VƏTƏN HƏSRƏTİLƏ ÇIRPINAN MƏKTƏB - 60

 

İnsanın tələbatından yaranan maddi və mənəvi mədəniyyət onun həyatının mühüm kompanentlərindən hesab olunur. Maddi praktik mədəniyyət, maddi istehsalatın məhsulu olaraq, insanın biolojifiziki halı baxımından yaranaraq onu hər an izləsə də mənəvi mədəniyyət heçaz əhəmiyyət kəsb etməyərək fərqli şəkildə təmənnasız mənimsənilir və bizi daima müşayiət edir. Mənəvi mədəniyyət ictimai şuurun forma və təzahürüdur. Mənəvi güc, mənəvi ruh almaqla yanaşı burada insan həm də qabiliyyət və bacarığını sübuta yetirə bilir. Əxlaqi, estetik, elmi, mədəni məişət, siyasi mədəniyyəti yüksək olan insanlar cəmiyyət arasında boyük hörmət sahibi olurlar.

Mənəviyyatı yüksək olan gəncliyə millətin, həm də dövlətin hər zaman eytiyacı var. Gənclik millətin inkişafının təməl daşıdır. Müasir Azərbaycanımızın tərəqqisi - elmi iqtisadi, mədəni yüksəlişi naminə gənclərimizin güclü təfəkkür və təxəyyülə, dərin biliyə, geniş dünya görüşünə sahibliyi, bacarıq və qabiliyyətinin hər sahədə üzə çıxması ən vacib amillərdəndir. Burada orta təhsil ocaqları ilə yanaşı mədəniyyət müəssisələrinin birbaşa güclü təsirə malik olması danılmazdır.

Əsrarəngiz təbiəti ilə hamını heyran qoyan Qarabağ diyarının gözəl məkanlarından biri olan, zəngin maddi mədəni irsə, dərin tarixi kökə sahib "Qarabulaq", "Malaqan", "Qaryagin" mahalı - Füzuli yurdu Azərbaycan xalqına elm adamları, məşhur şəxsiyyətlərlə yanaşı tanınmış mədəniyyət və incəsənət xadimləri bəxş etmişdir. Onlar da oz növbəsində dəyərli tövhələrilə milli xəzinəmizi daha da zənginləşdirmişlər. Füzuli mahalı Bahadur Eyvazov (tibb elmləri doktoru, professor), Tofiq Nəcəfli (tarix elmləri üzrə fəlsəfə doktoru), İlyas Əfəndiyev (yazıçı, dramaturq), Cəmil Əlibəyov (yazıçı, jurnalist), Qurban Namazəliyev (alim, keçmiş nazir müavini), Şamama Həsənova (sosialist əməyi qəhrəmanı), Bahar Muradova (Milli Məclis sədrinin muavini), Vaqif Bəhmənli (yazıçı, publisist) Seyran Səxavət (yazıçı, şair), Çingiz Əlioğlu (yazıçı), Milli qəhrəman Elxan Zülfüqarov kimi cəsur oğulların doğma eli, korifey sənətkar Seyid Şuşinskinin, Ağabala Abdullayev, İslam Rzayev, Süleyman Abdullayev kimi məşhur xanəndələrin, bəstəkar Məmməd Cavadovun, Bəhram Nəsibov, Razim Paşayev, Zöhrab Abdullayevin, tanınmış müğənnilərdən Nizami Abdullayev, Manaf Ağayev, Nadir Bayramlı, Eldəniz Məmmədov, Səyyad Əlizadənin ana vətənidir. Füzuli rayonu Qubadlı, Zəngilan, Cəbrayıl və Beyləqan rayonlarının tam ortasında yerləşərək daima bölgədə elm, mədəniyyət mərkəzi kimi öz statusunu qoruyub saxlamışdır.

60 il bundan əvvəl 1957-ci ildə Füzuli şəhərində ilk musiqi məktəbi açıldı. Sonralar məhz bu məktəbə korifey sənətkar Seyid Şuşinskinin adı verildi. İlk yaranışdan bir neçə müəllim və çox az sayda fəaliyyətə başlayan bu sənət ocağı nəinki Füzuli əhalisi, həm də ətraf rayonlarda yaşayanlar üçün geniş imkanlar açdı. Məktəb zaman keçdikcə böyüdü, genişləndi, tədris imkanlarını artıraraq səmərəli, daha keyfiyyətli musiqi təhsili məkanına cevrildi. Əsasən yeni binaya köçürülmə və burada lazım olan avadanlıqlarla təchizat, sinif otaqlarının geniş, həm də rahat olması səmərəli və keyfiyyətli tədris prosesinin yaranmasına tam cavab verirdi. Xüsusilə də 1980-1990-cı illər məktəb tarixçəsində çiçəklən dövr olaraq yaddaşlarda qalmışdır. Bu dövrdə artıq 300-400 nəfər şagird təhsil alırdı, məktəbin 35-40 sinif otağı, zəngn kitabxanası və konsert zalı var idi. Savadlı, işgüzar pedaqoji kollektivin əməyi öz bəhrəsini verirdi. Şagirdlərin müsabiqələrdə yüksək pillələrdə qərarlaşması, festival və mötəbər tədbirlərdə uğurlu çıxışları hər zaman diqqətdən yayınmırdı. Onlar məmnuniyyətlə televizor, radio efirlərində çıxışlara dəvət olunurdu.

