusundan Gülağaya yaxın düşmürdü. Əmisi Ağasəlim kişi nə qədər onu sakitləşdirməyə çalışsa da, bunun nəticəsi olmadı. Nəhayət, oktyabrın 24-də axşam saatlarında Gülağa qəti qərara gəlib evlərinə yollandı, kənd itlərinin səs-küyü azalandan və işıqlar öləziyib seyrələndən sonra atasından qalma tək lülə ov tüfəngini 4 patronu ilə götürüb qisas məqsədilə şenliyin aşağısındakı həyətlərdən birinə yollandı...

...Kəhkəşanın hər iki tərəfində böyük ulduz bürcləri elə parıldayır, sayrışırdı ki, elə bil onların alovları üstündən əbədiyyət küləyi əsirdi. Kənd bərəkətli payız röyasına qədəm qoyurdu. Ətraf elə sakitlik idi ki, bir neçə addımlıqda pıçıltı ilə danışılsaydı aydın eşidilərdi. Səs-səmir azalmışdı.

Adamlar yatmağa hazırlaşırdılar. Həyətlərə sükut çökmüşdü. Mal-qaranı sağıb qurtarmışdılar, inəkləri, camışları xal-xala doldurmuşdular, uşaqların da səs-səmiri kəsilmişdi. Bircə qızlar, gəlinlər kölgə kimi hərdənbir həyət-bacada, eyvanda hərlənir, qapıları astaca örtüb açırdılar.

Gülağanın üzündə gərgin bir intizarın ifadəsi vardı: ağaca söykənib gülləni lüləyə verərək tüfəngini qarşısındakı evin aynabəndinə tuşlamışdı, kimi isə gözləyirdi. Baxışları axşamın zülmətinə zillənmişdi. Alnı düyünlənmiş, qaşları çatılmışdı.

Xurma ağacının arxasında durub gözləməyindən xeyli vaxt keçmişdi. Saniyələr ötdükcə hirsindən əsəbiləşir, dodağını gəmirirdi. Beyni dumanlanmışdı. Qaranlıq fikirlərini bir qədər sakitləşdirmək üçün alışqanın göy alovunu ovcunda gizlədib bir qiqaret yandırdı. Aynabəndə baxa-baxa "Avrora"nın turşdadan tüstüsünü ciyərlərinə çəkdi.

Bir xeyli dinməz-söyləməz ətrafı dinşədi. Nə gəlib-gedən vardı, nə də bir hənirti eşidilirdi. Əl-ayaq çoxdan yığşırılmışdı. Ordan-burdan təkəm-seyrək zəif işıq gəlirdi. On beş günlük Ay sütunlara sarılmış tənək və sarmaşıq yarpaqları arasından süzülərək, aynabəndi öz nuruna qərq eləmişdi. Baxça dərin sükut içində idi. Ağaclar mürgü vurur, şirin yuxuya baş qoyurdular. Yalnız çəpərin o biri tərəfindəki arxın yeknəsək şırıltısı və qurbağaların qayğısız səsi eşidilirdi.

Aynabəndə keçib evdəkilərin hamısını tüfəngin ağzına vermək istədi. Elə bu vaxt eyvanda bir nəfər göründü.  Papiros yandırırdı. Uzaqdan tanıya bilmədi. Yaxınlaşanda bu adamın məhz bayaqdan bəri onun gözlədiyi şəxs olduğunu görüb sevindi. Deməli, niyyəti boşa çıxmayacaqdı.

Hər şey bir anda baş verdi. Papiros çəkən adam qəfildən Gülağanı əlində tüfəng qarşısında görüb özünü itirdi. Nitqi tutuldu, səsi çıxmadı. Onun gözləri daha da böyüdü, soyuq bir həyəcanla parıldadı.

Gülağa ilan kimi onun üstünə fışqırıb ovçu hərisliyi ilə rəqibini süzdü.

Ev sahibinin üzünün qanı qaçdı, kağız kimi ağardı. Ağzı açılmış halda, dəhşət içərisində Gülağaya nəzər saldı. Gicgahlarında damarlar asta-asta titrədi. Alnını soyuq, yapışqan kimi tər basdı. Gərginlikdən qulaqları əsdi. O, bərk qorxdu.

Bu qorxu gecə dumanı kimi onun şüurunun dərinliklərində bulanıq, tutqun bir şəkildə dolaşmaqda idi.

Gülağanın heybətli və vahiməli səsi onun qulaqlarında cingildədi.

- Qurumsax!!! Oğraş!!!

