Kamal Bayramın şeir dünyası

 

Allahverdi Eminov

 

Bəlkə də oxucular "Kamal Bayram" imzasına rast gəlməyib, yaxud unudublar; hər iki versiya mümkündür. Kamal Hacıyev (Bayram) tanınmış dilçi, uzun illər keçmiş Xarici Dillər İnstitutunun dosenti olmuş, pedaqoji fəaliyyətini bu təhsil ocağı ilə başa çatdırmışdır. Sonuncu iki sözü yazmaq istəmədim, sədh heyif - mümkünsüz olardı; haqqa qovuşmuş, yaşamağa hələ çox ümidi olan bir insanı yad etmək borcumuzdur.

Desəm ki, Kamal müəllimlə İndiki Pedaqoji İnstitutu (Universiteti) birgə, eyni fakültədə oxumuşam - xatirələr uzaqlara çəkib aparmaya bilmir. Amma o illərə qayıtmaq mənimçin çətindirg İş elə alınmışdı ki, bir xeyli mən də Xarici Dillər İnstitutunda çalışası oldum. Onunla görüşür, söhbətləşir, keçmiş müəllimlərimizi: İsmayıl Şıxlını, Kamal Qəhrəmanovu, Zeynal Tağızadəni, Fikrət Seyidovu, Əhəd Hüseynovu, Şükür Sadıqovu, Əbdüləzəl Dəmirçizadəni yada salardıq. O vaxt unudulmaz müəllimlərimiz sağdı, gümrahdılar. İlk sualımdan: "Necəsən?"dən sonra "Təzə nə yazmısan?" - soruşurdum. Son dərəcə təvazökar Kamal müəllim susurdu. Xasiyyətinə bələd olduğum üçün deyirdim:

- Ötən həftə iki şeirini oxumuşam. Böyüklər və balacalar üçün!

O, gülümsünüb deyirdi:

- Mən şeirləri ayırmamışam, sən də haqlısan.

Qarşımızdakı çayı həvəslə içir, bizə yaxınlaşan müəllim dostlarımızı dəvət edirik. Ruhlanıram.

 

Sarılar qurutdu gözəl canları,

Sarılar qurutdu təmiz canları.

Sarıya tutuldum mənim özüm də,

Sarıya bürünüb dünya gözümdə:

Sarı sünbül, sarı bülbül, sarı gül.

Sarı yarpaq, sarı torpaq, sarı sim...

 

Kamal müəllim təvazökarlıqla susur, stəkanı ovcunda sıxır.

 

Bulud çəkdi pərdəsin,

Ayla Günəş göründü.

Bu sevgi günlərində

Könlümə nəvə düşdü.

 

Tanrı payı - bu, nərdi,

Bu igiddi, bu, ərdi.

Yağı yolunu kəsən

Həm sərkərdə, həm gərdi.

 

Sellər, sular oynadı,

Qanım coşdu, qaynadı.

Hamı deyir: - Bu körpə

Gözəl deyil, aynadı.

 

Kamal müəllim yenə susur, gözləri yol çəkir, niyə?

- Allahverdi, - dillənir. - Bu gün mənə bir yadigar xatirə bağışladın. Fikirləşirdim ki, məni izləyən yoxdur, oxumurlar. - Çayın limonlarını təzələyir - Yox, tələbəlik xətrinədir bu. - Kövrəlir.

- Bu, öz yerində. Sən poetik guşənə çəkilən şairsən, balalarımız üçün təbii şeirlər yazırsan. Baba olandan sonra isə yeni-yeni mövzular alırsan nəvələrindən. "Tanrı payı", "Tale", "Salxım söyüd", "Aparın sevinci", "Dovşan kökü necə yeyir?", "Tapmacalar", "Duyuqçu qarğalar" və sair nümunələr sevilib oxunur.

 

Nəvəm çiçəkdi, güldü,

Lalədi, yasəməndi.

Bənövşədi, nərgizdi,

Təmizdi, ətirlidi,

Axdı, sinəmə girdi.

Mən huşumu itirdim,

Bığımı yola-yola

O da doyunca güldü.

