Bu göyü də
aşağı çək...
Vaqif Bayatlı
İlahi! Tanrım!
Bu dağları bir zamanlar
göyüzünün son qatından
aşağıya çəkdiyintək
sən qalxan göyləri də
bircə anlığa
görməkçün
bu göyü də aşağı çək.
O Ruhunur, İlahinur qalxan göylər
Tanrım!
İlahi!
Bu göyləri bir zamanlar
göyüzünün son qatından
aşağıya çəkdiyintək
söz qalxan göyləri də
bircə anlığa
görməkçün
son göyü də aşağı çək.
Sözün insan şeirindən
Tanrı Şeirinə
aşdığı an
Döz,
döz, Sözsüz uçmayan,
Uçmağa hər an, hər
zaman
Söz istəyən qanadım, döz,
Söz insan göyündən yox,
Tanrı
göyündən qanadlanar,
İnsan
göyündən Tanrı
göyünə
Aşdığı andan da Söz
Göyüzü adlanar.
Cəhənnəmdə də haqq arayanlarçün odərlər
nəğməsi
Dünya,
dünya, biz də varıq,
bizi də Tanrı yaradıb,
lap elə cəhənnəmdə
də
haqq ararıq, eşq ararıq,
çox da ki, ayaqyalınıq,
ancaq özümüzü
heç vaxt
ayaqyalın saymırıq,
baxın, ayaq dərimiz
ayaqlarımızda çarıq,
yeyilir, çarıq azalır,
demək biz varıq,
azalır.
Çox
ucalardan dönürük,
salavat çevirən əltək
göyün üzündən
enirik,
günəş bizimlə
qalanır,
yanıb günəşə
dönürük,
hər an, hər an sevinirik,
yanımızda bir-birinə
sarılan dostlar, doğmalar,
yaramızda, canımızda
yanan dost qucağından
sarılan sarıq
azalır,
Daha da bərk qucun,
dostlar!
Biz yandıqca, artır işıq,
baxın qaranlıq
sozalır,
demək, biz varıq,
azalır,
Azərbaycan, sən məni
hamıdan dəli,
hamıdan suçlu,
hamıdan güclü
edəli
Sən Allahın ən sevimli,
ən dəli qızı Eşq sözütək,
sən Eşqin hər an yenidən Allaha
bir an öncəkindən
daha gözəl,
daha çiçək
görünən üzütək.
Sən balaca, körpə suların
yumru-yumru axmağıtək,
o yumruların yumrulanıb, açılıb,
hər an bir daha, bir daha
göyə, Allaha
körpə su sevgisiylə baxmağıtək,
Sağ ol, mənim dəlidən də dəli yurdum,
nə ayağın altındakı yumru torpağa,
nə başın üstündəki yumru göyə,
məndən başqa
bir kimsəyə
aman vermədin sənə dəli deməyə,
sağ ol, mənim ağıllıdan
ağıllı, dəlidən
dəli,
eşqdən də eşqli yurdum,
ağlamalıdan ağlamalı,
gülməlidən gülməli
yurdum.
Çünki mən səni elə sevdim, elə sevdim
bu dünyada bir kimsəyə nə dəlilik,
nə ağıl, nə də eşq qaldı sevməyə,
sən beləcə, məni bu dünyada
hamıdan çox
sevməkdə suçlu
etdin hər an,
həm də hamını hamıya sevdirməkdə də
hamıdan dəli,
hamıdan gülməli,
hamıdan güclü
etdin, Azərbaycan.
Tək bir dərəsiz, dağsız da
Vətən yarım vətən
demək
İllərdi Qarabağ sözünə,
həm də dopdoğmaca Vətənimizi
qoruyan dopdoğmaca əsgərlərimizə, əsgərlərimizin
canındakı muğama,
cəngiyə tez-tez baş çəkən Aqil Abbasa
Sən hələ sağsan, hələ sağsan, bəylər bəyi a tar,
mən elə bilirdim, Sən də o zaman
Şuşada həlak olmusan?!
Deyirlər, bizimkilər çəkiləndən
sonra
Şuşanı qorumağa qalxan
onlarla tar
hamısı orada döyüşüb həlak
olublar,
düşmən hələ
də qorxuyla yollara baxır,
həm də onlar bizim qayıtmağımızdan
çox,
Tarın qayıtmağından qorxur.
Sən də, sən də hələ sağsan, sevgililər sevgilisi,
aşiqlər aşiqi,
dəlilər dəlisi
sultanım saz?
Mən elə bilirdim, sən də Şuşada şəhid olmusan,
səni döyüşlərdə
neçə yerdə
şəhid olan,
bütün şəhid
ruhlarımıztək elə
vurulan an
yenidən qalxıb
döyüşə atılan
görüblər,
qardaşım saz, hər an, hər zaman
yenidən qılınctək
sıyrıl, eşqtək
şahlan.
Tək Qarabağsız yox, bir dərəsiz, dağsız da
Vətən yarım vətən
demək,
əsgərləri yarım
əsgər, generalları
yarım general,
hətta çiçəkləri
yarım çiçək
demək,
ey əlli milyonun göy, qırmızı, yaşıl
qanı bayraq,
hər an göyünə,
qırmızına, yaşılına
yaraşan
bayraqlar bayrağı əsgər doğ bizə,
qanadlan, tək göydə yox, həm də qanımızda aç, uç,
aç, uç, damarlarımızda bütöv
Azərbaycan doğ,
elə o tay, bu tay, Xəzər
qarışıq Azərbaycan
Xəzərbəycan doğ.
Ədalət 2018.- 26 sentyabr.- S.10.