Və o, tüfəngin lüləsini qarşısında ayaq üstə durub qorxusundan ölü sifəti almış şəxsin sinəsinə tuşlayıb bir atəş, sonra daha bir atəş açdı. Ev sahibi səndirləyib yıxıldı, döşəmədə çapalamağa başladı.

Şoralanan qara qan içində bütün bədəni süstləşib, getdikcə nəfəsi azalan rəqibini Gülağa dərin bir nifrətlə süzdü. Bəbəkləri qıpqırmızı qızarıb qan çanağına döndü. Gözlərini tor basdı. Tüfəngi yenidən onun üstünə çəkdi. Lakin tərpənmədiyini görüb, öldüyünü güman etdi, daha atəş açmadı, heç nə olmamış kimi eyvandan düşüb qaranlıqda yox oldu.

Bir azdan həyətin bağrını sökən ah-naləyə, qışqırığa bütün qonum-qonşu tökülüb gəldi...

...Saat 22:00 radələrində Ağdaş Rayon Prokurorluğunun növbətçi otağındakı telefon aramsız zəng çaldı. Dəstəkdən qırıq-qırıq, həyəcanlı səslər eşidildi: - Aşağı Ləki kəndinin sakini Qorxmaz Mustafayevin odlu silahdan açılmış atəş nəticəsində ağır bədən xəsarətləri alması və ölümcül vəziyyətdə rayon mərkəzi xəstəxanasına gətirilməsi barədə məlumat verilirdi.

Prokurorluq və polis işçiləri, məhkəmə-tibb eksperti özlərini dərhal xəstəxanaya çatdıranda cərrahiyyə otağında ölümlə həyat arasında mübarizə gedirdi. Həkimlər xəstəni Əzrayılın qara pəncəsindən qurtarmaq üçün əllərindən gələni edirdilər.

Vəziyyətlə tanışlıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə-kəndə yollandılar. Onlar cərrahiyyə əməliyyatı zamanı Qorxmazın döş qəfəsinin arxa səthində, başının sol gicgah və üz nahiyəsində patronlu qırma ilə təchiz olunan odlu silahdan açılmış atəşlərin təsiri ilə yaranmış yaralar görmüşdülər. Hadisə yerinə baxış zamanı isə...

...Qorxmazın xəsarət aldığı eyvanda prokurorun diqqətini kapsulsuz iki giliz cəlb etdi. Atılmamışdan əvvəl gilizlərə qırma doldurulmuşdu. Bunu ətrafa səpələnmiş, dəftər və qəzet parçalarından ibarət pıjlardan asanlıqla müəyyən etmək mümkün idi. Prokuror uzun illərin təcrübəsindən belə qənaətə gəldi ki, patronlar 16 kalibrli təklülə ov tüfəngindən açılıbdır.

Hələlik ilkin fikir bu cür formalaşırdı - cinayət qabaqcadan düşünülmüş, ölçülüb-biçilmiş tərzdə törədilibdidir - daha doğrusu Qormaza sui-qəsd olunubdur. Niyə? Nə üçün? Bu sualların dəqiq cavabı hərtərəfli araşdırma tələb edirdi.

Prokurorluqda faktla bağlı həmin vaxtda Cinayət Məcəlləsinin 15.94-cü (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə sui-qəsd) maddəsi ilə cinayət işi başlandı. İstintaq-əməliyyat qrupu yaradıldı.

İstintaqın aparılması prokurorluğun müstəntiqi Ceyhun Muradova həvalə edildi.

Heç şübhəsiz ki, ilk növbədə istintaqçıları maraqlandıran Qorxmazın şəxsiyyətini müəyyən etmək, yəni onun necə adam olduğunu aydınlaşdırmaq idi. Cinayətin açılması, müqəssir şəxsin və ya şəxslərin tapılması üçün, əlbəttə, bunun böyük əhəmiyyəti vardı.

İki suala cavab verilməli idi:

-Qorxmaz hansı əməlinə görə gülləyə tuş gəlibdir?

-Hadisəni törətmiş şəxs və ya şəxslər kimdir ?

Təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri zamanı qarşıya müxtəlif fərziyyələr çıxırdı. Prokuror Arif Babayev müstəntiqlə birlikdə öyrənməli, süzgəcdən keçirilərək araşdırılmalı və qiymətləndirilməli ehtimalları dönə-dönə müzakirə edirdi.

Gecə yarıdan ötmüşdü. İstintaq-əməliyyar qrupunun üzvləri prokurorun kabinetində idi. Ötən bir-neçə saat müddətində kifayət qədər işləmişdilər. Səhər tezdən görüşməyi qərara alıb ayrıldılar. Amma...

