Göl balığı
Hekayə
Əlisəfa
Azayev
O gün hava buludlu olsa da, xoş idi. Əsil payız cənnəti yaşamalı anlar idi. Nəfəs aldıqca sanki hava yox, yağlı nəsə udur, gizli bir nəşə duyurdu. Bafadar yorğun halda gur şəlalənin yanındakı oturacaqların birində yenicə əyləşmişdi ki, torbasındakı balıqların birinin çapaladığını, tullanıb-düşdüyünü hiss etdi. Təmizlik işinə baxan cavan pəltək bir fəhlə də əlindəki uzun saplı süzgəclə hovuzdakı yarpaqları, tör-töküntünü təmizləməkdə idi. Məktəbyaşlı uşaqlardan biri soruşdu.
- Əmi, burada cimə bilərik?
- Yoo...x... - deyə həmin fəhlə onlara açıqlandı.
- Axı nə üçün?..
- İndi cimmək vaxtıdı? Hava so... yuq...du...
- Bir istəyirik
də...
Uşaqlar
onun sözlərinə əhəmiyyət verməyib, soyunmaq,
cimmək istəyəndə, kişi onlara
açıqlandı:
- De...dim
ki... olmaz... da... A... və...lə...duz...na...lar...
Bafadar
sanki bu an bayaqdan torbada çapalayan
balığa yazığı gəldi. Onu ordan
götürüb hovuz tərəf gəldi. Uşaqlar
onun əlindəki balığ görüb səsləndilər:
-
Balıq!..
- Diridir!...
- Nə
üzür!..
- Aman
Allah, qaçdı!..
Həqiqətən də, balıq özünü suda
hiss edən kimi bir andaca Bafadarın əlindən
çıxıb qaçdı. Sürətlə suyun
içərisində üzdü, o tərəf-bu tərəfə
şığıdı, suyu onların üzünə
çırpıldatdı. Uşaqlar hələ
də hovuzun böyür-başı ilə qaçmaqda, bəzisi
isə onu tutmaq üçün lap suya girib, səslənməkdə
idi.
- Bu dəqiqə!..
-
Qaçmaqla deyil ki!..
- İndi
gör onu necə tuturuq!..
Ancaq bu cəhdlərin heç bir faydası olmadı. Bafadar
peşman halda o tərəf-bu tərəfə cumsa, əlini
dəfələrlə suya salsa, şalvarın
ayaqlarını çırmalayıb suya girsə də, xeyri
olmadı. Bayaqdan təmizlik işinə baxan fəhlə
də onun üstə düşmüşdü:
- Sə...n nə ... et...din?!.
- Kəs!..
-
İn...di be...lə... ol...du!
- Xox!.. Qorxdum!..
-
Ya...xxx...şı! Baa...xa..rıq!
Bir azdan kişi harasa getdi. Sonra da paqonlu
bir zabit gəldi. Narazı halda Bafadura acıqlandı:
- Bu nə
oyundu burada açırsan?
- Nə
etmişəm ki?
- Bilmirsən
ki, göl balığını bura buraxmaq olmaz?
-
Balıqdı da... Üzür, havasız boğulurdu...
Yazığım gəldi ona... Diriltmək istədim...
Bafadar beləcə nə qədər
deyib-danışsa, özünü müdafiə etsə də,
xeyri olmadı.
Polis kapitanı tərsin biri idi. Onu inadkarlıq göstərərək, bölməyə
aparanda, cibinə pul basmaq istəsə də, xeyri olmadı.
Bu balıqları kənd sakinlərindən biri
iki manata alır, şəhərdə iki yarıma,
üç manata satırdı. Gündəlik
qazancı bu idi. Beləcə, ailəsini
birtəhər dolandırırdi. İşsizlik
onu da çox şeydən uzaq salmışdı.
Bafadar bəlkə də balıq tutmaqda səriştəli
olsaydı, kəndlərinin yaxınlığındakı
göldə özü balıq tutardı. İndi
satdığı balıq da ona belə baha başa gəlməzdi.
