Söz sənətinin
ölçüyə sığmayan sirli tərəfi var
Məti Osmanoğlu: "60 yaş
dediyim hər sözə daha böyük məsuliyyət hiss
etdirir"
"Söz adamı"
Söz İlahi işarədir. Sözün
gücü var. Bir də söz sahibləri var. O söz sahibləri
ki, sözün dəyərini bilir, onun üzərində zərgər
dəqiqliyi ilə işləyir. Belə
söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq
bizim "söz" haqqında anlayışımıza yeni
bir məna gətirir. "Söz
adamı" layihəsinin növbəti qonağı
filoloq-alim, ədəbiyyatşünas Məti Osmanoğludur.
- Ədəbiyyat cəmiyyətdə həmişə
birmənalı qarşılanmır. Xüsusən də söz
adamları... Bir söz adamının cəmiyyət
üçün əsas özəlliyi nədən ibarət
olmalıdır?
-
Böyük ədəbiyyatın başlıca missiyası
insanların zövqünü və düşüncəsini
təzələmək, belə demək mümkündürsə,
insanların zövq və düşüncəsini "öz
tərəfinə çəkmək" uğrunda mübarizə
aparmaqdır. Ona görə də cəmiyyətlə
ədəbiyyat arasında daimi bir müxaliflik var. Cəmiyyət
ədəbiyyatda öz istədiyini, zövqünün vərdiş
elədiklərini görmək, ədəbiyyat isə cəmiyyəti
vərdişdən, ətalətdən azad etmək istəyir.
Görünür, ədəbiyyatın cəmiyyətdə
həmişə birmənalı qarşılanmamasının
başlıca səbəbi də budur. Söz
adamının əsas özəlliyi isə ondadır ki, bütün
çətinliklərə sinə gərib, əzəli
mübarizəsini davam etdirir, oxucunun üstünə gedir.
Həsən bəy Zərdabinin dedikləri burada lap yerinə
düşür: "Hər kəsi çağırıram
- gəlmir; göstərirəm- görmür; deyirəm-qanmır.
Axırda gördüm ki, onları haraylayıb
çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac
yoxdur. Olmaz ki, mənim sözümü
eşidənlərdə heç bir qanan olmasın, necə
ki, bir bulağın suyunun altına nə qədər bərk
daş qoysan, bir neçə ildən sonra su tökülməkdə
o bərk daş mürur ilə əriyib deşilir, habelə
söz də. Ələlxüsus doğru
söz". Cəlil Məmmədquluzadə isə bu
fikri ironiya ilə belə tamamlayırdı:
"Çünki hükəmalar buyurublar:
"Sözünü o kəslərə de ki, sənə
qulaq vermirlər"...
Söz sənətinin ölçüyə
sığmayan sirli tərəfi də var. Həmin tərəfdən
yanaşdıqda yeni əsərlərini cəmiyyətin səbirsizliklə
gözlədiyi söz adamları da var. Məsələn,
yaxın keçmişimizdə Səməd Vurğunun hər
bir əsəri maraqla qarşılanar, dildə-ağızda gəzərdi. Məmməd Arazın,
Hüseyn Arifin şeirləri ən elitar salonlarda da, ucqar bir kənddəki
aşıq məclislərində də eyni sevgi və hərarətlə
qarşılanardı...
- Ədəbi tənqid son zamanlar öz
aktuallığını sanki itirib. Lakin bu amil yəni ədəbi
tənqid mətnlərin, ədəbi nümunələrin təhlili
və nizamı baxımından önəmlidir. Ədəbi tənqidin bu günki vəziyyəti
size qane edirmi?
- Son
zamanlar şeirin, nəsrin, publisistikanın vəziyyəti necədirsə,
ədəbi tənqidin vəziyyəti də elədir: ədəbi
tənqid bədii sözdən nə bir addım daldadır, nə
bir addım öndə. Əlbəttə, ədəbiyyatımızın
ümumi səviyyəsinin daha yüksək, ictimai fikrə
daha ciddi təsir göstərmək gücündə
olmasını arzu edərdim. O ki qaldı "ədəbi
tənqidin aktuallığını itirməsi" təsəvvürünün
yaranmasına, məncə, bu, tənqidə uzun müddət
bəslənilmiş münasibətdən qaynaqlanır.
