Söz və səsin vəhdəti
Əsəd
Cahangir
Tanınmış
şair, bəstəkar Hüseyn Sözlü ilə
tanışlığımdan bir neçə il
keçir. Bu neçə ildə onunla dəfələrlə
ünsiyyətdə olmuş, neçə-neçə tədbiri,
məclisi bölüşmüş, yol getmiş, yol gəlmişəm.
Amma harda olur olsun, onu həmişə sadə, təvazökar,
çox bilib az danışan, hər
cür təkəbbür, xudbinlikdən uzaq bir adam kimi
görmüşəm. Həmişə məmnun
qalmışam ki, ədəbi mühitimiz, ümumən cəmiyyətimizdə
insani meyarları qoruyub saxlayan belə şəxslər də
var və istedadla insanlıq bir simada birləşəndə
örnək yaranır. Odur ki, möhtərəm
şairimizin "Bu qədərin yaza bildim" şeirlər
kitabına redaktorluq etmək və ön söz yazmaq təklifini
məmnuniyyətlə qəbul etdim.
H.Sözlü ixtisasca dənizçidir, hazırda Dənizçilik
Akademiyasında dərs deyir. Amma şairin həyatının
böyük bir hissəsi fırtınalı dənizlər,
ucsuz-bucaqsız okeanlar qoynunda keçib. O hələ
qapalı sovet dövründə planetin ən müxtəlif
yerlərini gəzib, aylar, illərlə qürbət ölkələrdə
olub, görüb-götürüb. Nəticədə
romantik dənizçi peşəsi onun bədii
yaradıcılığına bir romantizm,
dünyagörüşünə genişlik gətirib.
Şairin poeziyasına dəniz sevən və sevgisi yolunda əzab
çəkən bir canlı, insan obrazı kimi daxil olub:
Dəniz sahilimi, daşımı sevir?
Baharımı sevir, qışımı sevir?
Ay
üzü, bir kaman qaşımı sevir?
Daim sevgisinin ah-zarındadır.
Amma dünyanın müxtəlif yerlərində olmaq
şairin vətəndaşlıq duyğusuna kölgə
salmayıb. Əksinə, Azərbaycana kənardan baxmaqla, o,
yurdumuzun qədir-qiymətini daha yaxşı bilib, onun gözəlliklərini
daha yaxşı görüb, üstünlüklərini daha
yaxşı dərk edib, bir sözlə, vətənə
uzaqdan baxmaqla ona daha da yaxınlaşıb. Təsadüfi
deyil ki, dünyaya göz açdığı qədim
Naxçıvan torpağını, bu gün artıq uzaq illərin
o üzündə qalmış, xatirəyə
çevrilmiş uşaqlıq çağlarını
şair böyük sayğı, dərin nostalji hissiylə
xatırlayır:
Gəzəydim
şeh üstə yalın ayaqla,
Biçəydim çəməni dəryaz-oraqla.
Dərsimi
oxuyub hisli çıraqla,
Əzəlki günlərə kaş qayıdaydım.
/photos/adalet/2018-09-26-21-52-2266-6.jpg
Sözlünün vətən sevgisi qutsal səciyyə
daşıyır. O, "başqa qibləm yoxdur mənim, döndər məni
yurda sarı" deyəndə vətəni qiblə,
"götür bu Sözlünü qurbanlıq elə, əzəlim,
sonluğum vətəndir, vətən!" deyəndə isə
hətta Allaha təşbeh edir və burda nə küfr, nə
də bidət var. Çünki Peyğəmbər Əfəndimizin
dediyi kimi, "vətənə məhəbbət
imandandır" və insana sevgi kimi, vətənə məhəbbət
də sonucda ilahi eşqə gedib çıxır. Vətən
özünün təbii gözəlliyi və tarixi
keçmişindən tutmuş Təbriz həsrətinə qədər
şairin şeirlərinə hərtəfəli surətdə
daxil olur:
Ürək
bölünübdür, vurmur bir canda,
Ümidim asılı qalıb gümanda.