 

MÜSBƏT TƏSİR MEXANİZMİNİN

İNOVATİV TƏDRİS

METODLARI

 

1992-ci ildə məlum Qarabağ müharibəsilə əlaqədar Seyid Şuşinski adına Füzuli şəhər 1 nömrəli incəsənət məktəbi öz isti ocağından didərgin düşərək bir müddət pərakəndə fəaliyyət göstərdi. 1996-cı ildə isə məktəb paytaxt Bakı şəhərində yerləşdirildi və hal-hazırda Bakı şəhəri, Mərdanov qardaşları-99 ünvanında fəaliyyətini davam etdirir. Məktəbin direktoru Elsevər Hüseynov, tədris hissə müdiri Elçin İbrahimovdur. Bəzi çətinliklərin olmasına baxmayaraq bu qocaman incəsənət ocağında başda rəhbərlik olmaqla möhkəm iradəyə malik olan pedaqoji kollektiv şagirdlərin dərin, səmərəli və keyfiyyətli musiqi savadı alması üçün əllərindən gələni əsirgəmir. 25 ildir köçkünlük həyatı yaşasa da incənət məktəbi xoş gələcək naminə öz işini tam gücü ilə davam etdirir.

Qürurla demək olar ki, Seyid Şuşinski adına incəsənət məktəbi yarım əsrdən çoxdur ki, fəaliyyət göstərir. Bu dövr ərzində məktəb yüksək naliyyətlər, uğurlar əldə edərək böyük nüfuz qazanmışdır.

Bu gün isə məktəb yenə uğurlarını davam etdirir. Belə ki, onun şagirdləri Respublika daxili müsabiqələrdə yüksək naliyyətlər əldə edərək mötəbər festival və tədbirlərə dəvətlər alırlar. Nəticədə uğurlar artır. Məsələn, balaca rəssamlar və rəqqaslar üçün ötən illər daha uğurlu olmuşdu. 2015-ci ildə Respublika müsabiqəsində rəqqaslarımız "Qran pri" qazanaraq 1-ci yer tutmuş, 2016-ci ildə isə balaca rəssamlarımız Respublika müsabiqəsində 2-ci yeri əldə etmişlər.

Məktəbin direktoru Elsevər Hüseynov söylədi:

-Bəzi prioritet məsələlər mövcuddur. Onların çoxunu öz gücümüzlə, imkanlarımız xaricində olanları isə Regional Mədəniyyət və Turizm idarəsinin rəhbəri Elman Məmmədovun şəxsən birbaşa köməkliyilə aradan qaldırmağa çalışacağıq. İlk zamanlarda məktəb daxili bəzi tənzimləmələr qaçılmaz oldu. Bizim uçün vacib olan məsələlər demək olar ki, öz həllini tapmaqdadır...

Dəvət alacağımız müsabiqələrdə fərqlənməyə çalışacağıq. Müsbət təsir mexanizmlərinin köməyi ilə innovativ tədris metodlarını önə çəkərək məktəbimizin nüfuzunu daha da artırmağa nail olmağımıza inanıram. Çünki məktəbimızdə iradəsinə, dərin bilik və bacarığına güvənən, fərqli və uzun müddətli pedaqoji faliyyətlərilə diqqəti cəlb edən müəllim kollektivi formalaşmışdır. 30-50 il boyu dərs verən, özünü təsdiq etmiş təcrübəli müəllimlərimizlə yanaşı, istedadlı və perspektivli gənclərimiz öz işinin öhtəsındən lazımınca gəlirlər. Onu da mütləq qeyd edim ki, hal-hazırda Füzuli rayonunda digər incənət məktəb rəhbərləri və müəllimlərın çoxu Seyid Şuşinski adına 1 nömrəli uşaq incənət məktəbinin məzunlarıdır.

Müəllifdən: Müəllimlik şərəfli bir peşədir. Böyük rəğbətə, hörmətə, ehtirama layiqdir Müəllimlər. Gənc nəslin aydın, işıqlı zəkası yolunda böyük əməyi vardır bu insanların. Cəmiyyət arasında müəllim əməyi qiymətləndirilməli, uca tutulmalı və onlara dərin hörmət, məhəbbət bəslənməliddir...

 

ƏNVƏR FİRATOĞLU

Ədalət  2018.- 10 yanvar.- S.7.