Dağa dönən arzular
hekayə
Rəşid
Bərgüşadlı
Ceyhunun bəy tərifi başlamışdı deyə tövlə-bacanı tələm-tələsik rahlayıb ər-arvad toya gəlmişdilər. Axmadar oğlunun sinif yoldaşı, ən yaxın dostunun xələtini cibində, oğlunun cehizliyindən artıq qalan tükkeçirməz parçadan da bir topa büküb qoltuğunda hazır durmuşdu. Onu çağıracaqlarını gözləyirdi. Budur, növbə onunkuydu:
Çay-çaylağı sevməz qartal balası,
Səngərlərdir igid-ərən qalası.
Dərdə şəfa anaların duası,
Gəlsin xələt versin Məhbub xalası.
Məhbub adamları yara-yara mağarın ortasına gəldi. Cibindəki beşmanatlığı bəyin ovcuna qoydu, yanaqlarından öpdü, - Allah bərxudar eləsin, Ceyhun, oğul. Sən yaxşı balasan. Bunu da oğlun olanda arvadın yorğan-döşəkdən-zaddan düzəldər, inşallah - hədiyyəsini də yandakı parçaların üstünə qoydu.
- Payın çox olsun, Məhbub xala. İnşallah, Pərviz də tezliklə sağ-salamat dönsün, ona da belə bir toy nəsib olsun, sizin məhləyə də toya yığışaq - sərpayı Zakir duavsana elədi.
- Amin,
bala. Allah nəsib eləsin. Prikazı çıxıb, bir həftəyə
gələr, Allah qoysa.
-
İnşallah. Nə oynayacaqsan? Yenə "Həsiri basma
dolan gəl"?
- Əlli
ildir bunu oynuyuruq dayna, başına dönüm, elə onu
çalsınlar.
Xələt
verən evin oynaması adət idi. Mahnı çalınan
kimi Məhbub yaşmağını ağzına alıb qol
götürüb üzü ərinə sarı oynadı. Adət
olmasaydı Xudayar heç oynayan deyildi. Hər dəfə ər-arvad
üz-üzə oynayanda kişi pörtürdü. İndi də
hər ikisi gözlərini bir-birinin ayaqlarına zilləyib
başlarını qaldırmadan oynayırdılar. Bəyin
atası onların başına pul atıb onlara qoşuldu,
sonra bəyin anası gəldi.
Evə
qayıdanda Xudayar əlli illik arvadıyla elə pərdəliydi
ki, elə bil onu indi görür, tanış olmağa
utanır. - Məhbub - səsi titrəyirdi. - Hı... - Məhbub
da eyni hissi yaşayırdı deyəsən. - Sən oynayanda
daha gözəl olursan, dedim bunu biləsən... - Xudayar arxaya
boylanıb arvadının əlindən tutdu. - Balam gəlsin,
ona bir toy çaldıracağam ki, bütün kənd bir ay
bizim toydan danışsın. Gərək əyin-başımızı
da təzələyək. Yəqin ki 2-3 günə Pərvizim
gələr.
Bir də
yerlərinə uzananda Xudayar arvadını eyni titrək səslə
astadan səslədi, - Məhbub...
-
Hı...
- Gəl
yanıma...
- Dəli
olma!
- Gəl,
xınalı kəkliyim...
...Məhbub
heç olmayan kimi yuxudan gec oyandı, mal-heyvanı əri
naxıra qoşmuşdu. Yuxusunu xatırlamırdı, amma nəsə
pis yuxu görmüşdü. Köhnə şifonerin
güzgüsünə baxanda gördü ki,
göz-başı şişib, beyni zoqquldayır. "Allah
xeyir eləsin, yoxsa, axşam toyda kiminsə gözü dəydi?"
- çalmasını başına çalıb həyətə
çıxdı. Gün xeyli qalxmışdı. Hinin
qapısını açıb toyuq-cücəni eşiyə
buraxdı, çalğunu götürüb hayatı
süpürdü. Əli işə yatmırdı, bəd xəbər
gözləyən adam kimi narahat idi, dili-ağzı
qurumuşdu. Qulağına küçük zingiltisinə bənzər
səslər gəlirdi. Bir xeyli qulağını şəkləyib
gördü ki, kiminsə uşağıdır ağlayan.