Bakı
bir yandadır, Təbriz bir yanda,
Ovur ürəyimi qəm, necə susum?!
Sözlünün vətəndaşlıq lirikasında
əsas yeri Qarabağ tutur. Zərif sevgi
lirikası nümunələrindən fərqli bu
mövzudakı şeirlər özünün monumental
çağırış ruhu, sərt intonasiyası, yüksək
patetikası ilə seçilir. Kitabdakı
şeirlərin poetik manifestasiyası, bədii müqəddiməsi
olan, proqram xarakteri daşıyan "Minnətdaram"
şeirində bu özəlliklər özünü daha
qabarıq göstərir. Şairin fikrincə, bu
savaşda şair də bir əsgər, qələm də bir
silahdır:
Çıxmasam
da, silahla düşmənin qarşısına,
Əldə qələm durmuşam Qarabağ
savaşına.
Can
demişəm Vətənin torpağına, daşına,
Dərələrə, dağlara düzlərə minnətdaram.
Sözlünün əksər şeirləri məhəbbətin
ülviliyi, sənətin gözəlliyi, zamanın faniliyi və
bu sərt, namərd, amansız dünyada insanın öz
halallığını qoruyub saxlamasından
danışır. Şairin fikrincə, dünyada insanın
üz tuta biləcəyi bir əsas ünvan var və o, məhəbbətdir.
Vətən özü də bu ünvanda yerləşir, sənət
özü də bu ali duyğudan güc
alır. Odur ki, eşqin tərənnümü
onun şeirlərinin ana mövzusu, əsas məzmunu,
başlıca ideyasıdır. "Məhəbbət
karvanı keçir sinəmdən" deyən şairin yeni
kitabının əlyazmasını oxuduqca klassik divan ədəbiyyatımızdan
baş alıb gələn, aşıq şeirimiz, romantik
poeziyamızdan keçən, nəhayət, günümüzə
yön alan eşq karvanını aydın
görürsən. Bu karvanın son ünvanı zərrə
ilə küllün, damla ilə dəryanın
qovuşduğu ilahi vəhdət vadisidir:
Gül
idim, çəməndə bitdim,
Damlaydım, dəryada itdim.
Heçiydim,
hər şeyə yetdim,
Yenə dönüm heçə gəlim?
Təsəvvüf
poeziyası və aşıq-irfan sənətində
olduğu kimi Sözlünün də şeirlərində
eşq Tanrı özəlliklərinə malikdir: o, əvvəldir;
o, axırdır; o, varlığa can verən ilkin
yaradıcı qüvvədir; o, sonsuzluqdur. Və odur ki,
Tanrı kimi sitayiş olunmağa layiqdir:
Sözlüyəm,
etmirəm eşqdən şikayət,
Yoxdur bu sevgiyə, yoxdur nəhayət.
Etmişəm,
edirəm eşqə ibadət,
Sevgiylə döyünən bir ürəyim var.
Lakin Sözlü iyirmi birinci əsrin şairidir və
onun şeirlərində eqşin ilahi tərəfinə nisbətən
insani tərəfi özünün daha geniş əksini
tapır.
Düzdür, bu sevgi özü də Sözlünün
şeirlərinə klassik poeziyadan gələn günah, savab,
sual, cavab, qədəh, şərab, dodaq və sair bu kimi məlum
etik və məşhur estetik arsenalla birlikdə daxil olur, amma
təkrar təsiri bağışlamır. Çünki
çağdaş şairin klassik obrazlara yanaşması
yenidir. Aşiqin eşq qədəhindən
ölməzlik şərabı içməsi klassik ədəbiyyatda
geniş işlənib. Ənənəyə
hörmət və sədaqətin rəmzi kimi Sözlü də
bu obraza üz tutur. Lakin klassik poeziyadan fərqli
onun şeirlərində ölməzlik şərabı
sevgiliyə qovuşmaq vasitəsi yox, elə bu sevgilinin
özüdür. Üstəlik də vüsala
çatmaq həsrətinin şiddətini belə dərin,
incə, mənalı, görümlü verən misralara hər
şairdə rastlaşmırsan:
Sözlünün
günahı, savabı sənsən,
Min cürə suala cavabı sənsən.
