FƏRQANƏ YUSİFQIZININ SEVGİ ÇAĞIRIŞLARI

 

Vaqif

YUSİFLİ,

filologiya elmləri doktoru

 

"Ulduz"un builki 3-cü sayına ekspert rəyi yazanda "Şeir vaxtı" rubrikasında yeni bir imza ilə tanış oldum -Fərqanə Yusifqızının səkkiz şeirini oxudum, rəydə qısaca da olsa, söz açdım. Amma bu şeirlərdən aldığım təsir, gənc müəllifin səliqəli, rəvan, səlis bədii dil sərgiləməsi məni yenidən bu şeirlərə səslədi. Təkcə bu yox, həm də o şeirlərdə ifadə olunan, ürəyin, bir "sevgi dənizinin" dərinliklərindən sahilə baş alan "dalğalar" da o şeirləri təzədən oxutdurdu mənə.

Bu gün yüz illər bundan əvvəl olduğu kimi sevgi şeirləri çox yazılır, həddindən ziyadə yazılır və bu şeirlərin əksəriyyəti də elə üzə çıxdığı, dərc edildiyi gün unudulub gedir. Çünki o şeirlərdə yaşanılan, duyulan hisslər yox dərəcəsindədir. Amma ortada bəzi şeirlər qalır ki, onlar illər keçdikcə sanki yenidən doğulur, yenidən yazılır, hər dəfə oxunduqca təzə hisslər, duyğular oyadır oxucuda. Eşq elə bir cazibədir ki, onun "əsarətindən" qurtulmaq hələm-hələm mümkün olmur. Heç qurtulmaq da lazım deyil. Dahi eşq ustadı Füzulidemiş: "Hüsnün olduqca füzun, eşq əhli artıq zar olur, Hüsnmiqdar olursa, eşq ol miqdar olur", yəni gözəlliyin artdıqca, aşiq də artıq ağlayır, gözəllik nə qədər olursa, eşqo qədər olur. Çünki sevgi yalnız gözəllik olan yerdədir. Sevgi gözəlliklə idarə olunur. Gözəllik nə qədərdirsə, eşqo qədərdir, deyək ki, aşiqin sevgilisi günəş dəyərindədirsə, ona sevgisi də həmin hərarətdədir.Yenə Füzulidən başqa bir misal: "Əzəl katibləri üşşaq bəxtin qarə yazmışlar, Bu məzmun ilə xətt ol səfheyi-rüxsarə yazmışlar"-Allahın iradəsilə əzəl katibləıri "lövhi-məhfuz" adlanan lövhədə sonradan xəlq olunacaq insanların taleyini qeydə alanda, aşiq olanların bəxtini qara yazmışlar. Yəni aşiqlər həmişə cövrü-cəfa içində olmalı..gAmma bu cövrü-cəfa xoşdur, çünki sevgi iztirabları qəm-qüssə gətirsə də, Hüseyn Cavidin dili ilə desək: "Sevgi xoşdur, sonu fəryad olsa da".

Fərqanə Yusifqızının şeirlərində də bu ənənədən gələn izlər görünür. Əlbəttə, onun sevgi çağırışları Füzuli qəzəllərindəki o dərin mənalarla tay tutula bilməz. Amma Fərqanə Yusifqızı məhz Füzuli babası kimi sevgini ali, müqəddəs bir duyğu, insanı mənən saflaşdıran, daxilən təmizləyən bir hiss kimi dərk edir.

 

Bircə dəfə qonaq et

Məni gözəl qəlbinə.

Qalım orda bir günlük,

Bir saatlıq, bir anlıq.

Sığınıb ürəyinə

Kimsəsiz uşaq kimi.

Tərk eləsin məni qəm,

Nura dönsün qaranlıq.

Qonaq et bircə dəfə

Məni qara gözünə.

Ordan hərdən boylanım

Yaraşıqlı üzünə.

Qonaq olum ömürlük

Sənin sevgi yuvana,

Qalım orda həmişə,

Qoy getməyim heç yana.

 

Təbii hisslərdir. Fərqanənin adını çəkdiyim bu şeirində bəzi yaşıdlarının sevgi şeirlərində olduğu kimi şikayət, tənə, qınama yoxdu. Sevilmək istəyən bir ürəyin arzuları öz əksini tapır. Dərdin, iztirabın izi belə görünmür. "Çağır məni" şeirində hisslərin qovuşmasına, vəhdətə-iki insanın sevgi birliyinə bir inam hiss olunur. Hətta məişət detalları da o inamı ifadə edir: "Birlikdə yemək yeyək, Yemək dadsız olsa da, "Yaman dadlıdı" deyək.gBir gün sənlə görüşək. De ki, çay dəmləmişəm, Soyumadan gəl içək...gYetər ki, çağır məni". Amma sonra sevən ürəyin kədərli, qüssəli etirafları eşidilir:

 

Dünya boyda sevdim səni,

Dünyanın xətri qalmadı.

