Dağlar, gözləyin məni
Əvəz Lələdağ
Əlim çatmır, ünüm yetmir,
Necə görüm sizi, dağlar.
Xeyli vaxtdı ayrı salıb,
Zalım xoryad bizi, dağlar.
Düz əhdimsən, düz ilqarım,
Dərdim-sərim, intizarım.
Əldən getdi ixtiyarım,
Söndürdülər közü, dağlar.
O şöhrətli elim hanı,
O sonalı gölüm hanı.
Xoş ətirli gülüm hanı,
Hanı dağlar qızı, dağlar.
Sizsiz deyib gülənmədim,
Göz yaşımı silənmədim
Qoynunuza
gələmmədim,
Neçə bahar-yazı, dağlar.
Qan ağlayır ocaq daşı,
Kimlər saldı bu savaşı.
Nahaq qanlar tökdü naşı,
Səpdi zəhər tozu, dağlar.
Tikan üstə yatmaq çətin,
Üzü dönüb təbiətin.
Bu söhbətin, bu hikmətin,
Kökdən düşüb sazı, dağlar.
Çox
uzandı hicran yolu,
Qəm bürüdü sağı,
solu,
Sınaydı nakəsin qolu,
Kor olaydı
gözü, dağlar.
Nələr etdi o Şandığa,
Həsrət qoydu dağı dağa.
Dağlar
çəkdi Lələdağa,
Bir nadanın
sözü, dağlar.
***
Nə qədər ki ayrılıq var, ara var,
Mənim yaram çətin sağaldı, dağlar.
Bir vaxt sərkis kirvə, Tatavos kirvə,
Olmuşdu babamın "sağ əli", dağlar.
Nadanlar arzumu puç eylədilər,
Çəkdiyim zəhməti heç eylədilər.
Elimiz, obamız köç eylədilər,
İtirdim Ağyalda "Sağalı",
dağlar.
Aşiq
ümidini yara bağladı,
Təbib nəştərlədi, yara
bağladı.
Əvəzin ürəyi yara
bağladı,
De, kimə söyləyim
sağolu, dağlar.
***
Dözümlüsən bir az da döz,
Az qalıbdı yaza, dağlar.
Əhli-qələm axtarıram.
Dərdlərimi yaza, dağlar.
Qarğa-quzğun çoxdur hələ,
Həsrət qalıb bülbül gülə.
Çən-dumanı sən sıx elə,
Bəlkə, bayquş aza, dağlar.
Gördüyünü gördü Əvəz,
Neçə qurban verdi
Əvəz.
İçindəki dərdi Əvəz,
Dedi telli saza, dağlar.
***
Ömür çatdı, bir
də gəldim,
Sizə
salam verdim,
dağlar.
Yamaclardan
tər gülləri
Şehli-şehli dərdim, dağlar.
Keçdi mənim o çağlarım,
Söndü yanar ocaqlarım.
Şəhid oldu qoçaqlarım,
Dağ boydadı
dərdim, dağlar.
Əldən çıxdı "pir" zamanlar,
Qızıl vaxtlar, dürr zamanlar,
Dolaylarda
bir zamanlar,
Neçə köhlən yordum, dağlar.
Qanadlandım uçammadım,
Dərddən, qəmdən qaçammadım.
Düyünləri açammadım,
Yaman dağlar
gördüm, dağlar.
Axı sizə yar olmuşam,
Zirvənizdə qar olmuşam.
Əvəz, yanıb qaralmışam,
Hanı mənim yurdum, dağlar?!
***
Hər çeşmədən su
içmişəm,
Mən bu dağlarda, dağlarda.
Gözəllərə gül seçmişəm,
Mən bu dağlarda, dağlarda.
Dolanıram güldə gözüm,
Sazda gözüm,
teldə gözüm.
Ələsgərsiz necə dözüm,
Mən bu dağlarda, dağlarda.
Xəyal
gəzir Şah dağında,
Dodağım gül dodağında.