Çox vaxtı heç nağd pulla almağa
imkanı olmaz, elə nisyə alıb gətirər, sonra
aparıb pullarını verərdi. Bu
gün də beləcə səfər etmişdi.
- Kapitan
qağa...
-
Yeri-yeri...
- Bəlkə
pul az oldu... Bir-iki manat da əlavə
edim?
- Ə,
kiri... Səndən pul istəyən var?
Göl balığını təmiz sulu
hovuza buraxıb, hər şeyi korlamısan...
- Dedim
axı... O birdın canlandı, capaladı... Yazığım
gəldi ona, ayıltmaq, su vermək istədim.
-
Hümanist adama bax. Hələ dili də var
danışır. Bəlkə o balıq xəstədir,
insanlar da gündə orada çimir, su içirlər...
- Daha
hovuzdan yox ki...
-
İçən içir, özünə baxma...
Polis bölməsində isə lap insafsızlıq etdilər. Onu nə qədər
içəridə saxladılar, yazıb-pozdular.
Əlacsiz halda gileylənirdi:
- Ə, mən
cəhənnəmə, o balıqlar ağırlaşdılar
axı...
- Gör
bu da nəyin dərdini çəkir ey...
- Bəs
nəyin dərdini çəkməliyəm ki?..
Uşaqlar evdə mənim yolumu gözləyirlər.
- Bu
gün bir şey sata bilmisən?
- Allah bərəkət
versin.
- Deyirəm
də... Ona görə də həddini
aşmısan. Həkim qalan balıqlara
baxdı. Qida üçün zərərli olduğunu
deyir...
- Aman
Allah, bunlar hər eşyin ağın çıxardıblar
ey... - deyə Bafadar ah-aman etsə də, ona əhəmiyyət
verən olmadı. Sonra da məlum oldu ki, ona
cinayət işi qaldırmaqla hədələyir, pul təmənnasındadırlar.
Soruşdu:
- Nə qədər
xərcim çıxacaq?
- Bir...
Əvvəl yüz başa düşsə də,
sonradan otuza qədər endilər. Bu pulu verməyə də
əli gəlmədi. Elə bil ki, əcəli
çatmışdı da. Arada bir polislərlə
mübahisələşdi, əlbəyaxa oldu. Sonra da həmin təmizlik işinə baxan
işçini gətirdilər, onunla üzləşdilər.
Kişi də onun üzünə durub deyirdi ki,
hovuzdan uzaqlaşdırmaq istəyəndə onu yumuruqladı,
dürtmələdi, bir dişi də sınıb.
Dözə
bilməyib dilləndi:
-
Yalançının lap atasına lənət!..
- Elə
...lə...nə...t- deyə o kəkələdi.
Düzdü, həmin an orada aralarında mübahisə
yarandı, ona toxundu. Ancaq dişi düşdüyünü
görməmişdi. Ağzını əli
ilə tutub getmişdi.
- Ba...x...
- deyə indi eybəcər ağzını, əyri-üyrü
saralmış dişlərini ona göstərməkdə idi.
Polis
kapitanı onu müdafiə edirmiş kimi dedi:
-
Azğınlaşıb da. Elə bir başa
idarəyə göndərəcəyik.
Onun müsibətli günləri varmış. Vaxtında
otuz manata razılaşmadı, indi prokurorluqda min manatdan dəm
vururdular. Arada lap üç yüz manata
düşürdülər. Bafadar hirslənib deyirdi:
- Ə,
bu məsələni nə çox böyüdürsünüz?!
Adi göl balığı idi də... Bir bitim
yoxdu, yüz manat hardadı?
- Onda
reodiaktiv maddə tapılıb. Bu da insan səhhəti
üçün qorxuludu. Bir yandan da xuliqan hərəkətlərin...
Vurub kişinin dişini salmış,
ağır xəsarət yetirmisən.
- Bir
diş nə vaxtdan ağır xəsarət olub?
- Sənə
belə gəlir də...
