ZİYALI ÖMRÜNÜN İŞIĞI

 

Vaqif

İsaqoğlu,

yazıçı-

publisist

 

... Ziyalı işıqdı, nurdu. Ziyalı bütün varlığı ilə öz ləyaqəti, nüfuzu ilə seçilir, xalqın ağrı-acısı ilə yaşayır və halallığı, düzlüyü, saflığı, mərdliyi, kişiliyi...yaşadır.

Belə ziyalılardan biri də İsmayıl Ələkbərov idi. O gözəl insanı, o vətənpərvər şəxsiyyəti, müəllim adını daha da şərəfləndirən o böyük və işıqlı ürək sahibini təkcə doğulub boya-başa çatdığı Gədəbəydə yox, Şəmkirdə, Tovuzda da yaxşı tanıyırdılar. Onun bir müəllim kimi, əsl vətəndaş-ziyalı kimi şöhrəti hər yana yayılmışdı. O, sanki bir işıq idi; işığından hamıya pay düşürdü. O hamını işığına çağırırdı, işığıyla çağırırdı.

Bilənlər bilirlər. Bilməyənlərə demək istəyirəm ki, Gədəbəyin Nərimankənd orta məktəbində 60 il müəllimlik eləyən, şagirdlərin təlim-tərbiyəsilə məşğul olan, vətən üçün, xalq üçün gərəkli və faydalı vətəndaşlar yetişdirən, şagirdlərinin xoş sorağı Bakıdan, Gəncədən, Sumqayıtdan, eləcə də yaxın-uzaq xarici ölkələrdən gələn İsmayıl Ələkbərov kimi bir ziyalı Tanrının gədəbəylilərə verdiyi tale xoşbəxtliyiydi. Gədəbəyin adını daha da ucaldan, Nərimankənd kəndini Azərbaycanda tanıdan, bir müəllim-vətəndaş kimi sevilən, on minlərlə müəllim arasında sayılıb-seçilən İsmayıl Ələkbərov kimi şəxsiyyətlər dünyaya az-az gəlirlər. Onlar dünyaya gəlirlər ki, dünyamıza yeni bir rəng qatsınlar, dünyamızın adamları daha elmli, daha bilikli olsunlar...

İsmayıl Ələkbərov sadə kənd müəllimiydi. Şagirdlərə tarix, coğrafiya və ictimaiyyət fənlərini tədris eləyirdi. Onun müəllim şöhrəti hər yana yayılmışdı. Təhsil Nazirliyində də onu yaxşı tanıyırdılar və onun kimi müəllimlə qürur duyurdular.

"Ən böyük sənətim müəllimlikdir. Ondan uca ad tanımıram. Əgər sənətini ürəkdən sevirsənsə, onda adi həyat tərzin sənə xoş gələcək". - İsmayıl müəllimin sözləridir. Bu sözləri yazıçı-şair Müzahim İsmayılzadənin "Sadəcə İsmayıl müəllim" (Bakı, 2018) kitabından oxumuşam. Müzahim İsmayılzadə bu xatirə-povesti öz atasına - XX əsrin 50-ci illərindən yaşadığımız əsrin əvvəllərinə kimi -60 il fasiləsiz kənd müəllimi işləyən İsmayıl Ələkbərovun mənalı şərəfli ömür yoluna həsr eləyib.

Kitabı həyəcansız oxumaq olmur. Bu kitabla qələm dostum öz atasına - həm ellər atasına - əsl ziyalıya möhtəşəm bir abidə ucaldıb unudulmaz İsmayıl müəllim haqqında fikir düşüncələrini, xatirələrini bu günkü gələcək nəsillərə ərmağan eləyə bilib. Bu günkü gələcək nəsillər İsmayıl müəllimin mənalı şərəfli ömründən, yaşadığı həyat tərzindən çox şey öyrənəcəklər. Öyrənəcəklər ki... Yaxşısı budur ki, Müzahimin yazdıqlarına diqqət yetirək: "...İsmayıl müəllim saf, təmiz bir adam idi; istər daxilən, istər zahirən. Əllərinin təmizliyi qədər ürəyi təmiz idi. Hamıya həyat təcrübəsinə əsasən düzgün yol göstərməyi bacarırdı. Kimsə onun ağıllı məsləhətindən ziyan görməmişdi o, yeri gələndə çoxları kimi susub kiminsə səhv etdiyini, yıxıldığını gözləyib ürəkdən gülən, əl çalan adam deyildi. Sözü, məsləhəti vaxtında deyirdi. Bir baxışla qarşısındakının ürəyini oxuyan atam insan sərrafı idi".

...İsmayıl müəllim şagirdlərə təkcə elm öyrətmirdi, onları həm əsl vətəndaş kimi yetişdirirdi. Şagirdləri öz balalarından ayırmırdı. Onlara ata qayğısı ilə yanaşar, məsləhət verər, düzgün yol göstərər, öyüd nəsihətlərini əsirgəməzdi. "Sadəcə İsmayıl müəllim" kitabında oxuyuruq: "...Siz gələcəyimiz üçün öz borcunuzu verməlisiniz. Borc nədir? İgidlik, qəhrəmanlıq, cəngavərlik. Sizin elə yaşınızdır ki, bu vaxtda bunları eləyə bilərsiniz. Gənclik güc, qüvvət, xəyalpərvərlik deməkdir! Yemək-içmək dərdi çəkmirsiniz, paltarınız ölçü ilə verilir, yatacağınız var. Qalır vətəni göz bəbəyi kimi qorumaq sevmək!

- Vətəni sevin övladlarım!

- Vətəni qoruyun, balalarım!

-Vətən anadır!

