Cavid əfəndidə yaşayan zaman

 

İnsan faciəsini dərindən duyması qüdrəti, böyük ideallara xidmət etmək istedadı ilə unudulmaz olan Abbas Mirzə Şərifzadə barəsində görkəmli teatrşünas alim Cəfər Cəfərov yazırdı ki, fövqəladə bədii zövqə, forma və ölçü hissinə malik olan sənətkarın ustalığı orasında idi ki, o, öz coşqun temperamentini obrazın təbiətinə, xarakterin mahiyyətinə müvafiq temp və ritmi daxilində idarə etməyi, istiqamətləndirməyi bacarırdı; bu isə aktyorun oynadığı obrazları, nə qədər romantik və ülvi olsalar da, müəyyən bir doğruluq və bədiilik çərçivəsində saxlayırdı: "Bu isə sənətkar üçün ən böyük nemət, ən qiymətli nailiyyət idi, çünki sənətin məqsədi idrak və zövq mənbəyinə çevrilmək, insanları öyrətmək, tərbiyə etmək, sevindirmək, ruhlandırmaq, böyük əməllərə doğru istiqamətləndirməkdir".

Ustad teatrşünas öz sənətkar mövqeyini, missiyasını bu fikir ucalığından xarakterizə edirdi.

biz sentyabın 25-də Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Nizami Muradoğlunun "Zülmətdə nur" mənzum dramı əsasında hazırlanan eyniadlı tamaşanı izləyə-izləyə də C.Cəfərovun bu unudulmaz fikirlərini yenidən yada salmaqda, xatırlamaqda idik.

Tanınmış şair və ədəbiyyatşünas alim Nizami Muradoğlunun görkəmli dramaturqumuz Hüsey Cavidin xatirəsinə həsr etdiyi "Zülmətdə nur" mənzum dramını Sumqayıt Dövlət Dram Teatrı Azərbaycan Cümhuriyyətinin 100, Cavid əfəndinin 135 illik yubileyi münasibətilə tamaşaya hazırlayıb.

Eyni zamanda bu tamaşa sözügedən teatrın 50-ci yubiley mövsümünə yaradıcı heyətin dəyərli töhfəsidir.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Firudin Məmmədov, quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, məsləhətçisi Tağı Sadiqdir.

bu qədirbilən, istedadlı heyət sözün həqiqi mənasında tamaşanın gözlənilən effektlə araya-ərsəyə gəlməsi üçün bütün imkanları bir araya gətirə biliblər.

Bütövlükdə isə yaradıcı qrup səhnə içində səhnə, əsər içində əsər yaratmaq, yaddaşı təzələmək yolu ilə artıq Nuh əyamında qalmış bir dövrün, zamanın olmuşlarını, yaşanmışlarını bütün reallığına qədər yenidən göz önünə gətirməyə, effektli təəssürat yaratmağa nail olmuşlar.

Təbii ki, bu prosesdə işin əsas, vacib tərəfi dramaturq mətninin dolğunluğu və əhatəliliyilə bağlıdı. Həqiqətən də Nizami Muradoğlu qələmə aldığı mövzunun dünyasında baş verən olayların mənzərəsini mənzum dramın səhnələri boyunca çox dolğun şəkildə əks etdirə bilib.

Bu prosesdə müəllifin ilk növbədə bir ədəbiyyatşünas alim kimi Hüseyn Cavid yaradıcılığının, şəxsiyyətinin bənzərsiz aləminə dərindən bələd olması, eyni zamanda, ötən əsrin otuzuncu illərində repressiya girdabının Azərbaycan ziyalılığı üzərinə iblisanə basqısının masştabını dəqiqliklə, dərin vətəndaş ağrısı ilə təsvir edə bilməsi tamaşanın uğurunu öncədən təmin edib. Bu məqamda Nizami Muradoğlunun poetik istedadı alim mövqeyinin sərgilənməsinə vəsilə olub.

