Aqil ABBAS
İCRA BAŞÇISININ QIZINI
SEVƏN DİLƏNÇİ OĞLAN
Qırmızı işıq yanır. O dəqiqə
maşının şüşəsini 14-15 yaşlarında
bir uşaq döyür:
- Əmi, sən Həzrət Abbas, bir
çörək pulu ver.
Əlimi cibimə atıram, boşdu. Bu biri
cibimə atıram, o da boşdu.
Uşaq yenə yalvarır:
- Əmi, sən Qur'an, bir çörək pulu
ver.
Əlimi bu biri cibimə atanadək yaşıl
işıq, maşın tərpənir. Az qala
maşını tutub saxlamaq istəyən uşaq hiss eləyirəm
ki, ürəyində yeddi mərtəbəli bir
söyüş söyür. Maşını yolun kənarında
saxladıram. Əlimlə uşağı
çağırıram, uşaq elə sevinə-sevinə
yüyürür ki, elə bil Qarabağı
almışıq, onun muştuluğunu verəcəm.
Cibimdə məmmədəmin olmur. Bir
şirvan çıxarıram.
- Al, oğul.
Əvvəl-əvvəl almaq istəmir.
Şirvana baxır, elə bil həyatında birinci dəfədi
görür, geri çəkilir.
- Al, ay oğul.
- Məni aldadırsan.
Şirvanı zorla əlinə basıram. Bu vaxt
ikinci bir uşaq da yüyürür.
- Əmi, saa qurban olum, maa da ver.
Elə bilirəm ki, indicə şirvan verdiyim
uşaq qısqanıb onu qovacaq. Amma qovmur, deyəsən, əminin
ürəyini hiss eləyir, deyir:
- Əmi, nolar, ona da ver dana.
Bir şirvan da o biri uşağa verirəm.
- Adın nədi?
- Aqil.
Çox pis təsadüfdü, lap pis təsadüfdü.
O biri uşaq özünü öldürür:
- Əmi, mənim də adım Cəfərdi.
- Əmi sizə bir qonaqlıq versə nətəhər
olar?
Cəfər adlı uşaq deyir:
- Ə, Aqil, gəl gedək, birdən adam
oğrusu olar.
- Ə, bunun geyimini-gecimini görmürsən?
Gəl gedək, onsuz da büyünkü pulumuzu
çıxarmışıx.
Arxa qapını açıram. Keçib
otururlar. Cəfər deyir:
- Uyda, şüşəsinin plyonkalarına
bax.
İş yoldaşıma üz tuturam:
- Əbülfət, maşını sür
tanış kababxanaların birinə.
Əbülfət gülümsəyir və
üz tutur tanış kababxanaların birinə. Cəfər
deyir:
- Əbülfət əmi (elə bil
Əbülfət müəllimi yüz ildi
tanıyırmış), Rəmişin kaseti var?
- Yox.
- Bə Qədir Rüstəmovun?
- O da yoxdu.
- Mən də elə bilirdim bunlar
qarabağlıdı.
Əbülfət Arif Babayevin kasetini qoyur, ikisi
də çəpik çalır.
- Qarabağlıymışlar.
Bu körpə balalar elə bilirlər ki, Rəmişə,
Qədir Rüstəmova və ya Arif Babayevə yalnız
qarabağlılar qulaq asır.
Kababxanada hörmətlə
qarşılayırlar:
- Aqil müəllim, xoş gəlmisiniz.
Keçirik. Kimsə arxamızca gələn
uşaqlara təpinib geri qaytarmaq istəyir. Deyirəm ki, mənnəndilər.
Oturmuşuq. Mənəm, Əbülfət Mədətoğludu,
Aqildi və Cəfərdi.
- Nə yemək istəyirsiniz?
Cəfər deyir:
- Kabaf.
Süfrəni düzəldirlər. Aqil
soruşur:
- Əmi, sənin adın nədi?
- Mənim də adım Aqildi.
- Zarafat eləyirsən?
- Yox, doğrudan deyirəm.
- Aqil əmi, bunlar çığırtma
bişirə bilir?
Müxtəlif cür
çığırtmalar var, Qarabağda isə yalnız
çığırtma ona deyirlər ki, onu çolpadan
bişirsinlər. Yəni toyuqdan da, xoruzdan da
çığırtma var. Amma əsl
çığırtma çolpadan olanda dadlı olur.
Çolpa da
bilirsiniz də cücədən bir az
böyük, yəni hələ nə toyuqdu, nə xoruz,
zarafatla desək, hələ özünü tanımayıb.
- Bişirə bilirlər.
- Onda deynən bir çolpa çığırtsınlar da.