Seyvana keçib çay içmək istəyəndə həyətin
paslı darvazasının cırıltısına ayaq
saxladı. Əriydi. Xudayar darvazanın bir tayını
açıb mışkılını yerdəki yuvasına
salandan sonra o biri tayını aralayıb təcili yardım
maşınını içə buraxırdı. Məhbubu
görüb burnunu biləyilə sildi, - "Gəl, oğul,
evinə xoş gəlmisən..." - rəngi-ruhu saralsa da
toxdaq görünürdü Xudayar. Məhbub yıxılmamaq
üçün divarın küncündən tutdu. Darvazadan
içəri girən əsgərlər cəld təcili
yardım maşının arxasını açıb
bayrağa bürənmiş tabutu çiyinlərinə alanda
Xudayar artıq Məhbubun yanındaydı. - Ayaqlanın
altında ölüm, Xudayar, demə o tabutdakı mənim Pəriz
balamdır! - amma kənd arvadları üzlərini
cıra-cıra, baş-gözünə döyə-döyə
tabutun arxasınca həyətə girəndə Məhbubun
ürəyi getdi, əlini birçəyinə atıb yerə
sərildi. Həkimlər onun üzünə su vurdular, dərman
içirdilər, ayıltdılar.
Bircə
anın içində məhlə yas naləsinə
büründü, Məhbubun şivəni kəndi
başına götürmüşdü. Xudayar ona
başsağlığı verənləri key kimi
süzür, gözünü taxtın üstünə
qoyulmuş tabutdan çəkmir, hönkürüb
ağlamaqdan özünü güclə saxlayırdı.
Dalbadal yük maşınları həyətə girdi, yas
çadırları quruldu, xeyir-şər samovarları
qalandı, tiyanlar asıldı. Xudayar öz məhləsində
qonaq kimi olmuşdu. Beynindəki uğultu arada-bərədə
səngiyəndə görürdü ki, odun, ət,
çörək gətirənlər, mağara qab-qacaq
düzənlər öz evlərindəki kimi rahatca
qaynaşırlar. Tabutu evə keçirdilər. Biricik
oğlunun ölümünə inanmaq istəmirdi.
Qulağı arvadının naləsindəydi. Məhbubun
ağlamaqdan səsi tutulurdu - "Ağla, ağla, anası,
bu, yaşayacağın ən acı gündür, doyunca
ağla. Könlündəki arzu qoynunda qaldı, qiyamətə
qədər içini göynədəcək. Oğul toyu
görmədən ölmək yazıldı bəxtinə, Məhbub"...
- ayaqyoluna, tövləyə gedib doyunca hönkürmək istəyirdi.
Gələnlərin
ardı-arası kəsilmirdi. Kəndin bələdiyyə sədri
onun biləyindən tutub bir dəstə kişinin yanına
apardı, - Başçı, prokuror, polis rəisi, vaenkom,
KQB, hakim - hamısı yasa gəlib. Sənə
başsağlığı vermək istəyirlər. Üzlərdəki
hüznü görəndə içində dar ağacı
qurub əlləriylə kəndiri kövrək hisslərinin
boynuna keçirdi, qəbulolunmazı qəbul etdi, - "Balam
ölüb, balama görə gəliblər" -
acısını gizlətməyə çalışdı,
qəhərini udqundu. - Başınız sağ olsun, Xudayar
kişi. Müsibətin xalqımızın müsibətidir,
dərdinə şərik olmağa gəlmişik. Allah Pərvizin
yerini behişt eləsin - rayon icra hakimiyyətinin
başçısı Kərimov deyildiyi kimi cantaraq, zəhmli
kişiymiş. - Allah hamınızdan razı olsun, təki vətən
yaşasın - son deyimi televizorda bir şəhid
atasının dilindən eşitmişdi. "Uşaq kimi
ağlamayacaqsansa, ağlama. Mən də Şəhid
atasıyam. İndi öz hisslərini bildirmək də
ayıbdır. Oğlum bu vətən, bu torpaq uğrunda
canını qurban verib" - rayondan gələnlərin əlini
bir-bir sıxdıqca kal armud kimi sinəsində düyünlənmiş
qəhər daşı yavaş-yavaş yerindən tərpənir,
indi bir az rahat nəfəs ala bilirdi. İcra
başçısı gözündə dövlət idi -
oğlunu əsgərə çağıran, əsgərini
qorumağı bacarmayan, indi də onun evində yasa gələnlərə
əl-ayaq verən, təsəlliyə yetişən dövlət.