Müəllifin poetik dili emossional, ritmiklakonikliyi ilə hadisələrin gedişinə açar salır, sirayətedici vasitə rolu oynayır.

Poetik mətn hadisələrin və aktyor oyununun dinamik, emosional gəlişmələrinə xüsusi rəng qatır.

Aydınlıq, zamanı ifadə etmək baxımından poetik mətn çox qısa, yığcam, eyni zamanda da ştrixlərlə, qısa mükalimələrlə zəngin, ziddiyyətli bir prosesin, zamanın bütün olmuşlarını elastiki şəkildə ifadə edir. Tamaşaçıları yormur, mətləb uzadılmır.

Təbii ki, Hüseyn Cavid obrazını yaradan aktyorun - Habil Xanlarovun da bu prosesdə, başlıca olaraq Hüseyn Cavid şəxsiyyətinin təcəssüm etdirilməsində xüsusi rolu var. Baxmayaraq ki, memuar ədəbiyyatında, xatirələrdə Hüseyn Cavid xarakteri, təbiətilə bağlı ifadə olunan bəlli xarakter, xüsusilə ağır oturuş-duruş elementləri aktyorun oyununda elə də mükəmməl şəkildə öz ifadəsini tapmayıb, ancaq bütövlükdə o, Cavid nikbinliyinin, inamının gerçək tərəfini uğurla yaradıb. Xüsusilə son səhnələrdə cavidləşə bilməyə daha çox müəssər olub.

İblis-Bağırov obrazında Oqtay Mehdiyev isə daha dinamik, elastikidir. Cümlə xəyanətlərə bais ola bilən bir təbiətin, gözəgörünməz həqiqətin dəyişkən xarakteri aktyorun ifasında dolğunluğu ilə öz ifadəsini tapıb.

O yerdə ki, Mir Cəfər Bağırovun milli heysiyyəti, ədalət hissi hələ zorlanmayıb, Şərin, iblisliyin ortağına çevrilməyib, aktyor onun daxili yaşantılarını, Şərə qarşı daxili etirazını incə ştrixlərlə ifadə edə bilir. Tamaşaçı onu anlayır, daxili əzablarının yanında olur. Ancaq dövrün mahiyyətindən gələn iblislik, hakimiyyət hərisliyi bu insani duyğuları arxa plana keçirdikcə tamaşaçı hisslərinin də üstünə soyuq su ələnməyə başlayır, Oqtay Mehdiyev bu keçidləri, dəyişmələri çox məharətlə oynayır. Özüdaha çox hərəkətləri, baxışları, dəyişən, özgələşən sifətilə...

Bu prosesə Müstəntiqin (əməkdar artist İzaməddin Bağırovun) daxil olması hadisələrin sözdən, düşüncədən reallığa çevrilməsinə, daha doğrusu, vəhşətin, dəhşətin meydan sulamasına qapı açır. Ədalət naminə deməliyik ki, İzaməddin Bağırovun oyun tərzi repressiya dönəminin bütün dəhşətini, daha çox iblisliyini ifadə etmək baxımından əvəzolunmazdı.

 Əgər tamaşa boyu İblis-Bağırov (Oqtay Mehdiyev) bir ideya, faciə-məzhəkə müəllifi olaraq roldan-rola, cilddən-cildə girirsə və düşündüyü cinayətləri, qanlı olayları üçüncü-dördüncü əlin vasitəsilə həyata keçirirsə, Müstəntiq (İzaməddin Bağırov) bu ideyanı gerçəkləşdirən, son dərəcə qəddarlıqla həyata keçirən, yalnız ağasının əmrinə müntəzir bir manqurtdur. Onun bu manqurt təbiətini aktyor son dərəcə ifadəli şəkildə tamaşaçıya çatdıra bilir. Bütövlükdə İzaməddin Bağırovun yaddaqalan oyun tərzi demək olar ki, tamaşanın başlıca uğurunu təmin edib. Eləcə də əməkdar artist İlahə Səfərovanın Müşginaz xanım rolundakı maraqlı, yaddaqalan oyun tərzi... Üstə gəl Cəlal Məmmədovun (Müşfiq), Rauf Ağakişiyevin (Əhməd Cavad), İlham Səfərlinin (Sumbatov), Dağlar Rüstəmovun (Qriqoryan) yaddaqalan ifaları...