 

Kamal Bayramın uşaqlar üçün qələmə aldığı şeirlər həyatidir, balaların qəribə suallarından, oyuna maraqlarından doğur və bu sosial-ictimai davranışa şairin həssas münasibətidir. Bəzən "böyüklər" üçün yazan şairlərdə alınır, çünki oxucusu dünyagörüşlü, savadlı, elə valideyn olanlardır. Belə tip oxucular şairin "səhvini" bağışlamağı bacarır və bunu şeirin məntiqini - fəlsəfəsini yazmaqda çətinlik çəkməklə əlaqələndirir. Lakin uşaqlar belə "səhvə" güzəştə getmirlər; axı, onun üçün Ay, ulduzlar, günəş göründüyü kimi deyil: Ay ulduzlardan qaçır, harasa tələsir, Günəş qıpqırmızı ocaqdır - yanır, sönmür; ulduzlar gecələr "qaçan" Ayı hey təqib edir - səhər açılana qədər, sonra gizlənirlər...

 

Bir Ay göydə - səmada,

Biri də dənizdədir -

 

uşaq müşahidəsi və təkidi, başqa cür necə ola bilər? Bu inamına baxmayaraq şübhələnir özündən, atasından soruşur və cavab alır:

 

Dəniz güzgü kimidir,

Əks eləyir hər şeyi.

Ay birdi, Günəş də bir,

Dənizdə közərən Ay.

Göydəkinin əksidir...

 

Bununla Ay söhbəti bitmir, ortada uşaq marağı var: Ay həmişəlik oradan boylanacaq? Uşaq gözləri Ayı axtarır, buludlar sıxlaşır və Ay "itir", "batır", "görünməz olur". Bu dəfə o uşaqda sual yaranır, xəbər alır ki, ata, Ay necə oldu? - Təbii sualdı. Daha bir müəmmalı sual yaranır, narahat olur ki, Ay batmışdır dənizdə - uşaq təxəyyülünün çıxardığı fantaziya.

 

Çıxaran olmayacaq

İndi batan bu Ayı?

 

Ata da uşağın fantaziyasını realist görümə gətirmir.

 

Buludların dalından

Bir də sabah bu zaman

Çıxaracaqlar Ayı.

 

Romantik yüklü "böyük" oxucu hissiyyata qapıla bilər və sabah elə bu vaxtlarda uşağını gətirər, ulduzlarla bu dəfə ülfət bağlayan Ayın dənizdən xilas olduğunu əyani göstərər!

Bəli, uşaqlar üçün şeir yazmağın poetik labirinti. Bir uşaq Dənizkənarı məkanda yüzlərlə gəlib-gedən, əylənən insanlarla maraqlanmadı, amma Ayla, naməlum həqiqətli bir planetin müşahidəsilə suallar verdi. Uşaq idrakının sadəlövh mühakiməsi necə də təbii-lakonik dialoqla təsvir olundu şair tərəfindən: eynilik və müxtəliflik. Filosof Ş.Montekyo yazırdı ki, idrak müxtəlif şeylərin oxşarlığını, oxşar şeylərin isə fərqini bilməkdən ibarətdir. Şair Kamal Bayram bu poetik prinsipinə yaradıcılığında ona görə naildir ki, istedadı var - birinci amildir; uşaq psixologiyasına həssaslıqla bələddir - ikinci amildir; sadə, çoxçalarlı dil imkanlarına malikdir - üçüncü amildir.

Kamalın uşaqların həyatından bəhs edən şeirlərində "düşüncə tərzi" faktoru mühüm məsələ kimi bədii həllini tapır; bu isə əsasən suallar vasitəsilə əksini tapır. "Allahın işi", "Göstər görüm, o hanı?", "Kamalın yozumu", "Dovşan kökü necə yeyir?". Birinci şeir Kamalla Anarın bir-birinə sualı üzərində qurulmuşdur, dialoqla maraqlı suala cavab axtarırlar. Amma sadə rəqəmdirsə, çox məsələni ortaya qoyur. İnsan quruluşunu şərtləndirən atributlar.

 

Kamal dedi: -Ay Anar,

İki çoxdur, yoxsa bir?

Bunu bilməyə nə var?!

İki birdən çox olar.

 

Və bu sualın cavabını tapmaq üçün Anar düşünməli olur, çünki dəqiq cavab verməlidir, fikirləşməlidir.

 

Başın bir, qaşın iki,

Ağzın, burnun, çənən bir.

Üzün, gözün, düz iki.

Alnın, qarnın bircədir,

Atan, anan bircədir,

Qolun, qıçın, ayağın,

Nənən, baban - dayağın -

Hamısı ikicədir -

 

Şərti desək, şeirin Anar tərəfindən sadalanan bədən hissəsi tamamlanır, ritorika ilə yox, daxili ritmlə. Müəllif bu üzvlərin aparıcı rolunu nənə və baba ilə əlaqələndirir; bəli, onlar əsl dayaqdılar!

