"HEYF Kİ,
TEZ KEÇDİ ÖMÜR"
(Nurəddin Mirzəxanlının
70 yaşına)
Başımda bir az
gümüşdü -
Saçlarımın bax ağına!
Vaxt oldu, çox arzum düşdü
Ehtiyacın ocağınag
Sevincim çox dayaz oldu,
Çəkdiyim dərd-qəm cürbəcür?
Gecə-gündüz çalışsam
da,
Nə təbimdən Araz oldu,
Nə də ilhamımdan bir Kür.
Heyf ki, tez keçdi
ömür!
Bu sətirlərin müəllifi
yetmiş yaşına
gəlib çatmış
şair Nurəddin Mirzəxanlıdır. Bu şeri
o, düz on beş
il öncə qələmə alıb. Onda 55 yaşı vardı.
Hər bir şairin yaşadığı
ömründən-günündən, hətta öz yaradıcılığından şikayətlənməsinə az təsadüf
etməmişik. Amma həmin şeirin sonunda Nurəddin yazır ki: "Nə gizlədim, istəyirəm - Şair kimi düşüm yada!". Bunu bir şairin səmimi etirafı kimi də qəbul etmək olar. "Nə təbimdən
Araz oldu, nə də ilhamımdan bir Kür" deyən Nurəddin Mirzəxanlı
müasir poeziyamızda
heç də qərib deyil, o, tanınır, oxunur və mətbuatda da müntəzəm çıxış edir.
Neçə il Azərbaycan ordusunda xidmət edib, Qarabağ döyüşlərində iştirak
edib. Şeirləri haqqında da
söz deyilib, fikir söylənilib.
Hələ yetmişinci illərdə
Xalq şairi Xəlil Rza Ulutürk onun şeirlərinə "Uğurlu
yol" yazıb.
On il öncə
Cəmil Əlibəyov
Nurəddinin şeirləri
barədə "Zabit
köksündə duyğulu
şair ürəyi"
adlı böyük bir məqalə yazıb. Həmin məqalədən bir parça: "Son dərəcə
həssas, kövrək,
utancaqmı deyim, acizlikmi adlandırım bunu, bilmirəm; pilə kimi yumşaq, salxım söyüd saçları
kimi titrək qəlb sahibi Nurəddinin şair ömrünün necə keçdiyinə təəccüb
etməmək olmur. O,
daim coşur. Şairlik də elə budur! Və daha çox da odur ki,
çiynində paqon daşıyasan, bir an içərisində tərəddüd
etmədən yağı
sinəsinə tuşlanmış
silahın tətiyini çəkmək intizarında
olasan və qəlbindəki insana məhəbbət duyğuları
ürküb getməsin
səndən".
Nurəddin Mirzəxanlı həmişə
özündən narazı
qalan şairdir. Bir şeirində yazır ki:
Hələ şairlərin sıxdı
sırası,
Nə Məmməd Arazam, nə Səməd Vurğun,
Görəsən, şeirimin bircə
misrası
Yaddaşında varmı bir oxucunun?
Əlbəttə, Nurəddinin səmimiyyətinə
inanıram. Amma mənim fikrimcə,
belə etiraflara ehtiyac gərək duyulmasın. Poeziyada hər
şairin öz yeri, öz mənzili
var. Nurəddin elə
Nurəddin Mirzəxanlı
kimi poeziyada özünü təsdiqləyə
bilibsə, kimə isə bənzəməsi,
onların mərtəbəsinə
can atması əbəsdir.
"Görəsən, şeirimin bircə misrası, Yaddaşında
varmı bir oxucunun?" - qətiyyən nigarançılığa
səbəb yox. Nurəddinin şeirləri də oxucuların diqqətindən
kənarda qalmır.
Nurəddin Mirzəcanlının ustad
şairlərə həsr
etdiyi bir sıra şeirləri var ki, bu
şeirlərdə təkcə
hüsn-rəğbət, ehtiram
hissləri deyil, həm də həyatın, gerçəkliyin
onu narahat edən məsələləri
ilə dərdləşmək
ehtiyacı hiss olunur. "Xalq şairi B.Vahabzadəyə açıq
məktub" şeiri
məhz belə bir ehtiyacdan yaranıb. Səməd Vurğuna həsr
olunan "Şair"
şeirində də eyni hissin ifadəsini
görürük. Səməd Vurğun
da, Bəxtiyar Vahabzadə də, Məmməd Araz da Nurəddin Mirzəxanlı üçün
poeziya məktəbləridir,
- desəm, yanılmaram.
Nurəddin Mirzəxanlının şeirləri
ayrı-ayrı obrazlar
üzərində qurulur
və bu obrazlar onun dünya,
cəmiyyət, zaman və Vətən, ömür yolu haqqında düşüncələrini
ortaya gətirir. Məsələn, onun "Yol" şerini misal gətirmək olar. Yol haqqında düşüncələr
onu çox mətləblərə aparıb
çıxarır.
Yol var su içindəg
Yol var qupqurug
Yol azana cığır qənimət imiş!
Elçi
gedən yolun işığı, nuru,
Sevda yolu olan məhəbbət
imiş!
Yolu düz getməyən gəmi də batır,
Dara düşən quşa bir gümandır kol!
Sənətkar uğurlu yola
can atır,
Sənət yollarında uzandıqca
yol!
Dünyada yollar var-yolçusu
bol-bol,
Yol tanıyan
kəsdə düz olur vədə.