Ədəbi tənqidə tənzimləyici qüvvə kimi
yanaşırıq: bizdə belə bir fikir formalaşıb
ki, ədəbiyyatda nə çatmırsa, buna tənqid
cavabdehdir. Mən belə hesab edirəm ki, tənqid
adlandırdığımız sahənin
çatışmazlıqları olduğu kimi, uğurları
da var. Məsələn, İradə Musayeva aktual tənqidin
maraqlı nümunələrini yaradır, ədəbiyyatımızın
yeni hadisələrini təhlil edərək ictimaiyyətə
təqdim etməklə yanaşı,
çatışmazlıqlara qarşı da prinsipial mövqe
nümayiş etdirir. Rüstəm Kamalın ədəbi
fikrimiz üçün yeni hadisə olan esseləri həm
filoloji, həm də bədii fikirdə ciddi əks-səda
yaradır. Cavanşir Yusifli dünya estetik
fikri ilə Azərbaycan bədii düşüncəsi
arasında filoloji baxımdan maraq doğuran paralellər qurur.
Elnarə Akimovanın, Nərgiz Cabbarlının, Ülvi
Babasoyun yazıları maraqla oxunur. Bunlar az
deyil ki...
- Adətən
müəlliflər öz həyatlarını yazmış
olduqları əsərlərində canladırmağa
çalışır. Bəzən bu
uğurlu, bəzən də uğursuz olur. Ümumiyyətlə, ədəbi əsərin
uğur formulu sizin üçün necə olmalıdır?
- Müəllifin
öz həyatını yazması, tərcümeyi-halını
qələmə alması təbiidir: çünki hər
yazan kəs öz düşüncələrini qələmə
alır və həmin düşüncələri onun şəxsi
müşahidələri, yaşadıqları, gördükləri,
tanıdıqları, inandıqları, inanmadıqları, məmnuniyyətləri,
etirazları formalaşdırır. Əsərin
uğuru və uğursuzluğu isə nədən
yazılmasından deyil, necə yazılmasından, hansı
istedadın məhsulu olmasından asılıdır. Bədii
ədəbiyyatın fərqli cəhəti - özəlliyi və
gözəlliyi bundadır ki, onun hər yerə tətbiq edilə
biləcək düsturunu müəyyənləşdirmək
çətindir: universal "uğur düsturunu" tapmaq isə
mümkün deyil. Çünki hər uğurlu əsərin
özünün ayrıca "düsturu" var və həmin
"düsturu" başqa əsərə tətbiq etsən,
hazır və köhnə cavab alacaqsan, ortaya boyat məhsul
çıxacaq. Qəribədir ki, əlinə
qələm alanların çoxu məhz hazır
düsturların tətbiqinə üstünlük verir.
Bədii söz isə dünyanı və insanı bizim
görə bilmədiyimiz tərəfdən göstərməyi
bacarmalı, bizi "2+2"nin 4-ə bərabər
olmadığı üzərində düşündürə
bilməlidir...
- Sovet ədəbiyyatının
izlərini hələ də müasir ədəbi proseslərdə
görmək olar. Bunun yaxşı və pis tərəflərini
nədə görürsünüz?
- Tam ciddi
qənaətim belədir ki, hələ 1960-cı illərdən
"sovet ədəbiyyatı" anlayışı ideoloji və
siyasi baxımdan süquta uğramışdı. Sovet imperiyasının əhatə məkanında
ideologiyadan təmizlənmiş normal ədəbiyyat
yaranırdı və oxunurdu. Əlbəttə,
həmin ədəbiyyatı hərə öz
istedadının ölçüləri miqyasında
yaradırdı. Məsələn, Çingiz Aytmatov,
Vasili Şukşin, Valentin Rasputin, Vasili Belov, Nodar Dumbadze,
İon Drutse kimi Sovet məkanında yaxşı tanınan
yazıçıların yaradıcılığı hər
hansı ideologiyadan asılı deyildi. Azərbaycan ədəbiyyatında
İsmayıl Şıxlının "Dəli Kür",
İsa Hüsüynovun "Saz", Tütək səsi",
"Məhşər", Vidadi Babanlının "Vicdan
susanda", Anarın "Gürcü familiyası",
"Beşmərtəbəli evin altıncı mərtəbəsi",
Elçinin "Baladadşın ilk məhəbbəti",
"Dolça" kimi əsərlərinin sovet (eləcə
də qeyri-sovet) ideologiyasına heç bir aidiyyəti yox idi.
Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Cəbrayılzadənin
şeirlərini cəmiyyət birmənalı
qarşılamasa da, heç vaxt "sovet ədəbiyyatı"
nümunələri kimi də qəbul etməmişdi. Bir qədər sonra isə ədəbiyyatda antisovet əhval
güclənməyə başladı. "Qətl
günü" (Yusif Səmədoğlu), "İdeal"
(İsa Hüseynov), "Ölüm hökmü"
(Elçin) kimi əsərlər yarandı və bu əsərlər
ictimai fikirdə ciddi rezonans oyatdı. Əgər
bu gün bu ənənələr davam etdirilirsə, buna pis baxmıram.
Zəif əsər isə hansı
ideologiyanın və ya poetik sistemin "izlərini"
daşımasından asılı olmayaraq həmişə
"oyundan kənarda" qalır. Zəif əsərlərin
cəzasını oxucu və zaman verir, bu cür əsərlər
unudulmağa məhkum edilir...
-
Müasir dövr ədəbi mühitində öz yolu, öz
dəsti-xətti olan imzalar var. Bu imzalardan kimləri oxuyursunuz?
- Bu suala
iki aspektdən yanaşa bilərik: bir - yaşından
asılı olmayaraq müasir dövrdə yazıb-yaradan
bütün yazıçılar; iki - müasir dövrün,
yaşadığımız zamanın içində
yetişmiş yeni ədəbi nəsil. Mənə elə gəlir
ki, sizin suala ikinci aspektdən yanaşmaq daha dəqiq olar...
Düzünü
deyim ki, mənim üçün öz təmsil etdiyim nəslin
yaradıcılığını təhlil etmək, məsələn,
Saday Budaqlının, Səfər Alışarlının,
Rüstəm Behrudinin, Akif Əhmədgilin yaradıcılığına
qiymət vermək daha asandır. Yeni nəsil
özü ilə yeni düşüncə tərzi və
estetik sistem gətirir və bu sistemi qiymətləndirmək fərqli
yanaşma, xüsusi diqqət tələb edir.
İşin maraqlı cəhətlərindən biri budur ki,
yeni nəsil ədəbi qiymətləndirməni daha çox
özündən əvvəlki nəsil(lər)dən
gözləyir. O ki qaldı konkret adlara, yeni nəsli təmsil
edən ciddi ədəbiyyat adamları yetişib. Qan
Turalı, Şərif Ağayar, Qismət, Fərid Hüseyn,
Mirmehdi Ağaoğlu kimi yazıçılar müasir ədəbiyyatımızda
yeni iqlim yaradırlar. Yeri gəlmişkən, Şərifin
sayt rəhbəri kimi fəaliyyətinə bir iradımı
bildirməyi də zəruri hesab edirəm: Azərbaycanın
siyasi artıq-urtuqlarının Səməd Vurğun
haqqında nalayiq mülahizərlərinə geniş meydan
verməsi, hər şeydən öncə, rəhbərlik
etdiyi sayta ziyan vurur, saytın ciddi oxucularını
azaldır...
- Şair və yaxud yazıçının hər
hansı bir vəzifədə olması onun
yaradıcılığına necə təsir göstərir? Ola bilərmi
ki, yaradıcılıq sərhədlərini müəyyən
etmək həmin müəllif üçün nöqsan hesab
oluna bilərmi?
-
Baxır vəzifəyə və vəzifə daşıyan
adamın xarakterinə, vəzifəsinə və ədəbiyyata
yanaşmasına. Əgər yazıçı ad-san, imtiyaz məsələsində
daşıdığı vəzifədən sui-istifadə
edir, "rəiyyətin" payına iştah salırsa,
yaxud daşıdığı vəzifə ona
"toxunulmazlıq" zirehi geyindirirsə, bundan ədəbi
proses uduzur...
- Həqiqət
anlayışı sizin üçün nədir?