İkinci tərəfdən Kamal cavabla razılaşırsa, səbəbini bilmək istəyir, "bəs niyə belə olur" sualı verir ki, Anar tapacaqmı bu sualın cavabını?

Düzü, sual məni də düşündürdü bir anda: İnsanın yaşam varlığını təşkil edən həmin sadalanan üzvlər necə yaranmışdır ki, hər şey ölçülüb-biçilmişdir, nə Darvinə, nə də başqa antropoloqlara ehtiyac var. O möcüzə Allah tərəfindən yaradılmışdır! Uşağın düşüncə tərzilə bizlər də razılaşırıq. Eyni zamanda onun etirafı ilə:

 

Heç özüm də bilmirəm,

Yəqin Allahın işi.

 

Sonuncu şeir yanıltmac motivlidir, Cavid və Rüstəm də təbii ki, kök yeyirlər, faydalı məhsuldur, dovşan isə bu bitkinin aludəsidir, simvollaşmışdır həm şairlər, həm də rəssamlar tərəfindən. Təsadüfi deyil hər iki uşaq bir-birinə "dovşan" da deyirlər, yumşaq ifadədir. Bəs dovşan kökü necə yeyir, görən varmı?

 

Kim görübsə,

Deyə bilər:

Dovşan kökü

Necə yeyir?

 

Sual açıq qalır və düşünməyə imkan yaradır...

Kamalın şeirlərində Təbiət, İnsan, Mühit məfhumları uşaq fantaziyasından süzülüb gəlir, hər bir surət özünəməxsus hadisələri və faktları idrak edir. Bu şeirlər fikrin məntiqinə, sözün mühakiməsinə tabe olmur, dilin axarında əyaniləşir. Ümumiyyətlə, uşaq poeziyasında leytmotiv müəllif intonasiyasıdır, sözün şirəsidir, arı çiçəkdən əmib bal hazırladığı kimi. Kamalın istedadının bir təzahürü də bundadır. Görünür, həm dilçi olmağı, həm də müşahidəsinin poetik çevrilməsinin nəticəsidir. "Biyan", "Hansını seçirsən?", "Bayatı üstə deyimlər", "Tanrı payı" və sair şeirlər fikrimizin təsdiqidir. Bir nümunə:

 

Dəyirman arxının

O yan, bu yanı,

Tarlanın qırağı

Tamam biyandı.

Gövdəsi oyuncaq,

Kökü dərmandı.

 

Mən yazıma burada nöqtə qoymaq qərarına gəlmişdim, məqsədim şair B.Kamalın yaradıcılığının bir çətin sahəsinə toxunmaq idi. Adətən, belə məqamlarda tənqidçi, ədəbiyyatşünas nikbin arzu ilə: "Ümidvaram ki, şair (müəllif) növbəti yeni şeirlərilə (kitabları) bizi sevindirəcək, sağlıq olsun, demədiyimizi o vaxt yazarıq" - deyir. Təəssüf ki, bu cür deməyə hacət olmadı: Şair Kamal Bayram (Hacıyev) dünyasını vaxtsız dəyişdi, poetik fikirlərini özüylə apardı və bizə yalnız "Nənəli, atalı dünyam" kitabını yadigar qoydu. Onunla hər görüşəndə necə də ovqatlı görünürdü və bu əhvalla institutun mərtəbələrini qalxır, hərəmiz başqa bir tələbə auditoriyasının qapısını açırdıq.

Son vaxtlar Kamal daha da müdrikləşmişdi, - desəm yanılmaram. O, dünya, kainat, münasibətlər haqqında daha çox yazırdı. İnsanlar ona qismət olan Dünya ilə nə üçün bu qədər "əylənirlər", silahla "qorxudurlar"? Bu, Dünyanın, Kainatın yaxşılığına əvəzdirmi? Axı, bu aləm - mövcudat sonda kimə qalıbdır, kim dalına sarıyıb özüylə aparıbdır dünyanın nemətlərini?

 

...Düşünürəm ay Allah,

Yerin üzün su alır,

Nuha qalmayan dünya

Görəsən kimə qalır?

 

Yaxud:

 

Baxma ki, bir tikə ətdir

İnsan özü dünya üçün.

Gərək olan bir ucalıq,

Ya təhlükə - fəlakətdir.

