AYRILIĞIN ÜZÜ DÖNSÜN...
Siz bir-birinizə hədiyyə idiniz...
Əfsus...
Bəzən qələm əlimdə
çox ağır yükə dönür.
Masamın üstündəki
kitabın adıdır
bu ağırlığın
əsas səbəbi
- "Son hədiyyəm...".
Bu yay eşitdiyim
acı bir xəbər məni bərk sarsıtmışdı.
O xəbəri mənə
həmkarımız Sənubər
xanım verdi.
Söylədi ki, Əmrah
müəllimin həyat
yoldaşı Suriyə
xanım dünyasını
dəyişib. Və artıq
Əmrah müəllimin
nə halda olduğu mənə məlum idi. Lakin Bakıdan kənarda olduğumdan illərlə
mənə təsəlli
verən, hər görəndə vaxtsız
itirdiyim ömür-gün
yoldaşım haqqında
xoş sözlər söyləyən professor Əmrah
Dadaşova əlim çatmadı, ünüm
yetmədi. Bilirdim ki,
o, ürək dostunu, sirdaşını, ona dəyər verə biləni, bir sözlə, ağrı-acılarla
yoğrulan taleyinin bir ömür yol yoldaşı olmuş birini itirmişdi. Ürək edib
aramadım da. Xeyli sonra Məlahət xanımla onun yanına, oturduğu otağa-dekanlığa getməyi
qərara aldıq və getdik. Kaş o gün əzizimiz Əmrah müəllimin gözyaşlarının üzündən
sel kimi axmağına şahidlik etməyəydik. Məlahət xanım üçün də, mənim üçün də çox ağır idi. Səni anlayanı, duyanı
itirməyin nə demək olduğunu biz hər ikimiz çox yaxşı bilirdik. Bu ağır
yolun geri dönüşü olmadığını
da artıq dərk eləmişdik.
O üzdən Əmrah
müəllimi yaxşı
başa düşürdük.
Deyirlər kişilər ağlamaz.
Mən bu fikirlə əsla razılaşmıram.
"Göz yaşının
quruması (ağlamamaq),
qəlbin daşlaşması,
bədbəxtliyin nişanəsidir"
deyib Hz.Məhəmməd
(s.ə.s).
Bu dünyada gülmək
də var, ağlamaq da. Düşünürəm,
nə demək olar bu cütlüyü
bu gün cismən ayıran amansız dünyaya?
İllərdir öz yazılarımda
yetərincə qınamışam
mən bu yalan dünyanı. Mən sizə təsəlli şeiri yaza bilməyəcəm, Əmrah
qardaşım. Siz isə
mənə böyük
bir şeir həsr eləmişdiniz.
Demişdiniz "ağlama, bacım,
ağlama". Bu yara gec köz
bağlayır. Qoru hər
zaman sinənin altında göynəyəcək.
Hər nəfəs alanda, hər dəfə onun gəzdiyi yerlərdən keçəndə,
gözün oturduğu
yerə sataşanda bu ayrılığın ağrısı sızladacaq
sinənizi. Siz bircə
təsəlli onu bilin ki, sevdiyinizə
layiq olan dəyəri verməyi sağlığında bacara
bilmisiniz. 80 il bir evdə
yaşayıb, fəqət
bir-birinə yad kimi davranan insanlar-ailələr
var. Suriyə xanımla
siz bir-birinizə olan hörməti, qiyməti öz ocağınızın şöləsi
kimi ətrafınızda
olan hər kəsə çatdıra
bildiniz. "Gözümün
işığı" adlandırdığınız
ömür-gün yoldaşınızın
acısı sizi betərdən-betər hallara
salıb. Ona nə
qədər dəyər
verdiyinizi rəhmətlik
Suriyə xanım telefon danışıqlarımızda
özü mənə
söyləyərdi. Nə yazıq
ki, həyatda biz onunla heç görüşə bilmədik.