Demə, hələ bütün bunlar tamaşa imiş,
uzun müddət istintaq getdi. Bu müddət də
təcridxanada o ki, var istirahət etdi. İnzibatı
qaydada cəzalanmalı olsa da, kişinin dişini,
xuliqanlığını bəhanə edib, onu o ki, var həbsxanada
yatırtdılar. Arvadı arada yanına gəlmişdi.
Ağlaya-ağlaya deyirdi:
- Sənə
demədim, a kişi, şəhər yerindən
uzaq ol... Onların nəinki kişiləri, elə
arvadları da qorxuludur. Bəzən bir sözlə,
donlarının qırağını kəsməklə,
qaldırmaqla oğlanları elə xataya salırlar ki,
heç olmayan kimi...
- Bu polislərdən
heç gözləməzdim...
-
Onları da nə qınayasan. Bala başı
saxlamalıdırlar da. Səlahiyyət əllərindədir...
Ac qurda dönüblər də... Sən də lap ağ eləmisən də... Hovuzun suyunu
korlamısan... Vurub xalxın dişini salmısan...
Kişi
qeyri-iradi səsləndi, bağırdı:
-
Yalandı! Hamısı onların düzəltməsidir! Mən
sadəcə ona toxundum... Dişlərinin tökülməsi
onların düzəltməsidi... O gün deyirəm qoy bir
yaxşı-yaxşı baxım, qoymur. Görürsən də,
deməli əvvəldən düşüb...
- Bəs
deyirlər ki, əlində həkim arayışı var.
- Bunu
almaq onların əlində çox çətindi? Ortalıqda gör nə qədər pul almaq istəyi
var.
- Gərək
onda inəyi sataq.
- Elə
bircə bu qalmışdı.
Kişinin məhkəməsi əsl şoya
çevrildi.
Nə qədər adam gəlmişdi ki... Bir yandan da hakim vəkil tutmağı təkid edirdi.
Bu da onların yem yeri idi. Vəkil
də arvadına pıçıldayıb ki, bu işi yoluna
qoymaq üçün nə az-nə çox, düz
üç min manat pul lazımdı. Bu barədə
eşidəndə odlandı da!
-
Dağlasana dünya, üç manata balıq sat...
Vaxtında otuz, üç yüz manata razılaşma...
İndi üç min manatı qoy ortalığa... Məhkəmə zalına onu aparıb, lap qoyun qəhəlinə
oxşayan bir yerə saldılar. Dəmir
çərçivəli bu yer çox utandırıcı
idi. Hakim də onu dindirəndə dedi:
-
Qoculuğun axırı da bu... İndi orada özünü
necə hiss edirsən?
-
Çox pis...
Həmin
Rasəddin adlı adama söz veriləndə yenə də kəkələdi,
tutula-tutula dedi:
- Mən...
ba...rış...mıram... O məni təh...qir
edib...
Hakim arada
işi lap lağ-lağıya çevirdi, gülə-gülə
dedi:
- Ə,
bu yazıq nə eidb ki... Balıq satırmış da... Bir az kefli, içkili olub... Əlindən xəta
çıxıb da...
- Yox,
vallah, mən içən deyiləm...
- Kəsin!
- Pul
quduzdurubmuş da, - deyə prokuror da öz sözündən
qalmadı.
Onu
müdafiə edən vəkil nəhayyət ki, dilləndi:
-
Çox xahiş edirəm ki, təhqirə keçməyin...
- Hə də...
Hakim də öz fikrini beləcə bildirəndə Bafadar
qımışdı:
- Bizdə
qanun-qaydaya baxan kimid ki... Bunları pul öldürməsin...
- Sən
sus!
Gülxanım
hiss elədi ki, əri bütün işləri korladı. Bu
sözlərdən sonra lap hakimin də üzü dönən
kimi oldu, prokurorun də... Fasilə zamanı vəkil ona
yaxınlaşıb dedi:
- Ə, dilinə yiyəlik edə bilmirsən? Nə "göl
balığ", "pul" deyə-deyə qalmısan... Səndən
pul istəyən var?!. Güclə iş
düzüb-qoşmuşdum, hər şeyi zay elədin.
