ƏDƏBİ ADLAR: Ömər Seyfəddin

 

Türkçülüyü yayan, lakin türk qəhrəmanlarını başkəsən, qaniçən təsvir edən başıkəsik yazıçı

 

Bu yazıçı haqqında həmişə ikifikirli olmuşam. Tərəddüdümə səbəb isə yazıçının qələminin hər iki başının eyni anda çalışaraq düşüncələrinin aydınlığa çıxmasına əngəl olmasıdır. Bir ucdan mədəni tərəqqidən yazan, insanların aydınlığa çıxması üçün durmadan çalışan qələm, digər tərəfdən məqsədli şəkildə toplumu qaraguruha aparan mövzularda mürəkkəb əvəzi çirkabdan güc alıb. Haqqında bəhs olunan yazıçı, təəssüf bir çoxları kimi ölümündən sonra dəyərləndirilən türk yazarı Ömər Seyfəddindir. Hazırda türk ədəbiyyatının ən çox oxunan hekayə ustalarından sayılır. Cəmi 36 il ömür yaşamasına baxmayaraq, sonrakı nəsillərə böyük ədəbi irs qoyub – 136 hekayəsi ilə. XX əsrin əvvəllərində türk ədəbi dilinin hələ ərəb-fars sözlərindən arınmadığı bir dövrdə təmiz türkcə yazan, xalq dilini, sadə üslubu əsərlərində sərgiləyən Seyfəddinin kitabı hətta Mustafa Kamal Atatürkün də stolüstü kitablarından idi. (Yazıçının kitabları ölümündən – 1920-ci ildən sonra dostları tərəfindən nəşr olunub) Çünki yeni dönəm Türkiyə üçün, xüsusilə ərəb qrafikasından latına keçiddən sonra ən uyğun və nümunəvi yazı üslubu bu yazıçıya məxsus idi. Digər yazıçıların əsərləri yalnız müəyyən qrup oxucular üçün nəzərdə tutulduğu halda Ömər Seyfəddinin sadə, xalq üçün asan başa düşülən dili böyük kütləyə hesablanmışdı. Yazıçı belə hesab edirdi ki, xalqa xitab edən əsərlər olmadığı üçün türk insanının çoxu cahil qalıb. Həmin dönəm yazıçıları xalqdan çox kübar dairələrin zövqünü oxşamaqdan ötrü yarıtürk-yarıfars, ərəb dilli, hətta əcaib sayılacaq dildə yazaraq ortaya anlaşılmaz əsərlər qoyurdular. Toplumdan çıxan, bölgələrdən gələn gənclər oxumaq istəsə də anlaşılmaz əsərlərdən lazımi nəticə çıxara bilmirdilər. Ömər Seyfəddin və onunla eyni qənaəti paylaşan qələmdaşları "Yeni dil” adı altında təmiz, arınmış türk dilini formalaşdıraraq xalqın ehtiyacına cavab verməyə çalışırdılar. Türkçülük cərəyanın ən fəal müdafiəçilərindən olan Seyfəddin Qərb ədəbiyyatı və mədəniyyəti ilə də yaxından maraqlanıb, lazim gəldikdə onu əsərlərinə tətbiq edib, ancaq buna rəğmən əksər müasirlərindən fərqli olaraq öz kimliyini bir tərəfə qoyub tamamən Qərbə yönəlməyib. Onun istər memuar xarakterli uşaqlıq xatirələrində, istər tarixə istinad edən hekayələrində önə çəkdiyi ən əsas hədəf milli şüuru, özünədəyəri oyandırmaq olub.