Hər zaman sizdən nigaran və narahat idi ömür-gün
yoldaşınız. "İşdən evə gəlib, qapıdan içəri girənə
qədər Əmrahdan
çox narahat oluram, çox gec gəlir işdən". O bilirdi
sizin dekanlıqdakı
vəzifənizi, universitetə
necə can yandırdığınızı
və bunlara baxmayaraq, qadın hər zaman ömür-gün yoldaşından
nigaran qalmalıdır.
Budur səadət. Siz onu Həcc ziyarətinə göndərəndə də,
xəstəxanada başına
pərvanə kimi dolananda da əmin
idiniz ki, hər şey yaxşı olacaq. O,
mütləq qayıdacaq,
evinizə dönəcək,
yenə qayğınıza
qalacaq. Sizə Suriyə xanımsız
həyatı ağlınıza
gətirmədiyiniz üçün
bu ayrılıq bu qədər ağırdır. Mən sizi
çox yaxşı anlayıram. Kitabınızı vərəqləyirəm - "Son hədiyyəm..." kitabınızı.
Son sözündən hər zaman üşənmişəm, bilərək
ki, hər şeyin əvvəli olduğu kimi, sonu da var. Olum-ölüm
kimi, sevgi və ayrılıq kimi. Bunları qəbul etmək asan olmasa da...
Əmrah müəllim, bu kitabınızda ağır
günlərinizə də,
çəkdiyiniz acılara
da toxunubsunuz. Və "ən
xoş günlərim
səninlə keçirdiyim
günlərdir, Suriyə"
deyirsiniz. Rəhmətlik
həmkarımız, akademik
Tofiq Hacıyev mənə ünvanladığı
bir məktubunda yazırdı: "Dərdi
də gözəl çəkmək olurmuş".
Haqlıymış. Sevincdə şadlanmaq var,
kədərdə ağlamaq.
Dərdi
çəkməyin xüsusi
bir qayda-qanunu yoxdur. Hər kəs öz iç dünyasının
nisgillərinin adını,
çəkisini və
sızıltısını özü bilir. Mən sizə "ağlamayın,
səbirli olun, dözümlü olun"
deməyəcəm. Bu
çeynənilmiş sözləri
sevmirəm. Çünki içində dərd göyərən, taleyinə
qardaş və ömür-gün yoldaşının
ağrısını çəkmək
düşən biri kimi söz xatirinə
deyilən o yorucu təsəlli sözlərini
sevmirəm.
Əmrah
müəllim, əzizim,
sən istəsən də, tale kitabına qara hərflərlə yazılan 29 iyul 2017-ci il tarixindən
heç vaxt uzaqlaşa bilməyəcəksən.
Lakin Suriyə xanım hər zaman qəlbində yaşayacaq, xəyalən
yenə o gülər
üzüylə səni
qarşılayacaq, gözləyəcək...
Onu da bil ki,
ruhlar ölməz.
Səni hər zaman onun ruhu
izləyəcək, qoruyacaq...
Sən isə hər dəfə onu ziyarətə gedəndə,
yenə əvvəlki
kimi sevdiyin işinə - Bakı Dövlət Universitetinə
gələndə onun
ruhunu sevindirəcəksən.
Mən öz həyatımda ruhların daim bizim başımız üzərində olduğuna
inanıram.
Əmrah
müəllim, Sizin ömür-gün yoldaşınıza
vəfatından sonra həsr elədiyiniz
"Son hədiyyəm..." kitabına çox sevdiyim həmkarım-bacım
professor İfrat xanım
Əliyevanın yazdığı
ön söz çox mənalı və düşündürücü
fikirlərlə zəngin
olduğundan mən bu kitabı təhlil etmək, ora nə isə
əlavə etmək iqtidarında deyiləm. Lakin onun vurğuladığı
bir fikrə əlavə demək istəyirəm ki, rəhmətlik Bəxtiyar
Vahabzadə mənim
ilk kitabımı oxuduğu
zaman Şəki şəhərindən "Günay"
qəzeti vasitəsi ilə mənə açıq məktub göndərmişdi. Bəxtiyar
müəllimin yazmış
olduğu bir cümləni xatırlatmaq
istəyirəm: "Ən
dəyərli əsərlərimi,
ən tutarlı və ən uğurlu yazılarımı
mənə dərdim yazdırıb. Çünki
şadlıqda, sevincdə
düşüncə yoxdur...". Böyük Bəxtiyarın bu fikrindən çıxış
edərək demək
istəyirəm ki, Əmrah müəllim, bu dəyərli kitab və oradakı
şeirlər sizin hər ikinizin ömrünün bu gün də, sabah da
bir yerdə davamıdır.