Mağara keçib "dövlətlə" qabaq-qənşər
oturdu. Qabaqlarına çay qoydular. Təkcə, oğlunun
qulluq elədiyi hərbi hissənin zabitini görürdü,
qulağı ancaq onu eşitmək istəyirdi. O da sanki bunu
hiss edirdi:
-
Düşmənin pilotsuz aparatını vurmuşdu Pərviz.
Qorxu-hürkü bilməyən, dedikcə fərasətli əsgərimiz
idi. "Lələtəpə"nin alınmasında
böyük əməyi oldu rəhmətliyin. Nazirliyə təqdimat
yazmışıq ki, Pərvizin qəhrəmanlığını
qiymətləndirsinlər. Uğurlarımız çox olsa
da bu dördgünlük müharibə igid
oğullarımızın başını yedi. Müharibədir,
ölüm-itimsiz ötüşmək olmur. Amma hər dəfə
nakam cavanlarımızın nəşini ailəsinə təhvil
verəndə o dünyanı görüb
qayıdırıq...
- Necə
öldü? - Xudayarın səsi elə bil quyunun dibindən gəlirdi.
- Əmr
gəldi ki, Lələtəpəni alıb dayanın. Amma
düşmənin qaçdığını görən əsgərlərdən
bir neçəsi boşalmış Talış kəndini də
götürmək istəyirdi. Pərviz də onların
içindəydi. Tankın mərmisi yanlarında partladı.
Biz çatanda artıq beş nəfər al qanın
içindəydi...
- Gör
neçə ildir hücum əmrini gözləyirlər,
qınamıram əsgərləri. Əllərinə
hücum girəvəsi düşüb, vallah, saxlamasalar,
düz İrəvanadək gedib çıxardılar - hərbi
komissar sözə qoşuldu. Bələdiyyə sədri gəlib
qonaqlardan üzr istədi, Xudayarın qulağına sarı əyildi,
- Məzarın yerini qazmaq lazımdır, uşaqlar
gözlüyür...
-
Anamın sağında... - Xudayarın səsi
xırıldadı. Bir-iki dəfə yüngül
öskürüb içini arıtladı.
- Rəhmətliyi
yuyub-kəfənləyəndə əsgər
paltarlarını götürdüm, təcili yardım
maşınındadı... - bələdiyyə sədri gedəndən
sonra Pərvizin döyüş yoldaşı dilləndi. Bircə
qurtum da almadığı armudu stəkanı nəlbəkidə
fırlada-fırlada qalmışdı Xudayar. Sinəsinin
göynərtisi təzədən başlamışdı.
Dövlət nümayəndələrinin qarşısında
ağlayacağından qorxurdu. Əliylə üzrxahlıq
edib mağardan çıxdı. Oğlunun dostu Ceyhun tövlənin
divarına söykənib için-için
sıtqıyırdı. İçində nabələd bir
kin baş qaldırdı - "Heç kimin yox, bircə mənim
balam ölüb, hamı mənim balamı ağlayır"
- özünə yazığı gəldi, utandı
özündən, əlini köksünə sıxdı.
Ceyhunun ayağının altı düz olduğuna görə
atası camışını satıb onu əsgərlikdən
saxlatmışdı. Bağa keçdi. Sarıköynək cəh-cəh
vurub özünə yar axtarırdı. Keçən ilki
calaq bedana tuta çatanda içindəki qəhəri
hıqqandı. Əllərini üzünə tutub
hönkürdü. Təzəcə yarpaqlayan tutun
budağını sığalladı, - Bu nə sitəm idi mənə
çəkdirdin, oğul! - dizüstə tutun dibinə
çökdü. Bu tutu Pərviz calamışdı - ilk
calağıydı. Yanında durub ağac calamağı
özü öyrətmişdi oğluna. - Əlinin bərəkinə
qurban olum, oğul, adam da atasını yetim qoyarmı? - tutun
meyvəyə oxşayan çiçəklərindən
öpdü - Balamın yadigarı...