 

Tarixi hekayələr demişkən, yuxarıda bəhs etdiyim "tərəddüd” məsələsinin bax elə burda yeri gəldi. Bu nöqtəyə gələrkən, yaza-yaza özüm də həyəcanlanırdım. Ömər Seyfəddinin əsərləri ilə toplu halında 2012-ci ildə tanış olmuşam. Oxuculuqla yanaşı redaktor kimi. Müəllifin türk hekayəçiliyinin banisi olmasından, hekayə janrına müstəqillik qazandıraraq onu yüksək mərtəbəyə qaldırmasından məmnun olduğum üçün nəşrə hazırlanan toplunu daha da zənginləşdirmək qərarına gəldim və daha 10 hekayəsini dilimizə çevirdim. Bunun əvəzində isə topludan bir hekayəni çıxarmalı oldum. Bu mənim qərarım idi və sifarişçi nəşriyyatı da düzgün qərar verdiyimə inandırdım. Məsələ burasındadır ki, yazıçının "Pəmbə incili kaftan” adlı hekayəsi sırf Azərbaycan insanını qıcıqlandıracaq, hətta içində nifrət alovlandıracaq qəbildən idi. Bu hekayədə Azərbaycan tarixinin qüruru olan, Azərbaycan adını ilk dəfə böyük dövlət halında dünyaya təqdim edən Şah İsmayıl Xətaiyə qarşı hədsiz hörmətsizlik vardı. Bu hekayəni ilk dəfə oxuyarkən dişimin-dişimə necə keçdiyini xatırlayıram. Qəzəbdən sonra isə içimi qəribə inciklik bürümüşdü. Təbii ki, Səfəvilərlə Osmanlıların bir-birini həzm etmədiyi aydındı, anlaşılandı – hər iki tərəf Şərqdə tək türk dövlətinin yaranmasını istəyirdi. Bu da əlbəttə özünün yaratdığı dövlət olmalıydı. Amma hər ikisi də türk tərəfi idi, ən azından türkçülüklərinə sayğı göstərməliydilər... Belə çıxır ki, biz Osmanlı padişahlarını özümüzünkü kimi sevib, qürurlanıb, bəh-bəhlə təqdim etdiyimiz zaman qarşı tərəfdə qardaşlarımız bizim rəhbərimizi qaniçən, başkəsən, zatıqırıq hesab edir, bu mövzuda dastanlar yazıb dildən-dilə ötürürmüşlər. Belə ki, Seyfəddinin "Pəmbə incili kaftan” hekayəsi dastan əsasında işlənib. Elə yazıçı qələmini də məhz burda çirkaba batırır. Əvvəla, türkçülüyü əsas götürən, hədəf bəlləyən bir yazıçı mütləq digər türk dövləti hökmdarına hörmətlə yanaşmalıydı. İkincisi, müasirlik, savad, təhsil deyə bar-bar bağırarkən, özü qaynağı bəlli olmayan, Osmanlı dövlətinə sığınmış, sonra da üzünə ağ olmuş qeyri-türklərin məqsədli şəkildə uydurduğu qondarma dastandan qaynaqlanmamalıydı. Çünki belə səhlənkarlıq yazıçının digər tarixi hekayələrini şübhə altına qoyur. Ən yaxşısı, mən həmin hekayədən Şah İsmayıl haqqında təsviri diqqətinizə çatdırım ki, özünüz nəticə çıxarasınız: mən düz qərar vermişəmmi o hekayəni kitabdan çıxarmaqla? Hekayənin həmin hissəsini Türkiyə türkcəsində təqdim edirəm ki, içinizdə tərcüməçinin hər hansı əlavə edib-etməməsinə şübhə yaranmasın: "Yıkılan, sönen Akkoyunlu hanedanının enkazı üstünde Şah İsmail serseri bir saltanat kurmuştu. Geçtiği yerlerde dikili ağaç bırakmayan, babasıyla büyük babası Cüneyd'in intikamını aldığı için delice bir gurura kapılan bu kudurmuş Şah, akla gelmedik canavarlarla sağına, soluna saldırıyordu. Kendine iltica eden tarafları bile çağırdığı ziyafette, yemekmiş gibi, kaynattırdığı büyük kazanlara atıp söğüş yapan, mağlup ettiği Özbek padişahının kafatasıyla şarap içen bu gaddar Şah, dünyada hakikaten eşi görülmemiş bir zalimdi. Geçen yıl Zülkadriye hâkimi Alâüddevle'den nikâhla kızını istemişti. Alâüddevle kızını vermedi. İsmail, uğradığı bu redd hakaretinden hiddetlendi; intikam için padişahın toprağından geçti. Müdafaasız Zülkadriye arazisine girdi, Diyarbekir, Harput kalelerini aldı. Sarp bir dağa kaçan Alâüddevle'nin oğlu ile iki torunu eline esir düştü. Şah İsmail, bu zavallıları ateşte kızartıp kebap ettirdi. Etlerini kuzu gibi yedi. Böyle bir vahşet şarkta yeni duyuluyordu”.

