Aqşin Yeniseyin mənə atmaca atması maraqlı deyil

 

Adalet.az tanınmış şair Ələmdar Cabbarlı ilə müsahibəni təqdim edir.

 

- Ələmdar müəllim, sizin ixtisasınız nədir?

 

- İxtisasım çoxdu mənim. Bakalavr təhsilim redaktəetmədir, magistr bir başqadır, filologiya üzrə də fəlsəfə doktoruyam, ədəbiyyatşünasam. Universitetdə də ədəbi redaktə fənnini tədris edirəm.

 

- Siz 2000-lərin əvvəlində ədəbi fəaliyyətə başladınız...

 

- 2000-ci ildə ilk kitabım çıxıb. Tələbə idim, üçüncü kursda oxuyurdum.

 

- Neçə kitabınız çıxıb?

 

- On!

 

- Şeir, nəsr, publisistika...

 

- Yox... Biri monoqrafiyadır. Biri dərs vəsaitidir. Biri nəsr, qalanları da şeir...

 

- Son çıxan kitabınız nəsrdi deyəsən...

 

- Bəli...

 

- 2000-lərin əvvələri ədəbi mühitdə bir çaxnaşma var idi. AYB ilə AYO davaları, postmodernistlərlə köhnə nəslin savaşı... Siz bu mübarizənin içində görünmədiniz amma... Özünüz istəmədiniz, ya sizi bu mübarizəyə daxil etmədilər?

 

- Müəyyən qədər bunu özüm istəmədim. Çaxnaşmanın pik nöqtəsində yəqin ki, mən də harasa qoşulacaqdım. Amma xoşbəxtlikdənmi deyək, ya bədbəxtlikdənmi, əsgərliyə yollandım və qayıdanda gördüm ki, artıq ədəbiyyatda davalar səngiyib.

 

- Davanın sonunda gəlib çıxmısınız... Hamı yaralı, bitkin...

 

 

- Hə... (gülür) Hərə öz yolunu tutmuşdu, hərə öz seçdiyi yolla irəliləyirdi.

 

- Siz əsgərlikdən gələndə neçənci il idi?

 

- 2004-cü il.

 

- Axı onda hələ proses təzə-təzə qızışmışdı. Necə deyərlər, dava hələ tam başlamamışdı...

 

- Davam eləyirdi, amma o dediyiniz davanın ən qaynar vaxtı 2003-cü il idi...

 

- Əsgərlikdən gəldiniz, hər şey yığışdırılıb, hərə bir şeyi seçib gedib. Sizin seçiminiz nə oldu bəs?

 

- Mənim seçimim ədəbiyyat oldu. Fərqi yoxdur AYB-çi olsun, ya AYO. Yaxşı ədəbiyyatçıdırsa, onun yanındayam.

 

- Sizcə, bu mübarizəyə ehtiyac var idimi?

 

- Əlbəttə ki, var idi. Ən azından ədəbi mühitdə canlanma yaratdı. 90-cı illərin sonları, 2000-lərin əvvəlləri ədəbiyyat və eləcə də ona maraq öləzimişdi. Təbii ki, bunun obyektiv səbəbləri vardı. Ölkə müharibədən təzə çıxmışdı. İqtisadi böhran var idi. Buna görə də ədəbiyyat heç kimin yadına düşmürdü. Kitab mağazaları kütləvi şəkildə bağlanmışdı. Qrafika dəyişmişdi. Kirildə oxuyan latında oxuya bilmirdi. Bu cür çoxlu sayda problem vardı. Kitabların sayı az idi. Özəl nəşriyyatlar yaranmamışdı, dövlət nəşriyyatlarının da fəaliyyəti zəifləmişdi. Ədəbiyyatı canlandırmağa görə o mübarizəyə ehtiyac var idi...

 

- Ələmdar müəllim, daha çox heca şeirləri yazırsınız...

 

- Bəli... Amma sərbəstdə şeirlərim var...

 

- Sizin nəsildaşlar isə daha çox yenilikçi, etiraz ruhlu şeirlər yazırdı... Sanki siz onlarla ayaqlaşa bilmirdiniz.

 

- Mənim fikrimcə, yenilik şeirin formasında yox, mətndə özünü göstərməlidir. Yaxşı şeir hecada da yazılar, sərbəstdə də... Hətta sizə deyim ki, hecada yenilik eləmək daha çətindir. Sərbəstdə ən azından formanın özü yenidir, hecada isə bu yoxdur. Yüz illərin ənənəvi formasında şeir yazmaq, üstəgəl yenilik etmək daha çətindir...