Bafadar qəhərli
bir səslə pıçıldadı:
-
Qadası, Allahdan gizli deyil, səndən niyə gizli olsun. Sənin də pulunu- o yüz manatı güclə
tapıb veriblər. Biz üç min manatı haradan
tapaq?!.
- Ə,
işə düşən pul xərcləyər də...
-
Satqınlıq eləmişəm?
- Daha bunu
özün bilirsən?
- Yoxsa
bazlığa getmişdim?
- ...
-
Restorana, yeməkxanaya ki, girməmişəm?!
- ...
- Pul da
ki, göydən tökülmür ki, yığıb verəsən!..
- ...
- Onda elə
bu deyilənləri durdur... Vəkillər hakimlərin köməkçisinə,
əlaltısına çevrilib...
- Ə, ağzına gələni danışma. Mənə
deyən lazımdı ki, bu işə nəyə qoşuldun.
- Rədd
ol!.. Sənin kimi vəkil mənə
lazım deyil! Əclafın biri əclaf!..
Qadın ərini
sakitləşdirə-sakitləşdirə deyirdi:
- A kişi, bir kiri də... O, yazıq da sənin
üçün çalışıb da. Belə
getsə, onsuz da inəyi satası olacağıq. Daha inad etməyinin yeri yoxdur.
- Sən
sus!.. Mən nə edəcəyimi
özüm bilirəm!
- Yox!.. Bu yaşda sui-qəsdçi, terrorist
olacaqsan?!.
- Elə
bilirsən ki, olammaram?..
- Hə,
indi burada, bu kletkanın içində kişiləşərsən...
- Sən
də belə...
O gün
qadın əl-ayağa düşüb, qohum-əqrəbədən
deyilən pulu toplayıb, çatdıra bildi. Fasilədən
sonra işə baxan hakim indi lap quzuya dönmüşdü.
İndi üzündən zəhər yox, əsil
mənada sevinc, nur yağırdı. Üzünü
polislərə tutub deyirdi:
- Ə, bu kişidən nə istəyirsiniz? Balalarının
başını saxlamaq üçün alverə
qurşanıb da... "Göl balığı", bu da təzə
çıxdı... Elə bizim yediklərimiz hamısı
göl balığı deyil?!. Nə həkim,
nə müayinə?!. Bu reodaktiv maddə
söhbəti də təzə çıxdı?!. Elə isə hanı o balıqlar?
Bu arayış nədi?.. Məhv edilib,
yandırılıb?..
Bu
sözləri eşitcək Bafadar ayaqüstə qalxdı,
kükrədi:
- Hə?!
Mənim balıqlarımı yandırıblar?!
Keyfiyətsiz hesab ediblər?!
- Hə də...
- Mən
onlara göstərərəm!.. Hələ
də onların pullarını verməmişəm... Borca gətirmişdim...
-
Yaxşı-yaxşı... Sakit ol...
- Necə
sakit olum, cənab hakim?!. Bu polislər lap
ağ edirlər!..
- Bilirəm...
Tədbir görərik.
-
Deyirsiz... Ancaq ortalıqda bir şey yoxdu. Xahiş edirəm, o kapitanı
çağırasınız. O nə haqla məndən
üç ... yox, otuz manat pul istəyirdi?!.
- Vicdan
yoxdu da...
- ...
- Elə
prokurorluqda da hər şeyi şişirtdilər. Guya ki, mən vurub kişinin dişini
salmışam. Hamısı şər-böhtan idi də...
- Bilirəm,
xəbərim var...
-
Hesabı da əvvəl minə, sonra üç yüz manata
endirdilər...
Hakim
gördü ki, bu lap ağ edir, kal, tutqun,
titrək səslə səsləndi:
-
Oğ...raş...dılar da... - Sonra nə
düşündüsə, başını buladı,
peşmançılığını büruzə verdi, təqsirləndirilən şəxsə
səsləndi:
- Sən
öz əməllərindən də danış. Camaat şəhəri gözəlləşdirir.