Üzüm, gözüm su içində,

Göydən bir damla yağmadı.

Hara getsəm, içimdəsən,

Hıçqırırsan ürəyimdə.

Gecələri yerlə göyün,

Çırpınıram qarasında.

Kirpiklərin qovuşmasın,

Mən qalaram arasında.

 

Sadəcə bir arzu, görüşmək diləyindən yaranan şeirlər "səhnəni" tərk edir, görüşmək, birləşmək, vəhdətə nail olmaq ümidini bir ümidsizlik dalğası bürüyür. "Qalarsanmı mənimlə" - bu, xoş, mənəvi birliyə, qovuşmaya çağırışdır: "Qoy birləşsin səninlə damarlarda qanımız, Desəm əgər əbədi var olacam səninlə, Qalarsanmı mənimlə?" - təbii hisslər, sevən bir ürək bundan artıq diləyə bilər? Amma qəfil "Çağırma" nidası eşidilir:

 

Daha bir ürəkdən,

çağırma gəl yanına.

Necə gəlim axı mən,

qınayar ellər məni.

Səndən xəbərsiz belə,

kölgəni görsəm, yetər,

Mən əsrin Leylisiyəm,

gözləyir çöllər məınig

Qoy itim ilim-ilim,

aparsın yellər məni.

 

Təbii ki, əsrin Leylisi olmaq müşgüldür. Leyli Məcnun kimi çöllərə düşməmişdi ki... Amma elə Leyli kimi saf, təmiz, eşqinə sadiq bir sevgili olmaq yetər. Fərqanə Yusifqızının sevgi çağırışlarının sonu "Yanına gələcəm"lə sona çatır. ("gələcəyəm" demək lazım idi, bu, Fərqanənin şeirlərində gördüyüm yeganə dil qüsurudur, danışıq dili ayrı, ədəbi dil ayrı). Əvvəl arzu, ümid çağırışları, sonra həsrət, qəm çalarları, ümidsizlik anları, sonda yenə ümid, inam.

 

Yanına gələcəm bir qərib axşam,

Sadəcə, sən hər gün yolumu gözlə.

Gələcəm sakitcə,

bəlkə , sənin

çoxdan gözlədiyin bir kəlmə sözlə.

 

Fərqanə Yusifqızının sevgi "nağılının" sonu o bir kəlmə sözün deyiləcəyi gündə, anda, saatda, dəqiqədə, saniyədə bitəcəkmi? Hər halda, qədər qəribə səslənsə , bu sevgi "nağılının" bitməsini arzulamayaq. Hələ bu "nağılda" çox dərələr, təpələr aşmaq lazım, çox maneələr, müşgüllər görünəcək. Çünki Ramiz Rövşən demiş: "Bu sevgidi, mənim balam, ömürlərdən uzun sevgi. Bir əliylə beşikləri yırğalayan, Bir əlimlə qəbirləri qazan sevgi". Fərqanə Yusifqızının iki şeiri var ki, həmin şeirlər onun cavan bir şair kimi istedadının başqa bir yönünü nişan verir. "Tənha qadın" "Darıxmaq" - birinci şeirdə tənhalığın bir qadın ömründə yaratdığı uğursuz anların, günlərin "rəsmi" cızılır:

 

Xəyal qurma boş-boşuna,

Suya düşər xəyalların.

Az sənindi, çox istəmə,

Qapanmaz ki, yaraların.

Xəyal qurma,

özünə gəl,

Dərdinlə qall, tənha qadın.

 

Bu şeirdə bir yarımçıqlıq duyulur. "Dərdinlə qall, tənha qadın" - çarəsizliyin etirafımı? Tənhalıq təkcə qəm, kədərmi gətirir? "Xəyal qurma" oyunudumu təkcə? Yəni bu mənada şeir bitməyib. "Darıxmaq" şeiri isə bitkindir, daha doğrusu, Fərqanənin təfsirində darıxmağın yeni bir çaları nəzərə çarpır:

 

Darıxmaq nədir,

deyim?

-Hisslərin əne zalımı.

Bir anda havalanıbğ,

Küçələrə düşməkdi.

Gözünü uzun müddət,

Məchulluğa zilləmək.

Günəş işıq saçsa da,

Başına yağar dolu,

Gedirsən evə sarı,

Azırsan amma yolu.

 

sonda "Hər gün nəfəs alsan da, Təkrar-təkrar ölməkdi". Fərqanə Yusifqızı şeiriyyət aləmində hələ təzədir qarşıda onu çox sınaqlar gözləyir. Amma mənim yazdığım bu qeydlər onun istedadına inamdan gəldi.

 

Ədalət  2018.- 9 yanvar.- S.7.