Eşqin
qədəhində şərabı sənsən,
Toxun
dodağıma, yoxsa ölərəm!
"Bu qədərin
yaza bildim" kitabında şairin iyirmiyə qədər qəzəli
də toplanıb və bu qəzəllər göstərir ki,
klassika ilə əlaqə şairin şeirlərinin eşq fəlsəfəsi,
əzəl günü, vüsal, hicran anlayışları, yəni
təkcə məzmunu yox, həm də bədii formasında,
janrında da öz əksini tapır.
Bölünüb
iki can olduq, bir idik əzəl günündə,
Nə bilim mən hansı qismi, nə bilim harası sənsən?
Gül, bülbül, şəm, pərvanə və
sair bu kimi yüzillər boyu normativləşmiş, standart,
şablon obrazlar belə şairin qəzəllərində fərqli
yöndən görünür. Klassik poeziyada adətən
aşiq pərvanə, məşuq şəmə bənzədilib.
Sözlüdə isə aşiq həm şəm,
həm də pərvanəyə təşbeh edilir. ilk baxışdan elə görünür ki,
o, sevgilisinin yox, özünün başına dolanır. Əslində isə bu özünəvurğunluq
yox, aşiqlə məşuq arasındakı fərqin aradan
qalxması, aşiqin məşuqda, məşuqun aşiqdə
əriyib yoxa çıxması, ikisinin birləşib bir can
olmasına metaforik işarədir. Beytin məzmununa
uyğun olaraq, sevgiliyə məhz " ey
can" deyə xitab olunması da, görünür, bu məntiqdən
doğur:
Həm
şəməm eşq yolunda, həm də pərvanəyəm,
ey can,
Mən kimi yanmağı şəm, dönməyi pərvanə
nə bilsin?
Sözlünün sevgi şeirləri bütün
lirik-romantik məzmunuyla yanaşı əksərən zərif
yumor, incə zarafat ovqatına köklənir. Bu cəhət onun şeirlərinə
nikbin ruh gətirməklə yanaşı, həm də
onları son dövr poeziyasını sarmaşıq kimi
bürüyən, oxucunu usandıran saxta, trafaret, patetik kədərdən
xilas edir:
Çiçəkdi,
kim əkib, bunu kim dərib?
Mələkdi,
Tanrının özü göndərib!
Qəlbimin
tellərin saza döndərib,
Ruhani
üstündə çaldı bu ceyran!
Yumor,
optimizm, şən ovqat, həyatsevərlik indiyə qədər
hər hansı şairdə rast gəlmədiyimiz orijinal bir təşbehlə
ifadə olunanda isə daha effektiv, daha sirayətedici olur:
Hüseyn
Sözlüyə vermisən vədə,
Qanım coşa gəlir sən gələn vədə.
Ürək
episentr bu zəlzələdə,
Ən azı on iki bala düşürəm.
Məhəbbət və vətəndən sonra
şairin ruhi sığınacaq və mənəvi
rahatlıq ünvanı sözdür.
Şairin bədii-fəlsəfi dünyaduyumunda söz
enerji-inforamtiv mübadilə deməkdir. Şair sözü ilham
vasitəsilə gözəlliyə sevgidən alır, sonra
istedad vasitəsilə şeirə çevirir və geriyə
- təbiətə və insana qaytarır:
Mənəm
sözdən gül toxuyan,
Hər sətri ətir qoxuyan.