 

Nəticə çıxarmağı öz öhdənizə buraxıram, bəlkə aranızda elə tarixçilər var ki, Şah İsmayılın həqiqətən də yuxarıdakı təsvirlərin insanı olduğu ilə razılaşar. Amma bunun üçün mütləq tutarlı bir fakt gətirməlidir. Təkcə Səfəvi olduğumuza görə deyil, sadəcə məntiqli insan kimi düşünək. Şah İsmayılı xalq sonuncu imam Mehdi Sahibi Zaman olaraq, Şeyx oğlu kimi tanıyırdılar. Deyək ki, şah da bəzi indiki hacılar kimi gizlində, dar məclisdə içki içirdi. Amma İslamın at oynatdığı bir dönəmdə imam kimi qəbul edilən bir hökmdar hər kəsin gözü önündə şərab içərdimi? Və ya nə qədər qəddar adam olursa olsun, körpə uşağın ətini kabab edib yeyəcək qədər manyak ola bilərdimi?! Mən bütün patriotik hissləri bir kənara qoyub, sadəcə ağlı-düşüncəsi yerində olan bir insan kimi bunu qəbul etmirəm.

 

Üstəlik Şah İsmayılı hiyləgər kimi qələmə verən bu dastan müəllifləri hiyləgərlikdə heç geri qalmırlar. Adətən, hiyləgər adamlar həm də uzaqgörən olurlar. Yaxşı dərk edirdilər ki, gələcəyə ötürülən bu dastanı oxuyanda başqa düşüncədə, başqa zamanda olan nəsil etiraz edə bilər. Ən azından "türkçülüyə hörmət edin”, deyə mənim kimi irad tutarlar. Necə ki, bu gün türk tarixçiləri çıxışlarında və ya ssenaristləri çəkdikləri "möhtəşəm” tarixi seriallarında səfəviləri düşmən deyil, sadəcə qarşı tərəf kimi təqdim edirlər. Şah İsmayılı da bir türk hökmdarı kimi qəbul edirlər. Amma o zamankı hiyləgərlərin qabaqdangəlmişliklərinə baxın: "Çaldıran'da gururu kırılacak Şah İsmail bugün, bu tek Türk'ün ateşli nazarları altında erimişti”. Tek Türk burda əsərin qəhrəmanı, Osmanlı elçisi Muhsin Çələbi nəzərdə tutulur. Yəni onların fikrincə Şah İsmayıl türk olmayıb.

 

Mən müəmmalar arasında əlaqə qurmağı sevən insanam. Ömər Seyfəddinin daha bir tarixi hekayəsi var: bu da xalq dastanından qaynaqlanır. Yox, narahat olmayın, bu dəfə hədəf biz deyilik. Osmanlı ordusunun Zigetvar qalası ətrafında döyüşünə həsr olunub. Ordunun qəhrəmanlığı ilə yanaşı burada iki dərviş əsgərdən bəhs olunur: Dəli Hüsrəv və Dəli Məhmət. Bu iki igid sufidir, döyüş olmadığı müddətdə zikr edən, ibadətlə məşğul olan, dünya malında gözü olmayan, yalnız ilahi sevgiyə özlərini həsr etmiş insanlardır. Döyüş zamanı Dəli Məhmət şəhid düşür. Düşmən əsgəri onu öldürdükdən sonra başını kəsib özü ilə aparanda dostu Dəli Hüsrəv nərə çəkib haraylayır ki, "Dəli Məhmət canını verdin, başını vermə”. Bunu eşitcək başsız bədən canlanır, ayağa qalxıb uzaqlaşan düşmən süvarisinə özünü yetirib onu atdan salır, kəsik başını qucağına alıb yerə yıxılır. Döyüşdən sonra şəhid basdırılarkən yaşıl nur içində mələk peyda olub şəhidin kəsik boynunu sığallayaraq başını bədəninə yapışdırır. Bu hadisə yalnız iki adamın – dostu Dəli Hüsrəvin və ordunun başında duran digər mömin sərkərdə Kuru Kadının gözünə görünür.