Yatmaq mümkün olmadı. Saat 04:00 radələrində polis rəisinin vaxtsız zəngi prokurorun yuxusunu ərşə çəkdi:

-Bir az bundan əvvəl Aşağı Ləki kənd sakini Səyaxanım Əlibala qızı Məmmədova xüsusi amansızlıqla və qəddarlıqla qətlə yetirilibdir.

Ədliyyə müşaviri Arif Babayev prokurorluğun müstəntiqi Ceyhun Muradovu da məlumatlandırmaq və dərhal hadisə yerinə birgə yollanmaq barədə göstəriş verib əməliyyat avtomaşınını istədi.

Sonra telefonin dəstəyini asıb, dərin fikrə getdi: - Bir-neçə saat ərzində eyni kənddə iki müdhiş hadisə...

...Səhər isə... Ağdaş rayonunda törədilmiş xüsusilə ağır cinayətlərin qorxunc vahiməsi əvvəl ətraf rayonların-Yevlağın, Şəkinin, Göyçayın, Qəbələnin, Ucarın sakinlərini, daha sonra isə paytaxt Bakını şok vəziyyətinə saldı...

 

PROKUROR ARİF BABAYEVLƏ SÖHBƏTDƏN

 

- Mən bu rayona prokuror vəzifəsinə təyin olunandan sonra cinayətkarlıqla mübarizəni möhkəmləndirmək və polis orqanlarının fəaliyyəti üzərində prokuror nəzarətini gücləndirmək məqsədi ilə bir sıra tədbirlərə əl atmışdım. İşə təzə-təzə başlayanda müşahidə etmişdim ki, prokurorluğun müstəntiqləri bir çox cinayət hadisələrindən gec xəbər tuturlar.

Nəticədə isə hadisə yerinə birinci getmiş polis əməkdaşları özləri müəyyən qərar qəbul etdikdən sonra prokurorluğa xəbər verirdilər. Bu cür vəziyyətin doğurduğu məsuliyyətin ağırlığını nəticə etibarilə biz çəkirdik.

Belə ki, prokurorluğun müstəntiqlərinin şəxsən hadisə yerinə getməməyi istintaqın uzanmasına gətirib çıxarırdı. Ona görə də ilk gündən qəti tələbim belə oldu: ümumi işimizin xeyrinə, bilavasitə prokurorluğun müstəntiqləri ilə bağlı bütün cinayət hadisələri zamanı polis bizimlə birgə, əlbir fəaliyyət göstərməlidir!

Uzun illər prokurorluq orqanlarında müxtəlif məsul vəzifələrdə çalışmışdım, bir sıra ağır və xüsusilə ağır cinayətlərin istintaqına prokuror nəzarətini həyata keçirmişdim, ancaq bir gecədə bu cür iki müdhiş hadisəsi ilə üzləşməmişdim.

Polis rəisinin zəngindən sonra mən, prokurorluğun müstəntiqi, məhkəmə-tibb eksperti və əməliyyatçılar gəldiyimiz yolla yenidən Aşağı Ləki kəndinə qayıtdıq.

Mənzildəki qanlı mənzərə hamımızı sarsıtmışdı. Təxminən on beş-on altı yaşlarında qızın meyiti döşəməyə sərilmişdi-bədəni bıçaq zərbələrindən deşik-deşik olmuş, kəllə qapağı parçalanmış, beyni yerə tökülmüşdü.

Meyitin müayinəsinə başlandı. Cinayətin açılması üçün əhəmiyyətli olan ən xırda detallar belə nəzərdən qaçırılmadı. Şəkillər çəkildi, məhkəmə-tibb ekspertinin fikri bu və ya digər məsələlərə cəlb olundu və müxtəlif fərziyyələr ortaya çıxdı.

Meyitin paltarlarının vəziyyəti bəzi mətləbləri açıqlayırdı. Cibləri çıxarılmamışdı, deməli qarətdən söhbət gedə bilməzdi. Qızın alt tumanının normal halda olması onun zorlanması ehtimalını heçə çıxarırdı.

Meyit yerlə sürüdülməmişdi, mübarizə və özünümüdafiə izləri yox idi. Boynundakı dırnaq və əl izləri, sinəsinə və kürəyinə vurulmuş saysız-hesabsız bıçaq yaraları, alnındakı güllə deşiyi və kəlləsinin parçalanması - cinayətin hansı şəraitdə törədilməsini aydın göstərirdi. Güman etmək olardı ki, mərhum qatili tanıyıb, ona görə də hay-küy qaldırmayıbdır.

