SAMAN ÇÖPÜ
Küncü olmayan dünyada
insanlar bu qədər küncü
hardan tapdı görəsən?
Kimlər hördü bu qədər küncü?..
Hərəmiz bir tərəfdə
bir künc üçün savaşdıq,
beləcə hərəmiz bir küncə
istəmədən alışdıq.
Sonda isə hamımız
yavaş-yavaş daşlaşdıq.
Amma adam balası
kimi yox,
daş balası kimi daş olduq,
daş!
Danışanda susan ağlayanda gülən,
...Bəzən quran,
daha çox uçuran daş olduq.
Daş balası nəyiydi elə?...
Axı daş doğmurdu,
Tanrım, mən neylədim belə?!
Yarı
aşkar, yarı pünhan
indi düşəcəm
dildən-dilə.
Axı hamı bizim kimi sirr saxlaya
bilmir,
axı yalnız sən bilirsən
biz kimlərin alçaqlığına
sirdaş olub min quyuya atıldıq.
Elə bir sirli daş
ki,
dünyanın ən ağır daşı yanımızda saman çöpü,
saman...
Atam deyir: - Ehtiyatlı ol, oğul
batan, saman çöpündən yapışar.
Daha atam bilmir ki,
məndən heç
kim yapışmaz.
Artıq
mən də hamı kimi bir daşam,
batanlara uğur diləyən sirdaşam...
GƏLƏN PAYIZ
Bağışla məni ana, bağışla.
Yenə payız küçəmizi
salamladı yağışla.
Yenə
mən sənə çətir ala bilmədim,
bağışla məni
ana, bağışla...
Tez gəlib,
gec gedən fəsilə payız deyilir.
Çətir ala bilənlər çölündə,
ala bilməyənlər hər
yağış damcısında
əyilir.
Hər əyildikcə
gələn payız,
gələn payız deyir;
Mən bitdim, bu payızlarsa
bitmədi...
..Hər gələn payız, gələn payız - dedim.
Bu payızı birtəhər
keçir ana,
gələn payız
çətir alaram - dedim.
Ovuc boyda otaqda
Özümə də, sənə də dünya boyda ümid verdim.
Yenə yenildim, yenə evə çətirsiz gəldim.
Bağışla məni ana, bağışla.
Sürətim yox qaçıb keçəm.
Qanadım yox, uçub keçəm.
Nə olardı bir səfərində
bu payızların
birini keçəm;
Anama yaraşan,
anamı qoruyan bir çətir seçəm.
Tutacağı anamın əlləri
kimi yumşaq,
dirəyi, qüruru
kimi möhkəm,
örtüyü, üzü
kimi ağ olsun.
...və nəhayət,
anam çətirli anaların sırasında
dursun.
Nə olar gələn payız, anam, gələn payız...
SƏN BİLİRSƏN
KİMSƏN...?!
( İlham Tumasa )
Sən bilirsən
kimsən?
Bilmirsən, suya and olsun, bilmirsən.
Yoxsa, Teymur Bəyazidə gülən
kimi gülərsən.
Sən bilirsən
kimsən?
sus, mən deyim:
-Qorxma, yalan sussa
da güzgülər,
uzaqlardan aydın
görsənər şəkillər.
Yox, sən şəkil deyilsən,
bu dünyada şəkillərin də
heç bəxti gətirməyib.
Kaş bütün şəkillər
sən olaydı,
sənin kimi
öz boyasıyla yuyulaydı,
qırılmadan fırçaları...
Sən
- Venesiyada
yar qoynunda sol,
Troyada isə dost boynunda
sağ qolunu itirən kişisən.
Sən
- Paqanini axtaran
kimsəsiz skirpkasan.
Sən
- Məmməd Arazın
"uçan qalacığı"san.
Sən ağcaqayın
ağacısan, Sibir çöllərində.
qatarlar nəfəs dərəndə
qızların sarılıb
hönkür-hönkür ağladığı.
Sən insanların anlamadığı
Puşkini qucaqlayan o gülləsən.
Gecələr
üzünü aya tutan səssən sən.
Sanma ki, səni kimsə
görmür,
eşitmir, duymur.
Demə
ki, onları buna əclaflıq qoymur...
hərçənd əclaflığın
boyu o qədər də bəstə deyil.
Bir vaxt qayıdacağımız Tumas
da gedəcək.
Sən də gedəcəksən, mən
də gedəcəyəm.
O zaman səni gizli tarix qaldırıb
çiyinlərə,
dirək edəcək
göylərə -
ahlar yerə düşməsin deyə...
Sən bilirsən
kimsən?
Bilmirsən, oda and olsun, bilmirsən,
yoxsa, çoxdan
qanad olmuşdun
tüstülərə
Fuad Cəfərli
Ədalət.-2018.-27 sentyabr.-S.14.