Turistlər, xaricilər gəlir axı... Sən isə
korlayırsan... Xalqımız haqqında
xoşagəlməz imic yaradırsan. Polisi,
prokurorluğu da başa düş də... Sənin
tutulmağını istəməyiblər. Elə bu da
bir proflaktiki tədbirdi də... Sən onları başa
düşməmisən... Məsələ pulda deyil...
Onların qəlblərinin böyüklüyünü də
anla, qanmaz, nadan...
Bafadar daha bir söz deməyib susdu. Bayaqdan həyat
yoldaşı ona hey işarə etməkdə,
susmasını təkid etməkdə, yalvarmaqda idi.
Özü də güzəştə getməyin lazım
olduğunu bilsə də, ona bəraət verəndə, hakimin
dediyi sözlərdən yenə də istər-istəməz
təsirləndi:
- Cənab
hakim, nə inzibati protokol?!. Nə cərimə?!. Onsuz da bu neçə ayda çəkdiyimi
çəkmişəm də... Sizdə aşı daş eləmək
nə adətdi?..
Hakim yenə də ehtiyatlı olmağı üstün
tutdu.
Gülümsədi... Sərtlənmədi:
- Yox. Səhv etmə, düzünü de. Aşı
yox...Daşı aş etmək... Biz belə xeyirxahlıqla...
-
Görürəm elə... Mənə üç yox ey... Bir versələr, burada lap rəqs edər,
tullanıb-düşərəm.
- Vaxtında oxuyaydın da...
- Hər oxuyan beyəm hakim olur? De ki, arxam-dayağın var...
Hakim ondan
tez-tələsik ayrılanda arxasınca səsləndi:
- Onsuz da
görüşəcəyik... Mən səndən elə-belə
əl çəkən deyiləm... Borclarımı
qaytarmalıyam... Heç olmasa kömək eləyin, cərimənin
pulunu ödəyim də...
Qadın
onun əlindən tutub qapıya tərəf çəkdi:
- Gəl
gedək, a kişi... Yenə
artıq-əskik danışırsan, tutub apararlar.
- Hara?! Bu neçə ayda əsl universitet təhsili
almışam. Mənə dedilər ki, bərk dayan, heç nə edə bilməzlər...
Pulu da sən nahaq verdin...
- Deyirsən
də... Onların ağzından qurtarıbsan, dilin
çıxıb da... Sən bu işdən danış... Daha bu balıq alveri də düşmədi bizə.
Uzaq ol bu işdən də...
Onların evə çatanda uşaqlar ac göyərçin
balaları tək cükülldəşdilər. Səsləndilər:
- İnəyimizi
apardılar...
- Borcun
yerinə...
-
Ayrılanda bize elə qəmli-qəmli baxırdı ki...
Kişi
onları bağrına basıb, oxşaya-oxşaya dedi:
-
Heç kefinizi pozmayın. Nə qədər
sağam, siz ehtiyac nə olduğunu bilməyəcəksiniz.
İnək də alacağıq... Hər
şey öz yerini tutacaq. Pisinki, pisə qalacaq.
Dünya belədi də... Ruhdan düşmək
olmaz. Allah verən ömrü layiqincə yaşamaq
lazımdı...
Bu an
arvadı da gəlib ona sığındl, gülümsəyərək
dedi:
- Mənim
kişimdən olmaz... Hamı səni dirəmişdi divara...
Göl
balığı beləcə başına bəla olsa da,
Bafadar o gündən pay torpaqlarında iri bir göl,
balıqçılıq təsərrüfatı yaradıb,
rayonda yaşayan beş kişidən biri
oldu... Hətta susuzluqdan çapalayan bir
balıq çəkili də çəkdirib yolun
qırağına vurdurmuşdu. Altından da bu
sözləri yazdırmışdı: "Burada göl
balığı satılır!"
Ədalət.-2018.-28 sentyabr.-S.12.