Stolun üstündəki qalın çapma stəkanı qanlı görəndə... güclü bir vahimə məni bürüdü. Anlaşılmaz fikirlər burulğanına düşdüm...

 

ÖLDÜRÜB... YANDIĞINDAN

STƏKANDA QANINI İÇDİ

 

...Kainatın nəhəng çırağının piltəsi yavaş-yavaş öləziyirdi. Qara şərab kimi zülməti içən qaranlıq dünyanın qulağına axşamdan danışırdı. Axşam adını qaranlıqdan eşidib tez gəlmişdi.

Külək payızı görüb dolu əllərini yanına salmış ağacların saçlarını darayır, yuxusu qaçmış küçələrdə gəzməkdən yorulmuş subay qaranlıq isə başını kəndin qoynuna qoyub dincəlirdi.

Vaxt keçidində acı intiqam hissi Gülağanı bibisi Əsməgülün evinə ötürüb salmışdı. Bacısı Səyaxanım neçə gün idi ki, onun gözünə görünməmək üçün qaçıb burada gizlənmişdi. Qəlbində yük kimi gəzdirdiyi dərdinin ağırlığından yumaq təki büzüşmüşdü. Rəngi solmuş, gözlərinin altı qaralmışdı. Evlərinə qədəm basan saatdan ürəyi dərd ilə toqquşurdu və hər saniyə də ürəyində müalicəsi mümkün olmayan, sağalmaz qəzalar baş verirdi. Bu bir həftənin içində kölgə düşmüş, sınqın sifəti, qəmli baxışları qocalmışdı. Gözləri sanki davadan gəlmişdi: qan çanağına dönmüşdü. Əlləri bircə addımlıqda gizlənmiş cavan ölümün isti nəfəsini duyduğundan təşvişli ciblərində hönkürüb ağlayırdı - çim suyun içində idi...

...Gülağa xəbəri qardaşı Əliağadan eşidəndə qan üzünə vurmuşdu: "Bizi, ailəmizi bütün kənddə biabır eylədi, bu..."

"Qancıq" sözünü dili tutub geri qaytarmışdı. Sifəti hirsindən qapqara qaralmışdı. Niyyətini hökmən dağ eləmək qərarına gəlmişdi...

...Səyaxanımın ürəyi səksəkə içində çırpınırdı, partlamaq dərəcəsinə çatmışdı. Otaqda ayaqları bir-birinə dolaşa-dolaşa fırlanırdı, elə bil yaxınlaşan təhlükənin xışıltısını eşidirdi. Özünü itirmişdi.

Qızın təxminən on beş - ön altı yaşı vardı. Ətli yanbızları, qabarıq sinəsi, yaraşıqlı ayaqları olan qəddi-qamətli, ilk baxışdan nəinki oğlanları, hətta kişilərin diqqətini cəlb edən gənc bir xanımdı. Qız uşağından daha çox ər görmüş qadınlara oxşayırdı. İri, lakin qəşəng sifət çizgiləri, hissiyatlı, dolu dodaqları, gənc qızlara xas sevda həsrəti görünən iri ala gözləri ona xüsusi məlahət verirdi. Saçları haqda söz demək çətindir, çünki başına güllü, ipək yaylıq örtmüşdü. Yaraşıqlı bədəninə çox yaraşan mavi paltar geymişdi...

...Baxışları qardaşı Gülağa ilə rastlaşanda qarşısındakının gözlərindəki qıpqırmızı alovun dilimləri onu sanki yandırdı. Ürəyinin döyüntüsü, qulaqlarının küyültüsü çoxaldı. Qorxudan əsməcə tutdu və bu əsməcə getdikcə güclənməyə, bütün bədənini titrətməyə başladı, alnında, dodaqlarının üstündə tər damcıları parıldadı...

Məsələni uzadıb sinsitmək lazım deyildi. Gülağanın naqafil eşidilən gur və cingiltili səsi sözün tətiyini ayağa çəkdi:

-Bilirsən, niyə bura gəlmişəm?...- deyib bir anlıq susdu. Səsindən qara kədər süzüldü.

Qarşısındakı qızın həyəcandan saralmış üzünə, təlaşla oynayan gözlərinin titrək bəbəklərinə baxdı. Söyləyəcəyi sözlərin ona necə təsir edib-etməməsini eyninə almadan fikrini tamamladı:

-Gəlmişəm səni öldürməyə!