Gəzdim
Vurğun sorağında,
Mən bu dağlarda, dağlarda.
İstəyirəm bir saz çalım,
El-obadan ilham alım.
Əvəz deyir ölüm,
qalım,
Mən bu dağlarda, dağlarda.
***
Qürbət eldə yada düşür,
Suyu, havası
dağların.
Gözəllərin nazlanması,
Sehri-səfası dağların.
Oba köçüb, yurdu qalıb,
Şiri gedib qurdu qalıb.
Ocaqdakı qordu, qalıb
Çoxdu cəfası dağların.
Zirvəsində qar saxlayar,
Ətəyində var saxlayar
Həsrət-intizar saxlayar,
Yalçın qayası dağların.
Gəl-gəl deyir axşamçağı,
Qız-gəlinə Buzbulağı.
Haraylayır Lələdağı,
Eli-obası dağların!
***
Zümrüd quşu aparardı,
Bizi dağlara,
dağlara.
Əhd etmişəm, qurban kəsəm,
Quzu dağlara,
dağlara.
Könül, yurda Sarı yeri,
Gedim görüm
Sarı yeri.
Gəl yaramı sarı, yeri
Üzü dağlara, dağlara.
Lalə
yalda allanardı,
Nər dəvələr yellənərdi,
Bir zamanlar yollanardı
Yüzü dağlara, dağlara.
Əvəz, bacar, gülü
sən dər,
Kədəri sevincə döndər.
Qışı qış tərəfə
göndər,
Yazı dağlara, dağlara.
***
Zirvənizdə boran, çovğun,
Ətəyiniz yazdı, dağlar.
Bir zamanlar şair Vurğun,
Sizdən
dedi, yazdı, dağlar.
Fərhad
sizdə külüng
çaldı,
Məhəbbəti nakam qaldı.
Əsli
köçdü, bu nə haldı,
Kərəm gəldi azdı, dağlar.
Ulduzların çırağımdır,
Çəmənlərin varağımdır.
Küləklərin darağımdır,
Bu ərmağan azdı,
dağlar.
Bu qaydadır, gələn gedər,
Ömür sürüb ölən
gedər,
Dərdi,
qəmi bilən gedər,
Bunlar hələ
sözdü, dağlar.
Çən-dumanın karvan-karvan,
Çiçəklərin dərdə dərman.
Əvəz köçüb gedən
zaman,
Deməyin ki, bezdi, dağlar.
***
Görən mənə kim qarğadı,
Qara gəldi
yazım, dağlar.
Heç
bilmirəm hansı dərddən,
Hansı qəmdən yazım, dağlar.
Əlimizdən Laçın getdi,
Heç bilmirəm neçin getdi.
Karvan-karvan köçün getdi,
Yurdda qaldı
azım, dağlar.
Gərdiş məni yaman sıxdı,
O yerlərdən əlim çıxdı.
Gədiklərdə duman sıxdı,
Qorxuram ki, azım, dağlar.
Qəlbim
ahla doldu mənim,
İşim müşgül oldu mənim.
Çəmənlərim soldu mənim,
Qan ağlayır
gözüm, dağlar.
Yaş üstündən yaş addadı,
Neçə bahar, qış addadı.
Arzularım daş altdadı,
Mən nə qədər dözüm, dağlar.
Bəxtim
düşüb əvədəyə,
Bu dərd sıxmaz
yerə-göyə.
Haraylayır Əvəz deyə,
Kül altında
közüm, dağlar.
***
Buludlarla
göndərmişəm,
Salamımı al, ay dağlar.
Ötüb keçən o çağları,
Sən də yada sal, ay dağlar.
Kimlər
saldı bu savaşı,
Bizə divan tutdu naşı.
Yalyurddakı Qavaldaşı,
Əvəzimə çal, ay dağlar.
Fələk əydi düz işimi,
Yadlar yedi bişmişimi.
Nüzula
tökdü dişimi,
Halım oldu qolay, dağlar.