Xahiş eləyirəm ki, bir çolpa
çığırtması bişirsinlər. Sözün
düzü bu, mənim də ən çox sevdiyim yeməkdi.
Aqil də, Cəfər də motal pendirindən
adama bir dürmək düzəldirlər. Elə iştahla
yeyirlər ki. Aqildən soruşuram:
- Neçənci sinifdə oxuyursan?
- Səkkizdə. Amma məktəbə getmirəm.
- Niyə?
- Həm kitab-dəftərim yoxdu, həm də
uşaqlardan utanıram.
- Niyə utanırsan?
- Utanıram dana,- deyib köhnə,
cırıq pencəyini göstərir, - bunnan gedim?
- Atan var?
- Yox, ermənilər öldürüblər.
Cəfər deyir:
- Aqilin atası böyük adamıydı
ey,... zammaq idi (rayonun da adını deyir, amma mən yazmaq istəmirəm,
yəni filan rayonda zavmaq idi). Cibimizi doldururdu kanfetnən
bütün məktəvə paylıyırdıx.
- Bacın, qardaşın var?
- İki bajım var. Məndən
balacadılar.
- Niyə dilənirsən?
- Əmi, biz o dilənçilərdən deyiliy ey. Gəlirik bir-iki saat evin çörək pulunu çıxardırıx, sora çıxıf gedirih.
Kabab gəlir. Mane olmuram. Şirin-şirin yeməyə
başlayırıq. Əbülfət Mədətoğlu
fikirlidi.
- Əbülfət, çörəyini ye.
Görürəm şair dolub. Çox
könülsüz-könülsüz bir tikə
götürür, amma yemir, midilənir.
- Əbülfət, bəlkə adama bir əlli vuraq?
- Yaman olar...
Sözünün dalını demir. Əlli-əlli
süzürük, uşaqların da stəkanlarına
"Kola" tökürük. Aqilə deyirəm:
- Bəlkə, bir sağlıq deyəsən?
Stəkanı qaldırıb deyir:
- Əmi, sənin sağlığına. Sən yaxşı kişiyə oxşuyursan.
Hiss eləyirəm ki, yaltaqlanır. Mənim
sağlığıma vururuq. Çığırtma gəlir.
Ofisiant istəyir boşqablara çəksin, uşaqlar ona aman
vermir. Özləri xoşladıqları tikələri seçirlər,
sonar da elə mənim kimi,
çəngəlsiz-filansız əlləri ilə
başlayırlar yeməyə.
Aqil soruşur:
- Əmi, sənin oğlun var?
- Var.
- Velsipeddəri var?
- Yoxdu.
- Niyə almırsan?
- Yekədilər ey, institutda oxuyurlar.
- Uşaq vaxtı almışdın?
- Almışdım.
- ... da (yenə rayonun adını çəkir,
yazmaq istəmirəm) mənim də vardı. Özü də
şkolnu. Qəttəzəydi, ispislərini də
kraskalamışdım.
Cəfər deyir:
- Hamımız sürürdük. Hələ
bir dəfə də sürəndə yıxıldım,
budey, bu qolum qırıldı. Apardılar Hadı əminin
yanına. O sağaltdı. Hadı əmini tanıyırsan?
Hadı əmi Qarabağın ən məşhur
sınıqçısıdı. Hazırda Bakıda
yaşayır. Və yenə sınığı ən
yaxşı cərrahdan gözəl və tez müalicə
edir. Uşaq vaxtı futbol oynayanda mən də
yıxılmışdım, əlim
çıxmışdı. Aparmışdılar Hadı
əminin yanına. Bir-iki il öncə
xırda bir qəzaya düşmüşdük, oğlumun iki
qabırğası çatlamışdı. İstədim həkimə
aparam, eşitdim ki, qardaşıynan gedib Hadı əmini
tapıblar. Hadı əminin o ilahi əlləri də dəyəndən
sonra iki-üç günün içində
uşağın o ağrı-acısı getdi.
- Tanıyıram.
Əbülfət deyir:
- Müəllim, bəlkə bir əlli-əlli
də gedək, yoxsa ürəyim partlayacaq.
Əlli-əlli süzürük, uşaqlar da
kolalarını süzürlər. Aqil deyir:
- Əmi, olar bir sağlıq da deyim?
- Deynən.
- Əmi, bunu da içək sənin
sağlığına?
- Yox, bunu da içək sizin sağlığınıza. Bütün balaların sağlığına. Olar?
- Ağsaqqalsan dana, deyirsən, niyə olmur!?
Zarafatlaşıram:
- Aqil, qızın var?