Bu üç sözün deyildiyi ahəngdə amanszılıq və qəddarlıq duyulurdu. Gülağa "Gəlmişəm səni öldürməyə!" demədi, o, üç sözü birləşdirərək "gəlmişəmsəniöldürməyə!" dedi. Bu sözlərin tələffüzünü heç bir imla qaydası ifadə edə bilmirdi: bu artıq insanlıq nitqi deyildi, bu gözləri qanla dolan, insan cildinə girən yırtıcı bir məxluğun nərəsi idi.

Gülağa bu sözləri söyləyib, çəngəl kimi öz zavallı qurbanına sancılan və özünə doğru çəkən qorxulu nəzərlərlə Səyaxanıma baxdı.

Qardaşının bu vahiməli baxışı qızın iliyinə qədər işlədi.

Səyaxanım bu sözləri eşidib diksindi. O, bağırmaq, evdəki adamlardan kimisə köməyə çağırmaq istədi. Lakin sanki dili tutulmuşdu. Heç bir söz deyə bilmədi.

Onun üzündə inamsızlıq aydın hiss olunurdu, iri ala gözlərini qardaşının üzünə zilləyərək, dediyi sözlərin doğru olub-olmamadığını onun sifətindən oxumaq istəyirdi.

Bu kəlmələrdən və səsdəki boğuq qəzəbdən Səyaxanım çimçəşdi, tükləri biz-biz oldu. Çöhrəsində əsəbi bir xof gəzdi. Dodaqlarının rəngi qaçdı, çənəsi əsdi, qorxudan ovurdları batdı, iri ala gözlərini intizar bürüdü. Sinəsi güclə enib-qalxdı, sanki nəfəsi bu saat kəsiləcəkdi.

Qız titrədi - bu şübhəsizdir.

O, içəridən burulub çırpıntılı səslə soruşdu:

-Axı, nə günahım var?... - Səyaxanım bu sözləri deyib o qədər təşvişlə ətrafına boylanmağa başladı ki, Gülağa heyrətə düşdü. Qızın üzü ölü kimi gah sapsarı saralır, gah da qızarırdı.

-Sən bizim papağımızı yerə soxdun!

Bu sözləri deyərkən Gülağanın üzündə dəli adamlara xas ifadə göründü. Bir neçə saniyə susdu, sonra öz-özünə danışırmış kimi ucadan dedi:

- Sən bizi bütün el içində biabır etdin... Sən bizi bütün el içində biabır etdin...

- Mənim heç bir günahım yoxdur. Allah haqqı düz deyirəm. - Qız bu sözləri sadəlövllüklə dedi.

Lakin bu sözlər qardaşına istənilən təsiri bağışlamadı. Günəş buluda təsir etməyən kimi, Gülağanın da sifəti dəyişməz qaldı - onun üzü daşlaşmışdı. Səsi getdikcə zəiflədi: bir neçə dəfə dalbadal, uzun fasilələrlə, qeyri-iradi, son cingiltisini uzadan zəng kimi təkrar etdi:

- Sənin günahının ucbatından...

Sonra dodaqlarının tərpənməsinə baxmayaraq ağzından çıxan heç bir söz aydın olmadı. Yanaqları xəfif tüstü kimi yüngülcə qızardı. Bu tüstü vulkanın içəridən fəaliyyətə başladığını göstərirdi.

Amma Səyaxanım bunları görmürdü.

Birdən qız qardaşının əlinin əlinə toxunduğunu hiss etdi: bu, qüvvətli və soyuq bir əl idi.

Səyaxanım şiddətlə titrədi, rəngi Ayın solğun rəngi kimi ağardı. Qəhər tıxanmış boğazı göynədi, səsi batdı, zığıldadı. Çiyinləri hönkürtü ilə bərabər həmahəng atılıb düşdü...

...Gülağanın qaşları şimşək kimi oynayırdı, od saçılan gözləri alacalanırdı, iriləşmiş bəbəkləri bir az da böyümüşdü, sinəsi qalxıb enirdi, dodaqları səyriyirdi. Çöhrəsi vəhşiləşmişdi.

Gülağa əvvəlcə əlləri ilə, sonra da yun şalla bacısını boğmağa başladı. Bu, istəyincə olmadı. Əl atdı bıçağa....

-Vurma, sən Allah vurma, qurbanın olum...