Bitirdiyim
kədər oldu,
Zəhmət çəkdim hədər
oldu.
Əvəz gəldi-gedər oldu,
Sağ-salamat qal, ay dağlar.
***
Dağda
doğulmuşam, dağlar
oğluyam,
Odur ki, yatıram üzü dağlara.
Xınalı kəkliklər, sərin
çeşmələr,
Səsləyir, a dostlar, bizi dağlara.
İndi
çal-çağırdı Paşabulağı,
Qızlar suya gəlir hər axşam çağı.
Pendiri, qatığı, südü,
qaymağı,
Tükənməz, qoy gəlsin yüzü dağlara.
Üçtəpə yaylağı yaşıl xalçadı,
Turşənglər elə bil gömgöy
alçadı.
Bir yan quşəppəyi, bir yan dolçadı,
Dəyməsin bədnəzər gözü
dağlara.
Dalbadal kəsilir qurbanlar, Allah,
Yır-yığış eyləyir çobanlar,
Allah.
Köçür yaylaqlara nə canlar, Allah,
Vallah, kəsməliyəm
quzu dağlara.
Şəlalə aynadır, suyu göz yaşı,
Bulaq oğlanların
könül sirdaşı.
Əvəzin dağlarda ağarıb
başı,
Nədənsə düşməyib izi dağlara.
***
Hayladım, hayladım səsim
batınca,
Niyə vermədiniz hay mənə,
dağlar.
Qulağın kar oldu, eşitmədinmi?
Qoynunda tutdular
"toy" mənə, dağlar.
Dolu yaylaqların boşaldı
getdi,
Ceyranın, cüyürün baş aldı getdi.
Mərdlər namərdlərə qoşuldu
getdi,
Sağalmaz dağ çəkdi
"hay" mənə, dağlar.
Bir oba qoruyub saxlıyammadın,
Bir yaman yolunu bağlıyammadın,
Əvəzin halına ağlayammadın,
Axır
ki, oldunuz tay mənə,
dağlar.
***
Vaxt olub ki, gün
döşünü dağlayıb,
Vaxt olub ki, buludları ağlayıb.
Vaxt olub ki, sel-suları
çağlayıb,
Vaxt olub sellənib seli dağların.
Vaxt olub ki, el dağlara
sazlanıb,
Vaxt olub ki, gözəlləri
nazlanıb
Vaxt olub ki, çiçəkləri
tozlanıb,
Vaxt olub süzülüb balı dağların.
Vaxt olub ki, üzlü
motal tutulub,
Vaxt olub ki, qoç
qoyuna qatılıb,
Vaxt olub ki, azmanları
satılıb,
Vaxt olub dəyişib halı dağların.
Vaxt olub ki, güneyləri
yağlanıb,
Vaxt olub ki, bulaması
buğlanıb,
Vaxt olub ki, bərxanası
bağlanıb,
Vaxt olub yüklənib kəli dağların.
Vaxt olub ki, qaş-qabağı tökülüb,
Vaxt olub ki, alaçığı sökülüb,
Vaxt olub ki, el yaylaqdan
çəkilib,
Boşalıb sinəsi dolu dağların.
Vaxt olar ki, bağlı
yolu açılar
Qırışığı, əli, qolu açılar.
Əvəzin də şirin dili açılar,
Gedər görüşünə ulu
dağların.
***
Sizdən
ayrı düşən
gündən,
Könlüm olub yara, dağlar.
Gecə,
gündüz cəhd edirəm,
Çatammıram yara, dağlar.
Yoxa çıxıb təbib-loğman
Tapılmayır dərdə dərman
Gəlib
çata nazlı ceyran,
Ürəyimi yara, dağlar.
Tamarzıyam gülüşünə,
Baxammıram yerişinə.
Lələdağın bir işinə,
Bircə dəfə yara, dağlar.
Ədalət 2018.- 6 yanvar.-
S. 13.