-
Yaşım artdıqca həqiqət nisbi anlayış
olduğuna daha artıq inanıram. Mütləq həqiqət
yoxdur: dünyada nə qədər insan varsa, o qədər də
həqiqət var. Ona görə də bədii sözün həqiqət
axtarışı əbədidir. Ədəbiyyat
yarandığı vaxtdan həqiqəti axtarmaq yolundadır və
bu yolun son mənzili yoxdur. Səməd Vurğun
demiş: "Beşiyi, məzarı əbədiyyətdir"...
-
Mütaliə vərdişinin formalaşması
üçün zəruri olan amillər hansılardı?
- Bu, məni qayğılandıran ən ciddi problemlərdən biridir və mənə elə gəlir ki, dövlət əhəmiyyətli məsələdir. Mütaliə səviyyəsi hər bir millətin mədəniyyət göstəricisidir. Etiraf etməliyik ki, bu göstərici bizdə indi dibə enmiş səviyyədədir. Bu gün dövlətin vəsaiti ilə nəşr edilən ədəbi jurnallarımızın tirajı əhalimizin sayı ilə müqayisədə cüzidir, müəlliflərin min bir əziyyətlə və xərclə nəşr etdirdikləri kitabların satış səviyyəsi təəssüf doğurur. Mütaliə mədəniyyəti uşaq yaşlarından ailədə və məktəbdə formalaşdırılmalıdır. Yenə təəssüflər olsun ki, bu sahədə nə ailə, nə də məktəb öz borcunu layiqincə yerinə yetirə bilir. Dövlət bu qədər xərc çəkir, proqramlar tərtib olunur, kitablar yazılır, dərslər keçilir, zaman xərclənir... Ancaq sanki heç kəs ədəbiyyat təliminin başlıca vəzifəsinin zövqlü və mədəni oxucu yetişdirmək olduğunun fərqində deyil. Orta məktəblər üçün tərtib edilmiş ədəbiyyat dərsliklərinin səviyyəsi ilə bu problemin yaxın gələcəkdə aradan qaldırılacağına inanmıram.
- Dünya ədəbiyyatından oxumağı vacib bildiyiniz əsərlər...
- Dünya ədəbiyyatının klassik nümunələrinə üstünlük verirəm. İşin tərs tərəfi ondadır ki, biz hələ öz klassiklərimizi layiqincə oxuya və oxuda bilmirik. Problem yaradan məsələlərdən biri də tərcümə ilə bağlıdır. Dünya ədəbiyyatının seçmə nümunələrinin əksəriyyəti hələ dilimizə ya tərcümə edilməyib, ya da edilənlərin əksəriyyətinin bədii səviyyəsi yarıtmazdır...
- Niyə bizim ədəbiyyatımızda Nobel mükafatına namizəd əsərlər yoxdur?
- Ədəbiyyatımızda Nobel və digər nüfuzlu ədəbiyyat mükafatlarını ala biləcək əsərlərin olmaması fikri ilə razı deyiləm və düzünü desəm, bu mükafata layiq görülmüş əsərin olmaması məni o qədər narahat etmir. Mənim aləmimdə yazıçının və ədəbiyyatın ən böyük mükafatı oxunmaqdır. İlk növbədə də yarandığı dildə oxunmaq. Mən ədəbiyyatımızın başlıca problemini bunda görürəm və mənə elə gəlir ki, bu məsələ üzərində ədəbiyyatı yaradan insanlar çox ciddi düşünməlidirlər. Məşhur İtaliya yazıçısı və alimi Umberto Ekonun maraqlı bir essesi var: "Oxucunu yaratmaq". Bu gün yazıçının işi yalnız əsər yaratmaq deyil, həm də oxucu yetişdirmək olmalıdır.
- Keçmiş, yoxsa gələcək?
- Keçmiş, bu gün və gələcək...
- Son olaraq söz haqqında sözünüz...
- Bu yazı qəzetinizdə nəşr olunacaq gün - yanvarın 5-də mənim 60 yaşım tamam olur (sənədlərimdə doğum tarixim 1 iyul göstərilib). 60 yaş mənə dediyim hər sözə daha böyük məsuliyyətlə yanaşmağı tələb edir. Füzulinin dili ilə desək:
Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.
Söhbətləşdi:
Tural Cəfərli
Ədalət 2018.- 6 yanvar.- S.9.