-Ana müqəddəs olduğu kimi Vətən müqəddəsdir. Vətən uğrunda canınızdan keçməyi bacarın!". - İsmayıl müəllim əsgəri borcunu yerinə yetirməyə gedən şagirdlərinə üz tutub belə deyirdi haqlı deyirdi.

...İsmayıl müəllim şagirdlərin bir vətəndaş kimi, şəxsiyyət kimi yetişmələri üçün, elmli olmaları üçün ömrünü şam kimi əridirdi. O, bu yolda necə deyərlər, öz canından "keçirdi". Ömrünü yaz qarı kimi əridərək yüzlərlə şagirdi həyat yoluna çıxartdı, onları elmli, bilikli bir vətəndaş kimi yetişdirdi. Yüzlərlə şagirdləri arasından alim yetişdi, akademik , həkim , hakim , prokuror da, müəllim , mühəndis ....

O böyük insanınşagirdlərindən əməkdar müəllim, əməkdar mühəndis adına layiq görülənlər oldu. O, bir müəllim kimi şagirdlərinin uğurlarına, nailiyyətlərinə sevindi; onların sevincini öz sevinci bildi. Amma 60 il millətin balalarına elm öyrədən, onlara vətənpərvərlik ruhunda tərbiyə verən, əsl həyata hazırlayan, Vətəni, yurdu, torpağı... sevməyi öyrədən İsmayıl Ələkbərov fəxri ada - "Əməkdar müəllim" adına yiyələnə bilmədi. Bu, onun haqqı idi. Halal haqqını ala bilmədi. Bu barədə "Sadəcə İsmayıl müəllim" kitabında oxuyuruq: "...Atamın fəxri adı yox idi. O, təmiz adam idi. Bir müəllimdən, ya kimdənsə, nəsə uman deyildi. Əgər rüşvət almırdınsa, deməli rüşvət vermirdin. Onda isə...məsələ aydındır.

O, heç zaman düşünməyib ki, hansı işinə görəsə nəsə umsun.

-Əgər layiqəmsə, qoy özləri təqdim etsinlər!". - İsmayıl Ələkbərov "Əməkdar müəllim" adına layiq idi. Nərimankənddə həm müəllim, həm məktəb direktoru kimi çalışmışdı. Ömrünü millətin balalarının xoşbəxt gələcəyi üçün qurban vermişdi.

...İsmayıl Ələkbərov sözün əsl mənasında Əməkdar müəllim idi. Bu adı ona xalq vermişdi xalq da onu ürəyində yaşadır. O işıqlı ziyalı, qayğıkeş mehriban insan, müqəddəs müəllim adını daha da müqəddəsləşdirən o peyğəmbər timsallı adam haqqın dərgahına qovuşsa da ruhən bizimlədir.

Müzahim İsmayılzadənin yazdığı kimi "İlahinin bəxş etdiyi ömrü şərəf ləyaqətlə, namus-qeyrətlə, alın açıqlığı, könül xoşluğu ilə yaşayan, ürəyi Vətən, torpaq, el-oba sevgisilə döyünən" İsmayıl müəllim bu gün mavi ənginliklərdə parlayan bir ulduzdu. Bu "ulduzdan" bir ziyalı ömrünün işığı süzülür. Bu ulduz qaranlığa işıq saçır, nur saçır. Bu işığın, bu nurun aydınlığında İsmayıl müəllim görünür. İsmayıl müəllimi daha yaxından tanımaq, eləcə əsl ziyalı, əsl vətəndaş, əsl insan, əsl müəllim necə olmalıdır? sualına cavab almaq istəsəniz "Sadəcə İsmayıl müəllim" kitabını oxumaq yetərlidir.

Bu kitabı oxuyun!

Bu kitabı oxumağa dəyər.

Oxuyun İsmayıl müəllim kimi mənalı şərəfli bir ömür yaşayın.

 

ÜZ TUTUB GEDİRSƏN

SƏKSƏNƏ İNDİ

 

Tovuzda sayılıb-seçilən mərd kişilərdən, işıqlı, nurlu ziyalılardan biri olan Talıb Süleymanovun

70 yaşına söz hədiyyəm.

 

Dünyaya az gəlir yaxşı kişilər,

Vərəqlə tarixi, axtarıb-ara.

Sənin tək qayğıkeş, ziyalı insan,

Daha innən sonra gəlməz Qovlara.

 

Yadıma Qovlarda bir adam gəlməz,

Yadıma Əli tək kişilər gəlir.

Kişidən törəyən kişi oğlunun

Həyatda başına çox işlər gəlir.

 

Əli Süleymanov ölməyibdi ha,

Gedib yaşamağa Tanrı yanında.

Qardaş, yaşadırsan kişiliyi sən,

Kişilik, yaxşılıq axır qanında.

 

Dünya yaxşıların çiynində durur,

Bu dünya səninlə gözəldir, qardaş!

Ürəyim sevinclə, fərəhlə deyir:

"Sənin tək kişilər çox olaydı kaş".

 

Növbəyə dayanır bu şər adamlar,

Yaxşı kişilərə daş atmaq üçün.

Özüçün yaşamır sən tək kişilər,

Yaşayır milləti yaşatmaq üçün.

 

Kişi ocağından mərd kişi çıxar,

Azalıb haqq sözü deyən kişilər.

Kişilik dərsini səndən öyrəndi,

Bu gün sinəsinə döyən kişilər.

 

qədər sənin tək mərd kişilər var,

Yaşamaq gözəldi, həyat şirindi.

Şərəfli, mənalı ömür yaşayıb,

Üz tutub gedirsən səksənə indi.

 

Namərd bir söz desə, xətrinə dəysə,

Mən tufan olaram, coşub - əsərəm.

Qara qoçu deyil, qara başımı

Sənin tək kişiyə qurban kəsərəm.

 

Ədalət  2018.- 26 sentyabr.- S.14.