 

- Yadıma düşür, siz bir dəfə tədbirlərin birində kitabınız haqqında danışırdınız və orda iddia etdiniz ki, o kitab çox böyük rezonans doğurmuşdu, təqdimatına xeyli adam toplaşmışdı.

 

- 2002-ci il idi. Onda magistr oxuyurdum...

 

- Kitabın adı necəydi?

 

- "Özümlə bir ətək daş gəzdirirəm”.

 

- Aha... Maraqlı adı varmış...

 

- Kitab Natəvan klubunda təqdim olundu. Çox böyük maraqla keçdi tədbir...

 

- Deyilənə görə, adamların çoxluğundan Anar müəllim Natəvan klubundan çıxa bilməyib...

 

- Hə... Tədbirdə rəhmətlik Arif Əmrahoğlu çıxışında dedi ki, Yazıçılar Birliyində ilk dəfədir ki, quruma üzv olmayan və 22 yaşlı bir tələbənin kitabının təqdimatı keçirilir. Xeyli də adam gəlmişdi. Natəvan klubu indi dəyirmidir, o vaxt elə deyildi, çox yer tuturdu. O vaxt yəqin ki, gənc idim, indi olsa elə eləməzdim. 150-yə yaxın adama dəvətnamə paylaşdım və tapşırdım ki, özündən də 3-4 adam gətir. İstəyirdim ki, Natəvan klubundakı bütün sıralar dolsun.

 

- Toy kimi...

 

- Toyda əksinə deyirlər az adam gəlsin, ziyana düşməyək. Hə... Dekabrın 2-di, möhkəm də qar yağmışdı. Yollar da bağlanmışdı. Hətta özüm evdə dedim ki, getmirəm, bu havada gələn olmayacaq. Amma buna baxmayaraq, getdim, görəndə gözlərimə inana bilmədim. Xeyli adam toplaşmışdı. Tədbirin aparıcısı Qəşəm Nəcəfzadə idi, elə tədbir başlayan kimi Qəşəm müəllim qar məsələsinə belə izah verdi ki, yəqin Kəlbəcər bilib ki, onun bir şair balasının Bakıda kitab təqdimatıdır, təbrik üçün qar göndərib. Anar müəllimlə bağlı məsələ də belə oldu ki, tədbirin qızğın yerində rəhmətlik Ədalət Əsgəroğlu gəlib mənə dedi ki, bu nədir, bir belə adamı yığmısan bura – Anar müəllim evə getmək istəyir, amma koridorda tərpənmək mümkün deyil.

 

- Ələmdar müəllim, o tədbirin üstündən 16 il keçib. Və siz hiss edirsiniz ki, bu illər ərzində Yazıçılar Birliyinin nə özü, nə də tədbirləri dəyişmədi. Eyni cür tədbirlər, eyni adamlar, eyni pafoslu çıxışlar, eyni sünilik...

 

- Bilirsiniz, tədbirlərdəki sünilik, pafos Yazıçılar Birliyindən asılı deyil. Süni adam hər yerdə süni danışacaq. Ramiz Rövşən Yazıçılar Birliyindəki tədbirdə də orijinal çıxış eləyəcək, başqa yerdə də... Yəni bunu Yazıçılar Birliyinin günahı hesab etmirəm. Yazıçılar Birliyində elə tədbir keçirmək olar ki, tamam başqa aləm olar.

 

- Bu günün tədbirləri bir az başqadı. Fərqlidir, günün nəbzini tutmağa çalışır...

 

- Bəli, elədi. Məsələn, mən bu axırıncı kitabımı universitetdə təqdim elədim. Akt zalında. Bu dəfə də bütün zal dolmuşdu. Facebook imkanlarımdan istifadə eləmişdim.

 

- Deyirsiniz ki, 2002-ci ildəki təqdimatda da, indi də kitabınızın işığına xeyli adam toplaşmışdı. Amma o qədər də tanınan müəllif deyilsiniz. Populyarlaşmağa meyl yoxdu sizdə...

 

- Açığı, tanınan müəllif deyilsiniz fikri ilə razı deyiləm. Hesab edirəm ki, mən də sizin tanınan dedikləriniz qədər tanınıram. Amma bunu gündəmdə olmaq mənasında deyirsinizsə, bu başqa məsələdir. Bunu mənə çox adam deyir. Mən işimlə məşğulam. Şeirimi yazıram, vəssalam. O şou-biznesdə adamlar var e, bir-birinə ilişib gəlirlər gündəmə. Bizim yazıçı-şairlərdə də bu çoxdu. Söz atırlar bir-birilərinə. Xüsusilə özlərindən yaşca böyük yazıçı-şairlərə. Onlar düşünür ki, populyarlaşmaq üçün mütləq yaşlı yazını tənqid etməlisən, bəzən hətta təhqir etməlisən. Çünki beləcə gündəmə gələcəksən. Bu isə mənim xarakterimdə yoxdu.