 

"Dünya və biz", "Özümə baxış", "Dünya", "Epitafiyalar", "Dünyaya baxış" şeirləri müdrik düşüncələrin poetik yarpaqlarıdır, yaşıl-sarı rəng çalarlıdır, doğum və ölüm fenomenidir.

Kamal müəllim heç vaxt kökdən düşməmişdi. Nikbinliyi öz tələbələrinə də, oxucularına da aşılamışdı. Uzun illərin şahidi kimi söyləməyə haqqım çatır. Lakin həyatın öz diqtəsi var ki, yaxşı insanları, təbii istedadları və müdrikləri tez tapır, necə ki, bir gün...

İnstitutda rastlaşdıq, kitabını avtoqrafla bağışladı: "Evdə baxarsan, hisslərimin misralarıdır, - dedi və saata baxdı:

- Əjdər Ağayevə bildirmişəm (O, pedaqoq, professoru nəzərdə tuturdu), saat ikinin yarısında görüşək, nə vaxtdı oturmamışıq. Bu, kitabın "yuyulması" deyil a! - Gülümsündü və ikimiz üzü vağzala tərəf getdik. Yığcam kafedə əyləşdik. Əjdər müəllim vaxtında gəlmişdi. İkinci mərtəbədən ağaclar görünürdü, aprel on iki gündü "doğulmuşdu". Uzaq illərin xatirələri axıb gəlirdi. Kamalla mən məşhur tələbə yataqxanasının II mərtəbəsində qalırdıq. O şirin və kövrək həyat hələ solmamışdı, amma yaşımız ekvatoru adlamışdı. Kamal dolmuşdu, arabir dən düşmüş saçlarına sığal çəkirdi - nə yaxşı otaqda güzgü yox idi! O, hannan-hana bir bənd şeir dedi.

 

Ölüm ilə çəkmə dara,

Yar, vurma sən yara, yara.

Yarı yolda qoyub getmə,

Bu yollarda yora-yora.

 

Qaldı arxada, xatirələri qaldı. Və 1969-cu ildə yazdığı bir şeiri yaddaşında diriltdi, dörd misraydı.

 

Dərilməmiş şamama,

Tağından ətir dama.

Dərib bihuş olasan

Yetişməkçin imana.

 

Və əlindəki badəni dodaqlarına vurub masaya qoydu.

Mən Kamaldan o vaxtlar kiçik lirik şeirlər əzbərləmişdim, gördüm yeridir. Əlimlə çiyninə toxundum. O, duydu ki, nəsə sözlüyəm.

 

İstidən qoruyur, budaqlar məni,

Sərin macaralı budaqlar məni.

Yarımın üzünə çoxdan həsrətəm,

Çalın-çarpaz edib bu, dağlar məni.

 

- Kamal, sənin "Həsrət" adlı şeirindir, - pıçıldadım. - Kamal sevinirdi, özünə sığmırdı: - Nə yaxşı, ikinizi bir yerdə tapdım. Ömür keçdi.

- Olmaya cavanlıqda ürəyin qalıb? - Əjdər müəllim sataşdı (axı onun özü şair təblidir, şeir kitablarının müəllifidir).

Kamal susdu, barmaqları titrəyirdi. Amma özünü o yerə qoymadı, bir bənd şeirini dedi:

 

...Kamal Bayram deyir sözün,

Həmişə söyləyir düzün:

- Cavanlığın yaxşı keçsə,

Qocalıqda qalmaz gözün.

 

Bu nikbinliklə ayrıldıq. Bu, cismani idi, ruhi yox - şair, tanınan dilçi, dolğun ziyalı və qayğıkeş ailə başçısı (onun həyat yoldaşı da həmin institutda çalışırdı). Çox danışmaq onun haqqında - mənimçin asan deyil. Bir müdrik insanı qəflətən itirdik.

Bu sətirləri yazanda arxivimdən Kamalın şeirlər kitabını tapdım və on iki ildən sonra avtoqrafını bir də oxudum: "Sayılıb-seçilən qələm sahibi, tələbəlik illərimin yadigarı əziz Allahverdi müəllimin nəvələrinə Kamaldan kiçik saxlanc"...

Uşaq poeziyasında özünə xas yeri görünən bu kövrək aləmin səltənətində saysız səmimi şeirlər yadigar qoyan Kamal Bayram üçün bu yazımı bir saxlanc kimi onun ölməz ruhuna bağışlayıram...

 

Ədalət.-2018.-28 sentyabr.-S.14.