Birinci zərbədən sonra ikinci, daha sonra üçüncü və ... saysız-hesabsız bıçaq zərbələri enməyə başladı. Qan Səyaxanımın boynundan, boğazından, çiyinlərindən, sinəsindən sel kimi axırdı: bıçaq zərbələri havada oynayaraq qan damcılarını ətrafa sıçradırdı.

Yazıq, zavallı qızın gözlərindən gildir-gildir yaş axırdı, o elə yanıqlı səs çıxarırdı ki, elə bil onu cərahiyyə stolunun üstünə qoyub ətini kəsirdilər. Yalvarmaqdan Səyaxanımın səsi tədricən çatlayırdı. Bu çat yerlərini getdikcə hüzn doldururdu. Bıçaq zərbələri sözünü bir-bir dedikcə, Səyaxanımın yaşla daşlaşan gözləri hədəqəsindən çıxır, bədəni heysizləşirdi.

Zığıldayan səs artıq qeybdən gəlirdi. Bıçaq zərbələri Səyaxanımın içini sökürdü. Ağlamaq əvəzinə, böyürür, ilan dili çıxarıb mələyirdi. Sinəsi qandan şoralanmışdı.

Bıçaq zərbələri isə havada uçuşa-uçuşa öz enmə zolağına düşürdü: ...altıncı, yeddinci zərbə, yenə bir zərbə, daha bir bıçaq, yara, qan.

Qız müqavimət göstərdikcə əlini bıçaq zərbələrindən deşik-deşik edilmiş sinəsinə basırdı, oradan, tıxacı çıxarılmış çəlləkdən şərab çıxan kimi qan çıxırdı.

Növbəti zərbə onun boğazından tutdu və bıçaq o qədər dərinə işlədi ki, Gülağanın əli qızın çənəsinin altına qədər getdi. Gülağa bıçağın tiyəsini elə güclə burdu ki, tiyə qırıldı və dəstəyi laxlada-laxlada çıxartmaq istədi. Bacarmadı.

Gülağa tez mətbəxə qaçıb ikinci bıçağı götürdü. Yenə zərbələr...

Hər şey artıq bitmək üzrə idi. Qol yoğunluğunda açılmış yaradan qan fəvvarə vururdu. Qız, üzü üstə, tir kimi yerə sərələnmişdi. Səyaxanım ağrıdan qıvrıla-qıvrıla, qovurula-qovurula, döşəməni dırnaqları ilə eşə-eşə inildəyir, yanıqlı, tükürpədici səslər çıxarır, haray çəkir, tələyə düşmüş vəhşi qaban kimi çırpınırdı. Ancaq bütün cəhdlərinin bihudə olduğunu gördükdə qız gözlərini yumdu və hərəkətsiz qaldı. Yalnız dərindən və tez-tez nəfəs almasından onun ölmədiyini bilmək olurdu.

O, çoxlu qan itirmişdi, qan hələ də axırdı.

Səyaxanımın göynərtili fəryadlarını, inilti bağırtılarını, ürəkdağlayan səsini, udduğu göz yaşlarını və acı yalvarışlarını təsvir etməkdə qələm acizdir...

...Bu yalvarışlar, bu iniltilər içində əsəbləri sim kimi gərilsə də, Gülağa daha da azğınlaşır və qisas hissindən kor olub quduzlaşırdı. Ürəyi heç cür soyumurdu. Etdiyi cinayətdən, tutduğu əməldən razı qalsa da, qəlbində dərin bir hiss, duyğu, göz yaşları gətirə biləcək sızıltı hiss eləmirdi Gülağa.

Arı pətəyi kimi deşik-deşik edilmiş köksünü qamarlamış Səyaxanımın barmaqları arasından süzülən qan damcıları döşəmənin üzündə isti izlər salır, göllənirdi...

Bir-neçə dəqiqə də keçdi və Gülağa əlindəki tüfəngin lüləsini bədəninin hərarəti hələ çəkilməmiş Səyaxanımın alnının düz tən ortasına tuşladı. Atəşin açılması ilə qızın başı parça-parça oldu...

Sonra bir siqaret yandırdı, qullab vura-vura meyitin dağılmış başına tamaşa etdi.

Daxilində nə isə tərpəndi. İntiqam hissinin ona gətirdiyi yanğını söndürmək üçün Səyaxanımın sinəsindən axan qanı stolun üstündən götürdüyü çapma stəkanın ağzına tutdu. Fikirləşmədən buğlana-buğlana köpüklənmiş qırmızı qanla dolu çapma stəkanı dodaqlarına yaxınlaşdırıb uşaq vaxtı üfürə-üfürə içdiyi şirin çay kimi qurtum-qurtum başına çəkdi. Ovunu yerə yıxmış aslanın dişlərinin arasından axan qan kimi, onun da dişlərinin arasından qan fışqırtilə axmağa başladı.