Molla adam
göndərmişdi ki, meyidi dəfn etməyə
hazırdırlar. İndi ağlına gəldi ki, rayonda
yaşayan qızı qardaşının öldüyündən
hələ xəbərsizdi, ona zəng vurmalıdı, telefon
kitabçası isə evdə pəncərənin
qabağında olmalıydı. Bu dəqiqə Məhbubun
gözünə görünmək ona ölümdən betər
idi, - "Oğlumu qoruya bilmədin, balama yaxşı ata
olmadın, niyə oğul əkdin, qız yox!?" - deməzmi?
Həyətdə qonşunun uşağına telefon
kitabçasının yerini istinad verdi ki, gətirsin. Elə
qonşununca uşağına dedi ki cib telefonuyla
qızını yığsın. "Can, papa" -
qızı atasının səsini eşitcək telefonun o
biri ucunda sevincək soruşdu. - Qardaşın şəhid olub,
qızım, bizə gəl. Bir azdan cənazəni dəfn edəcəklər,
gəl qoyma qardaşını torpağa basdırmağa... -
özünü saxlaya bilmədi. Heç kimi vecinə almadan
telefon qulağında dizüstə çöküb
hönkürdü. Qızının nəsə dediklərinə
başını yelləyir, biləyilə ağız-burnunun
bir-birinə qarışmış mütüyünü
silirdi. Pərvizin bacısı Cəmilə gələnədək
dəfni ləngitdilər. Cəmilə saçını
yola-yola qardaşının tabutuna təpiləndə səngimiş
alovun üstünə elə bil benzin tökdülər.
Qadınların ah-naləsi təzədən göyə
bülənd oldu. Pərvizin tarix müəlliməsi olmuş
Nüşabə dil töküb ağlayırdı, - Mən
qaragünlü öyrətdim sizə vətəni sevməyi,
düşmənə nifrət etməyi! Şəhid adın
mübarək, Pərviz. Haqqımı sənə halal eliyirəm,
oğul. Yaxşı ki başqaları kimi fərari, qorxaq
olmadın, bala. Sənə qıyan öz balasından görsün!"
- əllərini dizinə çırpıb ağı dedikcə
adamın iliyi gizildəyirdi. "Şəhid atası adı
boynuma biçildi. Artıq toylarda qol götürüb oynamaq,
həyatdan arsız-arsız zövq almaq, deyib-gülmək
getdi, Xudayar" - özünü toxdadıb mağara
keçdi, "dövlətlə" üzbə-üz yerində
oturdu. Molla danışırdı, - Allahın qədəri
sirlidir, həmişə bizi çaş-baş salmağı
bacarır. Kim bilir, bəlkə bir azdan mən də öləcəyəm.
Oğul-uşaq itirmək qorxunc hissdir. Hər kəs Allaha bir
yolla gedir - kimi inamla, kimi inkarla, kimi də şübhəylə.
Şəhidlər sorğu-sualdan azaddırlar, onların yeri cənnət
gülüstanıdır. Allahdan istəyin,
dualarınızı əskik etməyin, o istədiyinizi verəcək...
Xudayar
oğlunun döyüş yoldaşına baxdı, - Oğul
itirməkdən qorxurdum. Amma itirəndən sonra qorxmuram.
Heç ağlıma da gəlməzdi ki, məhləmdə
oğluma yas qurular. Bu heç mənim istədiyim deyildi.
Duanın dəyərini şansı itirəndən sonra
bilirmiş insan. Bu ağrı qulunc ağrısına
oxşayır - amma ürəkdə sancır. Oğlumun Allaha
gedən yolu seçmək üçün vaxtı
olmadı. Pərviz öldü, sən salamat qalan əsgərlərini
göz bəbəyin kimi qoru, oğul. İmkan vermə
anaların, bacıların gözü bu cür yaşlı
qalsın - gözünün yaşını sildi.
Üzündə qəribə gülüş
qırışları canlandı, kədər cəsarətlə
əvəz olundu - Bir oğlum olsa, onu da vətən
uğrunda şəhid verərdim! - indi "dövlət"in
üzünə baxırdı, - "Belə halda ləngiməkdən
pis şey yoxdur" - düşündü. Qıraqdakılar
anışdıra bilmirdi ki, onun göz yaşları kədərin,
yoxsa xoşbəxtliyin bəhrəsidir - elə inamla
danışırdı ki, qonum-qonşu, onun xasiyyətinə
bələd olanlar da çaş-baş qalmışdılar.