 

- Tək o yolla yox, ümumiyyətlə, şeirinizlə belə yadda qalan imza deyilsiniz. İstəməməsiniz ki, şeirinizlə gündəmə gələsiniz?

 

- Yenə də istəyirəm, razılaşmayım. Yadda qalan şeirlərim var. Mən şeirlərimi yazmışam. İndi də nəsr kitabım işıq üzü görüb. Şeirlərim, yazdıqlarım bu gün də gündəm ola bilər, 10 ildən sonra da. Bu haqda o qədər də fikirləşmirəm.

 

 

- Ümumiyyətlə, tanınmaq hissinə, şöhrət olmaq istəyinə necə baxırsınız?

 

- Gənc adam üçün normaldı. Amma indi bu tanınmaq, şöhrət daha çox müğənnilərə lazımdı. Ona görə ki, toy tutsunlar. Yəni bu çox da önəmli bir şey deyil.

 

- Ələmdar müəllim, şeirdən nəsrə keçid elədiniz...

 

- Keçid deməyək... Elə mövzular var ki, onu ancaq nəsr formasında yazmaq olar. Görürsən, o mövzunu şeirlə həll eləmək mümkün deyil. Amma bu o demək deyil ki, mən şeiri atdım, keçdim nəsrə. Şeir də yazacam, bəlkə gələcəkdə yenə nəsr kitabı çıxaracam. Fərqi yoxdur janrın. Yazı adamı üçün çərçivə yoxdur.

 

- Şeirlərinizin çoxusu Kəlbəcər haqdadır? Bunu sizə irad tutmurlar ki, niyə bu qədər şeir Kəlbəcərə həsr olunub?

 

- Deyənlər olur, amma mən bundan peşiman deyiləm və düşünürəm ki, belə də olmalıdır. Yəni Kəlbəcər həmişə mənin şeirlərimin şah bəndi olacaq.

 

- Bir məsələyə də toxunaq... Aqşin Yeniseyin "Göləqarğısancan” romanını oxumamısınız?

 

- Yox, oxumamışam.

 

- Orda sizin obrazınız var...

 

- Hə...

 

- Hətta adınız da olduğu kimi qalıb...

 

- Bilirəm.

 

- Aqşinə buna görə nəsə demədiniz?

 

- Yox, demədim. Çünki oxumamışdım. Bir neçə adam demişdi mənə...

 

- Ədəbi mühitin təsvirində sizə də yer ayırıb.

 

- Aqşini çox istedadlı ədəbiyyat adamı hesab edirəm. Mənim haqqımda nə yazmağından asılı olmayaraq. Hətta indən belə də nə yazsa, fikrim dəyişməyəcək. Aqşin əsl ədəbiyyat adamıdır. Amma o romanını oxumamışam. Həvəsim və marağım yaransa, oxuyaram və ondan sonra fikrimi deyərəm. Mən əvvəl elə bilirdim ki, o atmaca "Cənnətdə terror aksiyası” hekayəsindədir.

 

- Məncə, "Göləqarğısancan” romanındadır...

 

- Çünki məndən bir dəfə Anar Amin müsahibə almışdı. Orda dedi ki, bu məqam "Cənnətdə terror aksiyası”ndadır.

 

- Yafəs Türksəsin də obrazı var idi orda. Onun adını bir az dəyişmişdi. Amma sizin imzanız olduğu kimi qalırdı...

 

- Hə, məlumatım var idi...

 

- Necə baxırsınız bu cür atmacalara?

 

- Hərə öz düşüncəsinə uyğun hərəkət eləyir. Sıradan qarşılayıram. Yəni mənə maraqlı deyil.

 

- İncimirsiniz ki?

 

- Qətiyyən!

 

- Ələmdar müəllim, dərs də deyirsiniz. Tələbələrin ədəbiyyata, kitaba marağı varmı?

 

- Mən müşahidə elədiklərimi deyirəm. Əvvəllər o qədər hiss olunmurdu. İndi isə hiss edirəm ki, kitaba qayıdış var.

 

 

Söhbətləşdi: Ayxan Ayvaz

 

Ədalət.-2018.-28 sentyabr.-S.13.