Azacıq sonra təşnəsini söndüyünü duyub rahatlandı. Çiyinlərini çəkib, dərindən köks ötürdü. Qarşısına qoyduğu məqsədə çatmışdı, indi rahat nəfəs almaq mümkün idi. Daha getmək olardı...

...Gülağa böyük bir əzab içində idi, qəlbində fırtına vardı. Beyni fikirlərin hücumuna davam gətirə bilmirdi. Fikirlər dəniz dalğası kimi ondan uzaqlaşırdı, bunları tutub saxlamaq üçün əlləri ilə alnını sıxırdı.

O, iyirmi altı il yaşadığı həyatda ilk dəfə olaraq çox pis bir niyyətin və pis bir əməlin acı təmini dadmışdı.

Dərin bir nifrətlə tüpürdü.

Gülağa "iş"ini görüb qurtardıqda göz yaşlarını gizlətmək üçün qaşlarını çatıb otağın işığını söndürdü. İşıq onu darıxdırırdı. Ona elə gəlirdi ki, birdən onu görən olar.

Bu "görən" kim ola bilərdi?

Heyhat! Onun otaqdan qovmaq istədiyi qüvvə artıq otağın içində idi. Qaranlıqda gözlərini kor etmək istədiyi qüvvə onun üzünə baxırdı. Bu onun vicdanı idi.

Onun vicdanı, başqa sözlə desək - Allah!..

...Hava sərin idi. Ağacların yarpaqları astadan xışıldayırdı. Arabir dəmiryolu stansiyasından qatarların kəsik fit səsləri eşidilirdi. Sonra vaqon təkərlərinin yeknəsək, ahəndar taqqıltısı gəlirdi.

Göyün üzündə ulduzlar sayrışırdı. Bir parça bulud Ayın ətrafında dolaşırdı. Adama sanki elə gəlirdi ki, Ay buludların üstünə yeriyir. El arasında "Karvan yolu" deyilən kahkəşan ulduzları haçalanmış yol kimi uzanıb gedirdi.

Gülağa həyət qapısının ağzında bir anlıq dayanıb karvan yoluna səpələnmiş sayrışan ulduzlara baxırdı və yolun onun ruhunu haraya apardığını düşünürdü. Uşaq vaxtı ağsaqqallardan, ağbirçəklərdən eşitmişdi ki, lap qədim əyyamlarda uzaq, müqəddəs yerlərə ziyarətə gedən zəvvarlar gecələr karvanlarını çəkib bu yolun işığı ilə Qüdsiyyətə doğru addımlayırmışlar.

- Bəs, bu işığın yolunda o hara addımlayırdı?

Öz-özünə verdiyi bu sualın cavabı məlum idi:

- Təbii ki, Qüdsiyyətə yox, həbsxanaya doğru...

...Səhərlə gecənin qovuşduğu mürgü anları idi. Bu mürgü dəqiqələrində gecənin boynundan ağır bir daş asılmışdı.

Gecə boynunu tərpədə bilmirdi....

 

İSTİNTAQIN GƏLDİYİ NƏTİCƏ

 

Hadisə yerlərində pıjların, patronların aşkar edilməsi, ən nəhayət, qəsdən adam öldürmənin kriminalistik xarakteristikasının mühüm elementlərindən biri kimi cinayətin motivini səciyyələndirən məlumatlar prokurora sövq-təbiiliklə pıçıldayırdı ki, bu iki qanlı hadisə eyni şəxs tərəfindən törədilibdir.

Arif Babayev zəruri istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində, müxtəlif fərziyyələrin və xüsusatların yoxlanmasında müstəntiqə öz dəyərli məsləhətlərini verirdi.

Cinayət işinin halları tam, obyektiv və hərtərəfli araşdırılırdı. İstintaqın gedişində aşkar edilən yeni faktlar işdə olan digər dəlillərlə tutuşdurulurdu. Müstəntiq Ceyhun Muradov tərtib etdiyi plana müvafiq dəyişikliklər, əlavələr və düzəlişlər edir, məqsədinə çatmağa yaxınlaşırdı...

...Qoxmazın vurulmasından və Səyaxanımın qətlindən bir neçə gün ötmüşdü. Həkimlər Qorxmazı ölümün əlindən alsalar da, o, hələ danışa bilmirdi. Səyaxanım el qaydası ilə dəfn olunmuşdu.