Kişilər ona toxtaqlıq verir, səbr diləyir, dövlətin
şəhid ailələrinə qayğısından
danışdıqca Xudayar düşünürdü, -
"Görəsən başçının öz doğma
balası şəhid olsa, mənim nələr hiss etdyimi
anlayardımı? İstərdimi öz balası da şəhid
olsun, şəhid atası olmağın yükünü dərindən
dərk edirmi? Bilirmi övlad itirmək nə deməkdir?
Anlayıram ki, xalq içində başıdik gəzməliyəm,
ancaq gecələr, xəlvətdə dərdimi
qabağıma qoyub ağlamalıyam. Bəs bunları başa
düşürmü?".
Cənazəni
götürmək vaxtı çatmışdı. Mağar
boşalır, həyətdəki saysız-hesabsız adamlar
külək vuran zəmi kimi yellənirdi. Pərvizin cansız
nəşini götürəndə Məhbubun səsi
Xudayarın beynində ildırım kimi çaxdı, -
Xudayar, qoyma oğlumu torpağa basdırsınlar, qoyma
balamı aparsınlar! Ayırmayın məni balamdan!
O da istəmirdi
cənazənin məhlədən
çıxarılmağını. Ancaq əlindən bir
şey gəlmirdi. Bunu ancaq Cəmilə və Məhbub birlikdə
bacarardı. Onlar da nə illah eləsələr də
kütlə cənazəni dartıb onların əlindən
alırdı. "Nainsaflar, heç olmazsa qoyun onlar doyunca
ağlayıb içlərini boşaltsınlar!" - salba dəymiş
toyuq kimi yerində səndirləyirdi. Pərvizin
döyüş yoldaşı diribaş çıxdı.
Görünür bu işdə təcrübəsi çox
imiş - Pərvizin əsgər paltarını, çəkmələrini
gətirib anasına verəndə Məhbub əsgər
çəkməsinin içini qoxlayıb balasının
iyini ciyərlərinə aldı, əl çəkdi tabutdan.
Cəmilə qardaşının paltarını
bağrına basıb nalə qoparırdı, -
"Zavallı bacısı, əyninə paltar da geyməyib,
elə xalatdaca qaçıb gəlib" - simsarlarının
naləsindən Xudayarın dünyası dayanmadan
yıxılırdı. "İndi bütün suallar tərsi-mayallaq
dəyişdi. Həyat tərsə çöndü" -
yaxşı ki, zabit onun qoluna vaxtında girdi və onu
yıxılmağa qoymadı.
- Əmi,
hətta cəhənnəmdə də heç nə itirilməyib
- itki deyil bu, ayrılıqdır. Ağır dərddir. Dərdin
dibinə varmalısınız ki, onu nəzarət altına
almağın nə qədər vacib olduğunu anlaya biləsiniz.
Ömür boyu bu sadə həqiqətdən xəbərsiz
qalırıq və zillətini çəkirik, dərdin əlində
aciz qalırıq, dərdlə necə mübarizə
aparmağın qaydasını bilmirik, "düşmənimizi"
tanımırıq. "Allah verdi, özü də geri
aldı" - bu sadə həqiqəti qəbul etməliyik. Pərviz
öz daimi evinə qovuşdu, bizik bu dünya evində qonaq
olan... - ömrünün sonunadək Pərviz qoxan bu zabitin
sözlərinə qulaq asmaq istərdi, amma namaz
qılınmış və cənazə məhlədən
çıxırdı.
Qəbiristanlıq kəndin yerləşdiyi yalın təpəsindəki düzəngahdaydı. Xudayarın evindən yalın başınadək insan axını dalğalanırdı. - Atalar deyir ki, - "Meşə tənha ağacdan daha etibarlıdır" - məni tək qoymayın dərdimlə, oğul - gizlətdiyi sirrini ərk edib bircə Pərvizin döyüş yoldaşına deyə bilərdi. - Bu qədər camaat gedəndən sonra ən böyük dərd başlayır - oğlumun gözüyaşlı anasıyla ölənədək üz-üzə gəlmək... - ağlayırdı, zabitin yanında ağlamaqdan utanmırdı Xudayar - onu özündən dəyanətli hesab edirdi. - Oğlum gəlsin, bizə baxsın deyirdim. Baxacaqmı? Oğul doğan ana mənə haqqını halal edərmi? Deməzmi, - "Qaytar mənim göyçək balamı!". Yer yarıla, yerə girəm, uşaqların anasının üzünü bir də görməyəm... - qəbristanlığa yaxınlaşdıqca ürəkdən hönkürürdü, anlayırdı ki, bu yoldan oğulsuz qayıdacaq...