İnsan
nəfəsinə həsrət
qalan yol
Qalın
qar altında donur zirvədə!
Dərdli
yollar keçdim-dərdi
duyanam,
Göyün buludu da axıb ağlayır;
Başımın tacını itirən
anam
Atam gedən yola baxıb ağlayır!
"Tikan" şeiri
də bir obraz üzərində düşüncələri əhatə
edir. Amma "Ağac" şeiri Nurəddinin insan-təbiət harmoniyasını
əks etdirmək baxımından daha maraqlı təsir bağışlayır.
Nurəddinin şeirlərində bir-birinə
zidd, konflikt doğuran obrazlar da qarşı-qarşıya
gəlir, İşıq-Zülmət,
Mərdlik-Namərdlik, Halal-Haram
və s.
Halal bir qızıldı,
Haram bir dəmir,
Kim bilmir ki, hansı tez gedir bada?!
Halalın tər-təmiz dəni
cücərmir
Haramın qaranlıq bazarlarında!
Yavana dözmədi sahibsiz insan,
Çox
halal qazanda aş oldu haram;
Çox
sinədə ürək
daş olduğundan
Halalın yolunda daş oldu haram!
Nurəddinin şeirlərinin əksəriyyəti
onun öz ömrünün ayrı-ayrı
yarpaqlarıdır deyirəm. Çünki insan özü də bütün fəsillərin yağışına,
gurşadına, qarına,
çovğununa, istisinə,
bürküsünə tab gətirən
bir qayım ağaca bənzəyir.
Onun təbiət düşüncələri
də, sevgi şeirləri də, müharibə haqqında dedikləri də sanki bu ağacın
dözümünü, şəfqətini
əks etdirir. "Səni görmək
üçün bu gündən belə Ümidim, gümanım yuxuya gələr" - sevgi həsrətini bundan da gözəl
demək olarmı?
Onun sevgi şeirlərində sünilik
yoxdu, təmizlik, saflıq, təbiilik var. Deyir ki:
Qonağım gələydi barı sən adda,
Nə vaxt qovuşacaq yoluna yolum?!
Pəncərən önündə - xoşbəxt
ağacda
Hərdən istəyirəm göyərçin
olum!
Nurəddinin "Sərhədçi düşüncələri"
poeması vətənpərvərlik
duyğularının bariz
ifadəsidir. Xalq şairi Sabir Rüstəmxanlı yazır:
"Uzun fasilədən
sonra Nurəddin Mirzəxanlının yeni
bir əsərini oxuyanda hərbiçi peşəsinin onu qələmdən soyutmadığına
sevindim. Əksinə, "Sərhədçi düşüncələri"ni yalnız hərbiçi, həm də Vətənin hər qarış torpağına,
sərhədinə, sərhəd
dirəklərinə-namus-qeyrət kimi, od-ocaq kimi
baxan poetik ruhlu bir hərbiçi
yaza bilərdi".
Poemada epik-lirik səhnələr
bir-birini əvəz edir.
Qəribin ən böyük
arzusu - Vətən,
Həmdəmi gah kədər,
gah göz yaşıdır;
Vətəndaşın halal ruzusu - Vətən
Vətənin sərhədi - vətəndaşıdır!
Nurəddin Mirzəxanlının "Vətəndən nigaranam" yeni şeirlər kitabı da qarşımdadır. Və bu kitabda bütün şeirlər bayatılardır. Xalq şairi, mərhum deməyə dilim gəlmədiyi Zəlimxan Yaqub bu kitabda toplanan bayatılar haqqında "Könül söhbəti" adlı çox səmimi bir müqəddimə yazıb: "Onun yaratdığı bayatılar insandan insana körpüdür, könüldən könülə ərməğandır. Bu bayatılarda yurd yeri də var, Göyçə də var, Qarqar da var, Qarabağ da var, Məhəmməd peyğəmbərin (s.a.s.) mindiyi Rəfrəfin qanadlarının pıçıltısı da. Azərbaycan dilində nə qədər doğma və şirin sözlər varsa, onların əksəriyyəti Nurəddinin bayatılarında var". Mən də bu bayatıları oxudum. Və Zəlimxanın çox emosionallıqla ifadə elədiyi fikirləri ilə tam razıyam. Ona görə də Nurəddinin "könül söhbəti"ndən bəzi çırpıntıları bu yazıya qatıram:
Görünə dağ,
Dan gülə, görünə dağ.
Dərd tanıda dərdini,
Sinədə görünə dağ.
Kasa sına,
Qulp düşə, kassa sına.
Getdin yar, daşdı gözüm,
Dondu dərd kasasına.
Gül dodağa,
Gül üzə, gül dodağa.
Gülüzlüm gülü öpdü,
Gül qondu gül dodağa.
Oğul dağı var,
Yurdun, oğul, dağı var.
Dünya boydadı dərdi,
Kimin oğul dağı var.
Doğrudan da, bu bayatıları Nurəddin Mirzəxanlının son illərdəki yaradıcılıq qələbəsi hesab etmək olar. Bayatı yazmaq çox da asan deyil. Özü də orijinal bayatı. Həm də bütün bayatıları cinas qafiyələr üzərində qurmaq istedad tələb edir.
Və mən 70 yaşlı bu istedadlı şairə həmişəyaşar bayatı ömrü arzulayıram!
Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru
Ədalət 2018.- 6 yanvar.-
S.15.