- Deyirəm on beş yaşım var, deyir
qızın var?
- Ə, heylə demirəm ey, yəni deyirəm
sevdiyin qız var?
Cəfərə baxır. Cəfər deyir:
- Varıdı.
- O da səni sevir?
- Yox, sevmir, hamma məni çox istiyir. Məytəvə
gedəndən-gedənə görürəm.
- Niyə sevmir?
- Onun dədəsinin beemvesi var, bir dənə
də sənin maşınınnan.
- Beemvesi olan adam sevmir?
- Yox, dana. Neynir məni?
- Düz eləyir də, dilənçini kim
sevər? Məsələn, o beemvedə keçir, sən də
svetoforda durub bi məmməd istəyirsən.
Aqil ciddiləşir:
- Olar, bir siqaret çəkim?
- Yox, olmaz.
Cəfər Aqili dürtmələyir:
- Ə, adam böyüyün yanında siqaret
çəkər?
- Ə, bu böyük döyül,
yaxşı kişidi.
- Olmaz. Sualıma cavab vermədin.
- Onun da dədəsi dilənçidi. Mən
adamlardan bir məmməd istəyirəm, o, iki məmməd.
Özü də hər ay iki məmməd də mən verirəm.
İndi də mən təəccüblənirəm.
Əbülfət Mədətoğlu da təəccüblənir:
- Nə təhər yəni ayda da iki məmməd
sən verirsən? Qızını sevirsən ona görə?
Bir də, dilənçinin iki maşını olar?
- Yox əşi, qızını sevdiyimə
görə yox. Veririk dana, dilənçidən dilənçiyə
pay düşür.
Yenə ciddi soruşuram və doğrudan məni
maraqlandırır:
- Zarafat edirsən?
- Vallah, zarafat etmirəm. Onun da dədəsi dilənçidi.
Özü də ayda iki məmməd mən verirəm, iki məmməd
anam, hərəyə iki məmməd də bacılarım.
Əvvəllər bir məmməd verirdik, indi iki olub.
Bayaq maşının pəncərəsini
döyüb "Əmi, saa qurban olum, bir məmməd ver"
deyən uşaqdan əsər-əlamət qalmayıb.
Qarşımda alnını qırışdırıb ürəyi
siqaret istəyən, amma çəkə bilməyən,
yaşından on il böyük bir
cavan oturub. Və mənə elə gəlir ki,
bu dəqiqə bir siqaret çəkmək ona bu ləziz yeməklərdən
yüz dəfə xoşdu.
- Götür bir siqaret çək.
- Yox, çəkmirəm, əmi, sağ ol.
- Axı onda məni başa salmadın, o nə
təhər dilənçidi ki, iki maşını var.
- Əmi, mənim diləndiyimi bir mənə
pul verənlər bilir, bir də bəzi adamlar. Amma onun diləndiyini
bütün rayon bilir. Prezident Aparatında da bilirlər.
Quşu göydə tuturam. Amma
danışdırmaq istəyirəm.
- Nə təhər, yəni bütün rayon
bilir?
- Bütün rayon bilir dana. İcra
başçısıdı. Əvvəllər bizim
çörək pulunnan bir məmməd tuturdular ki,
başçıya verəcəyik, sonra prezident çörək
pulunu artıranda sonra iki məmməd tutmağa
başladılar. O da dilənçidi dana. Mən genə
heç olmasa pulu olanlara əl açıram, amma o,
bizə əl açır. Bir məmmədə
möhtac olanlara əl açır. Əmi, bu ölkədə
hamı dilənir. İntəhası biz yazıqların
adı bədnamdı. Əmi, bir söz desəm məni
döyməzsən?
- Yox, oğul, səni niyə döyürəm?
Görürsən səninlə dost olmaq istədim, səni
kababxanaya gətirdim, hərənizə bir şirvan pul verdim.
- Dordan döyməzsən?
- Döymərəm, sözünü de.
- Əmi, vallah, sən də dilənirsən.
Cəfər deyir:
- Ə, oğraş-oğraş danışma.
Kişi bizə yaxşılıq eləyir. Səfehin biri səfeh.
Özü də mən bu kişini tanıyıram.
İndi də Cəfərdən soruşuram:
- Hardan, oğul?
- Səni tilivizerdə görmüşəm.
Özü də çox görmüşəm. İndi yadıma
düşdü.
- Yox, oğul, səhv salırsan.
Aqil əlini-əlinə vurur:
- Ooy, mən də görmüşəm. Qədir
Rüstəmovdan danışırdı. Vay dədəm, vay,
deyirəm ə, bu kişi nə yaxşı kişidi ey.