Qəbiristanlığın qapısından içəri keçəndə özünü saxlaya bilmədi, - Gələn nəvəndir, ana, mən burda ləngiyəsi oldum. Dur nəvəni ağla, ana! - kişilərin ağı deməyi dəhşət olurmuş. Yan-yörədəki cavanlar, ağsaqqallar gözyaşlarına hakim ola bilmirdi - hamının anası var!
Dəfn mərasimi Xudayar üçün ağır zülm oldu. Tabuta sarınmış Azərbaycan bayrağını açıb səliqə ilə bükdülər və ona verdilər. Bayrağı öpüb dolan gözlərinə basdı. Pərvizin kəfənə bürünmüş nəşini tabutdan çıxardanda böyründə saralmış qan ləkəsinə gözü sataşdı, - Can, oğul, sənə dəyən güllə kaş mənə dəyəydi - bayrağı üzünə tutub hönkürdü. Bir də Pərvizi məzara qoyub üzünü açanda bayrağı üzündən götürdü, son dəfə oğlunun gülüşün qaxac olub qaldığı bəyaz sifətinə baxdı, - "Odur, mənim balamdır. Heç kimin yox, mənim Pərviz balamdır. Heç böyümədi mənim arzularım, heç yekəlmədi mənim gül balam..." - balasının üstünün torpaqlanmasını görməmək üçün bayrağı yenidən bərk-bərk üzünə basdı. Bir də yasin oxunanda toxdadı. "Torpağın üzü soyuq olur" - indi anladı həqiqətin soyuq üzünü. Kişilər dağılışıb məzarı qadınlara təhvil verməliydi. Dövlət rəsmilərinin xidməti maşınları qəbristanlığın eşiyində sahiblərini gözləyirdi. Başçı cib telefonuyla danışırdı, qalanları isə komalaşıb siqaret çəkirdilər. "Başsağlığı verib tələm-tələsik çıxıb getmək istəyirlər bu cansıxıcı qəbrlərin vahiməsindən. Mənimsə daimi ziyarətgahım oldu bu məzarlıq" - Xudayar dərindən nəfəs aldı. Bu nəfəs onun qayğısız günlərinin son, Şəhid atası kimi qədəm qoyduğu həyatın isə ilk nəfəsiydi. Əsgərlər oğlunun ruhuna yaylım atəşi açanda ciyərlərində burum-burum dolanan ağrı köp kimi qarnına doldu. Ətrafa göz gəzdirdi. Qonaqlardan nəyəsə gülənlər də vardı. Dəfn mərasimi bitmiş, növbəti Şəhid də beləcə torpağa təhvil verilmiş, xalq və dövlət öz işini bitirmişdi. Bundan beləsi onun üzərinə düşürdü. Heyfsilənirdi ki, məhəlləsini doldurmuş, yasa gəlmiş bu qədər tanımadığı, indiyədək görmədiyi insanlar iki-üç gündən sonra onu öz dərdiylə baş-başa qoyub yoxa çıxacaqlar. O bunu heç istəmirdi...
Qadınlar az qala qoltuğunda sürüyürdülər Məhbubu. Pərvizin çəkmələrini duz kimi yalaya-yalaya, qoxlaya-qoxlaya məzara doğru yüyürürdü Məhbub. Son dəfə oğlunun üstündə yaranmış torpaq təpəciyə baxdı. Gözlərindən bıldır-bıldır axan damcılar məzarın üstünə töküldü.
- Gözümdən axan yaş deyil, oğul, ürəyimdə qalan arzulardır - damla-damla gözümdən tökülür. Yerin behişt, Şəhadətin mübarək olsun - Məhbub onun yaxasından yapışıb silkələməmiş özünü adamların içinə saldı.
15.04.2016
Ədalət 2018.- 5 yanvar.- S.7.