 

Bütün bu maraqlı, yaddaqalan ifalar bir an içində tamaşaçı zehniyyatında 1937-1938-ci illərin qorxunc ab-havasının, Sovet idarə sisteminin alt yapısının bütün aydınlığı ilə yenidən canlanmasına yardım edir. Görkəmli rus şairin Robert Rojdestvenskinin "Rekviyev" poemasında deyildiyi kimi, gedənləri, mücadilə yolunda həyatını qeyd etmişləri dərin minnətdarlıq hissi ilə yad etməyə vəsilə olur.

Tamaşa milli kimliyimiz, türkçülük və azərbaycançılıq düşün.cəmizin təməl daşlarını yapmış görkəmli şəxsiyyətlərimiz, o cümlədən dahi dramaturq, bənzərsiz, şair və şəxsiyyət olan Hüseyn Cavidin ölümsüz xatirəsinə dəyərli bir sənət abidəsi kimi araya-ərsəyə gətirilib.

Bu, bir qədirbilənlik faktı, əməlidi ki, tamaşa boyunca yüzlərlə insan yenidənHüseyn Cavid müdrikliyini, Əhməd Cavad ləyaqətini, Müşfiq sevgisini, Müşginaz xanım, Şükriyyə, Dilbər sədaqətini yenidən, yenidən, bir də yenidən yaşayır.

Nizami Muradoğlunun "Zülmətdə nur" mənzum dramı və bu sıradan olan əsərlər ömrü necə yaşamağın və onu necə anlatmağın fəlsəfəsini bəşər övladına təlqin edir, tarixi, dövrü, bu zaman məsafəsində baş verənləri bütün aydınlığı ilə anladır, müdriklik, dözüm, qətiyyət dərsi verir, insanlığın kamilləşməsinə xidmət göstərir. Bir daha təlqin edir ki, əsl sənətkar özü və şəxsiyyəti bütün dönəmlər üçün böyük mənəvi qüdrətə malikdir. Millətin estetik (eyni zamanda ruhi, mənəvi) fikir ucalığının formalaşmasında böyük şəxsiyyətlərin rolu danılmazdır. Bu sırada Hüseyn Cavidin əbədiyaşar şöhrəti və ünvanı da var.

Yenə də görkəmli teatrşünas Cəfər Cəfərovun yazdıqlarıdı:

"Dramaturqun obrazını səhnə obrazına çevirib, xarakteri ifadəli tərzdə canlandırmaq son dərəcə mürəkkəb bir prosesdir.

Bu məsafəni müvəffəqiyyətlə keçmək o deməkdir ki, aktyor dramaturqun idıeyasını öz varlığında canlandırır, öz qəlbi ilə duyur, öz hissləri ilə rövnəqləndirir..."

Bu deyilənlər bütün halı ilə "Zülmətdə nur" tamaşasının müvəffəqiyyətini təmin edir. Tamaşa boyu yaradıcı heyətin bütün fikri, sənətkarlıq qüdrəti bir əsas xətt üzərində cəmləşib ki, müəllif ideyasının başlıca mövqeyi öz parlaq təcəssümünü tapsın. Və fikrimizcə bu tamaşa deməyə haqq verir ki, Sumqayıt Dövlət Teatrı 50-ci yubiley mövsümünə böyük sənət töhfələri ilə qədəm basır.

 

Ədalət.-2018.-28 sentyabr.-S.11.