Söhbəti özümdən
uzaqlaşdırmaq istəyirəm:
- Bəs,
niyə o dilənçinin qızını sevirsən?
- Sevirəm dana. Yekələndə alajam.
- Bəs, deyirsən o səni sevmir axı?
- Yekələndə böyüy adam olajam, sevəjək.
- Nə təhər böyük adam olassan, məktəbə
getmirsən?
- Seyid Lazım ağanın cəddi, evdə oxuyuram. Düz səhərə qədər. Nolsun məytəvə getmirəm.
- Nə oxuyursan?
- Dərsdərimi də, kitabları da, kimi istəyirsən
onu.
- Onda bir-iki şair adı çək
görüm.
- Səməd Vurğun, Bəxtiyar Vahabzadə,
Məmməd Araz, Ramiz Rövşən.
- Ramiz Rövşən kimdi?
- Buy, Ramiz Rövşəni tanımır ey,
şayirdi dana, heç tilivizorda görməmisən?
- Onun hansı kitabını oxumusan?
- Kitavının adını deyə bilmərəm,
amma şeyirlərini deyim.
- Bəs, yazıçılardan kimi
tanıyırsan?
- Cəlil Məmmədquluzadəni, Haqverdiyevi,
Nəriman Nərimanovu, Anarı, Elçini, Şoloxovu,
Dostoyevskini.
- Dostoyevski kimdi?
- Buy, Dostoyevskini tanımır ə, bu? Bax, yekə kitavlar var.
Cəfər deyir:
- Əmi, düz deyir.Yaman oxuyur ey, şeyir də
yazır.
- Onda bir şer oxusun qulaq asaq.
Şer oxuyur.
Şuşa şəhid şəhərim...
Şeri bütöv oxuyur. Şerin müəllifini
tanıyıram. Amma özümü bilməməzliyə
qoyuram:
- Gözəl şeirdi, yaxşı
yazmısan.
- Mən yazmamışam ey, bir
şuşalı var ey, Kərim Kərimli, onunkudu.
Əlimi atıb uşağı bağrıma
basıram, oğlum kimi. Və özümdən asılı
olmayaraq gözlərim dolur. Bunu uşaqlar da hiss eləyir.
- Bir dənə də öz şeirini oxu da,
nolar?
Oxuyur.
Yenə də baş çəkim Ağdama gərək,
Qarqarın suları ağ dama gərək.
Bu yerin qədrini bilməyənlərin,
Qara gözlərinə ağ dama gərək.
Yenə müəllifi tanıyıram, amma
özümü onda qoymuram:
- Qəşəng yazmısan.
- Mənim döyül ha, Ağa
Laçınındı.
- Bəs, öz şeirini oxumayacaqsan?
Cəfər dürtmələyir:
- Ə, oxu dana.
- Bir kuplet oxuyuram.
Başlayır oxumağa:
Hər axşam atalar qayıdar evə,
Bizim atamızsa çox uzaqdadı.
Hamının atası süfrə
başında,
Bizim atamızsa Qarabağdadı.
Sonra uşaq hönkürdü. Əbülfət
də hönkürdü, mən də hönkürdüm. Beləcə
bir tikə çörək almışdım uşaqlara, zəhərə-zəhrimara
döndü. Eləcə də hərəsinə bir
şirvan vermişdim, hərəsini də on şirvanlıq,
yüz şirvanlıq, bir milyon şirvanlıq
ağlatdım.
Day söhbət kəsildi. Durub yeməkxanadan
çıxdıq. Əbülfətdən xahiş elədim
ki, velosiped satılan mağazaların birinin qabağında
saxlasın. Bu uşaqların hərəsinə bir velosiped
almaq istəyirdim. Maşından
düşdük. Dedim:
- Gəlin, hərənizə bir velosiped alacam.
Qarşımda artıq bayaqkı dilənən
uşaqlar deyildi, qarşımda artıq bayaq "əmi, sən
Həzrət Abbas, bir məmməd ver" deyən uşaqlar
deyildi, təmiz başqa uşaqlar idi. Ağıllı, hər
şeyi qanan, hər şeyi bilən və mənim kimi əmilərə
nifrət edən uşaqlar dayanmışdı
qarşımda.
- Əmi, bizə velsipet lazım deyil. Bizə
Ağdam lazımdı, bizə evimiz-eşiyimiz lazımdı.
Bizə Qarabağ lazımdı. Onu da almağa sənin
güjün çatmaz. Get, əmi, get arağını
iç...
Və əllərini yelləyib çıxıb getdilər...
1998-ci il
***
Ədalət 2018.- 29 sentyabr.- S.8-9.