Prokurorluq və polis əməkdaşları bu müddət ərzində çox iş görmüş, Qorxmazın bütün həyatını və yaxın keçmişdəki fəaliyyətini öyrənmiş, onun öldürülməsi üçün törədilmiş sui-qəsdə səbəb ola biləcək hərəkətlərini hərtərəfli araşdırmışdılar.

İstintaqın gedişini, həyata keçirilən əməliyyat-axtarış tədbirlərini geniş şərh etməyi lazım bilmirəm. Buna ehtiyac da yoxdur. Lakin onu deyirəm ki, prokuror Arif Babayevin, müstəntiq Ceyhun Muradovin və polis işçilərinin gərgin fəaliyyəti, onların hadisəni daha dərindən öyrənməyə, müqəssir şəxsin və ya şəxslərin tapılıb üzə çıxarılmasına böyük səy göstərmələri öz səmərəli bəhrəsini verdi.

İstintaq zamanı müəyyən edildi ki, Aşağı Ləki kəndində anadan olmuş və hal-hazırda Rusiya Federasiyasında yaşayan vətəndaş Gülağa Məmmədov 1997-ci il oktyabrın 24-də səhərə yaxın evlərinə qonaq gəlib və ilk görüşdə qardaşı ona bildirib ki, bacıları Səyaxanım qohumları Qormaz tərəfindən zorlanıb, qızın namusu ləkələnibdir. Səyaxanım Qorxmazdan bir uşaq doğubdur. Lakin Qorxmaz nə uşağa, nə də qıza yaxın durmayıb, yeni doğulan körpəni gizlədib və sonradan tanımadığı naməlum bir adama satıbdır.

Eşitdiyi xəbərdən sarsılan Gülağa bacısnın namusunu qorumaq üçün intiqam almağı qətiləşdirib, atasından qalma 16 kalibrli təklülə tüfəngi götürərək öldürmək məqsədi ilə əvvəl Qorxmazın həyatına sui-qəsd edib, sonra isə bacısı Səyaxanımı xüsusi amansızlıqla qətlə yetiribdir.

Gülağanın törətdiyi cinayətlər şahid ifadələri, ekspert rəyləri və digər istintaq materialları ilə sübuta yetirildi.

Qeyd edilən əməllərə görə Gülağa Məmmədova Cinayət Məcəlləsinin 15.94-cü (ağırlaşdırıcı hallarda qəsdən adamöldürməyə sui-qəsd) maddəsi və 94-cü (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) maddəsinin 6-cı bəndi ilə ilə ittiham elan edilərək haqqında həbs qətimkan tədbiri seçildi...

...Beləliklə, iş üzrə istintaq Ağdaş Rayon Prokurorluğunda tamamlandı. İttihamnamə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Baş prokurorun müavini tərəfindən təsdiq edildi və aidiyyəti üzrə baxılması üçün cinayət işi Ali Məhkəməyə göndərildi.

 

... HÜQUQİ QİYMƏT VƏ YA SON SÖZ

 

1998-ci il yanvarın 27-də Cinayət işləri üzrə birinci dərəcəli məhkəmə kollegiyasında Ali Məhkəmənin üzvü Rasim Mirzəyevin sədrliyi ilə Gülağa Məmmədovun törətdiyi əməllərə hüquqi qiymət verildi.

Gülağa məhkəmədə son sözündə bildirdi ki, ailə namusunu, şərəfini qorumaq naminə Qorxmaza sui-qəsd edib, bacısıni isə qətlə yetiribdir.

Qormaz isə öz ifadəsində təqsirsizliyini sübut etmək üçün hər cür yaramaz vasitələrə əl ataraq, mərhum Səyaxanımı ləkələməyə cəhd göstərdi və dedi ki, qızın özü onu yoldan çıxardıbdır.

Məhkəmə hökmü belə oldu: Gülağa Məmmədov 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun!

Şübhəm yoxdur ki, oxucular arasında Gülağanın əleyhdarları ilə birlikdə tərəfdarları da tapılacaqdır. Təbii ki, heç kəslə mübahisə etmək niyyətim yoxdur. Sadəcə olaraq, deyirəm ki, bu işin istintaq materialları ilə tanış olandan bəri nə günüdz, nə də gecə dinclik, rahatlıq nə olduğunu bilmirəm.

Bəs yazını oxuduqdan sonra siz hansı hissləri keçirirsiniz?!...

Mart, 1998 - ci il.

 

Ədalət  2018.- 26 sentyabr.- S.8-9.