Pıçıltısı
eşq oxuyan,
Bulağa köçür sözlərim.
Şairin özünə nə üçün məhz
Sözlü təxəllüsünü götürməsi də
bu məntiqə bağlıdır. Onun bədii yozumunda
Sözlü gözəlliyi sevən, mənən, ruhən
yaşayan, deməyə sözü, danışmağa dili
olan insan deməkdir. Elə bir insan ki, ömrün
faniliyi, zamanın etibarsızlığı, dövrün ədalətsizliyi
belə onun zarafat ovqatına, nikbin ruhuna qalib gələ
bilmir:
Hərə
öz taleyi, baxtına düşdü,
Hər şair bir dövrün taxtına
düşdü.
Hüseyn
Arif rusun vaxtına düşdü,
Hüseyn Sözlünün günahı nədir?
Hansı mövzuda yazılmasından asılı
olmayaraq Sözlünün əksər şeirləri
üçün qulağa xoş gələn bir
axıcılıq, bir melodizm səciyyəvidir və bu təbiidir. Çünki
söhbət sadəcə şairdən yox, sözlə səsin
vəhdətini daşıyan bəstəkar şairdən
gedir. Elə bəstəkar ki, el şənlikərinin
bəzəyi olan, xitə çevrilən neçə-neçə
mahnının müəllifidir. Yəqin buna görə
Sözlünün şeirlərindən mahnı, muğam,
xüsusən də "Şur" səsləri gəlir:
Etdin məni
başdan, gözəl,
Ay ürəyi
daşdan gözəl.
Əl
götür savaşdan, gözəl,
Küsməyinin
səbəbin de!
"Şur" muğamına xas şənlik,
coşqunluq, axıcılıq Sözlünün təkcə
bu şeiri yox, nəğmə janrında yazılan əksər
şeirləri üçün eyni dərəcədə səciyyəvidir. Onun dillər əzbəri
olan bir çox mahnılarının məhz "Şur"
kökü üstündə bəstələnməsi də
bu amillə bağlıdır.
"Bu qədərin yaza bildim" şeirlər
kitabı iki yuvarlaq rəqəmlə bağlıdır. Bunlardan biri
H.Sözlünün yaradıcılığını
işarələyir - kitab öz müəlifinin oxucularla
onuncu görüşüdür. İkincisi
onun həyatını işarələyir - kitabda yetmiş
yaşı artıq tamam olmuş bir şairin şeirləri
toplanıb. Odur ki, bu kitabı
Sözlünün öz oxucularına, vətəndaşın
öz yurddaşlarına, insanın həyata yetmiş illik bədii
hesabatı da adlandırmaq olar.
Bu
hesabatın məziyyətləri barədə mən ön
sözümü artıq dedim. Oxucular kitabı
oxuyandan sonra son sözü deyəcək. Bəs,
şair özü bu barədə nə deyir? Kitaba yekun
vuran "Bu qədərin yaza bildim" şeirindən
görünür ki, həmişə, hər yerdə təvazökarlığı
ilə seçilən Sözlü bu məsələdə də
öz təbiətinə sadiqdir:
Sözlüyəm,
Tanrının qulu,
Yazdıqlarım həyat yolu.
Ürəyim
olsa da dolu,
Bu qədərin yaza bildim.
Amma bütün nostaljisi, hüznü ilə
yanaşı bu misralarda nikbin bir çalar da gizlənib. Yaş
yetmişi keçsə də, ürək hələ doludur.
Və demək, "Bu qədərin yaza
bildim" şairin sadəcə onuncu kitabıdır, amma
sonuncu deyil.
Şairi yeni şeirlər kitabının
işıq üzü görməsi münasibətilə
bütün qələm dostları adından təbirk edir,
ona can sağlığı və yeni yaradıcılıq
uğurları arzu edirəm.
Ədalət.-2018.-27 sentyabr.-S.11.