 

Məhz bu hekayədən niyə bəhs etdim? Məsələ burasındadır ki, Ömər Seyfəddin bu hekayəni yazmaqla sanki özünün yaxın gələcəkdə başına gələcəkləri yazıb. Seyfəddin özü də əsgərkən dəfələrlə orduda şücaət göstərib. Sonra özünü tamamən ədəbiyyata həsr edərək, ədəbiyyatın keçid dövründə onu qorumaq üçün mücadilələr edib. Gənc yaşında şəkər xəstəliyinə tutulub, beyninə qan sızması nəticəsində ölüb. Xəstəxanada onu ziyarət edən tək dostu, yazıçı Ali Canipdən başqa heç kim olmayıb. Həkimlər Seyfəddinin kimsəsiz bir səfil olduğunu düşünüb meyiti üzərində tibbi təcrübə üçün tələbələrə göndərirlər. Bədəni yarılıb, iç orqanları çıxarılaraq tibb universiteti tələbələrinə nümunə kimi göstərilir. Bununla kifayətlənməyən xəstəxana əməkdaşı meyitin başını kəsərək nümunə üçün saxlamaq istəyir. Həmin an fotoşəkil çəkdirən tələbələr bunu qəzetdə yayımlayır. Ədəbiyyat adamları meyitin Ömər Seyfəddinə aid olduğunu anlayan kimi dərhal xəstəxanaya məlumat verirlər. Ali Canipin təkidi ilə meyitin başı bədəninə tikilərək basdırılır. Eynən qəhrəmanı Dəli Məhmət kimi kəsik başını vermir. O çəkilib qəzetə verilən foto da təsadüf deyil, zərurət idi. Bir şəhidin kəsik başına yiyə durması üçün idi... Təəssüf ki, ölümündən 19 il sonra da yazıçını məzarında rahat uyumağa qoymurlar. Qəbiristanlıqdan yol çəkildiyi üçün məzarlar daşınmalı olur və Seyfəddinin də sümükləri çıxarılıb Zincirlikuyu Məzarlığına nəql olunur.

 

Yeri gəlmişkən, Zigetvar qalası ətrafında döyüş Osmanlı tarixinin ən uzun sürən, qanlı döyüşü hesab olunur. Qalanın alınmasında şəxsən iştirak edən Qanuni Sultan Süleyman da həmin ərazidə vəfat edir. Qoşun dərbədər olmasın deyə bunu gizli saxlayan sultanın yaxın sərkərdələri Süleymanın iç orqanlarını çıxarıb, qala ətrafındakı meşədə basdırırlar. Sonra meyitini məlhəmləyərək, yalnız qala alındıqdan sonra, qoşun geri qayıdanda xalqa xəbər verirlər. Sultanın içiboş nəşi isə doğma vətənində dəfn olunur. Uzun illər Sultan Süleymanın daxili orqanlarının axtarışı üçün Zigetvar ətrafı ələk-vələk olunsa da tapılmadı ki tapılmadı. Sanki bu qala insan əzalarını udan əjdaha idi: neçə başlar, orqanlarla "yedirilmişdi”.

 

 

Şəfiqə ŞƏFA

Ədalət  2018.- 11 yanvar.- S.7.