Bəzən bədii əsər və ya hansısa rəsm əsəri onun müəllifindən daha bəxtəvər olur, daha uzunömürlü olur. Çünki onu minlərlə insan vərələyir, görür, oxuyur, oradakı hissləri qəlbinə köçürür. Sizin bu kitabınızın da belə uğurlu olacağına və Suriyə xanımın ruhunu sevindirəcəyinə əminəm. Nə etmək olar ki, həyat bizim istəklərimizin bəzən əksinə hərəkət edir. Onun atkeçməz çox yolları var, o qəfil ömrümüzə elə qarlar yağdırır ki...
Suriyə xanım əslində xoşbəxt qadın ömrü yaşayıb. Çünki onun bu gün yoxluğuna inanmayan, ilk günkü kimi sevən, xatirəsini əziz tutan, məzarını hər gün ziyarət edən həyat yoldaşı-Əmrahı var. Sizin öz kitabınızda sevgiylə, məhəbbətlə xanımınıza müraciət etməyiniz, söhbətləşməyiniz, bu gün də onu yanınızda hiss etməyiniz bir qadının xoşbəxtliyi deyilmi? Nə yaxşı ki, o anlar olub, o xatirələr itirdiklərimizdən sonra bizi yaşadan zaman kəsiyidir ki, ağlımızdan, şüurumuzdan silinib getməyir. Nə yaxşı ki, getməyir...
Mənim aləmimdə kitabınız ömür kitabıdır, vida kitabı deyil. Son ola bilməz. Biz hər birimiz nəfəs aldıqca, itirdiklərimizi xatırladıqca, onların ruhu xatirinə yaşadıqca onlar bizimlədirlər. Əminəm ki, insanlar xatırlandıqca yaşayırlar. Onu da deyim ki, sağ ikən nəfəs ala-ala bir-biri üçün yox olanlar da var... Yazın və deyin ki:
...Mən bəxtinə ağlayan qu quşuyam deyəsən,
Kaş səsimə səs verib, sən bu gölə dönəsən,
Dönüb, mənim orada çəkdiyimi görəsən...
Onu da demək istəyirəm ki, həyatımın bütün təlatümlərinə rəğmən mən ömrümü Bakı Dövlət Universitetinə bağladığım üçün xoşbəxtəm. Çünki bura ən böyük elm ocağı olmaqla yanaşı, sanıram, həm də qədir-qiymət ocağıdır. Dəyər verən, təsəlli ola bilməyi bacaran həmkarlarımıza, yeri gəlmişkən, sizə ünvanladığım bu məktubda mən də öz minnətdarlığımı bildirmək istəyirəm. Bu həmkarlarımın arasında, Əmrah müəllim, bilin ki, mənim üçün qonşu kimi də, həmkar kimi də sizin yeriniz bambaşqadır. Hər zaman məni görəndə mütləq vaxtsız itirdiyim ömür-gün yoldaşımı xatırlayar, nə isə bir xatirə danışar, təsəlli və dözüm diləyərsiniz. Mən isə bu gün əminəm ki, tarix fakültəsi də, sizi çox sevən bütün universitetdəki həmkarlarınız da, tələbələriniz də sizə təsəlli olacaqlar. Çünki dəyər verməyi dəyərlilər bacarır. Sevdiyiniz xanımınızın - ömür-gün yoldaşınız Suriyə xanımın dünyasını dəyişməyi sizi çox sarsıdıb, sizə ağır gəlir, bilirəm. Deyəcəyim tək budur, ayrılığın üzü dönsün...
Sona Çərkəz
BDU-nun baş müəllimi,
Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm"
mükafatı
laureatı
Ədalət 2018.- 10 yanvar.-
S.6.